Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-737/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın əvvəlki dövrlər üzrə hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9929/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ildən 2015-ci il tarixə kimi olan təqaüd pullarının hesablanıb ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qeydiyyat və X1 baş inspektoru, polis mayoru, 22.04.1993-cü il tarixdən 17.12.2007-ci il tarixə həmin vəzifədə işləmiş, 2018-ci il tarixdə təqaüdə çıxmışdır. Onun 2007-ci il tarixdən pensiya hüququ yaranmasına baxmayaraq 2007-ci ildən 2015-ci il il tarixə kimi olan təqaüd pulları ona verilməmişdir. O 2007-ci ildən 2015-ci il il tarixə kimi olan təqaüd pullarının ona verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinə müraciət etmiş, lakin oradan ona əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış fərq məbləğinin 17994.96 manatın 2018-ci ilin avqust ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürüldüyü bildirilmişdir. Ona cəmi üç il üçün pul hesablanmış və qalan 2007-ci ildən 2015-ci il üçün pul ödənilməmişdir. İddiaçı cavabdehin imtinasının əsassız olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etiraz məktubunda qeyd edilmişdir ki, Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilən “məlumat vərəqi”nə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7 - ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. İddiaçının adına məlumat vərəqi 12.04.2018-ci il tarixdə İdarəyə daxil olmuşdur.Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə pensiya ödənişi ilə bağlı geriyə olan müddət 01.07.2017-ci il tarixdən sonrakı müraciətdən əvvələ ən çoxu 3 il üçün müəyyən edilmiş və qərar verilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9929/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9929/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 13.04.2018-ci il tarixli, 18/1248 saylı qərarından görünür ki, ərizəçi İddiaçı ərizəsinə baxılaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun maddələrinə müvafiq olaraq yaşa görə 01.04.2018-ci il tarixdən 495,57 manat pensiya təyin edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna 13.04.2018-ci il tarixdə ərizə ilə müraciət olunaraq ona əmək pensiyasının təyin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddiaçının iddia tələbində əvvəlki dövrün (2007) hesablanmasının qanunvericiliyin tələbinə zidd olması, Qanunun yeni norması ilə keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləğinin yalnız vətəndaşın müraciətindən əvvəlki 3 illik dövr üzrə ödənilməli olması, müraciət edilən tarixdən geriyə 3 il üzrə hesablanmış fərq məbləğinin 2018-ci ilin avqustundan etibarən hissə-hissə əmək pensiyasına əlavə edilməklə ödənildiyini bildirmiş, iddiaçının tələb etdiyi fərq məbləğinin isə 2007-2015-ci illəri əhatə etməsi əsası ilə tələbinin təmininin qeyri-mümkün olması əsası ilə imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə (2-ci abzas) əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin «Qaydalar»ın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin «Qaydaları»ın 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göründüyü kimi, hərbi qulluqçular sırasından olan şəxslərə pensiya təyin edilməsi zamanı həm ilkin pensiya təyinatı üçün, həm də təminat xərcliyində baş verən artımlarla bağlı pensiyanın yenidən hesablanması üçün iddiaçının xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq DSMF orqanına göndərilməsi tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 8 oktyabr tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdeh iddiaçının “məlumat vərəqi” göndərildiyi tarixdən ona aid olan vəzifələri yerinə yetirmiş, iddiaçıya təqdim edilmiş məlumat vərəqinə uyğun olaraq pensiya hesablamışdır. Həmçinin, iddiaçının müraciəti əsasında 2015-2018-ci illər üzrə pensiya fərq məbləği ona ödənilməsi qərara alınmışdır. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin 2007-ci ildən 2015-ci il tarixə kimi pensiyanın ödənilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9929/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-737/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-737/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver