Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-733/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi, İddiaçı, vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2833/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2014-cü il tarixində etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.1983cü il tarixindən etibarən (37 il) əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini (təxminən 35 ildən çox müddətini) insan sağlamlığı üçün olduqca zərərli olan peşə fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ xx.xx.2014-cü il tarixindən yaranmışdır. Belə ki, xx.xx.1983-cü ildən “26 Bakı Komissarları adına” Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcı maşinisti peşəsində işə başlamışdır və xx.xx.1984-cü ilədək həmin peşədə işləmişdir. (vəzifənin kodu:1100000a-14012) – (1 il, 02 ay, 07 gün); xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək “26 Bakı Komissarları adına” Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli yuyucu aqreqatların maşinisti peşəsində çalışmışdır. (vəzifənin kodu:1100000a-14065) – (0 il, 06 ay, 25 gün); xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək “26 Bakı Komissarları adına” Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində çalışmışdır. (vəzifənin kodu:1100000a-14012) – (6 il, 07 ay, 06 gün); xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Ə.C.Əmirov adına” Neft və qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində çalışmışdır. (vəzifənin kodu: 1100000a-14012)- (0 il, 2 ay 15 gün); xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində çalışmışdır (vəzifənin kodu:1100000a-14012)-(2 il, 5 ay, 20 gün); xx.xx.1998-ci ildən xx.xx.2007-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində çalışmışdır. (vəzifənin kodu:1100000a-14012)-(8 il, 8 ay, 09 gün); xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində çalışmışdır. (vəzifənin kodu: 1100000a-11292)- (0 il, 9 ay, 07 gün). xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Quyuların yeraltı təmiri və xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində çalışmışdır. (01 il, 04 ay, 11 gün); xx.xx.2009-cu ildən indiyədək “Bibiheybət” NQÇİ-nin İstismar avadanlıqları sahəsində 14cü dərəcəli sahə rəisi vəzifəsində çalışır. Quyuların yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsinin (4%), quyuların yeraltı təmiri üzrə operator peşəsinin və quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsinin əmək şəraiti ağır və zərərli peşələr hesab olunduğu üçün vəzifə (tarif) maaşına əmək şəraitinə görə (8%) əlavə ödəniş təyin edilir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Qeyd edilən qanuna və digər əlaqədar normativ hüquqi aktlara əsaslanaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmiş, qanuni müraciətləri cavabsız qalmışdır. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 8 sentyabr 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 2 ay 2 gün) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 52 yaşı, 2 №-li siyahısı üzrə 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi vəzifə və sahələrin qanunvericiliklə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olmasının təsdiqlənməsi üçün Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 – “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi” nə uyğun gəlməlidir. Lakin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 08 sentyabr 1983-cü il tarixli, ******* nömrəli əmək kitabçasında və xx.xx.2020-ci il tarixli arayışda qeyd edilən peşələr “dəniz neftçiləri üçün” neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid deyildir. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2833/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının kolxozda işlədiyi dövrü nəzərə almamışlar. Təhsil dövrü və kolxozda işlədiyi dövr götürülməyib, daha sonra təhsil dövrü götürülüb. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonu Göyəlli kəndində doğulmuşdur. İşdə olan НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 09 noyabr 1980-ci il tarixdən 12 oktyabr 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan SSR X6 Təhsili Komitəsi tərəfindən verilmiş B seriyalı 680052 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10 yanvar 1983-cü ildə Bakı şəhəri 14 saylı orta şəhər texniki məktəbinə daxil olmuş və 20 avqust 1983-cü ildə qaldırıcı traktor maşinisti peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək müddətə 14 saylı TM-də təhsil almışdır. xx.xx.1983-cü ildən 14 saylı TM bitirdikdən sonra 5 dərəcəli qaldırıcı mexanik işinə qəbul edilmiş, xx.xx.1984-cü ildən yuyucu aqreqatın 5 dərəcəli maşinisti, xx.xx.1985-ci ildən 5 dərəcəli qaldırıcı maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildən quyuların əsaslı yeraltı təmiri sexinin adı dəyişdirilərək quyuların və xüsusi texnikanın əsaslı təmiri sexi adlandırılmış, xx.xx.1988-ci ildən əməyin ödənilməsi ilə bağlı yeni taarif şərtlərinin daxil edilməsi ilə əlaqədar olaraq 5 dərəcəli qaldırıcı maşinisti vəzifəsi müəyyən olunmuşdur. xx.xx.1992-ci ildən 26 Bakı Komissarları adına neft və qazçıxarma idarəsi Ə.C.Əmirov adına neft və qazçıxarma idarəsi adlandırılmışdır. xx.xx.1992-ci ildən “Bibiheybətneft” neft və qazçıxarma idarəsinə eyni vəzifəyə keçirilmişdir. xx.xx.1992-ci ildən Ə.C.Əmirov adına neft və qazçıxarma idarəsindən keçirilməsi qaydası ilə xüsusi texnika sexinə 5 dərəcəli qaldırıcı maşinisti vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1994-cü ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmi təmiri zavoduna keçidiyinə görə köçürmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1994-cü ildən “Bibiheybətneft” neft və qazçıxarma İdarəsindən köçürmə yolu ilə yaşayış sahəsinə texnik qəbul edilmiş və xx.xx.1995-ci il tarixədək həmin vəzifədə işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2007-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində işləmişdir. xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək Xüsusi texnika sexdə sex rəisinin müavini vəzifəsində, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Quyuların yeraltı təmiri və xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində, xx.xx.2009-cu ildən hal-hazıradək “Bibiheybətneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində 14-cü dərəcəli sahə rəisi vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş 07 may 2020-ci il tarixli, 67 saylı arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan sabiq “N.Nərimanov” adına kolxozun 1979-1980-ci illərə dair şəxsi hesab kitabında İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək həmin kolxozda işləməsi qeyd edilmişdir. İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş 13 may 2020-ci il tarixli, SƏ14-20/A saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1983-cü ildən 26 Bakı Komissarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində işə başlamışdır və xx.xx.1984-cü ilədək həmin peşədə işləmişdir. (1 il 02 ay 07 gün) xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 26 Bakı Komissarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli yuyucu aqreqatların maşinisti peşəsində (6 ay 25 gün), xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (6 il 7 ay 6 gün), xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Ə.C.Əmirov adına Neft və qazçıxarma idarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (2 ay 15 gün) işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (2 il 5 ay 20 gün) işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2007-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (8 il 8 ay 09 gün), xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək Xüsusi texnika sexdə sex rəisinin müavini vəzifəsində (9 ay 07 gün), xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Quyuların yeraltı təmiri və xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində, xx.xx.2009-cu ildən hal-hazıradək “Bibiheybətneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində 14-cü dərəcəli sahə rəisi vəzifəsində işləyir. Qeyd: qaldırıcının maşinisti peşəsinin əmək şəraiti ağır və zərərli peşə hesab olunduğu üçün vəzifə (tarif) maaşına əmək şəraitinə görə 12% əlavə ödəniş, yuyucu aqreqatların maşinisti peşəsinə görə 8% əlavə ödəniş təyin edilir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş 07 may 2020-ci il tarixli, 67 saylı arxiv arayışından görünür ki, İddiaçı “N.Nərimanov” adına kolxozda işləyərkən 1979-cu il üzrə minimum əmək günü norması 50 gün, qazandığı əmək günü 78 gün, adam günü 60 gün təşkil etmişdir. 1980-ci il üzrə minimum əmək günü norması 50 gün, qazandığı əmək günü 65 gün, adam günü 62 gün təşkil etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 sentyabr 2020-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, 06 mart 2007-ci il tarixli 260-İİİDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən görünür ki, onun ümumi iş stajı 01 yanvar 2006-cı il tarixinədək 25 ildən az (23 il 2 ay 2 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi iddiaçının “Bibiheybətneft” NQÇİ-də işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas olan əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olub-olmaması, olduğu halda bu barədə güzəştli arayışın verilməsini “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsindən tələb etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Socar “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SƏ16-05/188 saylı məktub əsasında İddiaçı “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-də işlədiyi peşələr üzrə həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş siyahısına” daxil olubolmaması barədə məlumat arayış formasında məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş SƏ14-74A saylı, xx.xx.2021-ci il tarixli arayışla iddiaçının pensiya təyin edilməsi üçün inzibati orqana təqdim etdiyi 13 may 2020-ci il tarixli, SƏ14-20/A saylı arayışdakı məlumatlar təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının güzəştli iş stajının olduğu müəyyən edilərkən, onun işlədiyi peşələrlə əlaqədar verilmiş arayışlarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (kod ********) bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı (kod ********) a) fəhlələr yarımbəndində 2130200a-14012 kodlu qaldırıcıların maşinistlər peşəsinə uyğun olduğunun təsdiqləndiyi nəzərə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin 13 may 2020-ci il tarixli, SƏ14-20/A saylı arayışı təqdim edilmişdir. İddiaçının ümumi stajının 25 ildən çox olması qənaətinə gələrkən, birinci instansiya məhkəməsi iddiaçının kolxozdakı iş stajı nəzərə alınmışdır. Kolxozdakı iş stajının nəzərə alınmalı olması barədə qənaətini birinci instansiya məhkəməsi aşağıdakı müddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçının 1979, 1980-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bunun yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəldiyi qeyd edilmişdir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Gədəbəy rayon Dövlət Arxiv İdarəsinin verdiyi 67 saylı, 07 may 2020-ci il tarixli arayışın məlumatlarını nəzərə almaqla birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, minimum əmək iştirakı norması 1979-1980-ci illərdə 50 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1979-cu ildə 78 gün, 1980-ci ildə 65 gün əmək günü işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasından artıq işləmişdir. Sözügedən illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla hesablanmalı və 1 illik dövr üzrə tam əmək stajı nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Belə ki, iddiaçının 1979-cu ildə 78 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - 78x12=936/60=15 ay 6 gün, 1980-ci ildə 65 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - 65x12=780/62=12 ay 5 gün. Bu qaydada hesablama nəticəsində iddiaçının bir il üzrə 12 aydan artıq işlədiyi faktiki müddət 1 il olaraq nəzərə alınmaqla, aparılmış hesablama nəticəsində ümumi olaraq 1979-1980-ci illər üzrə 2 il iş stajına malik olduğu müəyyən edilmişdir. Hazırki mübahisə üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək olan dövr üzrə 23 il 2 ay 2 gün müddətinə ümumi sosial sığorta stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və iş materiallarında olan əmək kitabçasına əsasən öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, həmin iş stajının üzərinə iddiaçının 1979 və 1980-ci illərdə “N.Nərimanov” adına kolxozda işlədiyi müddət, həqiqi hərbi xidmətdə olduğu və orta texniki peşə məktəbində təhsil aldığı müddət də nəzərə alındıqda onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması öz təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsində işin araşdırılması zamanı birinci istansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı və qanuna uyğun olduğu müəyyən edilmişdir. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı hazırda pensiyaçı deyil, xx.xx.1962-ci il təvəllüdlüdür, 57 yaşı 20 avqust 2019-cu il tarixdə tamam olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, ümumi iş stajının 25 ildən az (23 il 2 ay 2 gün) təşkil etməsi əsası ilə imtina edilmişdir. Halbuki, onun sosial sığorta stajına aid dövrü hərbi xidmət, peşə təhsili müddəti, kolxozda və neft sahəsində əmək fəaliyyətindən ibarətdir. Birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya instansiyası məhkəməsinin araşdırması dövründə cavabdehin nümayəndəsinin izahatı əsasında iddiaçının xx.xx.2006-ci il tarixədək ümumi iş stajı üzrə xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək “N.Nərimanov” adına kolxozda işlədiyi dövr mübahisələndirildiyi, buna görə də onun xx.xx.2006-ci il tarixədək ümumi iş stajı 23 il 2 ay 2 gün olaraq hesablandığı müəyyən edilmişdir. İddiaya qarşı etirazla eynilik təşkil edən və heç bir əlavə sübutla mötəbərliyi təkzib edilməyən işin halına (kolxozdakı əmək fəaliyyəti) münasibətdə cavabdehin nümayəndəsinin mülahizəsini məhkəmə kollegiyası əsassız hesab edir. Apellyasiya şikayətindən görünür ki, cavabdeh həmçinin iddiaçının işlədiyi peşələrin “dəniz neftçiləri üçün” neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid olmadığına istinad etmişdir. İşin obyektiv həlli məqsədilə Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinin tələbindən irəli gələrək, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq “Azneft” İstehsalat Birliyi “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinə xx.xx.2022-ci il tarixli sorğu ilə müraciət edərək, İddiaçı (AZE 0*******, xx.xx.1962-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahılarında əks olunmuş güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa əsas verən peşələrdə işləməsinə dair müvafiq olaraq kod və bənd göstərilməklə güzəştli arayışın və eyni zamanda şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) 1 və 2 nömrəli Siyahılarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hansı vəzifəyə uyğun gəlməsi barədə arayışın məhkəməyə göndərilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq “Azneft” İstehsalat Birliyi “Bibiheybət” Neft və Qazçıxarma İdarəsi xx.xx.2022-ci il tarixli, SƏ 14-02/43 saylı məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən hal-hazıradək “Azneft” İstehsalat Birliyinin quru ərazisində (Səbail rayonu, Gülbala Əliyev küçəsi 20) yerləşən “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı qüvvədən düşmüş hesab edilmişdir. Qüvvədən düşməsinə baxmayaraq, İddiaçı xx.xx.1983-cü il tarixdən 14.11,1984-cü il tarixinədək 26 Bakı Komisarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (1 il 2 ay 16 gün); xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 5-ci dərəcəli yuyucu aqreqatın maşinisti peşəsində ( 7 ay 25 gün); xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək 5-ci dərəcəli qaldırıcı maşinisti peşəsində (6 il 7 ay 6 gün); xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Ə.C. Əmirov adına Neft və qazçıxarma idarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (0 il 2 ay 15 gün); xx.xx.1992-ci ildən 21,09.1994cü ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (2 il 5 ay 20 gün); xx.xx.1998-ci ildən xx.xx.2007-ci ilədək Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (8 il 8 ay 09 gün) işləmişdir. Onun “Azneft” İB-nin “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı” üzrə Xİİ bəndində qeyd olunmuş, qaldırıcının maşinisti (kod 2130200а–14012) (19 il 2 ay 5 gün), yuyucu aqreqatın maşinisti (2130200а—14065) (6 ay 25 gün) ilə qeyd olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı qeyd olunan peşələr üzrə işlədiyi dövrlərdə dənizdə işləməmişdir. Apellyasiya şikayətinə görə cavabdehin digər dəlili iddiaçının işlədiyi peşənin 1 №-li Siyahının X-11000000 – “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), heft, qaz, qaz kondensantı, kömür və şistin emalı bölməsi”nə uyğun gəlməli olması ilə əlaqədardır. Cavabdehin həmin dəlilinə məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd edir ki, iddiaçının dənizdə işləməməsi o zaman onun müraciətinin təmin edilməsindən imtina üçün əsas olardı ki, iddiaçı 1 saylı siyahı üzrə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmiş olardı. Bir halda ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir, deməli, işlədiyi peşələrin 1 saylı siyahı üzrə deyil, 2 saylı siyahı üzrə peşələrə uyğun olub-olmadığı araşdırılmalı idi. İddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Xİİ bəndində qeyd edildiyi 2130200a-14012 saylı kodla müəyyən edilir. Göründüyü kimi, iddiaçının işlədiyi qaldırıcıların maşinistləri peşəsi qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 19 il 2 ay 5 gün). İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin peşənin qeyd olunan Siyahıda göstərilən sahə və peşəyə uyğun olduğu təsdiq edilmişdir. Göründüyü kimi, həm birinci, həm də apellyasiya istansiyası məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması ilə, həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edilmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2833/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-733/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-733/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver