Məhkəmə qərarları › İş №2-1(103)-732/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-732/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-732/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-578/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Ona məxsus İT-İ seriyalı 01377339 saylı əmək kitabçasından çıxarışdan görünür ki, o, 03.04.1989-cu il tarixdən 11.11.2015-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidmətində işləmiş, təqvim hesablama ilə xidmət müddəti 28 il 07 ay 17 gün, imtiyazlı hesablama ilə 37 il 00 ay 01 gün təşkil edir. DSMF-nin Binəqədi rayon şöbəsinin 000051 saylı 02.03.2010-cu il tarixli vəsiqəsindən görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 12.11.2015-ci ildən 887.20 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 14.06.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş idarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması barədə iddiası təmin edilmişdir. Həmin qərar apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən Nəcməddin Bayramovun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 63/2361 saylı 08.10.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, onun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsi 16/2332 saylı 04.10.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “yeni məlumat vərəqəsinin verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30.04.1989-cu ildən 11.11.2015-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmiş, xidmət müddəti 28 il 07 ay 17 gün təşkil edir. İmtiyazlı hesabla isə 37 il 00 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. X4 Xidmətində tutmuş olduğu vəzifə hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin İ şöbəsinin rəisi ilə eyni vəzifədir. Əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə almaqla müəyyən edildiyi üçün iddiaçı ona təyin edilmiş əmək pendiyasının yenidən hesablanmasına dair ərizə ilə Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciət etmişdir. Lakin həmin orqan 07.04.2017-ci il tarixli məktubu ilə onun əmək pensiyasının yenidən hesablanmasından imtina etdiyi üçün o məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 14.06.2017-ci il tarixli qərarı icra edilməsi üçün cavabdehə göndərilmişdir. Göstərilən qərarın icrası qaydasında yeni məlumat vərəqəsi göndərilmiş, lakin yeni məlumat vərəqəsində onun vəzifə maaşı ona pensiya təyin edilməzdən əvvəl mövcud olmuş həcmdə göstərilmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət edərək ona əvvəllər işləmiş olduğu Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin İ şöbəsinin rəisi vəzifəsinin hazırkı təminat xərcliyinə uyğun olaraq yeni məlumat vərəqəsinin cavabdehə təqdim olunmasını xahiş etmiş, cavabdehin 08.10.2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, məlumat vərəqəsi 04.10.2019-cu il tarixdə pensiyanı təyin edən və hesablayan quruma göndərilmişdir. Göstərilən məlumat vərəqəsi ilə tanış olduqda müəyyən olunmuşdur ki, onun təminat xərcliyi Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizəsi Xidmətinin tabeliyinə verildikdən sonrakı artımlar nəzərə alınmamaqla göndərilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Feldyeger Geyəti Şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir və 11.11.2015-ci ildə həmin vəzifədən tərxis olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24.11.2016-cı il tarixli,1125 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.2019-cu il tarixli, 170-7 nömrəli Qərarına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması aparılmışdır. Qərara əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş şöbə rəisi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində idarənin şöbə rəisi vəzifəsinə uyğun müəyyən edilmişdir. Şöbə rəisi vəzifəsi idarənin şöbə rəisi vəzifəsinə 29% nisbətində uyğunlaşdırılmışdır. Eyni zamanda bildirilir ki, iddiaçı barəsində 04.10.2019-cu il tarixli 1043/1 nömrəli məlumat vərəqəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Həmin məlumat vərəqəsində iddiaçının vəzifə maaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan idarənin şöbə rəisinin vəzifə maaşına (1495 manat) 29 faiz nisbətində müəyyən edilərək 434 manat göstərilmiş və bütövlükdə onun təminat xərcliyi əlavə və artımalarla birlikdə 1154,60 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-578/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, pensiya məbləğinin yenidən hesablanması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Həmin qərar icrayi yönəldilsə də, cavabdeh tərəfindən yeni məlumat vərəqəsinn verilməməsi səbəbindən pensiyasının yenidən hesablanması mümkün olamamışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən məlumat vərəqəsində Dövlət Feldyeger Xidməti XDMX-nın tabeliyinə verildikdən sonrakı artımlar nəzərə alınmamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etirazın dəlilləri birinci instansiya məhkəməsinə təqdim olunmuş iddiaya dair etirazın dəlilləri ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya və apellyasiya şikayətinə dair yazılı etirazların məzmununa uyğun izahar verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində işə cəlb olunmuşdur 23 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin İddiaçı ünvanladığı 08.10.2019-cu il tarixli məktuba əsasən iddiaçının hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsi 04.10.2019-cu il tarixli məktubla DSMF-nun XŞTMF-na göndərilmişdir. İddiaçıya 12.11.2015-ci ildən ömürlük 887,20 manat məbləğində pensiya təyin olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş idarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 14.06.2017-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin qərar apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı onun təminat xərcliyinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin İ şöbəsinin rəisi vəzifəsinin hazırki təminat xərcliyinə (pul təminatına) uyğun olaraq qeyd edilməklə onun barəsində yeni məlumat vərəqəsinin DSMF-nun XŞTMF-na göndərilməsinin cavabdeh inzibati orqana həvalə olunmasını tələb edir. Cavabdeh inzibati orqan iddianın təmin edilməsinə etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.2019-cu il tarixli, 170-7 nömrəli Qərarına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması aparılmışdır. Həmin Qərara əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş şöbə rəisi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində idarənin şöbə rəisi vəzifəsinə uyğun müəyyən edilmişdir. Şöbə rəisi vəzifəsi idarənin şöbə rəisi vəzifəsinə 29% nisbətində uyğunlaşdırılmışdır. İddiaçı barəsində 04.10.2019-cu il tarixli 1043/1 nömrəli məlumat vərəqəsi müvafiq orqana göndərilmiş və həmin məlumat vərəqəsində iddiaçının vəzifə maaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan idarənin şöbə rəisinin vəzifə maaşına (1495 manat) 29 faiz nisbətində müəyyən edilərək 434 manat göstərilmiş və bütövlükdə onun təminat xərcliyi əlavə və artımalarla birlikdə 1154,60 manat məbləğində müəyyən edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.1.11-ci maddəsinə əsasən bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan əmək pensiyaçılarına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.2019-cu il tarixli, 170-7 nömrəli Qərarına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması aparılmışdır. Həmin Qərara əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş şöbə rəisi vəzifəsi idarənin şöbə rəisi vəzifəsinə 29% nisbətində uyğunlaşdırılmışdır. Bundan sonra yuxarıda göstərilən məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən İddiaçı barəsində onun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsi işlənərək 04.10.2019-cu il tarixli məktubla DSMF-nun XŞTMF-na göndərilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş 1043/1 saylı 04.10.2019-cu il tarixli məlumat vərəqəsindən görünür ki, iddiaçının vəzifə maaşı Xidmətin tabeliyində olan idarənin şöbə rəisinin vəzifə maaşına (1495 manat) 29 faiz nisbətində uyğunlaşdırılaraq 434 manat müəyyən edilmiş və bütövlükdə iddiaçının təminat xərcliyi əlavə və artımalarla birlikdə 1154,60 manat göstərilmişdir. Göründüyü kimi, iddaçının vəzifə maaşı hazırda aidiyyatı İdarənin müvafiq vəzifə maaşına adı çəkilən Qərarın tələbinə uyğun olaraq 29% nisbətində uyğunlaşdırılmış, ümumilikdə 1154,60 manat təminat xərcliyinə əlavə və artımlar daxil edilmiş, bu barədə məlumat vərəqəsi işlənərək DSMF-nun orqanına göndərilmişdir. Belə olan halda iddiaçı barəsində yeni məlumat vərəqəsinin işlənməsinə zərurət qalmamışdır. İddiaçı tələb etdiyi formada məlumat vərəqəsinin yenidən işlənərək müvafiq quruma təqdim edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu əsaslandıra bilməmiş, bu barədə sübutları nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edə bilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, inzibati qanunvericiliyin tələbinə görə, hazırki işdə iddiaçı barəsində 04.10.2019-cu il tarixli məlumat vərəqəsi mövcud olduğu təqdirdə onun tələb etdiyi yeni məlumat vərəqəsinin işlənib müvafiq quruma verilməsi üçün əsas olan halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu halları əsaslandıra bilməmiş və bu barədə hər hansı sübutu da təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, iddiaçı barəsində 04.10.2019-cu il tarixli məlumat vərəqəsi mövcud olduğu təqdirdə onun tələb etdiyi yeni məlumat vərəqəsinin işlənib müvafiq quruma verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu faktı sübuta yetirilmir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının tələbi ilə bağlı yeni məlumat vərəqəsinin verilməsi cavabdehin üzərinə qoyula bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya həmin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olub, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğunu üçün qəbul etmir və hesab edir ki, həmin dəlillər məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 578/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-578/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar