Məhkəmə qərarları › İş №2-1(103)-733/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-733/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-733/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X19 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9949/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi və onun adının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi "xxxx" MMC (VÖEN: 1********) (halhazırda "xxxx" MMC) ilə onun (podratçı: İddiaçı) aralarında 01 iyun 2022-ci il tarixli, CC_SQ_0106 nömrəli Podrat müqaviləsi bağlanmışdır. Qeyd olunan Müqavilə üzrə elektron qaimələrdə göstərilən xidmətlər “Podratçı” tərəfindən icra edilmişdir və “Sifarişçi” tərəfindən qeyd olunan xidmətlərin dəyəri “Podratçı”ya ödənilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən ona “Riskli əməliyyatların araşdırılması barədə” məktub göndərilmişdir və sözügedən məktubda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 26,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Polo Resident 5 mərtəbə 1, 2, 3, 4 parking giriş pərdə betonlar, Polo Resident 7 mərtəbə örtük betonu və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Bununla əlaqədar tərəfindən cavabdeh orqana xx.xx.2023-cü il tarixdə məktub yazılaraq qeyd edilmişdir ki, riskin məzmunu olaraq göstərilən eqaimələrdə qeyd olunmuş “Polo Resident 5 mərtəbə 1, 2, 3, 4 parking giriş pərdə betonlar, Polo Resident 7 mərtəbə örtük betonu və s.” məzmun etibarilə xidmətlərin göstərilməsinə (işçiliyə) istinad edir. Başqa sözlə, qeyd olunan elektron qaimələr mal satışını deyil, xidmətlərin göstərilməsini rəsmiləşdirmək üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, xidmət göstərilən şirkət mal-materialları birbaşa özü təchiz etmiş, şirkətə hər hansı mal-material alqı-satqısı həyata keçirilməmişdir. Bundan sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir və həmin qərarda vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qeyd edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsi və onun adının riskli vergi ödəyiciləri qrupundan çıxarılması ilə bağlı tərəfindən cavabdeh orqana xx.xx.2023-cü il tarixdə elektron qaydada müraciət edilmişdir. Lakin sözügedən müraciətinə indiyədək cavab verilməmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı qanunsuz və əsassız olmaqla, eyni zamanda onun qanuni hüquqlarını kobud şəkildə pozur və onun sahibkarlıq fəaliyyəti həyata keçirməsini məhdudlaşdırır. Belə ki, cavabdeh orqan sözügedən qərarını qanunamüvafiq qaydada tam və düzgün əsaslandırılmamışdır. Eyni zamanda bildirmişdir ki, elektron qaimələrdə qeyd olunan malların (beton və s.) alqı-satqısı sifarişçi ilə digər şirkət arasında bağlanmış müqaviləyə əsasən təmin edilmişdir və həmin malların alqı-satqısının ona aidiyyəti olmamışdır. Belə ki, sifarişçi ilə digər şirkət arasında bağlanmış müqavilə əsasında alınmış mallarla bağlı tərəfindən yalnız elektron qaimələrdə qeyd olunan xidmətlər (işlər) icra edilmişdir və həmin xidmətlər də elektron qaimələrdə dəqiqliklə göstərilmişdir. Göründüyü kimi, qeyd olunanlarla və Podrat müqaviləsi üzrə aparılan əməliyyatlarla bağlı tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Belə ki, qeyd olunan məsələ üzrə İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 26,3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə “polo resident 5 mərtəbə 1,2,3,4 parking giriş pərdə betonlar, polo resident 7 mərtəbə örtük betonu və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. İddiaçı öz ərizəsində sahibkarlıq fəaliyyətinin yalnız bağladığı podrat müqaviləsinə əsasən xidmət göstərilməsindən ibarət olduğunu, heç vaxt mal satışı ilə məşğul olmadığını, o cümlədən e-qaimə fakturalarda qeyd edilən malların sifarişçi şirkətin özü tərəfindən təchiz edildiyini bildirərək inzibati orqanın qərarını əsassız saymışdır. İddiaçı tərəfindən təqdim edilmiş e-qaimə fakturalarda “malın adı” qrafasında müvafiq olaraq “polo resident 5 mərtəbə 1,2,3,4 parking giriş pərdə betonlar, polo resident 7 mərtəbə örtük betonu” qeyd olunmuşdur. Başqa sözlə, iddiaçı yalnız xidmət sahəsində fəaliyyət göstərdiyini qeyd etsə də, bu hal təqdim edilmiş e-qaimə fakturalarla uyğunsuzluq təşkil etməkdədir. Bundan əlavə, iddiaçı öz ərizəsində xx.xx.2023-cü il tarixli müraciətinin cavabsız qaldığını vurğulamışdır. Bununla əlaqədar bildirilir ki, sözügedən məktub vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********713300 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktub xx.xx.2023-cü il tarixdə saat 16:22-də vergi ödəyicisinin elektron ünvanına göndərilmiş və həmin gün saat 17:18-də iddiaçı tərəfindən oxunmuşdur (xx.xx.2023-cü il tarixli **********713300 nömrəli məktub və yazışmalar barədə hesabat əlavə olunur). İddiaçı həmçinin öz ərizəsində sifarişçi ilə digər şirkət arasında bağlanmış müqavilə əsasında alınmış mallarla bağlı onun tərəfindən yalnız e-qaimə fakturalarda qeyd olunan xidmətlərin icra edildiyini və podrat müqaviləsi üzrə hər hansı pozuntuya yol vermədiyini bildirmişdir. Halbuki, iddiaçı həqiqətən də podrat müqaviləsi üzrə fəaliyyət göstərmişdirsə, bu halda vergi orqanına dəfələrlə etdiyi müraciətlərə həmin müqavilənin surəti, e-qaimə fakturalarda qeyd olunan mallar üzrə şirkətlər arasında bağlanmış alqı-satqı müqaviləsini, o cümlədən göstərdiyi xidmətlə əlaqədar həmin malların sifarişçidən hansı sənəd əsasında təhvil alındığı barədə məlumatı vergi orqanına təqdim etməli idi. Lakin vergi ödəyicisi inzibati orqanla görüşə dəvət edildiyi halda, yuxarıda sadalanan sənədlərdən hər hansı biri sübut qismində inzibati araşdırmaya təqdim edilməmişdir. Bundan əlavə, vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddia tələbində yalnız podrat müqaviləsi üzrə tikinti xidməti göstərdiyini qeyd etməsinə baxmayaraq, ƏƏSMN-in elektron bazasından əldə olunmuş məlumata görə, iddiaçı tərəfindən hər hansı şəxslərin işlərin görülməsinə cəlb edilməsi halına rast gəlinməmişdir. Başqa sözlə, iddiaçı xidmət sahəsində fəaliyyət göstərməsinə baxmayaraq, hər hansı işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilməmişdir. Həmçinin, araşdırma zamanı tikinti işlərini yerinə yetirən işçilərin hər hansı müqavilə üzrə cəlb edilməsi ilə əlaqədar sənəd, həmin işçilərə əmək haqqının hansı formada ödənilməsini təsdiqləyən iddiaçının bank hesabından çıxarış qismində sübutların təqdim edilmədiyi aşkar edilmişdir. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarda qeyd edilən digər bir əsas isə vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyektinin mövcud olmamasıdır. Meyarların 2.1.3-cü bəndinə görə, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi qanunvericiliyi təsərrüfat subyektini uçota qoymağı vergi ödəyicisi üçün vəzifə olaraq müəyyən etmişdir. Lakin eqaimə faktura üzrə mal satışı bəyan edən vergi ödəyicisi həmin malların alqı-satqısının baş tutduğu yer barədə inzibati orqana heç bir məlumat verməmiş, əvəzində heç vaxt malların ticarəti ilə məşğul olmadığını bildirsə də, risk olaraq qiymətləndirilmiş e-qaimə fakturaların ləğvini belə həyata keçirməmişdir. Bu baxımdan məhkəmə araşdırması çərçivəsində qeyd olunan xidmətin nədən ibarət olduğunu, hansı formada həyata keçirildiyini müəyyən etmək məqsədilə tikinti sahəsinə yerində baxış keçirmək zərurəti yarana bilər. Lakin iddiaçının qeydiyyatı olan obyekti olmadığından ədalətli araşdırmanın təmin edilmə üsullarından biri kimi yerində baxış imkanı məhdudlaşmış hesab olunur. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə’’ Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9949/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9949/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın mənmununa uyğun əsaslandırılmış, həmçinin əlavə olaraq göstərilmişdir ki, iddiaçının fəaliyyətinin araşdırılması zamanı onun tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 26,3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə “polo resident 5 mərtəbə 1, 2, 3, 4 parking giriş pərdə betonlar, polo resident 7 mərtəbə örtük betonu və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, EBBX seriyalı, 612506 nömrəli elektron qaiməfakturanın “malın adı” sətrində uyğun olaraq polo resident 7 mərtəbə örtük betonu, xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 236896 nömrəli elektron qaimə-fakturanın “malın adı” sətrində isə polo resident 5 mərtəbə 1, 2, 3, 4 parking giriş pərdə betonlar qeyd olunmuşdur. Malların təhvil-təslim edilməsi barədə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarla bağlı isə cavabdeh bildirmişdir ki, həmin sənədlərdə adları qeyd olunan malların "xxxx" MMC tərəfindən iddiaçıya təhvil veriləsi barədə hər hansı qeyd mövcud deyildir. Sözügedən aktlarda sifarişçi qismində "xxxx" MMC, icraçı qismində isə İddiaçı qeyd edilmişdir. Bundan əlavə, həmin aktlarda malları təhvil verən qismində hazırki İddiaçı, təhvil alan qismində isə sahə rəisi Səbuhi Əliyev və texniki şöbənin nəzarətçiləri Vüqar Əliyev və Orxan Salmanov göstərilmişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan məsələni nəzərdən qaçırdaraq, malların adıçəkilən müəssisə tərəfindən iddiaçıya təhvil verilməsi kimi qiymətləndirilmişdir. Halbuki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsində belə işlərin görülməsi ilə əlaqədar malların sifarişçi tərəfindən təchiz edilməsi ilə əlaqədar hər hansı bənd nəzərdə tutulmamışdır. İş materiallarında mövcud olan xx.xx.2023-cü il tarixli 03 nömrəli arayışda malların həmin müəssisə tərəfindən iddiaçıya verilməsi qeyd olunsa da, bu sənəd iddia tələbinin əsaslı hesab edilməsi üçün təkzibedilməz sübut qismində dəyərləndirilə bilməz. Belə ki, həqiqətən də "xxxx" MMC tərəfindən elektron qaimə-fakturalarda qeyd olunan malların iddiaçıya təhvil verilməsi vergi qanunvericiliyinin tələblərinə riayət edilməklə həyata keçirilməli idi. Elektron qaimə-fakturalarda qeyd olunan malların əsasən beton örtüklərdən ibarət olması nəzərə alınsa, iddiaçı həmin malların emalını həyata keçirməklə işlərin görülməsini həyata keçirilməli idi və bu halda mütləq şəkildə sifarişçi müəssisə ilə iddiaçı arasında həmin malların emala verilməsi ilə bağlı elektron qaimə-faktura tərtib edilməli idi. Lakin elektron-uçot məlumat bazasına əsasən sifarişçi ilə icraçı arasında mal təhvil-təslimi ilə bağlı hər hansı qaimə-faktura tərtib edilməmişdir. Bundan əlavə, qeyd olunan malların daşınmasının hansı formada həyata keçirilməsi də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İddiaçının fəaliyyətinin araşdırılması zamanı onun tərəfindən yük avtonəqliyyatı üçün yol vərəqi ciddi hesabat blankı, malların hər partiyasının daşınmasını təsdiq edən əmtəənəqliyyat qaimələrinin, daşınmış yükün hər kilometrajı və ya hər tonu üçün qiymət barədə məlumatın, daşımalar üzrə yük avtomobilinə yanacaq və sürtkü materialları üzrə çəkilmiş xərcləri təsdiq edən elektron qaimə-fakturaların vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. İddiaçının xidmət sahəsində fəaliyyət göstərməsi onun tərəfindən bu sahə ilə əlaqədar mal-material alqı-satqısının həyata keçirilməsini istisna etmir. İddiaçı tərəfindən təqdim edilən elektron qaimə-fakturalarda təqdim edilən malın adı sətrində “xidmət” əvəzinə “malın adı”nın qeyd edilməsi və yuxarıda sadalanan digər hallar vergi ödəyicisi tərəfindən qeyd olunan malların təqdim edildiyini bir daha sübut edir. İddiaçı tərəfindən təqdim edilmiş malların təhvil-təslim aktlarının həqiqətən həmin tarixlərdə tərtib edilib-edilməməsi də araşdırılmalı məsələlərdən biridir, lakin birinci instansiya məhkəməsi mal təhvili ilə bağlı tərtib edilməli olan qaimələrin mövcudluğunu araşdırmamış, əvəzində heç bir yerdə qeydiyyatı aparılmayan aktları mötəbər sübut qismində qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -“Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı (VÖEN **********) xx.xx.2013-cü il tarixdə “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır. -EBBX seriyalı 612506 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə qeyd olunmuşdur ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi, təqdim edən: ********** İddiaçı Ələddin qızı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 21759.44 manat. -EBBY seriyalı 236896 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə qeyd olunmuşdur ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı Ələddin qızı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 4848.00 manat. -CC_SQ_0106 nömrəli 01 iyun 2022-ci il tarixli Podrat müqaviləsinə əsasən bundan sonra “Sifarişçi” adlandırılacaq "xxxx" MMC (VÖEN: **********) nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin direktoru, X6 şəxsində bir tərəfdən və Bundan sonra “Podratçı” adlandırılacaq, fərdi sahibkar İddiaçı (VÖEN: **********) şəxsində digər tərəfdən hər iki tərəf bir yerdə “Tərəflər” adlandırılacaq, aşağıdakı şərtlərlə bu Müqaviləni bağladılar: Müqavilənin Predmeti - Bu Müqaviləyə əsasən Podratçı, Sifarişçi tərəfdən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən bu müqavilənin əlavə sazişində göstərilən montaj, təmir və quraşdırma işlərini bu müqaviləyə uyğun yerinə yetirməyi, başa çatdırmağı və Sifarişçiyə təhvil verməyi. Sifarişçi isə Podratçının gördüyü işin müqabilində bu Müqavilənin əlavəsində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********966700 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı (**********) barəsində aparılmış araşdırma nəticəsində Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və onun riskli vergi ödəyiciləri siyahısına daxil edilməsini qərara almışdır. -01 iyun 2021-ci il tarixli, 6 nömrəli alqı-satqı müqaviləsində qeyd olunmuşdur ki, bir tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən və bundan sonra mətndə ismin müvafiq halında “Satıcı” adlanacaq Fiziki Şəxs (ƏDV ödəyicisi, (VÖEN **********)) X1 şəxsində, digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən və bundan sonra mətndə ismin müvafiq halında “Alıcı” adlanacaq "xxxx" MMC-nin (VÖEN **********) direktoru X6 şəxsində, bu Müqaviləni aşağıdakı, şərtlərlə bağladılar: müqavilənin predtmeti - Müqaviləyə əsasən “Satıcı” Alıcıya, ona məxsus beton zavodunda istehsal edilmiş hazır beton qarışığını (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malları qəbul edir və razılaşdırılmış müddətlərdə Malın qiymətini ödəyir. -"xxxx"un xx.xx.2023-cü il tarixli 3 nömrəli Arayışda qeyd olunmuşdur ki, “xx.xx.2022 tarixli, CC_SQ_0106 saylı, fiziki şəxs İddiaçı (VÖEN - **********) və "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən fiziki şəxsə materialları müəssisəmiz təmin edir və fiziki şəxs müqavilədə qeyd edilən xidməti icra edir”. -20HFPW70005X0 nömrəli, xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. -4GWK01K0011X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -7PGH0ST0009X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -2G00EEU0011X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Ə mək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -4MLS2NP0005X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -5UR1SC90003X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X18 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -4BLBC1C0002X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -1WV0W740003X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -2NPS8SM0006X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -54RN1N70015X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. Beləliklə işdən müəyyən olunur ki, vergi orqanı iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 26,3 min manat dəyərində elektron qaimə-fakturalar təqdim etdyini, lakin elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyini, iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyekti (obyektinin) qeydə alınmadığı əsas gətirərək iddiaçını Meyarların 2.1.1, 3.1.1 və 2.1.3 yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salmışdır. İddiaçının iddia tələbinə görə iddiaçı podratçı olaraq sifarişçi ilə digər şirkət arasında bağlanmış müqavilə ilə alınmış mallar əsasında xidmət göstərmiş, bu zaman e-qaimə fakturalarda qeyd olunan xidmətlərin icra edildiyini bilavasitə bəyan etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gələrkən haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hər hansı mal idxal etdiyi və ya satın aldığı iş üzrə müəyyən olunmur. Təqdim edilmiş CC_SQ_0106 nömrəli 01 iyun 2022-ci il tarixli Podrat müqaviləsinə əsasən Podratçı” adlandırılacaq, fərdi sahibkar İddiaçı sifarişçi "xxxx" MMCnin (VÖEN: **********) direktoru X6 tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən montaj, təmir və quraşdırma işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı podrat müqaviləsi üzrə xidmət etdiyini, xidmət müqaviləsinə əsasən materialların sifarişçi tərəfindən ona təqdim edildiyini sübut edən sənədlər sırasında MMC ilə X1 arasında mal-materialın alınmasına dair 01 iyun 2021-ci il tarixli, 6 nömrəli Alqı-satqı müqaviləsi, eləcə də satılmış mallarla əlaqədar X1 tərəfindən təqdim edilən elektronqaimələri məhkəməyə təqdim etmişdir. İddiaçının həmin dövr üzrə tikinti-təmir xidmətləri göstərməsini həm də xx.xx.2022-ci il tarixli podrat müqaviləsi ilə yanaşı, həm müqavilə, həm də e-qaimənin tərtib edildiyi tarixdə -xx.xx.2023-cü il tarixli tikinti fəaliyyəti ilə məşğul olan fəhlə və usta vəzifələrinə cəlb edilmiş şəxslərin elektron sistem üzərindən qeydiyyatdan keçmiş 10 nəfər işçi ilə əmək müqaviləsi bağlaması bildirişləri də təsdiq edir. Göründüyü kimi iddiaçı xidmət sahəsində fəaliyyət göstərməsinə baxmayaraq, onun mal-material təqdim etdiyi əsası ilə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. İddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu sübut olunmadığından, podrat müqaviləsi üzrə isə xidmət göstərilməsi ilə bağlı fərdi sahibkarın təsərrüfat subyekti (obyektinin) qeydə alınması qanunla tələb olunmadığından, qeyd edilən bu əsas da iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: -1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, CC_SQ_0106 nömrəli 01 iyun 2022-ci il tarixli podrat müqaviləsinə əsasən podratçı olan fərdi sahibkar İddiaçı sifarişçi “Crocus Construction» MMC-nin direktoru X6 tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən montaj, təmir və quraşdırma işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3 nömrəli Arayışda qeyd olunmuşdur ki, xx.xx.2022 tarixdə fiziki şəxs İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən fiziki şəxsə materialları müəssisə (yəni "xxxx" MMC) təmin edir və fiziki şəxs müqavilədə qeyd edilən xidməti icra edir. Beləliklə, tərəflər arasında xidmət müqaviləsi bağlanılmış və mallar sifarişçi tərəfindən təmin edilmişdir, fərdi sahibkar İddiaçı tərəfindən yalnız xidmət göstərilmişdir. Bunun əksi isə vergi orqanı tərəfindən sübut olunmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9949/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar