Məhkəmə qərarları › İş №2-1(103)-733/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-733/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-733/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb olunmaqla) iş üzrə QƏRARİ İş № 2-1(103)-733/2023 (Açar sözlər: “bağ sahəsinə hüquqların reyestrdə qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi”) Bakı şəhəri 30 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5118/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhər XDS İK-nın 24 iyul 1991-ci il tarixli 10/518 saylı qərarı ilə N.Nərimanov adına X2 İdarəsinin bağçılıq yoldaşlığının 30 nəfər üzvünə kollektiv bağçılıq məqsədilə Qaradağ rayonunun Sanqaçal qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır.

2. N.Nərimanov adına NQÇİ “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən onun üzvü kimi hazırkı İddiaçı adına bağçılıq yoldaşlıq təsərrüfatına ayrılmış ərazidəki 3 saylı bağ sahəsinə dair order verilmişdir. Lakin sonradan bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçının adına üzvlük bileti verilmiş və həmin sənəddə ona ayrılmış bağ sahəsinin nömrəsi “57” göstərilmişdir.

3. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 noyabr 2005-ci il tarixdə həmin qərar əsasında ayrılmış ərazinin ayrıc aktı tərtib olunaraq, ayrıc aktları kitabında 05/438 sayla qeydiyyata alınmışdır.

4. İddiaçı həmin bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan və ölçünün tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi ilə bağlı inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin təşkilat məsələnin həllindən imtina etmişdir.

5. İmtina olunla əsaslandırılmışdır ki, iddiaçının adı bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır, bağ sahəsinin nömrəsi üzvlük kitabçasında “57” kimi qeyd olunsa da, orderdə “3” göstərilmişdir, bağların bölgü sxemi təqdim edilmədiyindən, göstərilən bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır.İddiaçı hazırda inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə hüquqları reyestrdə qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, mövcud vəziyyətdə faktiki ölçülərə uyğun olaraq plan və ölçünün tərtib edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

7. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 iyul 1991-ci il tarixli 10/518 saylı sərəncamı ilə “Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsi”nin bağçılıq yoldaşlığının üzvlərinə, o cümlədən hazırkı iddiaçıya (İddiaçı) Bakı şəhəri, Səngəçal qəsəbəsinin cənub şərqində bağ sahəsi ayrılmışdır. İddiaçıya 3 nömrəli orderlə həmin ərazidə 0,07 ha ölçüdə 51 saylı bağ sahəsi verilmişdir Bağ sahələrinin yerləşmə sxemi, ümumi olaraq torpaq sahəsinin ayrılması barədə ayrıc aktı da vardır. İddiaçı həmin bağ sahəsinin onun adına qeydiyyata alınması ilə bağlı inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin inzibati orqan məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda göstərilmişdir ki, “Dəniz Neftçiləri” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar edilməmişdir. Həmçinin, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, protokoldan çıxarışda, üzvlük kitabçasında bağ nömrəsi “57” kimi göstərilsə də, orderdə “3” kimi qeyd olunmuşdur. Bundan əlavə, bağların bölgü sxemi tərtib edilmədiyindən, bağ sahəsinin yerləşməsini arşdırmaq mümkün olmamışdır. Hesab olunur ki, cavabdehin imtinsı əsassızdır. Belə ki, lazımi hüquqmüəyyənedici sənəd – order və protokoldan çıxarış inzibati orqana təqdim edilmişdir. Bundan başqa, imtinada belə qeyd olunsa da, o, “Dəniz Neftçiləri” bağçılıq-yoldaşlıq təsərrüfatının deyil, “Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsi”nin bağçılıq yoldaşlığının üzvüdür. Bu yanlışlıq onun xeyrinə həll edilməlidir. Həm də, başçılığın üzvlərinin müvafiq siyahısında onun adı var və həmin siyahı İdarənin arxivindədir. Protokoldan çıxarışda, üzvlük kitabçasında və orderdə bağ nömrəsinin fərqli göstərilməsinə gəldikdə isə, bu hal onun (iddiaçının) iradəsindən asılı hal deyil. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152.1, 154.1, 157.1, 157.8, 240-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə, İPM-in 2.2.2, 14, 16, 33, 38, 68, 70-ci maddələrinə əsaslanaraq, Bakı ŞİH başçısının 24 iyul 1991-ci il tarixli 10/518 saylı sərəncamı ilə “N.Nərimanov adına Neft-Qaz Çıxartma İdarəsi”nin bağçılıq yoldaşlığı nəzdində Bakı şəhəri, Səngəçal qəsəbəsinin cənub şərqində 3 nömrəli orderlə 0,07 ha 51 saylı bağ sahəsinə iddiaçının hüquqları reyestrdə qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, mövcud vəziyyətdə faktiki ölçülərə uyğun olaraq plan və ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur.

8. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 15 mart 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, protokoldan çıxarışda, üzvlük kitabçasında bağ nömrəsi “57” kimi göstərilsə də, orderdə “3” kimi qeyd olunmuşdur. Bundan əlavə, bağların bölgü sxemi təqdim edilmədiyindən, göstərilən bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. İddiaçıya bu barədə 4 mart 2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbycan Respublikası Qanununun 8.0.7, 11, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdindı olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli Sərəncamına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.

9. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının “N.Nərimanov adına Neft-Qaz Çıxartma İdarəsi”nin bağçılıq yoldaşlığı nəzdində Bakı şəhəri, Səngəçal qəsəbəsinin cənub şərqində yerləşən 57 saylı 0,07 ha ölçüsü olan bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi və “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir.

10. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5118/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş N.Nərimanov adına NQÇİ-nin “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatının iclas protokollarından çıxarış və üzvlük kitabçası, habelə həmin qurum tərəfindən verilmiş order Qaradağ rayonu, Sanqaçal qəsəbəsində bağçılığa ayrılmış ərazidə 57 saylı bağ sahələrinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən sənədlərdir. Bu qənaət həmin order və üzvlük biletində bağ sahəsinin nömrələri fərqli (yəni, birində “3”, digərində “57”) göstərilsə də, iddiaçının iddia etdiyi 57 saylı bağ sahəsinə digər şəxsin iddialı olmaması, onun adının həmin üzvlük biletinə əlavə olunan bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısnda əksini tapması ilə yaranır. İddiaçının adının inzibati orqanın arxiv sənədlərində saxlanılan siyahıda olmamasına gəldikdə isə, bu hal iddiaçının özünün iradəsindən asılı olmamışdır və məhkəmə icraatında iddiaçının təqdim etdiyi onun adı göstərilən siyahının qeyri-mötəbərliyi ilə bağlı inzibati orqan tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. Odur ki, hazırkı iddiaçı həmin bağın qanuni istifadəçisi kimi onun yerləşdiyi torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh tərəfin iddiaya qarşı etrazında göstərilən digər dəlillə bağlı isə məhkəmə vurğulayır ki, bağların bölgü sxeminin təqdim edilməsi iddiaçının üzərinə öhdəlik kimi qoyula bilməz. Çünki, bu, həm iddiaçının iradəsindən asılı deyil, həm onun təqdim edilməsi qanunla nəzərdə tutulmamışdır, həm də cavabdeh inzibati orqan bağ sahələri ilə bağlı bütün sənədlərin arxiv daşıyıcısıdır. Belə olan halda İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində 57 saylı bağ sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, ona bu barədə reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilməlidır. Torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. Odur ki, məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur.

13. Məhkəmə Azərbaycan Respublikası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»sinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»na, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52; 68.1; 68.2; 34-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5118/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən “57” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət edilmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, təqdim edilmiş sənədlərdə uyğunsuzluq növcuddur.Belə ki, protokoldan çıxarışda, üzvlük kitabçasında bağ nömrəsi “57” kimi göstərilsə də, orderdə “3” kimi qeyd edilmişdir.Bundan əlavə, bağların bölgü sxemi təqdim edilmədiyi səbəbindən göstərilən bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır.Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.Əlavə olaraq araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ərazi heç bir bağçılıqyoldaşlığın ayrıc aktı daxilində yerləşmir və Qobustan Əməliyyat Şirkətinin (ARDNŞ) ərazisidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində tərəf kimi cəlb ediməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.“Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və işarələr vasitəsilə əks etdirən xəritədir.Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 26 iyul 2022-ci il tarixli, 2-1(112)-118/2022 nömrəli qərarı ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

17. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

18. İş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, mübahisəli torpağın yerləşdiyi sahələr SOCARR-ın istifadəsində olmaqla, Azərbaycan Respublikası Cənub- Qərbi Qobustan blokuna daxil olan 3 sahənin kəşfiyyatı, işlənməsi və pay hasilatın bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, X1 Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir və həmin torpaq sahələri sənaye təyinatlı torpaq sahələrinə aiddir.Qeyd edilən səbəblərə görə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə edilə bilər.

c) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının adına mülkiyyət kimi qeydə alınmaqla çıxarış verilməsini tələb etdiyi torpaq sahəsi Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir və həmin torpaq sahələri sənaye təyinatlı torpaq sahələrinə aiddir.Həmçinin, SOCAR-ın aidiyyəti strukturunda İddiaçı Şükür oğluna bağ sahəsinin ayrılması ilə bağlı hər hansı məlumatlar aşkar edilməmişdir.Nümayəndə göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və işarələr vasitəsilə əks etdirən xəritədir.Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə -müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1.-ci maddədə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları nəzərdə tutulmuşdur.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki:”... hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. .... .......Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Konstitusiyanın bu norması bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaq sahələrinin (məsələn, kənd təsərrüfatı təyinatlı torpaqların) mülkiyyətçi tərəfindən təyinatı üzrə istifadə edilməsini də ehtiva edir. Əks halda həmin torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hüquqi əsas yaranmış olar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 4-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. .... ......Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. .......Eyni zamanda qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Yuxarıda qeyd olunan normativ hüquqi aktların qəbul edilməsi torpaq münasibətlərində, o cümlədən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi sahəsində müəyyən boşluqların aradan qaldırılmasına, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin artırılmasına və bu məqsədlə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir. Mövcud qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır...... ....Bununla yanaşı, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

26. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

32. İddia tələbinin mahiyyətinə gəlincə isə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən “57” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət edilmişdir.

33. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmaması, təqdim edilmiş sənədlərdə uyğunsuzluq növcud olması, belə ki, protokoldan çıxarışda, üzvlük kitabçasında bağ nömrəsi “57” kimi göstərilsə də, orderdə “3” kimi qeyd edilməsi, bağların bölgü sxemi təqdim edilmədiyi səbəbindən göstərilən bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmaması səbəblərinə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya imtina məktubu ünvanlanmışdır.

34. Göstərilən dəlillərə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,...iş materiallarına əlavə edilmiş N.Nərimanov adına NQÇİ-nin “Dəniz Neftçiləri” bağçılıq yoldaşlıq təsərrüfatının iclas protokollarından çıxarış və üzvlük kitabçası, habelə həmin qurum tərəfindən verilmiş order Qaradağ rayonu, Sanqaçal qəsəbəsində bağçılığa ayrılmış ərazidə 57 saylı bağ sahələrinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən sənədlərdir. Bu qənaət həmin order və üzvlük biletində bağ sahəsinin nömrələri fərqli (yəni, birində “3”, digərində “57”) göstərilsə də, iddiaçının iddia etdiyi 57 saylı bağ sahəsinə digər şəxsin iddialı olmaması, onun adının həmin üzvlük biletinə əlavə olunan bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısnda əksini tapması ilə yaranır. İddiaçının adının inzibati orqanın arxiv sənədlərində saxlanılan siyahıda olmamasına gəldikdə isə, bu hal iddiaçının özünün iradəsindən asılı olmamışdır və məhkəmə icraatında iddiaçının təqdim etdiyi onun adı göstərilən siyahının qeyrimötəbərliyi ilə bağlı inzibati orqan tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir.

35. Lakin araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmir.

36. Belə ki, apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur və cavabdeh orqan "xxxx"nı təqdim etdiyindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir.

37. İş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, mübahisəli torpağın yerləşdiyi sahələr SOCAR-ın istifadəsində olmaqla, Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan 3 sahənin kəşfiyyatı, işlənməsi və pay hasilatın bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, X1 Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir və həmin torpaq sahələri sənaye təyinatlı torpaq sahələrinə aiddir.Qeyd edilən səbəblərə görə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə edilə bilər.

38. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki:”... hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.....Mövcud qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır........Bununla yanaşı, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.”

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

41. Odur ki, iddia tələbinin təmin olunması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.

42. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 26 iyul 2022-ci il tarixli, 2-1(112)-5118/2022 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.

43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5118/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi rədd edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5118/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İddia tələbi rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar