Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-735/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X5 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-2968/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının 25.02.2014-cü il tarixdən təyin edilməsi və yaranmış fərqin hesablanaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X2 25.09.2008-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alırdı. O, 25.02.2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı isə 2008-ci ildən yaşa görə əmək pensiyası almağa başlamışdır. 2019-cu ilin sentyabr ayında iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Ərizəyə əsasən iddiaçıya 01.10.2019-cu il tarixdən cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildi. Lakin, iddiaçı hesab edir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ 25.02.2014- cü il tarixdən yəni həyat yoldaşı vəfat etdiyi vaxtan yaranmışdır. Buna görə də iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının 25.02.2014-cü il tarixdən təyin edilməsi və yaranmış fərqin hesablanaraq iddiaçıya ödənilməsi üçün qərar qəbul edilməsini xahiş etmiş, lakin ərizə bu günədək cavabsız və nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçıların pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xəcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Belə ki, ailə başçsını itirməyə görə pensiya hüququ olan ailə üzvləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, qanunun 14.1.1- vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları, 14.1.1.1-18 yaşına çatmamış, 14.1.1.2-18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, 14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideyinlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüquq vardır. Lakin həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən, “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud 1-ci və 2-ci qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzusu ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.17.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən – ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonraki ayın 1-dən ayrılır. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-2968/2020 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı pensiya hüququ yarandığı 09 iyun 2018-ci il tarixdən ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanıb ona ödənilməsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri “Əmək pensiyaları haqqında” AR Qanunun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, Qanununun 14.1.1. - vəfat etmiş və ya həlak olmuş şəxsin övladları; 14.1.1.1. - 18 yaşına çatmamış; 14.1.1.2. -18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” AR Qanunun 20.17.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətini müafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı 2009-dan yaşa görə pensiya alır. İddiaçının həyat yoldaşı 2014-də vəfat edib. Müraciət etdiyi vaxtdan sonrakı aydan təyin olunur. 2019-cu ilin sentyabr ayından müraciət edib. Hərbi qulluqçuların pensiya təminatı mərhumun həyat yoldaşının təminat xərcliyi olaraq hesablanır. Ola bilər ki, azyaşlı uşağı da olsun ona da ayrılsın. İndiki halda həyat yoldaşı müraciət edib. Amma atası, anası olardısa onlar da müraciət edə bilərdilər. Övladı hazırkı gündə rəhmətə gedibsə pensiyadan imtina edib pay götürə bilər. İddiaçı 2009-dan pensiya alırdısa, müraciət etdiyi vaxtdan sonrakı aydan hesablanır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 2014-cü ildən sonra müraciət etməli olduqlarını bilməyiblər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)- 2968/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. 18.11.2008-ci il tarixdə X2 ilə nikaha daxil olmuşdur. İddiaçının həyat yoldaşı X2 25.02.2014-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında şəhadətnamə 27.02.2014-cü il tarixdə verilmişdir. İddiaçıya 27.01.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 18 sentyabr 2019-cu il tarixdə ailə başçısını itirməyə görə ona əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 01.10.2019-cu il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona mərhum ərinin vəfat etdiyi 25.02.2014-cü il tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” qanunun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. - 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin - ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. - 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. - 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. - 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçının tələbi ailə başçısı itirməyə görə əmək pensiyası təyin edilməsi deyil, yaşa görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmə ilə bağlıdır. İddiaçı 2009-cu il tarixdən yaşa görə əmək pensiyası alır. Pensiyanın bir növündən digər növünə keçirilməsi isə qanunun 34-cü maddəsi ilə tənzimlənir. Pensiyanın bir növündən digər növünə keçirildikdə yeni növ pensiyanın hansı tarixdən ödənilməli olması isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən Pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının 18.09.2019-cu il tarixdə inzibati orqana müraciət etdiyi nəzərə alınsa, inzibati orqan tərəfindən növbəti ayın birindən (01.10.2019) pensiyanın təyin edilməsi əsaslı olmuşdur. Beləliklə iddiaçının iddia tələbi əsassız, inzibati orqanın imtinası isə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-2968/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-2968/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-735/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-735/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver