Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-736/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8988/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Birgə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 13, mən 11 saylı evin sökülməsinə görə Bakı şəhəri Cavabdeh tərəfindən hər birinə 30.000 manat olmaqla, ümumilikdə 150.000 manat məbləğində, mənəvi ziyana görə hər birinin xeyrinə 7.000 manat tutulmasını xahiş edir. İddiaçının əsaslandırması: Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar birgə ünvan 3 ünvanında qeydiyyatdadırlar və orada yaşayırdılar. Bu ünvan “Ağ şəhər” layihəsi aparılan ərazidə yerləşirdi. Mənzil nasaz vəziyyətdə olduğu üçün müvəqqəti olaraq qohumlarının evində yaşayıb imkan yaranacağı təqdirdə evi təmir etdirərək ora köçəcəklərini düşünürdülər. Lakin layihə çərçivəsində aparılan tikinti işləri zamanı qeyd olunan ünvan Xətai rayonu, İcra Hakimiyyətinin göstərişi ilə heç bir əsas olmadan tamamilə sökülmüş, yerində yeni binalar inşa edilmişdir. Ona görə də söküntü aparılarkən onlara xəbərdarlıq edilməmiş, yalnız bir gün mənzilə baş çəkməyə gələrkən onun yerli-dibli söküldüyünü, yerində tikinti işlərinin aparıldığının şahidi olublar. Bu ağıla gəlməz hərəkətlərin nəticəsində onların bəzi ev əşyaları ilə birgə, mənzilə dair müvafiq hüquqi sənədlər də məhv edilmişdir.Bu dəhşətli hadisədən sonra rayon İcra hakimiyyətinə müraciət edərək onlara məxsus mülkiyyətinin özbaşına, razılıq olmadan, kommersiya və ya əvəzçilik əsasında söküldüyü bildirilmiş, lakin qarşılığında laqeyd cavab alıblar. Belə ki, icra hakimiyyətindən onlara mənzilin sənədlərini arxiv məlumatın olmadığını bildirmişlər. Onlar isə sənədlərin söküntü aparılarkən mənzil qarışıq məhv edildiyini, torpağın altında qaldığını nəzərə çatdırmışlar. Hesab edilir ki, bu laqeyd və nifrət dolu münasibət onların qeyri-millət, rus olmaqlarından irəli gəlir. Çünki heç kimə qarşı belə münasibət bəslənmir və bəslənə də bilməz. Bu insani münasibətdən tamam uzaq, fərqli münasibətdir. Sanki düşməndən qisas alırlar kimi bir halla qarşılaşdıqları aşkar şəkildə özünü göstərir. Bildirmək istəyirlər ki, onlar Azərbaycanlıdırlar. Bu torpaqda, bu vətəndə doğulub böyüyüblər. Eləcə də hazırda barəsində danışılan məlum mənzili də İddiaçı1 Borisovanın anasına 1964-cü ildə işlədiyi Q.Qarayev zavodundan ona verilmişdir. Mənzilin orderi rayon icrayyə komitəsi tərəfindən ona təqdim olunmuşdur. İddiaçı1 15 yaşından bu mənzildə yaşayıb, anası rəhmətə gedəndən sonra da o həmin mənzildə yaşayıb. Məlumat üçün bildirir ki, dörd övladı və nəvəsi də onunla bərabər həmin mənzildə yaşayıb, burada qeydiyyatda olublar. Ancaq müraciət etdiyi müvafiq dövlət orqanları onun vəziyyətinə laqeyd qalırlar. Xətai rayon İcra Hakimiyyəti, eyni zamanda müraciət etdiyi digər aidiyyəti orqanların ona ögey münasibətini gördükdən sonra məhkəməyə müraciət etmək tövsiyə ediblər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8988/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Günel Sevdimalıyeva) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, qeyd edilənlərə əsasən, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, lakin işə apellyasiya qaydasında baxılarkən Məhkəmənin hazırkı iddia tələbinə münasibət bildirilməsi barədə məktuna əsasən, xx.xx.2022-ci il tarixdə bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti, Xaqani Rüstemov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel pr-ti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Qeyd olunan ünvanlardan yaşayış evlərinin və mənzillərin mövcud bazar qiyməti ilə dəyərlərini müəyyən edərək kompensasiyanın ödənilməsini təmin etmək üçün Xətai Rayon İcra Hakimiyyətində komissiya yaradılmış, köçürülməyə məruz qalan əmlak sahibləri fərdi qaydada komissiyaya dəvət olunmuş və onlara ödəniləcək vəsait hər bir ailə başçısı ilə razılaşdırılaraq komissiyanın aktı tərtib olunmuşdur. Söküntü zamanı İddiaçı1 adlı vətəndaş iddia ərizəsində göstərilən ünvanda yaşamamış və ona maxsus evin olub-olmaması barədə komissiyada hər hansı məlumat olmamışdır. İddiaçı1 sonradan komissiyaya müraciət edərək vaxtilə onun da bu ərazidə mənzili olduğunu bildirmişdir. İddiaçıya izah olunmuşdur ki, mübahisəli mənzilə dair hüquqi sənədini Komissiyaya təqdim etsin. Lakin iddiaçı Komissiyaya heç bir hüquqi sənəd təqdim edə bilməmişdir. İddiaçı1 Kislotni küçəsindəki 17 nömrəli evin, 11 saylı mənzilinə dair heç bir hüquqi sənəd təqdim edə bilməməsi, uçmuş və yaşayış üçün yararsız vəziyyətə düşmüş mənzilin bərpası üçün 1991-ci ildən sonrakı dövürdə heç bir dövlət orqanına müraciət etməməsi iddiaçının bu mənzildə yaşamadığını bir daha təsdiq etmişdir. Xətai rayon İcra Hakimiyyəti iddia ərizəsini qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində qaldırdığı tələbə əsasən həm mənzilin ona aid olması barədə hüquqi sənəd, həm də ki, mübahisələndirdiyi mənzilinin orderinin tarixi və nömrəsindən xəbəri belə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci bəndinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünü idarə orqanları, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan müddəalar olmamalıdır. Bunun üçün isə məhkəmə özü müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri rəhbər tutduğu qanunları qərarda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə həmçinin çəkişmə prinsipinə uyğun olaraq mübahisənin mahiyyətinə dair tərəflərin bütün dəlillərini qəbul etdiyi qərarda müzakirə etməli, işdəki araşdırılmış sübutlarla əlaqələndirməklə və tətbiq edilməli həmin dəlilləri qəbul edibetmədiyinə dair mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Odur ki, iddia tələbinin qanunsuz və əsassız olduğunu nəzərə alaraq rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Apellyasiya icraatı: Hazırkı işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-736/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertinə həvalə edilmişdir. "xxxx" MMC-nin MB 16/0499 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, 1-ci sual üzrə iddiaçılara məxsus ünvan 5 ünvanında mövcud olmuş 1 sot torpaq sahəsində yerləşən 46 kv.m ümumi sahəsi olan mənzilin söküldüyü 2013-cü il üçün torpaq sahəsi ilə birlikdə hesablanmış bazar dəyəri 110.000 manat, o cümlədən 96.000 manat torpaq, bina və tikilinin bazar dəyəri 14000 manat təşkil edir. 2-ci sual üzrə, iddiaçılara məxsus ünvan 5 ünvanında mövcud olmuş 1 sot torpaq sahəsində yerləşən 46 kv.m ümumi sahəsi olan mənzilin hazırkı dövr üçün torpaq sahəsi ilə birlikdə bazar dəyəri 146.000 manat, o cümlədən torpaq sahəsinin bazar dəyəri 132.000, bina və tikilinin bazar dəyəri 14.000 manat təşkil edir. Tərəflərin izahatları: İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, həmin mənzil 1964-cü ildə ona orderlə ayrılmış, mənzil bir sot torpaq sahəsinin içində bir mərtəbəli, 46 kv.m sahəsi olan, iki otaq, bir mətbəx, bir dəhliz, bir sanitar qovşaqdan ibarət idi. Onlar həmin mənzildə 2011-ci ilə kimi yaşamış, sonra həmin mənzilin dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşdüyündən ordan müvəqqəti olaraq qohumlarının evinə köçmüşlər, daha sonra mənzil dövlət ehtiyacları üçün sökülmüşdür, bu səbəbdən onlara ədalətli kompensasiya ödənilməsini xahiş edir. Həmçinin qeyd etdi ki, onlar iddia tələbində kompensasiya kimi hər birinə 30.000 manat ödənilməsini qeyd etsələr də, kompensasiya məbləğinin ümumlikdə hamısına verilməsi onları qane edir. İddiaçı5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək, anasının bildirdiyi məlumatları təkrarlayaraq göstərdi ki, həmin mənzil 1964-cü ildə onun valideynlərinə orderlə ayrılmış, mənzil bir sot torpaq sahəsinin içində bir mərtəbəli, 46 kv.m sahəsi olan, iki otaq, bir mətbəx, bir dəhliz, bir sanitar qovşaqdan ibarət idi. Onlar həmin mənzildə 2011-ci ilə kimi yaşamış, sonra həmin mənzilin dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşdüyündən ordan müvəqqəti qohumlarının evinə köçmüşlər, daha sonra mənzil dövlət ehtiyacları üçün sökülmüşdür, bu səbəbdən onlara ədalətli kompensasiya ödənilməsini xahiş edir. Dövlət ehtiyacları üçün sökülən daşınmaz əmlakın dəyəri üçün ədalətli kompensasiya ödənilməlidir. Həmçinin bildirdi ki, kompensasiya məbləğinin ümumilikdə hamısına verilməsi onları qane edir. İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək, anası və qardaşının bildirdiklərini təkrarlayaraq göstərdi ki, dövlət ehtiyacları üçün sökülən daşınmaz əmlakın dəyəri üçün ədalətli kompensasiya ödənilməlidir. Həmçinin bildirdi ki, kompensasiya məbləğinin ümumlikdə hamısına verilməsi onları qane edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş digər iddiaçılar İddiaçı3 və İddiaçı2 və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi Birgə iddiaçıların şəxsiyyət vəsiqəsi və Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı1 xx.xx.1949, İddiaçı3 xx.xx.1984, X1 xx.xx.1968, İddiaçı4 Rəhum qızı xx.xx.1979, İddiaçı2 xx.xx.1986, İddiaçı5 xx.xx.1987 ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı1 qeyd edilən tələblə bağlı müxtəlif dövlət orqanlarına müraciət etmişdir. İddiaçı1 Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Şaumyan rayon (indiki Xətai rayonu) XDS İK-nın 1965- 1966-cı illərin arxiv fondunn sənəd materiallarında, X2 mənzil sahəsi verilməsi, adina order olması haqqında bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialın tərəfindən bildirilmişdir ki, filialda sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, ad və soyadlara görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək imkan xaricindədir. Digər tərəfdən bildirilmişdir ki, vətəndaşlara mənzillərə görə verilən orderlər Dövlət Arxivinin Bakı filialında saxlanılmır. İddiaçının müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatə etdiyi torpaq sahəsində “Bakı Ağ Şəhər” layihəsinin həyata keçirilməsi məqsədilə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilərək, sahiblərinə (mülkiyyətçilərinə) müvafiq kompensasiyalar ödənilmək şərtilə, ərazidə köçürülmə işləri aparılır. Müraciətində qaldırılan məsələnin araşdırılması məqsədilə Bakı şəhər İH tərəfindən verilmiş tapşırıq əsasında, Xətai Rayon İcra Hakimiyyətinin həmin ünvanla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən bildiririk ki, mütəxəssislər tərəfindən yuxarıda göstərilən ərazidə qiymətləndirmə işləri aparılarkən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən sözügedən mənzilin qiymətləndirilməsinə əsas ola biləcək hər hansı bir meyarların müəyyən edilməsi, habelə mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər aşkar olunmadığından, həmin mənzilin qiymətləndirilməsi və bu səbəbdən kompensasiyanın hesablanması mümkün olmamışdır. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bildirilmişdir ki, Məsələ ilə əlaqədar xx.xx.2021-ci il tarixli, 2/23964-21 nömrəli məktubla Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığımız müraciətə verilmiş xx.xx.2021-ci il tarixli, A-226/2-152/2 nömrəli cavabda bildirilmişdir ki, vətəndaş İddiaçı1 ünvan 10 ünvanında qeydiyyatda olsa da, xx.xx.2013-cü il tarixində yazdığı izahata əsasən, həmin mənzilin dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşmüş, bu səbəbdən də uzun illər həmin ünvanda yaşamamışdır. Qiymətləndirmə işləri aparılarkən qeyd olunan mənzil yararsız halda olduğundan qiymətləndirilməsi mümkün olmamış və kompensasiya hesablanmamışdır. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən təkrarən bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatə etdiyi torpaq sahəsində “Bakı Ağ Şəhər” layihəsinin həyata keçirilməsi məqsədilə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilərək, sahiblərinə (mülkiyyətçilərinə) müvafiq kompensasiyalar ödənilmək şərtilə, ərazidə köçürülmə işləri aparılır. Müraciətdə qaldırılan məsələnin araşdırılması məqsədilə verilmiş tapşırıq əsasında, Xətai Rayon İcra Hakimiyyətinin həmin ünvanla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən bildirilir ki, Xətai rayonu, Kislotnı küçəsi ev 17-də yerləşən 11 saylı mənzilin dam örtüyünün uçaraq yararsız vəziyyətə düşməsi ilə əlaqədar Siz 1991-ci ildən etibarən həmin ünvanda yaşamırsınız. Bundan əlavə, İddiaçı1 sözügedən mənzilə dair order sənədinin olmadığını yazılı surətdə öz ərizənizdə bildirmisiniz. Mütəxəssislər tərəfindən ünvanınızda qiymətləndirmə işləri aparılarkən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən sözügedən mənzilin qiymətləndirilməsinə əsas ola biləcək hər hansı bir meyarların müəyyən edilməsi, habelə mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər aşkar olunmadığından, həmin mənzilin qiymətləndirilməsi və bu səbəbdən kompensasiyanın hesablanması mümkün olmamışdır. “Ağ şəhər” layihəsi çərçivəsində İddiaçı1 məxsus fərdi yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya tələbinə dair müraciətinə cavab olaraq Xətai rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə bildirilmişdir ki, Bakı şəhərində aparılan abadlıqquruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində ayrılmış 221 ha torpaq sahəsində Bakı "Ağ şəhər” layihəsinin həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 10 iyun 2013-cü il tarixli 225 nömrəli Sərəncamı əsasında 2013-cü ildən başlayaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin kompensasiya ödənilməklə köçürülməsinə başlanılmış və hazırda da davam etməkdədir. Sərəncamın icrası məqsədi ilə icra hakimiyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyyə olunmuş müstəqil qiymətləndirmə şirkətinə müraciət olunmuş, qiymətləndirmə işləri aparılmış, ətraf ərazidə yerləşən fərdi və qeyri-yaşayış sahələri qiymətləndirilərək kompensasiya məbləği sakinlərə təklif olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, o, ünvan 10 ünvanında qeydiyyatda olsa da, xx.xx.2013-cü il tarixində yazdığı izahata əsasən həmin mənzilin dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşmüş, bu səbəbdən də uzun illər həmin ünvanda yaşamadığından, qiymətləndirmə işləri aparılarkən qeyd olunan mənzil yararsız halda olduğundan qiymətləndirilməsi mümkün olmamış və kompensasiya hesablanmamışdır. Cavabdeh Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış iddiaya yazılı mülahizədə bildirilmişdir ki, Bakı Ağ Şəhər layihəsi ilə ilaqədar BŞİH-ti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı Şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai Rayonunda da yolların, kamunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektinin birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya qeyd edilən ərazidə şəxsi mülkiyyətdə olan torpaq sahələrinin, şəxsi mülklərin, eyni zamanda yaşayış və qeyriyaşayış sahələrinin siyahılaşdırılmasını apararkən kompensasiyanın ödənilməsi ilə bağlı əmlak sahiblərinə müqavilə bağlanılması üçün rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya müraciət edilməsi tövsiyə olunmuşdur. Lakin İddiaçı1 iddia ərizəsində qeyd etdiyi Kislotnu küçəsi ev 17, mənzil 11 ünvanına dair hüquqi sənədlərlə komissiyaya müraciət etmədiyindən rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Əsaslandırıcı hissə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyasının gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını araşıdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin təmin etməyən birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, birgə iddiaçılar yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan savayı, iddia etdikləri mənzillə bağlılıqlarını ifadə edən hər hansı sübut məhkəməyə təqdim etməmişlər. Digər tərəfdən mənzilin “Bakı Ağ şəhər” layihəsi zamanı sökülməsi zamanı mənzildə uzun müddət yaşayışın olmaması işin mübahisəsiz halıdır. Mülkiyyət hüququnun pozulmasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mülkiyyətin mövcudluğu sübut edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı belə sənədin mövcudluğu müəyyən edilməmişdir. Kollegiya birinci instasniya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə “Ağ şəhər” layihəsi çərçivəsində İddiaçı1 məxsus fərdi yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya tələbinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, o, ünvan 10 ünvanında qeydiyyatda olsa da, xx.xx.2013-cü il tarixində yazdığı izahata əsasən həmin mənzilin dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşmüş, bu səbəbdən də uzun illər həmin ünvanda yaşamadığımından qiymətləndirmə işləri aparılarkən qeyd olunan mənzil yararsız halda olduğundan qiymətləndirilməsi mümkün olmamış və kompensasiya hesablanmamışdır. Bununla da iddiaçıların həmin ünvanda yaşayıs sahəsinin- evinin olması aşkar təsdiq olunur. Belə olan halda isə, yəni iddiaçıların həmin ünvanda onlara məxsusluğu şübhəsiz olan əmlaklarının sökülməsi müqabilində, onlara, yalnız müvafiq orderin təqdim oluna bilməməsi səbəbindən zəruri kompensasiyanın verilməsindən imtina edilməsi əsaslı olmamışdır. Belə ki, X3 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). İddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Göründüyü kimi, iddiaçılara məxsus olan və mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlaka-mənzilə cavabdeh tərəfindən qanunsuz müdaxilə olmuş və cavabdeh inzibati orqanın təqsirli hərəkəti nəticəsində onlara maddi ziyan vurulmuş, bu səbəbdən iddiaçıların onlara vurulan maddi ziyana görə kompensasiya tələbləri əsaslıdır və qismən təmin edilməlidir. Eyni zamanda hazırkı işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün iddiaçılara məxsus sökülmüş ünvan 13 ünvanında 1 sot torpaq sahəsində yerləşən 46 kv.m ümumi sahəsi olan 11 saylı mənzilin söküldüyü 2013-cü il üçün və hazırkı dövr üçün torpaq sahəsi ilə birlikdə və ayrılıqda real dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin MB 16/0499 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, 1-ci sual üzrə iddiaçılara məxsus ünvan 5 ünvanında mövcud olmuş 1 sot torpaq sahəsində yerləşən 46 kv.m ümumi sahəsi olan mənzilin söküldüyü 2013-cü il üçün torpaq sahəsi ilə birlikdə hesablanmış bazar dəyəri 110.000 manat, o cümlədən 96.000 manat torpaq, bina və tikilinin bazar dəyəri 14000 manat təşkil edir. 2-ci sual üzrə, iddiaçılara məxsus ünvan 5 ünvanında mövcud olmuş 1 sot torpaq sahəsində yerləşən 46 kv.m ümumi sahəsi olan mənzilin hazırkı dövr üçün torpaq sahəsi ilə birlikdə bazar dəyəri 146.000 manat, o cümlədən torpaq sahəsinin bazar dəyəri 132.000, bina və tikilinin bazar dəyəri 14.000 manat təşkil edir. Məhkəmə Kollegiyası iddiaçıların evin söküldüyü 2013-cü ildə kompensasiya tələbi ilə müraciət etmək imkanı olmasını nəzərə alınaraq, maddi ziyan tələbinin mənzilin söküldüyü 2013-cü il üçün onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə bazar dəyərinin ekspert rəyi ilə hesablanmış 110.000 manat hissədə təmin edilməsini əsaslı və ağlabatan hesab edir. Kollegiya onu da qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasında kompensasiya məbləğinin onların hər birinə ayrılıqda müvafiq məbləğdə yox, bir ailə olduqlarından ümumi olaraq müəyyən edilməsinin onları qane etdiyini bildirdilər. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119). Beləliklə, kollegiya hesab edir ki, hazırkı halda iş üzrə maddi zərərlə bağlı tələbin qismən təmin edilməsi mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Kollegiya hesab edir ki, bu işin xüsusi halları baxımından pozuntu faktının müəyyən edilməsi özözlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərlidir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi maddi hüquq normlarının təfsirində səhvə yol verdiyindən iddiaçılar apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8988/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, ünvan 13, mən 11 saylı evin sökülməsinə görə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 110.000 manat maddi zərər kimi kompensasiyanın ödənilməsi vəzifəsi Bakı şəhəri Cavabdehn həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi Hissə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8988/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 13, mən 11 saylı evin sökülməsinə görə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 birlikdə 110.000 manat maddi zərər kimi kompensasiyanın ödənilməsi vəzifəsi Bakı şəhəri Cavabdehn həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-736/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-736/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver