Məhkəmə qərarları › İş №2-1(103)-732/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-732/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-732/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının mənzil növbəsinə (uçota) alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8834/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İ qrup əlil kimi imtiyazlı əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə (uçota) alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1989- cu il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. 24 sentyabr 2008-ci il tarixdə X7 ilə ailə-nikah münasibətlərinə daxil olmuşdur. Həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. xx.xx.2008-ci il təvəllüdlü Nigar Qarayeva, xx.xx.2009-cu il təvəllüdlü Mədinə Qarayeva, xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd Qarayev. Ailəsi, valideynlərilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İddiaçının uşaqlıqdan görmək məhdudiyyəti var. Ona ömürlük İ qrup əlillik dərəcəsi verilmişdir. Ailəsi ilə çox ağır maddi vəziyyətdə yaşayır. Qohumların, tanışların köməkliyi ilə ailəsini dolandırır. O, İ qrup əlil kimi imtiyazlı əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə (uçota) alınmağı ilə bağlı Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırılan məsələyə baxılacaq. Göründüyü kimi, cavadeh inzibati orqan imtina məktubunda mənzil qanunvericiliyinin konkret maddəsinə istinad etməmişdir. Cavabdeh orqanın iddiaya xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı gözdən əlil kimi mənzil növbəsinə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı tələbi əsassız olduğundan ərizəsi İcra Hakimiyyəti tərəfindən təmin edilməmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının qanunun 31.1-ci maddəsində əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinrti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Resoublikasının prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən əlilliyi olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi əsassızdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8834/2024 saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri etirazın yuxarıda sadalanan dəlilləri ilə eynilik təşkil edir və şikayətin əsas məhzi ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilmədiyindən məsələnin hal-hazırda müsbət həlli mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmiş (İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə məcmu halında araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il təvəllüdlü X7 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 17 iyun 2008-ci il təvəllüdlü X6, xx.xx.2009cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 doğulmuşdur. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-15996/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti 01,04.2005-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən müddətsiz birinci dərəcəli əlildir. Əlillik səbəbi: Ümumi xəstəlik => Gözdən əlil, Diaqnoz: OD-ikinci katarakta. OS-afakiya. OU-görmə sinirinin hissəvi atrofiyası. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-23044/2024 nömrəli məktubunda bildirilmişdir ki, X5 və X2 adlarına (ailə üzvləri ilə birlikdə) Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yerləşən ümumi birgə payda olan 0.13 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-029D nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin kəndində ümumi birgə payda olan 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-553 nömrəli xx.xx.1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Qeyd olunan digər şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-14945/2024 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024- cü il tarixli, 518/2-Q-79- 068/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırılmış məsələyə yenidən baxılacaq. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (51.1). Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir (51.4). Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir (51.5). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun (xx.xx.2018-ci ilədək qüvvədə olan) 43cü maddəsinə əsasən, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə müvafiq olaraq, dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Cavabdeh orqan imtinanın və etirazın əsası olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir, lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 saylı Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən, həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Cavabdehin də qeyd etdiyi kimi, hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir. Lakin bu hal iddiaçının ziyanına şərh oluna bilməz. Çünki müvafiq qaydaların müəyyən edilməsi iddiaçının deyil, dövlətin vəzifəsidir və hazırkı tarixədək dövlət tərəfindən müvafiq vəzifənin icra edilməməsi iddiaçının qanunla müəyyən edilmiş hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilməz. 30 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi Qaydalar” 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməmişdir və hazırda qüvvədədir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılmasının yeni qaydası təsdiq edilməməyinə qədər uçotun aparılması üçün “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi Qaydalar” tətbiq edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mülahizəsi ilə razılaşır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 02 oktyabr 2008-ci il tarixli, 686-İİİQ nömrəli Qanunla Azərbaycan Respublikası «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyaya müvafiq bəyanatla qoşulmuşdur. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyanın 28-ci maddəsinin 2(d) bəndinə əsasən, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin sosial müdafiə hüququnu və əlillik əlamətinə görə diskriminasiyaya yol verilmədən ondan istifadə etmək hüququnu tanıyır və bu hüququn təmin və təşviq edilməsi, o cümlədən əlilliyi olan şəxslərin dövlət mənzil proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası iddiaçının birinci dərəcəli gözdən əlil olmasını, 2005-ci ildən Bakı şəhərində qeydiyyatda olmasını, yaşayış sahəsinə malik olmadığından yaşayış sahəsinə ehtiyacı olan olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. O da qeyd olunmalıdır ki, uçota alınma ilə bağlı qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. İşin hallarından görünür ki, iddiaçı həqiqətən yaşayış sahəsinə, eyni zamanda sosial müdafiəyə ehtiyacı olan şəxsdir və ehtiyacı olan şəxs kimi yaşadığı və sosial reabilitasiya olunduğu ərazi üzrə mənzil uçotuna alınmasını tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8834/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8834/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar