Məhkəmə qərarları › İş №2-1(103)-735/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-735/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-735/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq, 52 yaşının tamam olduğu 24 iyul 2017-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuşdur, əmək fəaliyyətinə xx.xx.1983-cü ildə Quqark rayonunda Təmir-tikinti idarəsində 3-cü dərəcəli rəngsaz-suvaqçı kimi başlamış, xx.xx.1988-ci ilədək həmin təşkilatda işləmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar, ailəsi ilə birlikdə, Bakı şəhərində məskunlaşmış, xx.xx.1990-cu ildən xx.xx.2004-cü ilədək “Azmetaltəmirtikinti” İstehsalat Birliyində hazır məhsulun qablaşdırıcısı kimi əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2007-ci ildə "xxxx" MTK-da xadimə işinə qəbul olunmuş və hazırda da həmin kooperativdə işləyir. 52 yaşı tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan pensiya fərqinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh cavabında bildirmişdir ki, bütün sənədlər təqdim edildikdən sonra pensiya məsələsinə yenidən baxıla bilər. xx.xx.2006-cı ilədək 20 ildən artıq ümümi, 10 ildən artıq isə xüsusi iş stajı olduğu üçün iddiaçı hesab edir ki, onun 52 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Göstərilən sənədlərin əsilləri təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yenidən baxıla bilər. Qeyd edilən məktub iddiaçının müraciətinə rədd cavabı kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən məcburetmə haqqında iddia barədə məhkəməyə müraciət edilməsi üçün iki hal nəzərdə tutumuşdur: cavabdeh tərəfindən yalnız arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edilməsi; cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktların qəbul edilmədiyi halda. Lakin cavabdeh iddiaçının tələbindən imtina etməmiş, sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağı bildirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-919/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsində göstərilən tələblə bağlı lazımi qaydada məhkəməyə qədər cavabdehə müraciət etməməsi əsası ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1472/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, qərardad ləğv edilmiş, iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2034/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehin kasasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iş materialları Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2022 saylı 19 iyul 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, habelə arayışlara əsasən onun ümumi əmək stajı xx.xx.2006-cı ilə qədər cəmi 19 il 5 ay 11 gün, xx.xx.2021-ci il tarixə (əmək fəaliyyətinin sonuncu gününə) qədər isə iddiaçının ümumi stajı 20 ildən çox olsa da onun güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı yoxdur. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, 1983-1988-ci illərdə, eləcə də 10 sentyabr 1990-cı ildən 21 oktyabr 2004-cü ilədək «Azmetalremstroy» İstehsalat Birliyində çalışmağına dair qeydlər əmək kitabçasında göstərilmişdir. 1983-1988-ci illərdə, eləcə də 10 sentyabr 1990-cı ildən 21 oktyabr 2004-cü ilədək «Azmetalremstroy» İstehsalat Birliyində çalışdığı vəzifələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 oktyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda (3.7-ci bəndi metal və hazır məhsulun qəbulu, qablaşdırılması ilə məşğul olan fəhlələr və 29-cu bəndi), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 saylı Siyahısında (metal və hazır məhsulun qəbulu, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması ilə məşğul olan fəhlələr və briqadirlər 2 040300а—1753b) nəzərdə tutulmuşdur. Məhkəmə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajının olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı və 12 saylı, 23 oktyabr 2007-ci il tarixli qərarının tələblərinə zidd nəticəyə gəlmişdir. Güzəştli şərtlərlə əmək stajının olmasına dair "xxxx" Dövlət Şirkətinin İstehsalat-Texnoloji Komplekləşdirmə İdarəsinin izahlı arayışı təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübutu da nəzərə almamış, iddia tələbi əsassız olaraq təmin olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi İPM-nin 12-ci maddəsinin (işin halarının araşdırılması prinsipi) tələblərinə uyğun araşdırma aparmamışdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, Qanunun 9.8-ci maddəsinin tətbiqinə əsasən hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması (xx.xx.2006-cı il tarixədək); 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilməsi. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. İddiaçıya məxsus AA seriyalı, xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla 52 yaşı xx.xx.2017-ci ildə tamamlanmışdır. İşin mübahisəli hallarıdan biri iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən az olması ilə bağlıdır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1988-ci illərdə Ermənistanın Quqark rayonunda Təmir-tikinti idarəsində 3-cü dərəcəli rəngsaz-suvaqçı, xx.xx.1990-xx.xx.2004-cü illərdə “Azmetaltəmirtikinti” İstehsalat Birliyində hazır məhsulun qablaşdırıcısı vəzifələrində çalışmış, xx.xx.2007-ci ildə "xxxx" MTK-da xadimə işinə qəbul olunmuş və xx.xx.2021-ci ilədək həmin idarədə işləmişdir. - İddiaçıya məxsus B №507327 saylı, 1990-cı il 28 iyun tarixli diplomun təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1989-xx.xx.1990-cı illərdə təhsil almışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı ilə qədər təhsil müddəti də daxil olmaqla ümumilikdə 20 il 3 ay 9 gün ümumi staja malik olmuşdur. İşin digər mübahisəli halı iddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi iş stajının 10 ildən az olması ilə bağlıdır. İddiaçının güzəştli iş stajı ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: - İşdə olan ”Metallurgiya” Dövlət Şirkətinin İstehsalat-Texnoloji Komplektləşdirmə İdarəsinin izahlı arayışından görünür ki, iddiaçı “Azərmetaltəmirtikinti” İstehsalat Birliyinin “X1” idarəsində xx.xx.1990-cı ildən xx.xx.2004-cü ilədək qablaşdırıcı vəzifəsində işləmişdir. İşlədiyi şərait qapalı olduğundan insan orqanizmi üçün zərərli hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aiddir və pensiyaya çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubunda göstərilmişdir ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, gözəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Qeyd edilənlərə əsasən iş ürə ətraflı araşdırmanın aparılması məqsədilə "X6" QSCyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, "X6" QSC poladəritmə müəssisəsidir, 2010-cu ildən etibarən tam şəkildə rekonstruksiya olunan BSC istehsal gücünü artırmaqla yanaşı, istehsal çeşidlərini artıraraq armatur, kvadrat pəstah, dairəvi pəstah, çveller, katanka (məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edir. Həmçinin, sorğuya cavabda qeyd edilmişdir ki, məlum olduğu kimi İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək "Azərmetaltəmirtikinti" İstehsalat Birliyinin X1 İdarəsində anbar yerində qablaşdırıcı vəzifəsində işləmişdir. Anbar yerində qablaşdırıcı vəzifəsi "X6" QSC-də hazır məhsullar anbarında dəstələyici vəzifəsi ilə eynilik təşkil edir. Qeyd edilən peşə "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3. Yayma, çarxyayma, bandajyayma, yabayayma, tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsalatları. Rels bəndlərinin istehsalı. İsti metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı. Fəhlələr bəndinin (a) (2040300a—1753b) "metal və hazır məhsulun qəbulu, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması ilə məşğul olan fəhlələr və briqadirlər" peşələri ilə uyğunluq təşkil edir. Eyni zamanda həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.7. Yayma, çarxyayma, bandajyayma, yabayayma, tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsalatı. Rels bəndlərinin istehsalı. İsti metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı. Fəhlələr bəndinin (a) "metal və hazır məhsulun qəbulu, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması ilə məşğul olan fəhlələr və briqadirləri" peşələri ilə uyğunluq təşkil edir. Beləliklə, işin ətraflı araşdırması zamanı müəyyən olunur ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək "Azərmetaltəmirtikinti" İstehsalat Birliyinin X1 İdarəsində çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı"da 2040300a—1753b kod altında (metal və hazır məhsulun qəbulu, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması ilə məşğul olan fəhlələr və briqadirlər) nəzərdə tutulmuş peşələrə uyğundur. Bununla da, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər, güzəştli arayışları və təhsil aldığı dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı, həmçinin 10 ildən çox xüsusi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qərarın ləğvinə əsas verir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1965-ci təvəllüdlü İddiaçı 52 yaşdan, yəni xx.xx.2017-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar