Məhkəmə qərarları › İş №2-1(103)-737/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-737/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-737/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X16, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1944-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X17, X21 və X18 19.07.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək özəlləşdirilən «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsi dövlət müəssisəsinin sosial ödəncləri üzrə aşağıdakı şəxslərə: İddiaçı 11.305 manat, X7 10.800 manat, X14 5.544 manat, X8 3.696 manat oktyabr 2012-ci ildən oktyabr 2019-cu il tarixədək 7 il müddətində yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsində fəhlə işləyərkən əmək xəsarətləri alaraq, qanunla nəzərdə tutulan qaydada müavinət almışlar. Oktyabr 2012-ci il tarixdən onlara ödənilən müavinətlərin verilməsi dayandırılmışdır. Əvvəl əsaslandırmışlar ki, idarə özəlləşməyə gedir. Onların ödəncləri veriləcəkdir. Onlar da rəhbərliyin şifahi göstərişinə inanmışlar. Nəhayət «Bakı şəhər Tikinti Tresti» 21 saylı Tikinti İdarəsi 21 iyun 2016-cı il tarixdə ləğv edilərək Azərbaycan Respublikası X6 dövlət reyestrindən çıxarılmışdır. Ondan sonra aidiyyatı bütün dövlət orqanlarına müraciət etsələr də, heç bir müvafiq orqan onlara dəqiq kimə müraciət etmək lazım olduğunu cavablandırmamışdır. Hər birinə oktyabr 2012-ci il tarixədək «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsi tərəfindən istehsalat qəzası nəticəsində aldıqları xəsarətə görə müvafiq olaraq 135, 120, 66 və 44 azn ödənc verilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbləri üzrə 2-1(112)-172/2020 nömrəli inzibati işdən iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 21.06.2016-cı il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddia tələbinin təmin olunmamış hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh 22.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. Bundan əlavə, iddiaçının ərizəsində də qeyd etdiyi kimi onun işlədiyi müəssisə «Bakı şəhər Tikinti Tresti» 21 saylı Tikinti İdarəsi hal-hazırda fəaliyyət göstərmir. Adıçəkilən qaydaların 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1944-cü il tarixdə Ağsu rayonu, Ləngəbiz kəndində doğulmuşdur. - İddiaçıya məxsus № 201321 saylı vəsiqədən görünür ki, İddiaçı 11.05.1999-cu il tarixdən 2-ci dərəcəli əlildir. - İstehsalatda bədbəxt hadisəyə dair 05.06.1979-cu il tarixli aktın surətindən görünür ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsində dülgər işləyən İddiaçı 04.06.1979-cu il tarixdə bədbəxt hadisə zamanı xəsarət almışdır. - Tibbi Həkim Komissiyasının 22.10.1993-cü il tarixli çıxarışının, 22.10.1993-cü il tarixli, 099078 №-li arayışının surətlərindən görünür ki, İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş, ona görə ona 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 21 saylı Tikinti İdarəsinin rəisi Fəqani Hüseynova ünvanlandığı 07/51-825 №li, 31.07.2014-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı 14.07.2014-cü il tarixli, 01/05 nömrəli məktubuna cavab olaraq bildirilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 9 yanvar tarixli, 3 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 1.2-ci maddəsinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş müddət üzrə onların müraciəti əsasında aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Göstərilənləri nəzərə alaraq müraciətinin müsbət həlli qeyri-mümkündür. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000275 №-li, 17.09.2001-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı tikinti idarəsi özəlləşdirilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyat İdarəsinin məktubundan görünür ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsinin (VÖEN **********) hüquqi ünvanı ünvan 4ına malik rəhbəri ünvan 5 ünvanında qeydiyyatda olan X10r. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyat İdarəsinin **********115100 №-li məktubundan görünür ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsi (Qeydiyyat nömrəsi D-778) 21.06.2016-cı il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxlərin dövlət reyestrindən çıxarılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********96 №-li, 03.03.2020-ci il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsində mövcud olan arxiv sənədlərinə əsasən araşdırılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı tikinti idarəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamenti ilə bağlanmış 10.07.2001-ci il tarixli, 2252 nömrəli alqı-satqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X19 tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 26.09.2003-cü il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən həmin Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin Qaydalar qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. 21 saylı tikinti idarəsinin özəlləşdirilməsi həmin Qaydalar qüvvəyə minənədək başa çatdığından (2001-ci ildə), qeyd edilən müəssisənin adı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş müvafiq siyahıya daxil edilməmişdir. - Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(005)- 63/2018 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı, X11 və X4 cavabdeh “Bakı şəhəri Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsinin Ləğv Etmə Komissiyasına qarşı X12, X13, X15, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanına Milli Gəlirlər Departamentinin X22 Qeydiyyat İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti üçüncü şəxslər göstərilməklə əmək xəsarətinə görə ödəniş tələbinə dair mülki iş üzrə icraata cavabdeh “Bakı şəhəri Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi ləğv edildiyindən və həmin qurum Azərbaycan Respublikası X6 dövlət reyestrindən çıxarıldığından xitam verilmişdir. Həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X33 şəxsinin iddiaçıya ünvanlandığı **********2 №-li, 15.09.2020-ci il tarixli məktubdan görünür ki, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi məqsədilə Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq, Nazirlikdə və Nazirliyin bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılmış, həmçinin vətəndaşların fərdi və qrup halında qəbulu təxirə salınmışdır. Bu baxımdan hazırda vətəndaş qəbulu ilə əlaqədar müraciətinin təmin edilməsi mümkün deyildir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.2ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, eləcə də idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli Qərarı ilə təstiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinin üçüncü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti hesabına ödənilir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra – istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verməsi iş materialları ilə müəyyən edilmir. İş materiallarından göründüyü kimi iddiaçı «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsində fəhlə işləyərkən əmək xəsarəti alaraq, qanunla nəzərdə tutulan qaydada müavinət almışdır. Oktyabr 2012-ci il tarixdən ona ödənilən müavinətin verilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin dərəcəsindən asılı olaraq aylıq ödənclərin verilməsi qanunvericiliklə cavabdeh inzibati orqanın deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. İddiaçının iddia ərizəsinə və onun izahatına əsasən qeyd edilən ödənclər «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsi tərəfindən ödənilmiş, daha sonra müəssisə özəlləşdirilmiş və iş materiallarına əsasən 21.06.2016-cı il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 26.09.2003-cü il tarixli, 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının “ 2,- ci maddəsinə əsasən bu Qaydalar: 1.1.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 1.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘'Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalari’na əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsinin özəlləşdirilməsi 2001-ci ildə başa çatmışdır. Həmçinin 2003-cü ilə kimi müəsisənin vətəndaşlara borcu olmamış və müəssisə ləğv edilənədək vətəndaşlara ödənclər ödənilmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********96 №-li, 03.03.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 21 saylı tikinti idarəsinin özəlləşdirilməsi həmin Qaydalar qüvvəyə minənədək başa çatdığından (2001-ci ildə), qeyd edilən müəssisənin adı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş müvafiq siyahıya daxil edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın oktyabr 2012-ci il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin birinci instansiya materiallarında olan 15.09.2020-ci il tarixli məhkəmə iclas protokolunda məhkəmə iclasının 14.10.2020-ci il tarixə saat 10:40-a təyin edildiyi göstərilsə də, iş materiallarına əsasən növbəti məhkəmə iclasının 15.10.2020-ci il tarixdə saat 14:00-da olduğu müəyyən edilir. İş materiallarında 14.10.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclas protokolu və təxir bildirişi mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən prosessual əsasla məhkəmə qərarı tam ləğv edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar