Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-732/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi” tələbinə dair ünvan 2ixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqları "xxxx" ASC-nin 6 fevral 2018-ci il tarixli arayışı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" ASC-nin arayışında onun istifadəsində olmuş fərdi yaşayış evinin və torpaq sahəsinin mühafizə zolağındakı 35 kV-luq YS “Zabrat” – YS 492, 6 kV-luq YS “Zabrat” – KTM 575 yüksək gərginlikli elektrik hava xəttinin istismarında çətinliyin yaranmadığı, fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz olunmadığı bildirilmişdir. İddiaçı X6 ilə X7 arasında 12 aprel 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanındakı 0,069 ha ölçüdə torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsindəki fərdi yaşayış evi 1972-ci ildə inşa edilmişdir və reyestrdə qeydiyyata alınmamışdır. Bu səbəbdən də, yalnız 0,069 ha torpaq sahəsinin alqı-satqısı olmuşdur. İddiaçı mülkiyyətindəki torpaq sahəsində olan fərdi yşayış evinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin İdarə məsələnin həllindən imtina etmiş və imtinada göstərilmişdir ki, torpaq sahəsinin 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir, həmçinin yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zolağı ilə bağlı "xxxx" ASC tərəfindən münasibət bildirilməsi məqsədəuyğun hesab edilir. Bundan sonra iddiaçı 26 dekabr 2018ci il tarixdə "xxxx" ASC-yə müraciət etmiş və "xxxx" MMC-nin mütəxəssisləri əraziyə baxış keçirmiş və baxış zamanı evin "xxxx" ASC-yə məxsus 110 kV-luq 3-cü Maştağa xəttinin 25 metr məsafəsində yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 Vdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın 5-ci bəndinə əsasən 110 kV-luq elektrik verilişi xəttinin mühafizə zonası hava xəttinin keçdiyi tras boyu kənar məftillərin hər iki tərəfə 20 metr qəbul edilmişdir. Bundan sonra iddiaçı evə hüquqların qeydiyyata alınması ilə bağlı təkrarən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 30 yanvar 2019-cu il tarixdə müraciət etmiş, lakin bu dəfə də imtina cavabı almışdır. Növbəti dəfə iddiaçı 13 iyun 2019-cu il tarixdə qaldırılan məsələ ilə əlaqədar yenidən cavabdehə müraciət etsə də, eyni səbəblər göstərilməklə müsbət nəticə əldə olunmamışdır. Bütün hallarda imtina əsassız olaraq verilmişdir. Belə ki, "xxxx" ASC yalnız 110 kV-luq yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonası keçdiyi tras boyu kənar məftillərin hər iki tərəfə 20 metrdir. 1000, 6000, 10000 və 35000 kV-luq yüksək gərginlikli hava elektrik xətlərinə cavabdehliyi isə, "xxxx" ASC daşıyır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 3-cü bəndində “real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır” qeyd olunmuşdur. Göstərilənlərə əsaslanaraq, iddaçının adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, İdarə mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən 25 metr aralı məsafədə 110 kV-luq, 4 metr məsafədə 35 kV-luq və hasarın üzərindən 6 kV-luq elektrik xətti keçir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə X4 1 avqust 2018-ci il, 21 dekabr 2018-ci il və 10 iyul 2019-cu il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyatına alınmasından imtina barədə” bildiriş ünvanlanmışdır. ünvan 2ixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı X6 ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə etsə də, həmin ünvanda mövcud olan tikiliyə, yəni evə dair qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərdən hər hansı birini, məsələn alqı-satqı müqaviəsi, vərəsəlik şəhadətnaməsi, evin inşa olunduğu tarixdən asılı olaraq digər müvafiq sənədləri, habelə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan başqa əsaslardan biri təqdim etmədiyindən (həmin sənədlər mövcud deyil), onun həmin tikiliyə mülkiyyət hüququ yaranmış olmur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC-nin mütəxəssisləri əraziyə baxış keçirilən zaman evin "xxxx" ASC-yə məxsus 110 kV-luq 3-cü Maştağa hava xəttinin 20,40 metr məsafəsində yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinə əsasən 110 kv-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçdiyi trassa boyu kənar məftillərin hər iki tərəfə 20 m qəbul olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, evə dair onda heç bir hüquqmüəyyənedici sənəd yoxdur və evi aldıqdan sonra rekonstruksiya işləri aparmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki tələbə cavab verməli orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1-ci bəndində (1.11) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2-ci bəndində isə (2.4) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmənin müvafiq sorğusu əsasında təqdim olunmuş cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı texniki pasportun tərtib edilməsinə dair hər hansı məlumat (sənəd) aşkar edilməmişdir. Hazırki iş üzrə iddiaçı ünvan 1 ünvanındakı 0,069 ha ölçüdə torpaq sahəsi onun mülkiyyətinə verilməsinə dair X7 arasında 12 aprel 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə istinad edərək, sözügedən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsini tələb etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən (alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) hər hansı birini təqdim etməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsindən cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 2ixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-732/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-732/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver