Məhkəmə qərarları › İş №2-1(103)-738/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-738/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-738/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə sosial ödənişlərin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5506/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, özəlləşdirilən Bakı şəhər Tikinti Trestinin 21 saylı Tikinti İdarəsi dövlət müəssisəsinin sosial ödəncləri üzrə oktyabr 2012-ci ildən oktyabr 2019-cu il tarixədək 7 il müddətində yaranmış 5.544 manat borcun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 21.06.2016-cı il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərarın əsaslarına görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həmin Məcəllənin 1126.2-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Mülki qanunvericilikdə hüquqi şəxsin ləğvi zamanı vurulmuş zərərin ödənilməsi üçün ödənişlərin qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun şəkildə kapitallaşdırılmalı olduğu qeyd olunmuşdur. Lakin bu qaydalar hazırda mövcud deyildir. Hətta mövcud olsa belə, “Bakışəhərtikinti” trestinin 21 saylı Tikinti İdarəsi hüquqi şəxs kimi ləğv olunan zaman həmin hüquqi prosedur qaydalarına riayət edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 2.1.1-ci bəndinə əsasən əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya və əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3-cü bəndinə əsasən isə tibbi-sosial ekspertizanın, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyasının və sosial müdafiəsinin təşkil edilməsi üzrə müvafiq tədbirləri həyata keçirmək Nazirliyin fəaliyyət istiqamətlərinə aiddir. Həmin Əsasnamənin 3.1.28-4-cü bəndinə əsasən əmək pensiyalarının, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində göstərilən tədbirlərin və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin vaxtında maliyyələşdirilməsini təmin etmək Nazirliyin vəzifələrindən biridir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi 21.06.2016-cı il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxlərin dövlət reyestrindən çıxarıldığından, eyni zamanda ləğv zamanı ödənclərin gələcəkdə ödənilməsi kapitallaşdırılmadığından, hazırda bu sahədə dövlət siyasətini həyata keçirən və əhalinin bu statusda olan qisminin sosial müdafiəsini təşkil edən mərkəzi icra hakimiyyəti olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21.06.2016-cı il tarixdən etibarən həmin ödəncləri iddiaçıya ödəməli idi. İddiaçının işlədiyi və istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş müəssisə 2001-ci ildə özəlləşdirildiyindən iddiaçı barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilməməsi, həmçinin müəssisənin ləğvi zamanı prosedur qaydalara riayət edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və onun Konstitusiya ilə müdafiə olunan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 1.İstehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Göründüyü kimi, həmin ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. Bundan əlavə, iddiaçının ərizəsində də qeyd etdiyi kimi onun işlədiyi müəssisə halhazırda fəaliyyət göstərmir. Adıçəkilən Qaydaların 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Belə ki, Mülki Məcəllənin kreditorların tələblərinin ödənilməsinin növbəliliyindən bəhs edən 62-ci maddəsin 1-ci bəndinə əsasən hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir: ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd edilən hüquqi əsaslardan da aydın olur ki, müəssisə ləğv edildiyi halda iddiaçının qanunvericilikdə müəyyən edilmiş müddət daxilində ikinci növbəli kreditor kimi həyata və sağlamlığa dəyən zərərin ödənilməsini tələb etmək hüququ mövcud olmuşdur.

2. İşçinin aylıq müavinəti almaq hüququ mövcud deyil. Azərbaycan Respublikasının Prezidentinin 26.09.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının “ 2- ci maddəsinə əsasən bu Qaydalar: "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və « "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət ProqramTna əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc üzrə borclarının tənzimlənməsi Qaydalan"na əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması”nın 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsi ("DOST”mərkəzi”) ilə zərərçəkən arasında özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və ya idarə etməyə verilmiş müəssisənin istehsalat qəzası və ya peşə xəstəliyi ilə əlaqədar zərərçəkənə 2003-cü il oktyabrın 1-dən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilir. Aşağıda qeyd edilənlər yazılı etirazda qeyd edilsə də, buna münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması”nın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Şöbələr bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Müqavilə formasında qeyd edilən müddəaya əsasən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilir. Qaydaların adından da aydın olur ki, aylıq müavinəti almaq üçün əsas şərt şəxsin işlədiyi müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirilməsi başa çatmamış olmasıdır. Lakin müəssisənin özəlləşdirilməsi 2001-ci ildə başa çatmışdır. Həmçinin, 2003-cü ilə kimi müəssisənin vətəndaşlara borcu olmamış və müəssisə ləğv edilənədək vətəndaşlara ödənclər ödənilmişdir. Eləcə də müəssisənin borcu olmadığı üçün 2008-ci ildə vətəndaşla Fond arasında müqavilə bağlanmamışdır. Nazirlik tərəfindən apardığı araşdırmalar nəticəsində iddiaçının işlədiyi müəssisənin həmin siyahılarda olmadığı aşkar edilmiş və bu fakt vətəndaşa verilən imtina məktubunda da öz əksini tapmışdır.

İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. Belə ki, iddiaçının Bakı şəhər Tikinti Trestinin 21 saylı Tikinti İdarəsində fəhlə işləyən zaman 30.08.1988-ci il tarixdə bədbəxt hadisə zamanı xəsarət alması, 21 saylı Tikinti İdarəsinin 17.09.2001-ci il tarixli şəhadətnaməyə əsasən özəlləşdirilməsi, işlədiyi müəssisə tərəfindən 2012-ci ilin oktyabr ayına kimi ona aylıq ödənclərin ödənilməsi, 21 saylı tikinti idarəsinin 21.06.2016-cı il tarixdə ləğv edilərək, kommersiya hüquqi şəxlərin dövlət reyestrindən çıxarılması, iddiaçının inzibati orqana müracət edərək, ödənclərin ödənilməsini xahiş etməsi və sonuncunun müəssisənin 2001ci il tarixdə özəlləşdirilməsi ilə bağlı ödənişin müəssisə tərəfindən həyat keçirilməli olmasını əsas gətirərək iddiaçının xahişini təmin etməməsi işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Prezidentinin 26.09.2003-cü il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın: 1.1. Bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin (bundan sonra dövlət müəssisələri) sosial ödənişləri üzrə ödənilməmiş borclarının (bundan sonra borclar) ödənilməsi prosesini tənzimləyir; 2.1. Bu Qaydalar: 2.1.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın: 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur; 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın:

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir;

7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar;

8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir. İddianın maddi hüquqi əsasını təşkil edən qanunvericiliyin istinad olunan müddəalarının təhlili göstərir ki, hazırkı iddia ilə tələb olunan sosial ödənişlər özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin yaranmış borcları, idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borcları ilə bağlıdır və ən tezi 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək olan dövr üçün verilir. Bu da o deməkdir ki, sözügedən aylıq ödənc üzrə borcların əvəzinə aylıq müavinət müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir. Başqa sözlə, müəssisənin özəlləşdirilməsi başa çatmışdırsa, özəlləşdirmə tarixindən sonrakı aylıq ödənclərin ödənilməsi vəzifəsi həmin müəssisənin üzərinə düşür və qeyd olunan vaxtdan dövlət artıq həmin borclara görə məsuliyyət daşımır. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mülki Məcəllənin normalarını yanlış tətbiq və təfsir edib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə ilə həmin Nazirliyin ümumi vəzifələrini əks etdirən normalara əsaslanaraq, publik hüququn dəqiq tənzimlədiyi bir hüquqi məsələ barədə gəldiyi nəticə ilə razılaşmır və eyni əsaslarla apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia əsassız olduğu üçün rədd olunmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-5506/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən Bakı şəhər Tikinti Trestinin 21 saylı Tikinti İdarəsi dövlət müəssisəsinin sosial ödəncləri üzrə oktyabr 2012-ci ildən oktyabr 2019-cu il tarixədək 7 il müddətində yaranmış 5.544 manat borcun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar