Məhkəmə qərarları › İş №2-1(103)-737/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-737/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-737/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X15 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3054/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3054/2019 qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının 1994-2003-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona 64 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim X.İmanov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-2003-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş və hal-hazırda onun 64 yaşı vardır. İddiaçı əmək fəaliyyətinə 1971-ci ildə başlamış, 13 ildən artıq iş stajı var. İddiaçı ona yaşa görə əmək pensiyanın təyin edilməsi üçün DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********0 nömrəli cavab məktubu ilə iddiaçıya imtina edilərək bildirilmişdir ki, 1994-2003-cü illərin iş stajının müəssisədə qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin müddət sığorta stajına daxil edilməmişdir. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən nümayəndənin izahatı: Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X15 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1996 – xx.xx.1996-cı, xx.xx.1997 – xx.xx.1998-ci illərdə “Star” firmasında, xx.xx.1999 – xx.xx.1999-cu illərdə “TMP-2” müəssisəsində, xx.xx.2003 – xx.xx.2003-cü ilədək “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyil. Ona görə də nümayəndə apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən nümayəndənin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddə-sinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarına əlavə edilmiş; - İddiaçıya məxsus əmək kitabçasının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 95/k saylı xx.xx.1971-ci il tarixli əmrlə xx.xx.1971-ci il tarixdən “Əzizbəyov-Neft” X1 – Traktor kontoruna ştata xarrat-kuzovçu peşəsi üzrə öyrənən kimi daxil edilmiş, 46/k saylı xx.xx.1972-ci il tarixli əmrlə xx.xx.1972-ci il tarixdən 1-ci dərəcəli xarrat kuzovçu keçirilmiş, 194/k saylı xx.xx.1972-ci il tarixli əmrlə xx.xx.1972-ci il tarixdən təhsil ilə əlaqədar işdən azad edilmiş, 77/k saylı xx.xx.1973-cü il tarixli əmrlə “Əzizbəyov-Neft” X1 –Traktor kontoruna xx.xx.1973-cü ildən ştata 3-cü dərəcəli sürücü kimi daxil edilmiş, 218/k saylı xx.xx.1975-ci il tarixli əmrlə xx.xx.1975-ci il tarixdən Azərbaycan SSR Kvotasının 16, 36-cı maddələri, 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və Sovet ordusuna göndərilmiş, xx.xx.1975-ci ildən Sovet ordusunda hərbi xidmətdə olmuş (h/b НЗ № 332554, xx.xx.1975-ci il), 239/k saylı xx.xx.1977-ci il tarixli əmrlə xx.xx.1977-ci il tarixdən “Azneft” X4 X10 ordusundan demobilizasiya edilmiş şəxsi, Əzizbəyov sahəsinə 3-cü dərəcəli yük avtomobilin sürücüsü kimi qəbul edilmiş, 82/k saylı xx.xx.1978-ci il tarixli əmrlə xx.xx.1978-ci il tarixdən 2-ci dərəcəli yük avtomobili sürücü kimi qəbul edilmiş, 64/k saylı xx.xx.1980-ci il tarixli əmrlə xx.xx.1980- ci il tarixdən “Azneft” Birliyinin xx.xx.1980-ci il tarixli 30 saylı əmrinə əsasən “Azneft” X5 Birliyinin İdarəsinə keçirilmiş 15/şh saylı xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1996-cı il tarixdən Azərbaycan SSR Kvotasının 36.2-ci maddəsinə əsasən ƏBM keçirildiyi üçün işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1996-cı il tarixdən “STAR” firmasının 5 saylı TMP Reno 12 markalı maşına sürücü qəbul edilmiş, xx.xx.1997ci il tarixli əmrlə xx.xx.1997-ci il tarixdən “STAR” firmasının 2 saylı TMP Reno 12 markalı maşına sürücü qəbul edilmiş, xx.xx.1998-ci il tarixli əmrlə xx.xx.1998-ci il tarixdən köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixli əmrlə xx.xx.1998-ci il tarixdən TMP-2 müəssisəsinə “STAR” Co LTD firmasından köçürmə yolu ilə sürücü qəbul edilmiş, xx.xx.1998-ci il tarixli əmrlə xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1999-cu il tarixli əmrlə xx.xx.1999-cu il tarixdən TMP-2 müəssisəsinə Reno 12 markalı maşına sürücü qəbul edilmiş, xx.xx.1999-cu il tarixli əmrlə xx.xx.1999-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2002-ci il tarixli əmrlə xx.xx.2002-ci il tarixdən Mir Mövsüm Ağa Ziyarətgahına sürücü qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2003-cü il tarixli əmrlə xx.xx.2003-cü il tarixdən “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə “C” kateqoriyalı İİİ dərəcəli sürücü qəbul edilmiş, 26 saylı xx.xx.2003-cü il tarixli əmrlə xx.xx.2003-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. - DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********0 saylı cavab mək-tubundan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinə əsasən zəruri sayılan hallarada əmək stajının yerində qarşılıqlı araşdırılması və yoxlanılması həyata keçirilir. İddiaçı 1994-2003-cü illərin əmək stajı yerində qarşılıqlı yoxlanıla bilmədiyi üçün həmin illərin sığorta stajına daxil edilməsi qanuvericiliklə mümkün deyildir. Tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minumum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən yaşa görə əmək pensiyası hüququ yoxdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi cavabdehin dəlillərini əsaslı hesab etməmişdir ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Mübahisənin mahiyyəti ilə əlaqədar isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanun-veri-ciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta-olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1994-2003-cu illərdə işləməsi əmək kitabçası ilə öz təsdiqini tapdığından, qeyd olunan müddətdə iş stajının yerində yoxlanılmasının mümkün olmaması inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Çünki, iddiaçının əmək kitabçasındakı tədqiq olunan qeydlərin iddiaçının işlədiyi cəmiyyətin səlahiyyətli şəxsi tərəfindən imzalanması və cəmiyyətin möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəlişlər olmaması və əmək kitabçasının tamlığının pozulmaması, habelə iddiaçının həmin müəssisədə işlədiyi bütün əmək fəaliyyəti dövrünün xx xxxxxx 1997-ci il tarixdə qəbul olunmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunması və həmin qanunun müəyyən etdiyi qaydaların müəssisə üçün məcburi xarakter daşıması, həm də qeyd olunan Qanuna əsasən məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsinin məhz DSMF orqanlarının üzərinə düşməsi - bütün bunlar iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 38 ildən çox olan iş stajı, məhz onun sığorta stajı kimi qiymətləndirilməlidir. İddiaçının işdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, onun 63 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşından, yəni xx.xx.2019cu ildən yaranır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə 25 ildən artıq sosial sığorta stajının olması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0 saylı imtina məktubunda iddiaçının 1994- 2003-cü illərin, apelyasiya şikayətində isə iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1996–xx.xx.1996-cı, xx.xx.1997–xx.xx.1998-ci illərdə “Star” firmasında, xx.xx.1999 – xx.xx.1999-cu illərdə “TMP-2” müəssisəsində, xx.xx.2003–xx.xx.2003-cü ilədək “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin məktubunda qeyd edilən imtinanın əsaslarını və apelyasiya şikayətində göstərilən dəlillərini qəbul etmir. Belə ki, iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1986-xx.xx.1994-cü illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin “Bakıtaksinəqliyyat” BTİB 6 nömrəli Bakıtaksiparkda İİ sinif sürücü; xx.xx.1994-xx.xx.1994cü illərdə köçürmə yolu ilə “Bakıtaksinəqliyyat” İB-nin Maştağa nəqliyyat qatarında İİ sinif sürücü işləmişdir. Cavabdehin apelyasiya şikayətində əsaslandığı müddəa Azərbaycan Respublikası Dövlət X13 Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə ləğv edilmişdir) 4.2.7-ci bəndində (2012-ci il 13 iyul tarixdə edilmiş əlavələrlə)nəzərdə tutulmuşdur. Həmin bəndə əsasən, pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun 1994-cü ildə (mübahisələndirilən dövrdə) çalışdığı iş yerləri dövlət müəssisələri olmuşdur. İddiaçının əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1996xx.xx.1996-cı illərdə “Star” firmasının 5 saylı TMP-də “Reno-12” markalı a/m sürücü vəzifəsində; xx.xx.1997-xx.xx.1998-ci illərdə “Star” firmasının 2 saylı TMP-də “Reno-12” markalı a/m sürücü vəzifəsində; xx.xx.1998-xx.xx.1998-ci illərdə “Star” firmasından köçürmə yolu TMP-2 müəssisəsində sürücü; xx.xx.1999-xx.xx.1999-cu illərdə TMP-2 müəssisəsində “Reno-12” markalı a/m sürücü; xx.xx.2002-xx.xx.2002-ci illərdə Mir- Mövsüm Ağa Ziyarətgahında sürücü; xx.xx.2003-xx.xx.2003-cü illərdə “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC “c” kateqoriyalı sürücü işləmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən AR İN yanında Milli Gəlirlər Baş X8 Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli, **********9719600 saylı; AR Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 05/3632-14 saylı məktublarını sübüt kimi qəbul etmir. Belə ki, Vergi ödəyicilərinin məlumatlarından görünür ki, “Star” firması (VÖEN **********), Mir Mövsüm Ağa Ziyarətgahı (VÖEN **********), “xxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) vergi ödəyiciləri kimi dövlət qeydiyyatına alınmışlar. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, “Əmək pensiyaları haqqında”Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlar əsasında əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının əmək kitabçasında olan məlumatları ilə müəyyən edilir ki, o, xx.xx.1971xx.xx.1972-ci illərdə (10 ay 19 gün) “Əzizbəyov-Neft” X1–Traktor kontorunda xarratkuzovçu; xx.xx.1973-xx.xx.1975-ci illərdə (02 il 06 15 gün) “Əzizbəyov-Neft” X1–Traktor kontorunda sürücü; xx.xx.1975-xx.xx.1977-ci illərdə (02 il 11 gün) hərbi xidmətdə olmuş; xx.xx.1977-xx.xx.1980-cü illərdə (02 il 03 ay 15 gün)“Azneft” X4 X2 sahəsində sürücü; xx.xx.1980-xx.xx.1984-cü illərdə (04 il 08 ay 16 gün) köçürmə yolu ilə “Azneft” X11 Birliyinin İdarəsində sürücü; xx.xx.1985-xx.xx.1985-ci (10 ay 02 gün) illərdə “Xəzərdənizneftqazsənaye” ÜİB-nin fəhlə təchizat şöbəsində sürücü; xx.xx.1986xx.xx.1994-cü illərdə (08 il 5 ay 10 gün) Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin “Bakıtaksinəqliyyat” BTİB 6 nömrəli Bakıtaksiparkda sürücü; xx.xx.1994-xx.xx.1994-cü illərdə (03 ay) köçürmə yolu ilə “Bakıtaksinəqliyyat” İB-nin Maştağa nəqliyyat qatarında sürücü; xx.xx.1996-xx.xx.1996-cı illərdə (03 ay 13 gün) “Star” firmasının 5 saylı TMP-də “Reno-12” markalı a/m sürücü vəzifəsində; xx.xx.1996-xx.xx.1996-cı illərdə (07 ay 03 gün) “Star” firmasının 2 nömrəli TMP 5 nömrəli TMP-dan köçürmə yolu ilə sürücü; xx.xx.1997xx.xx.1998-ci illərdə (11 ay 29 gün) “Star” firmasının 2 saylı TMP-də “Reno-12” markalı a/m sürücü; xx.xx.1998-xx.xx.1998-ci illərdə (04 ay 24 gün) “Star” firmasından köçürmə yolu TMP-2 müəssisəsində sürücü; xx.xx.1999-xx.xx.1999-cu illərdə (04 ay 05 gün) TMP- 2 müəssisəsində “Reno-12” markalı a/m sürücü; xx.xx.2002-xx.xx.2002-ci illərdə (01 ay) Mir-Mövsüm Ağa Ziyarətgahında sürücü; xx.xx.2003-xx.xx.2003-cü illərdə (8 ay 05 gün) “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC sürücü işləmişdir və onun cəmi 25 il 04 ay 17 gün iş stajı var. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisələndirilən dövr üzrə iş stajı iddiaçı X3 məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Həmçinin, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə ziddir və apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən artıq ümumi iş stajına malik olduğundan, onun yuxarıda göstərilən qanunvericiliyinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3054/2019 qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar