Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-737/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının prosessual hüquq varisi X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7081/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.1994-cü ildən xx.xx.1996-ci ilədək “Samira-5 ”kiçik müəssisəsində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə təyin edilmiş əlilliyə görə əmək pensiyasını yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “xx.xx.2023-cü il tarixindən birinci dərəcəli əlil olmaqla əmək pensiyaçısıdır. Cavabdeh Filial tərəfindən ona 397,93 (üç yüz doxsan yeddi manat 93 qəpik) əmək pensiyası təyin edilmişdir. Lakin onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilədək Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda əyani təhsil almış, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək “Bakı Baş Tikinti İdarəsi”-nin KTLB-də işləmiş, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi SSRİ-nin Ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək “Bakı Baş Tikinti İdarəsi”nin KTLB-də, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək Bakı şəhəri Oktyabr (indiki Yasamal) Rayon İctimai İaşə İdarəsində, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək "xxxx" Kiçik Müəssisəsində işləmiş, xx.xx.1996-cı ildən xx.xx.2009-cu ilədək isə “İmprotex Tradinq” KM-də işləmişdir. Lakin cavabdeh onun xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək "xxxx" Kiçik Müəssisəsində işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. O, cavabdehə müraciət edərək, həmin müddətin ümumi iş stajına daxil edilməsini xahiş etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir.İmtina məktubunda qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarına görə, tələb etdiyi məsələ onların səlahiyyətindən kənardadır. "xxxx" Kiçik Müəssisəsində olan dövrün əmək kitabçamda doldurulma qaydası pozulduğu üçün (işdən azadolma əmrində məsul şəxsin imzası yoxdur, işdən çıxma qeydləri rus dilində və kiril qrafikalı əlifba ilə, əmr isə latın qrafikalı əlifba ilə yazılması) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmin müəssisədə o (əvvəldən sonadək) təqribən, faktiki olaraq 1991-ci ildən 1998-ci ilədək baş mühasib vəzifəsində işləmiş, müəssisənin cari hesabı, indiki “Kapital Bank”ın Nəsimi filialında olmuşdur. Həmin bank ünvan 1 ünvanında yerləşirdi. Müəssisə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qediyyatdan keçdikdən sonra X3 qeydiyyata alınmış və sonra bankda cari hesab açılmışdır. Bankda cari hesab açmaq üçün direktorun və baş mühasibin imza nümunələri notariat qaydada təsdiq olunub banka təhvil verilmişdir. Bütün bank sənədlərində və vergi hesabatlarında onun baş mühasib kimi imzası vardır.Həmin müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə dair, rüblük və illik maliyyə hesabatlarını Bakı şəhəri, Nərimanov Rayon Vergi Müfəttişliyinə təqdim etmişdir. Cavabdeh göstərmişdir ki, onun əmək kitabçasında işdən azadolma əmrində məsul şəxsin imzası yoxdur. Belə ki, qeyd olunan sənəd məsul şəxs tərəfindən imzalanmışdır.Sadəcə olaraq, elə qələmlə imza olunmuşdur ki, bu müddət ərzində pozulmuşdur. Bununla yanaşı,"xxxx" Kiçik Müəssisəsinin direktoru X6 olmuşdur. Cavabdehin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” qaydalarına istinad etməsi əsassızdır. Belə ki, bu qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmişdir. Lakin onun "xxxx" Kiçik Müəssisəsində işlədiyi dövr bu tarixdən əvvəlki dövrə təsadüf edir. Bu səbəbdən də cavabdehin bu qanuna istinad etməsi əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. “...İddiaçı pensiyanın yenidən hesablanması tələbi ilə müraciət etmiş və onun təqdim etdiyi sənədlərə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 22 il 4 ay 5 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 28583,84 manat pensiya kapitalı əsasında əlilliyə görə əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 397,93 manata çatdırılmışdır. İddiaçının əmək pensiyası yenidən hesablanarkən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlər mübahisələndirilmiş və onun sosial sığorta stajına daxil edilməmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. 25 dekabr 1991-ci il tarixli “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin tarixdən 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün doldurulma qaydasının pozulduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının işdən azadolma əmrində məsul şəxsin imzasının olmaması, həmçinin işdən çıxma qeydlərinin rus dilində və kiril qrafikalı əlifba ilə, əmrin isə latın qrafikalı əlifba ilə yazılması həmin qeydlərin mötəbərliyinə şübhə yaratmışdır. Qeyd olunanlardan məlum olduğu kimi, müvafiq qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7081/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1996-ci ilədək “Samira-5 ”kiçik müəssisəsində işlədiyi müddət ümumi iş stajına daxil edilməklə təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və bu hesablamaya görə ödəniş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilmiş və həmin tarixdən avtomatlaşdırılmış qaydada əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçının əmək pensiyası yenidən hesablanarkən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlər mübahisələndirilmiş və onun sosial sığorta stajına daxil edilməmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir...” İşin apellyasiya icraatı zamanı e-məhkəmə informasiya sistemi vasitəsilə əldə olunmuş məlumatlara əsasən məlum olmuşdur ki, iddiaçı vəfat etmiş, araşdırma aparıldıqda, yetkinlik yaşında X5 adında övladı aşkar olunaraq məhkəmənin hazırkı xx.xx.2025-ci il tarixə təyin olunmuş iclasına dəvət olunmuş, məhkəmə iclasında iştirak edən N.Əsgərova atasının ölüm haqqında şəhadətnaməsini, özünün doğum haqqında şəhadətnaməsinin surətini və şəxsiyyət vəiqəsini məhkəməyə təqdim edərək, xx.xx.2024cü il tarixdə vəfat etmiş atasının prosessual hüquq varisi qismində işə cəlb olunmasını məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi buna etiraz etməmiş və İPM-in 1.2-ci və MPM-in 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla, N.Əsgərova iddiaçının prosessual hüquq varisləri qismində işə cəlb olunmuşdur (Ölüm haqqında şəhadətnamə xx.xx.2024-cü il tarixdə 6 saylı Bakı Asan xidmət mərkəzi” tərəfindən, doğum haqqında şəhadətnamə xx.xx.2017-ci il tarixdə Binəqədi Qeyiyyat şöbəsi tərəfindən verilmişdir. Şəxsiyyət vəsiqəsi NoAA0466105). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçının prosessual hüquq varisi isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.1996-ci ilədək “Samira-5 ”kiçik müəssisəsində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə təyin edilmiş əlilliyə görə əmək pensiyasını yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. əhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qərarı ilə razılaşır. Belə ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Konkret halda, iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1996-ci ilədək “Samira-5 ”kiçik müəssisəsində işlədiyi müddətin cavabdeh tərəfindən pensiyası hesablanarkən nəzərə alınmadığı mübahisəsizdir. İddia ərizəsinə etirazında və apellyasiya şikayətində cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin - xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın və habelə 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndlərinə istinadən mübahisələndirilir ki, - iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-xx.xx.1996-cı illərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün doldurulma qaydasının pozulması, işdən azadolma əmrində məsul şəxsin imzasının olmaması, həmçinin, işdən çıxma qeydlərinin rus dilində və kiril qrafikalı əlifba ilə, əmrin isə latın qrafikalı əlifba ilə yazılması həmin qeydlərin mötəbərliyinə şübhə yaratmışdır. Məhkəmə kollegiyası aşağıdkılara görə hesab edir ki, qeyd olunan əsaslarla iddiaçının xx.xx.1994-xx.xx.1996-cı illərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün nəzərə alınmasından imtina olunması əsassızdır. Birincisi, xx.xx.1994-xx.xx.1996-cı illərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrdə Nazirlər Kabinetinin - xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı hələ mövcud olmamışdır. İkincisi, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Azərbaycan Respublikasının Qanunu 1992-ci ildə qəbul olunsa da, həmin əlifbaya keçid 2001-ci ildə başa çatdırılmış və 2001-ci il avqustun 9-da Azərbaycan Respubliası Prezidentinin imzaladığı fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir. Məhkəmə praktiksında da məhz, 1992-2001-ci illərin əmək kitabçalarının qeydlərində həm “Kiril” əlifbası, həm də latın qrafikalı qeydlərə və möhürlərə rast gəlinir. Üçüncüsü, əmək kitabçasının sözügedən qeydləri qüsursuzdur. Belə ki, qeydlərin sıra nömərisi, işə daxil olma tarixi, işəgötürən və işçinin vəztifəsi barədə məlumatlar, işdən azad olunma əmrinin nömrəsi və tarixi səlist yazılmış, qaralamalar mövcud deyil, qeydlər müəssisə direktoru inisialları qarşısında soyadı imza formasında və müəssisənin dairəvi möhürü vurulmaqla təsdiqləmişdir. Həmin vərəqin tamlığı pozulmamışdır. Göründüyü kimi, iddiaçının əmək kitabçasının iddiaçının xx.xx.1994-xx.xx.1996-cı illərdə "xxxx" kiçik müəssisəsində mühasib kimi işlədiyi dövrü şübhə altına ala biləcək halların mövcudluğu müəyyən olunmur. Həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci abzası nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də iddiaçının xx.xx.1994-xx.xx.1996-cı illərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən həmin dövr nəzərə alınmaqla onun əmək pensiysının yenidən hesablanmasından imtina olunması qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işdə olan sübutların isə qiymətləndirilməsində səhvə yol verdiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etdiyini mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati 2-1(112)-7081/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı və həmin qərar, iddiaçının öldüyü və övladı X1 prosessual hüquq varisi qismində işə cəlb olunması nəzərə alınmaqla, iddiaçının öldüyü xx.xx.2024-cü il tarixədək əmək pensiyasının yenidən hesablanıb prosessual hüquq varisi X2 ödənilməklə, icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7081/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Həmin qərar, İddiaçı əmək pensiyasının öldüyü xx.xx.2024-cü il tarixədək yenidən hesablanmış məbləği onun prosessual hüquq varisi X2 ödənilməklə, icra olunsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.