Məhkəmə qərarları › İş №2-1(103)-734/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-734/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-734/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı “icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(112)-9342/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-201/2021 saylı 27 yanvar 2021-ci il tarixli icra vərəqəsinin (icra sənədinin) ləğv edilməsi barədə iddia tələbinə məhkəmədə baxılıb qanuni qüvvəsini almış yekun qərar qəbul edilənədək həmin icra sənədinin icrasının dayandırılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şəbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X3 qarşı nikahın pozulması və uşağın iddiaçının yanında qalması tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-201/2021 saylı iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək onlar arasında bağlanmış 12 mart 2015-ci il tarixdə bağlanmış nikahın pozulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia qismən təmin edilərək nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 2016-cı il təvəllüdlü X4 anası X1 (həmin iş üzrə cavabdeh) himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması iddiaçıdan müvafiq tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iddianın alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6036/2021 saylı iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin həmin iş üzrə 19 mart 2021-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra vərəqəsində məhkəmə aktının nəticə hissəsi aşağıdakı məzmunda qeyd olunmuşdur: tərəflərin birgə nikahı pozulduqdan sonra onların birgə nikahından doğulmuş 30 mart 2016-cı il təvəllüdlü X5 anası X1 himayəsinə verilsin. İddiaçı hesab edir ki, həmin icra vərəqəsi məhkəmə tərəfindən qanunvrericiliyin tələbləri pozularaq tərtib edildiyindən, ləğv edilməlidir. Bu barədə o, həmin icra vərəqəsinin ləğv edilməsi tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə tərəfindən həmin iddia ərizəsi icraata qəbul edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Hazırda icra sənədi ilə bağlı iddia qaldırıldığından və icra sənədi mübahisələndirildiyindən, hesab olunur ki, icra hərəkətləri bu işə baxılıb qurtaranadək dayandırılmalıdır. İcraatın dayandırılması barədə ərizə ilə iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə müraciət etmişdir. Lakin bu günədək icra hərəkətləri dayandırılmamış, hətta tələbin könüllü icrası haqqında bildiriş və qərar da göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(112)-9342/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda, borclu fəaliyyət qabiliyyətini itirdikdə, borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda, icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə, tələbkarın müvafiq xahişi olduqda. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda, icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar yerinə yetirdiyi vəzifələrdəndir. Həmin Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, icra qanunvericiliyi icraatın dayandırılması üzrə “məcburi” və “mümkün” olan halları ayrılıqda müəyyən edir. Qanunvericilik həmçinin nəzərdə tutur ki, icraatın dayandırılmasının “məcburi” halları üzrə icra məmuru tərəfindən bu barədə qərar, “mümkün” halları üzrə isə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında müvafiq məhkəmə tərəfindən akt qəbul olunmalıdır. Lakin hazırkı iş üzrə İddiaçı yuxarıda qeyd olunanlara zidd olaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş mülki mübahisə ilə bağlı verilmiş icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində başlanmış icra icraatının dayandırılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla tələb edir ki, bu isə, İPM-in 2.1 cə 35.1-ci maddələrinin tələbləri baxımından, iddianın mümkün sayılmasını istisna edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(112)-9342/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar