Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-733/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 1 saylı Bakı ərazi şöbəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı əlilliyə görə pensiyanın bərpa edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4589/2019 nömrəli iş üzrə 25 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 05.04.1999-cu ildən 01.01.2006-cı ilə qədər 11 saylı Təmir-Tikinti İdarəsində çilingər işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə 19.10.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.11.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının 01.01.2006-cı ildən 30.06.2013-cü il tarixədək olan dövr ərzində əmək haqqı və əmək haqqına nisbətdə hesablanıb ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı barədə DSMF Fərdi uçot üzrə məlumat bazasında heç bir məlumat qeydə alınmamışdır. Məlumat üçün, vaxtilə müəyyən dövrlərdə fəaliyyət göstərmiş təmir-tikinti idarələrinin möhürləri ilə saxta pensiya (iş stajı) arayışları verilir. Digər tərəfdən, iddiaçı iddia edir ki, o, 05.04.1999-cu ildən 07.06.2006-cı ilə qədər 11 saylı Təmir Tikinti İdarəsində çilingər işləmişdir. Bilindiyi kimi, çilingərlik ixtisaslı (diplomlu) peşə sahəsinə aiddir. İddiaçı tərəfindən həmin diplom nə məhkəməyə, nə də DSMF orqanına təqdim olunmamışdır. Məhkəmə qərarında qeyd olunur ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmənin 11 saylı Təmir Tikinti İdarəsi də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borclarının 01.04.2018-ci il tarixdən silinməsini əsas gətirirək iddiaçının 05.04.1999-cu ildən 01.01.2006-cı ilə qədər 11 saylı Təmir Tikinti İdarəsində çilingər işləməsi qənaətinə gəlməklə, iddiaçının iddiasının təmin edilməsi barədə çıxardığı qərar “Sosial sığorta haqqında”, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» və “Əmək pensiyaları haqqında” qanunların, eləcə də müvafiq dövrlərdə məcburi dövlət sosial sığortası üzrə borcların restrukturizasiya edilməsi barədə verilmiş sərəncamların tələbləri ilə ziddiyyət təşkil edir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətinə əsasən iddiaçı xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. 1 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 19.10.2016-cı il tarixli 4326003AAATTnömrəli arayışına görə iddiaçıya ilk dəfə sol diz oynağının astrozu və sair xəstəliklər səbəbindən İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən kitabça 03.02.2010-cu il tarixdə doldurulmuşur, iddiaçı 05.04.1999-cu ildən 07.06.2006-cı ilə qədər 11 saylı Təmir- Tikinti İdarəsində müqavilə yolu ilə çilingər, 07.06.2006-cı ildən 03.02.2010-cu ilə qədər yük avtomobilinin sürücüsü, 01.04.2012-ci ildən 30.06.2013-cü ilə qədər «xxxx» MMC-də sürücü vəzifələrində işləmişdir. Sığortaolunan haqqında Forma B3 məlumatlara görə iddiaçı 2013-2016-cı illərdə fərdi qaydada sahibkarlıqla məşğul olmuşdur. DSMF Yasamal rayon şöbəsinin 31.03.2016-cı il tarixli 2060 nömrəli qərarı ilə iddiaçıya 19.10.2016-cı il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, lakin sonradan pensiya dayandırılmışdır. İddiaçı pensiyanın bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, həmin müraciət 14.10.2019-cu il tarixli **********8 nömrəli imtina məktubu ilə təmin olunmamış, tələb olunan sosial sığorta stajı təsdiq olunmadığından pensiyanın 19.10.2016-cı il tarixdən ləğv olunduğu bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlillik 19.10.2016-cı il tarixdə təyin olunduğundan, onun bu əlilliklə bağlı pensiya hüququnun yaranıb-yaranmaması faktına həmin tarixdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, «Əmək pensiyaları haqqında» AR Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Normanın təhlili göstərir ki, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün iddiaçı: 1) əlil olmalı; 2) ən azı 5 il sığorta stajı olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalıdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının qanunla tələb olunan sosial sığorta stajı təsdiq olunmur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan arqumentləri ilə razılaşır. Belə ki, iddiaçının «Əmək pensiyaları haqqında» AR Qanununun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı sonrakı qaydada hesablanır: ona əlillik təyin olunan 38 yaşı - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 23 yaş x 4 ay = 92 ay : 12 ay = 7 il 8 ay. Demək ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, minimum 7 il 8 ay iş stajına malik olmalıdır. İş materiallarına əsasən qanunun bu şərti iş üzrə yerinə yetirilmir. Belə ki, iddiaçıya məxsus olduğu irəli sürülən ******* nömrəli əmək kitabçasında onun ixtisasca sürücü olduğu qeyd olunsa da, 05.04.1999-cu ildən 07.06.2006-cı ilə qədər 11 saylı Təmir-Tikinti İdarəsində ixtisaslı peşə sayılan çilingər vəzifəsində hansı əsaslarla və qaydada işləməsi, bu qeyddən başqa heç bir iş materialı, sübutla təsdiq olunmur. Bundan əlavə, DSMF Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin DSMF Yasamal rayon şöbəsinin 17.11.2016-cı il tarixli 12/7983 nömrəli sorğusuna həmin ayda verdiyi 88/03/28-10818 nömrəli cavabından görünür ki, 11 saylı Təmir-Tikinti İdarəsində 1999-2005-ci illərdə əmək haqları hesablansa da, sosial sığorta ödəmələri həyata keçirilməmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (4 nömrəli əlavə). DSMF Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin iddiaçıya verdiyi Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə 14.11.2016-cı il tarixli 88/07/13F-0509 nömrəli Arayışda (4 nömrəli əlavə) göstərilmişdir ki, onun 01.04.2012-ci il tarixdən 01.06.2013-cü il tarixədək 1 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 01.01.2016-cı il tarixədək 377,1 manat pensiya kapitalı vardır. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının 07.06.2006-cı ildən 03.02.2010-cu ilədək 11 saylı Təmir-Tikinti İdarəsində işlədiyi güman olunan müddətdə sosial sığorta stajı normativ hüquqi akta (Qaydalara) əsasən müəyyən sübutetmə vasitəsi (Qaydalara 4 nömrəli əlavə) ilə təsdiq olunmur. Bu da ümumilikdə iddiaçının 05.04.1999-cu ildən 03.02.2010-cu ilədək 11 saylı Təmir-Tikinti İdarəsində işlədiyi müddətin qeyri-mötəbərliyinə dəlalət edir. Bundan əlavə, 19.10.2016-cı il tarixdə əlilliyi qeydə alınan iddiaçıya 31.03.2016-cı il tarixli qərarla əlilliyə görə əmək pensiyasının təyin edilməsi özü-özlüyündə bu prosesə tənqidi münasibət tələb edir. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanunu ilə sığortaedənlərin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş borclarının silinməsi də iddiaçının əmək kitabçasının qeydlərini əsaslı etmir. Lakin birinci instansiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə şərh olunan halları müzakirə etməmiş, işin faktiki hallarını və qanunvericiliyi sadalamaqla kifayətlənmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qəbul edir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onun pensiyasının bərpa olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4589/2019 nömrəli iş üzrə 25 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinə qarşı ona 05.04.1999-cu ildən 01.01.2006-cı ilə qədər 11 saylı Təmir-Tikinti İdarəsində çilingər işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə 19.10.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-733/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-733/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver