Məhkəmə qərarları › İş №2-1(103)-735/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-735/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-735/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Əhmədov Vüqar Əhməd oğlunun iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Ermənistanın Masis rayonunda anadan olmuşdur, ünvan 1 ünvan-ünvan 2ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2130/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 13.10.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 07.10.2020-ci il tarixli imtinasını qeyri-qanuni hesab edərək iddiaçının 60 yaşının tamam olmasının nəzərə alınaraq həmin vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 01.02.2006-cı il tarixdən 18.07.2014-cü il tarixinədək yeraltı, gecə vaxtlarında xüsusi zərərli iş şəraitində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol fəhləsi peşəsində, 18.07.2014-cü il tarixdən isə hazıradək həmin QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. Hər iki peşə üzrə iş saatları 23:30-dan saat 05:30-a kimi davam edir. Yalnız gecə vaxtlarında, xüsusi zərərli iş şəraitində uzun müddət işləyərək müvafiq iş stajına malik olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərlə birlikdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, idarənin 07.10.2020-ci il tarixli, **********6 saylı cavabı ilə xüsusilə zərərli iş şəraitlərində işlədiyi yol fəhləsi və yol montyoru peşələrinin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyasına daxil edilmədiyinə istinad edərək buna hüququnun olmasına baxmayaq ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuş və gəlinmiş nəticə ilə razı olmadığı halda yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Tələb olunan əmək stajına malik olması cavabdehə təqdim etdiyi əmək kitabçasında, xüsusi zərərli iş şəraitində, tələb olunan (12 il 06 ay) müddətdən artıq, 14 il 08 ay işləməsi haqqında "xxxx" QSC-nin 14.08.2020-ci il tarixli arayışı ilə təsdiq olunmasına, işlədiyi peşələrin Nazirlər Kabinetinin Qərarında əksini tapdığına baxmayaraq cavabdehin əsaslı müraciətindən imtina etməsi qeyri-qanunidir. Ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajına malik olması cavabdehə təqdim edilmiş əmək kitabçası və "xxxx" QSC-nin 15.05.2020-ci il tarixli arayışı ilə tam təsdiq olunur. "xxxx" QSC-nin 14.08.2020-ci il tarixli arayışına əsasən 01.02.2006-cı il tarixdən 18.07.2014-cü il tarixinədək Cəmiyyətin Yol xidmətində yol fəhləsi (iş yalnız gecə tuneldə xüsusi zərərli iş şəraitində-20% zərərli iş şəraiti, iş saat 23:30-dan 05:30-a kimi) peşəsində, 18.07.2014-cü il tarixdən Cəmiyyətin Yol xidmətində yol montyoru (iş yalnız gecə tuneldə xüsusi zərərli iş şəraitində-20% zərərli iş şəraiti, iş saat 23:30-dan 05:30-a kimi) peşəsində işləməsi, yol montyoru-yol fəhləsi hesab edildiyi və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 20%, gecə saatına görə 40% əlavənin ödənildiyi qeyd olunmuşdur. Cavabdeh idarənin 07.01.2020-ci il tarixli, imtinası Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2130/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı 05.08.2020-ci ildən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" QSC-nin Yol Xidmətində 01.02.2006-18.07.2014-cü il tarixləri arasındakı dövr ərzində yol fəhləsi, 18.07.2014-cü il tarixindən bu günədək işlədiyi yol montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahısının “Metropolitenlər” bölməsində nəzərdə tutulmuş peşələr ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2130/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistanın, Masis rayonunda anadan olmuşdur. - notarial qayadada təsdiq edilmiş 10.11.1981-ci il tarixli, PT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 10.10.1981-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 01.02.2006-cı il tarixdən "xxxx"ndə yol fəhləsi (iş gecə tuneldə, xüsusi zərərli iş şəraitində), 18.07.2014-cü il tarixdən həmin yerdə yol montyoru peşəsində işləmiş və halhazıradək işləyir. - notarial qayadada təsdiq edilmiş 20.11.2006-cı il tarixli, ******* nömrəli əmək kitabçasının surəti də iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müraciətini təmin etməkdən imtina edərək 07.10.2020-ci il tarixli məktubla bildirmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, ‘ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metropolitenlər bölməsinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: -metropoliten müəssisələrinin briqadirləri; -drezinaların sürücüləri; -hidroqaldırıcıların maşinistləri; -zurnif aqreqatlarının maşinistləri; -daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; -geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; -dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətin nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); -bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 20 noyabr 2006-cı il tarixli ******* nömrəli əmək kitabçanızda "xxxx" QSC-nin Yol xidmətində 01.02.2006-18.07.2014-cü il tarixləri arasındakı dövr ərzində yol fəhləsi, 18.07.2014-cü il tarixindən bugünədək yol montyoru işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması aşağıdakı elementlər mövcud olmalıdır:

1. İddiaçının 60 yaşının tamam olması;

2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; Hazırkı iş üzrə iş materialları ilə müəyyən edilir ki, iddiaçının 05 avqust 2020-ci il tarixdə 60 yaşı tamam olmuş, 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq olmuşdur. Göründüyü kimi qeyd edilən üç elementdən ikisi mövcuddur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin və imtinasının əsasını təşkil edən iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin A/267 nömrəli 07.10.2021-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir İddiaçı, ondan ötrü ki, o, həqiqətən, Bakı Metropoliteninin Yol xidmətində 01.02.2006-cı il tarixindən 18.07.2014- cü il tarixinədək yol fəhləsi peşəsində çalışmış (yalnız gecə, 20% xüsusi zərərli əmək şəraiti), 18.07.2014cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol montyoru peşəsində (yalnız gecə, 20% xüsusi zərərli iş şəraiti) işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 15 il 08 ay 06 gün (on beş il səkkiz ay altı gün) (07.10.2021 -ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5 Metropolitenlər bölməsinin yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr bəndinə aiddir. Qeyd: Yol montyoru yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 20% (iyirmi) əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “2. Metropolitenlər” “a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” (kod 2300200a) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21. Nəqliyyat” bölməsində “21.5. Metropolitenlər” yarımbölməsində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi vəzifə (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərildiyindən cavabdeh inzibati orqanın imtinası və apellyasiya şikayətinin dəlili əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər üç element mövcud olduğundan, iddia tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş yerindən verilmiş güzəştli arayışlarla əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2130/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2130/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar