Məhkəmə qərarları › İş №2-1(103)-736/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-736/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-736/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)- 2748/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1550/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 7 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 2 saylı "ASAN Xidmət" mərkəzinə güzəştli şərtlərlə əmək pensiyası təyinatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Lakin 14 oktyabr 2020-ci il tarixli məktubla onun ərizəsinə imtina cavabı verilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə olan halda iddiaçı hesab edir ki, onun əmək stajı, fəaliyyəti və yaşı sözügedən Qanuna əsasən güzəştli şərtlərlə əmək pensiyasının təminatına imkan verməkdədir. Göstərilənlərə əsaslanaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdehin 21 dekabr 2020-ci il tarixli iddiaya yazılı etirazında qeyd edilmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab edir ki, iddia tələbi qanunamüvafiq olmadığından rədd edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 52.800 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20.317,32 manat təşkil edir. Bununla bağlı, X8 işi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli (2-1(112)-5359/2020 saylı iş üzrə) məhkəmə qərarı da var. “«Əmək pensiyaları haqqında» AR Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə ”57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 1 iyul 2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (1 iyul 2017-ci il tarixdən) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. Beləliklə, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış, pensiya kapitalında az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-2748/2021 saylı qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-340/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn, İ.Kərimli və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)- 2748/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1550/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2-1(103)-340/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbi üzrə lazımi qaydada araşdırma aparmadan "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında iddiaçının adının aşkar edilməməsinə istinad edərək iddiaçının iddiasının əsaslı olmadığı qənaətinə gəlmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən illərdə sözügedən müəssisədə iş stajının müəyyən edilməsi üçün iddiaçı ilə həmin müəssisədə eyni dövrdə işləmiş müəssisənin rəhbərini və ya digər səlahiyyətli şəxsləri, həmçinin işçiləri, o cümlədən özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında adı olan şəxsləri şahid qismində məhkəmə iclasına çağırıb ifadələrini almaqla mübahisə üzrə daha dolğun məhkəmə tədqiqatı apara bilərdi.” (Qərarın 39-cu bəndi) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla 52 yaşı xx.xx.2017-ci ildə tamamlanmışdır. İşin mübahisəli halı iddiaçının ümumi və güzəştli iş stajının az təşkil etməsi ilə bağlıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx xxxxxxxx 1965-ci il tarixdə doğulmuşdur və 2 oktyabr 1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış və 30 mart 2007-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 28 sentyabr 2020-ci il tarixli “güzəştli arayış”ında qeyd olunmuşdur ki, İddiaçı 2 oktyabr 1980-ci il tarixdən 30 aprel 1984-cü il tarixədək 2 nömrəli sexdə “məftil çəkici” vəzifəsində (2 nömrəli siyahı, Vİİİ bölmə, kod 2092304a – 11487), 4 iyun 1986-cı il tarixdən 30 yanvar 1992-ci il tarixədək əridici sexdə “tökücü” vəzifəsində (1 nömrəli siyahı, Vİİ bölmə, kod 1072101a – 13410), 22 iyun 1992-ci il tarixdən 23 iyun 2004-cü il tarixədək 3 nömrəli metal əritmə sexində “əridici” vəzifəsində (1 nömrəli siyahı, Vİİ bölmə, kod 1072101a – 16613) işləmişdir. Qeyd olunanları nəzərə alaraq, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası əsasında tərtib edilmişdir. "xxxx" ASC-nin 28 sentyabr 2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı Bəybala oğlunun 2 oktyabr 2080-ci il tarixdən 30 aprel 1984-cü il tarixədək, 6 iyun 1986-cı il tarixdən 10 yanvar 1992-ci il tarixədək, 22 iyun 1992-ci il tarixdən 23 iyun 2004- cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respublikası Prezidentinin 4 may 2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq 1 iyul 2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin 29 sentyabr 2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alümunium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1980 – 2004-cü illərdə Bakı Alümunium Yayma Zavodunda işləməsini təsdiq edən arayışın surəti (əsli olmadan) təqdim edilsə də, onun həmin əmək fəaliyyəti üzrə müvafiq əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının 20 il ümumi, 10 il güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə iş stajı toplanmış sayıla bilməz. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası aşağıdakları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

2. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Respublika Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. Qismən saxlanılan sənədlərə və ya şahid ifadələrinə əsasən göstərilən komissiyalar tərəfindən müəyyən edilən əmək fəaliyyəti dövrü ümumi iş stajına, eləcə də imtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən xüsusi iş stajına sənədlərlə təsdiq edilən iş stajı kimi daxil edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Cavabdehin imtinasının və iddia tələbinə qarşı etirazının əsasını iddiaçıya əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması təşkil etmişdir. İmtinasında və iddia tələbinə qarşı etirazında cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı və güzəştli pensiya hüququ verən stajı mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəməyə xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı Alüminium Yayma Zavodunda işləmiş olmasına dair xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətini təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasında mübahisələndirilən dövr üzrə aparılan qeydlər müəssisənin səlahiyyətli şəxsinin imzası və müəssisənin möhürü ilə müvafiq qaydada təsdiq edilmiş, həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq xüsusatlar iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti üzrə həmin müəssisənin müvafiq əmrlərinin, əmək haqqı cədvəllərinin, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərinin bu və ya digər səbəbdən əldə edilə bilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. Əvvəlki apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarından görünür ki, iddiaçının işlədiyi Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 18 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixdə sözügedən müəssisədə yanğın hadisəsi baş verdiyindən Bakı Alüminium Yayma Zavodunun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İddiaçının sənədləri yandığı üçün ona heç bir sənəd verilə bilinmir. İddiaçıya tərəflərindən verilmiş güzəştli arayış onun əmək kitabçası əsasında verilmişdir. Hazırki apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında göstərilənlərə əsasən məhkəmə iclasına dəvət olunan şahidlər X4, X1, X7 iddiaçının Bakı Aliminium Yayma Zavodunda, sonradan həmin zavodun bazası əsasında yaradılan "xxxx" ASC-də işlədiyini təsdiq etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı Alüminium Yayma Zavodunda, sonradan isə həmin zavodun bazası əsasında yaradılan "xxxx" ASC-də işləməsi faktı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. İş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 20.317,32 pensiya kapitalı vardır. Məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ iddiaçıya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olaraq ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərək, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajı mövcud olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2- 1(112)-2748/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 24 sentyabr 2017-ci il tarixdən təyin olunması və pensiyanın ödənilməsi iddiaçının inzibati orqana müraciət etdiyi tarixdən 3 il əvvələ, yəni xx.xx.2017-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-2748/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 24 sentyabr 2017-ci il tarixdən təyin olunması və pensiyanın ödənilməsi iddiaçının inzibati orqana müraciət etdiyi tarixdən 3 il əvvələ, yəni xx.xx.2017-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar