Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-733/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2528/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 29.01.2019-cu il tarixdən 02.07.2019-cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsinin əsassız hesab edilməsi, 29.01.2019-cu il tarixdən 02.07.2019cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin 03.07.2018-ci il tarixdən fasiləsiz hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının əlillik vəziyyəti “X4” QSC-nin Sosial inkişaf idarəsinin MDX Əhmədli tibbi sanitar hissəsinin 405003AAB6G saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “X4" QSC tərəfindən araşdırma nəticəsində etibarsız hesab edilməyə dair verilmiş məktub əsasında Əlillik altsistemində iddiaçının əlillik müayinəsi ləğv edilmişdir. Sonradan iddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müalicə və müayinə olunduqdan sonra 17.06.2019-cu il tarixdə 2784003AABWJ saylı göndəriş rəsmiləşdirilmiş, onun əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan 02.07.2019- cu ildə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdən müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti “Azərbaycan X4” QSC-nin Sosial inkişaf idarəsinin MDX Əhmədli tibbi sanitar hissəsinin 405003AAB6G saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmiş, 2018-ci il ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılmış, ƏƏSMN tərəfindən “Azərbaycan X4” QSC-yə müraciət olunaraq, QSC-nin strukturuna daxil olan Sosial inkişaf idarəsi MDX Əhmədli tibbi sanitar hissə tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 77 nəfərə aparılmış əlilik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının nəzərdən keçirilməsi və nəticəsi barədə məlumatın təqdim olunması xahiş edilmiş, QSC-nin ƏƏSMN-nə ünvanlanan 29.01.2019-cu il tarixli MC 02/02-45 nömrəli “Rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədə” məktubunda “... təqdim etdiyiniz siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublara əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun hesab olunur” göstərilmiş, həmin məktub əsasında göndərişləri ləğv edilən şəxslərin siyahısında 74-cü sırada iddiaçının adı qeyd edilmiş, bu səbəbdən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə 07.02.2019-cu il tarixdə ləğv edilmiş, iddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müalicə və müayinə olunduqdan sonra 18.06.2019-cu il tarixdə 2784003AABWJ saylı göndəriş rəsmiləşdirilmiş, onun əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan 02.07.2019-cu ildə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 26.12.2019-cu il tarixli **********5 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti “X4” QSC Sosial inkişaf idairəsinin MDX Əhmədli tibbi sanitar hissəsinin 4405003AAB6G saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. “X4” QSC tərəfindən 4405003AAB6G saylı göndəriş etibarsız edildiyindən əlillik alt sistemində əlillik müayinəsi ləğv edilmişdir. Əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2784003AABWJ saylı göndərişi əsasında yenidən 02.07.2019-cu il tarixində qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə müvafiq olaraq əlilliyin təyini tibbi-sosial ekspert komissiyasının qərar verdiyi gündən hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun: 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.1-ci bəndinə görə, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər; 4.1-ci bəndinə əsasən, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. AR Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin: 1.3-cü bəndinə görə, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən, əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə görə, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə görə, səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X3 ötürülür; 4.9-1-ci bəndinə görə, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə görə, qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən, hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə görə, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə görə, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçının əlilliyi “Azərbaycan X4” QSC-nin Sosial inkişaf idarəsinin MDX Əhmədli tibbi sanitar hissəsinin 405003AAB6G saylı göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə 03.07.2018-ci il tarixdə qıymətləndirılməklə müəyyən edilmiş, daha sonra göndərişi rəsmiləşdirən “Azərbaycan X4” QSC-nin 29.01.2019-cu il tarixli MC 02/02-45 nömrəli “Rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədə” məktubu və həmin məktuba əlavə edilən göndərişləri ləğv edilən şəxslərin siyahısına əsasən onun barəsində rəsmiləşdirilmiş göndəriş etibarsız sayılmış, bundan sonra, yəni əlilliyin təyininə əsas verən hüquqi sənəd (405003AAB6G nömrəli göndəriş) əsassız hesab edildiyinə gorə iddiaçının əlillik müayinəsi (03.07.2018-ci il tarixdə ona müddətsiz İİİ dərəcəli əlillik təyin edilməsi) Əlillik altsistemində cavabdeh tərəfindən haqlı olaraq ləğv edilmiş, bundan sonra isə iddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müalicə və müayinə olunduqdan sonra 18.06.2019-cu il tarixdə 2784003AABWJ saylı göndəriş rəsmiləşdirilmiş, əlillik vəziyyəti iştirakı olmadan 02.07.2019-cu ildə qiymətləndirilmiş və ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir ki, bütün bunlar da apellyasiya şikayətinin dəlillərinin əsaslılığına dəlalət edir. Belə ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinin təhlili göstərir ki, dövlət səhiyyə müəssisələrinin göndərişləri olmadan TSEK-də əlilliyin qiymətləndirilməsi aparıla bilməz, başqa ifadə ilə, dövlət səhiyyə müəssisələrinin göndərişləri yoxdursa, TSEK-də əlilliyin qiymətləndirilməsinin nə mümkünlüyündən, nə də mövcudluğundan bəhs oluna bilər. Hazırkı işdə də dövlət səhiyyə müəssisəsi olan “Azərbaycan X4” QSC-nin Sosial inkişaf idarəsinin MDX Əhmədli tibbi sanitar hissəsinin göndərişi həmin təşkilatın özü tərəfindən tərəfindən etibarsız sayıldığından, mötəbərliyini itirmiş sənəd kimi artıq hüquqi nəticə doğurmur. Lakin iddiaçı dövlət səhiyyə müəssisəsinin sözügedən göndərişinin etibarsız hesab edilməsini (qüvvədən düşürülməsini) mübahisə etmədən, bu etibarsızlığa istinad edən cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirmişdir. İddianın rədd olunmasının ən əsas dəlili isə ondan ibarətdir ki, iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin 03.07.2018-ci il tarixdən fasiləsiz hesab edilməsi üçün onun barəsində dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan mötəbər (etibarlı, qüvvədə olan) göndəriş olmalıdır ki, iş üzrə də belə bir göndərişin artıq olmadığı, sonradan etibarsız sayıldığı mübahisəsizdir. Bu səbəbdən, iddiaçının əlilliyinin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən, yəni 02.07.2019-cu ildən hesablanmalıdır və bundan əvvəlki tarixdən hesablana bilməz. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbuluna cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir yaxud da belə sənədlər mövcuddur. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin işdən məlum olur ki, qanunla tələb olunan belə bir sənəd (dövlət səhiyyə müəssisəsinin göndərişi) artıq mövcud deyil və bununla da iddiaçı İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinası normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə belə hüquqi aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, normativ hüquqi akta əsasən müəyyən sənədlə təsdiq edilməli olan işin konkret faktiki halı belə əhəmiyyətə malik sübutlarla təsdiq olunmayan iddiaçının əlilliyinin bərpa edilməsinin qanuniliyi iş üzrə təsdiqini tapmadığı halda, maddi hüquq normalarını pozaraq, iddianı təmin etməklə, nəticədə səhv qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının əlilliyin bərpa edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2528/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 29.01.2019-cu il tarixdən 02.07.2019-cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsinin əsassız hesab edilməsi, 29.01.2019-cu il tarixdən 02.07.2019cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin 03.07.2018-ci il tarixdən fasiləsiz hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-733/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-733/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver