Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-738/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin onun adına qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8646/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən 364,7 kv.m torpaq sahəsi və onun üzərində inşa olunan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...O, İstifadəsində və sahibliyində olan ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin (tikilinin) vahid daşınmaz əmlak obyekti kimi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə çoxsaylı müraciət etmiş, lakin sonuncu ona ünvaladığı xx.xx.2014, xx.xx.2018, 08.2021 və xx.xx.2022-ci il tarixli cavab məktublarında onun müraciətinin təmin olunmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq olunmuş əsasnaməyə uyğun olaraq vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Suraxanı rayon məhkəməsində onun Bakı şəhəri Serebrovski qəsəbəsi (Qaraçuxur qəsəbəsi), Trubnaya baza küçəsi (E.Bəkirli küç.) ev 47a ünvanında yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə (tikiliyə) sahiblik və yaşamaq hüququnun tanınması faktının tanınması barədə iddia tələbnmə baxılaraq məhkəmənin 25 mart 1991-ci il tarixli2-250 nömrəli qərarı ilə xahişi təmin edilərək tikiliyə sahib olma faktı təsdiq edilməklə, 364,7 kv.m sahəli torpaq sahəsində yerləşən Serebrovski qəsəbəsi (Qaraçuxur qəsəbəsi), Trubnaya baza küçəsi (E. Bəkiri küçəsi) ev 47a saylı evin onun şəxsi mülkiyyətndə olması müəyyən edilməklə həmin evdə yaşama hüququ tanınmışdır. Ev ona texniki pasport verilməklə 1983-cü ilin oktyabr ayından Bakı Şəhəri İcraiyyə komitəsinin Texniki inventarlaşdırma bürosu tərəfindən texniki inventarlışdırmadan keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reystri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndinə görə, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həmin əmlaklar üzərində hüquqların qeydə alınması üçün əsasdır. (Bakı şəhər sovetinin icraiyyə komitəsinin texniki inventarlaşma bürosunun “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” pasportun surəti əlavə edilir)...” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Fərdi yaşayış evinə və torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, həmçinin, ərizəyə əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin qərarı ilə İdarənin üzərinə öhdəlik qoyulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasportda göstərilən yaşayış evi genişləndirilmiş, 2-ci mərtəbə inşa edilmişdir. Fərdi yaşayış evinin texniki pasporta əsasən ümumi sahəsi 80.5 kv.m olsa da, faktiki olaraq yaşayış sahəsi 181.8 kv.m, ümumi sahəsi isə 253.4 kv.m təşkil edir. Elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının: 1.11 -ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001 -ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport {həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8646/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən ev 47a ünvanında yerləşən 364,7 kv.m torpaq sahəsi və onun üzərində inşa olunan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatını mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8- ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim olunan Suraxanı Xalq Məhkəməsinin qərarı ilə İdarənin üzərinə öhdəlik qoyulmamışdır. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasportda göstərilən yaşayış evi genişləndirilmiş, 2-ci mərtəbə inşa edilmişdir. Fərdi yaşayış evinin texniki pasportuna əsasən ümumi sahəsi 80.5 kv.m olsa da, faktiki olaraq yaşayış sahəsi 181.8 kv.m, ümumi sahəsi isə 253.4 kv.m təşkil edir. Elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, İddiaçı və nümayəndəsi Nümayəndə isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, ddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ona məxsus ünvan 1 ünvanında yerləşən 364,7 kv.m torpaq sahəsi və onun üzərində inşa olunan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınıb reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələb etmiş və o, bu tələbini işə əlavə etdiyi aşağıdakı sübutlarla əsaslanıdırmışdır:
1. Suraxanı Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli, 2-250 nömrəli Qətnaməsi;
2. Fərdi yaşayış evinin “inventarizasiya və qiymətləndirilməsinə dair” texniki pasportu.
2. Evin xx.xx.2022-ci il tarixində tərtib edilmiş memarlıq və planlaşdırma bölməsi. X5 Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən olunur ki, X1 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan ünvanda yerləşən 1983-cü ildə inşa edilmiş özbaşına tikiliyə sahib olma və yaşaması faktının müəyyən edilməsi barədə əriəzə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin həmin qətnaməsi ilə onun ərizəsi təmin olunaraq, tikiliyə sahib olma faktı müəyyən edilmiş və 364,7 kv.m torpaq sahəsində yerləşən Serebrovskiy qəsəbəsində “Trubnaya baza” küçəsi, 47 a saylı, ümumi sahəsi 89,4 kv m olan evin onun şəxsi mülkiyyət hüququnda olması haqqında sahiblik faktı müəyyən edilərək yaşama hüququ tanınmışdır. Qısaca ifadə formasında desək, həmin qətnamə ilə onun yalnız, mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 89,4 kv m olan özbaşına tikilidə yaşaması faktı müəyyən olunmuşdur ki, həmin tikilinin yerləşdiyi 364,7 kv.m torpaq sahəsinə dair isə qətnamədə hər hansı hüquqmüəyyyənedici sənədəin mövcudluğuna istinad olunmur. Həmin tikiliyə dair işə əlavə olunmuş texniki invedarlaşma və qiymətləndirmə Pasportunda da torpaq ayrılması ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd barədə məlumat mövcud deyildir. Evin ümumi sahəsinin isə 80,50 kv m olduğu təsbit olunur. Cavabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlillərinə əsasən isə müəyyən olunur ki, iddiaçının hazırda qeydiyyata alınmasını tələb etdiyi ev yenidən qurulmuş və ümumi sahəsi 253.4 kv.m təşkil edir. Həmin evin işə əlavə olunmuş xx.xx.2022-ci il tarixində tərtib layihəsindən də görünür ki, evin yenidən planlaşdırma nəticəsində ümumi sahəsi 3 qatına genişləndirilmiş, lakin layihə Şəhrsalam və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq yerli icra hakmiyyəti orqanı tərəfindən təsdiq olunmamışdır. Beləliklə də məhkəmə kollegiyası tədqiq olunan sübutlarla əlaqədar qeyd edir ki, torpaqların mülkiyyətə verilməsi, ümumiyyətlə, faktın müəyyən olunması barədə məhkəmə qətnaməsi ilə hayata keçirilə bilməz. Qanunvericiliyin tələblərinə görə bu səlahiyyət dövlət orqanları və bələdiyyə qərarları (sərəncamları) və həmin qürumlarla bağlanmış müqavilələr əsasında həyata keçirilir. Konkret halda isə iddiaçının belə bir torpaqayırma sənədi yoxdur. Qeyd olunanlardan göründyü kimi, həmin torpaq sahəsi üzəində inşa edilən fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi də qanunvericiliyə uyğun olaraq təsdiq olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün aşağıdakı əsasları müəyyən olunmuşdur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar...; https://e-qanun.az/framework/54568.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. “8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə...” Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsi isə tələb edir ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər sözügedən Qanunun 8-ci maddəsinin müddalarında sadalanan sənədlərdən hər hansı birinə uyğun gəlmir. Başqa sözlə, mübahisəli əmlaka dair hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə cavab verə bilən sənədlər mövcud deyildir. Qanunun qeyd olunan 8.0.8-ci maddəsində nəzərədə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərə gəldikdə isə, sözügedən maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeydiyyata əsas verən sənədlər sırasına aşağıdakılar aid edilmişdir: “ 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; https://e-qanun.az/framework/29097 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; https://e-qanun.az/framework/29097 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; https://eqanun.az/framework/29097 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı,sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.” İddiaçının istinad etdiyi, həmin Siyahının 1.11-ci bəndində nəzərdə tutulan qeydiyyat üçün əsas olan pasport - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlardır. Onun məhkəməyə təqdim etdiyi pasport isə Bakı şəhər Sovetinin İraiyyə Komitəsinin texniki inventarizasiya bürosu tərəfindən tərtib edilmiş pasportldur. İddiaçının təqdim etdiyi həmin pasport həm də Siyahının 2.4-cü bəndi isə nəzərdə tutur ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) kimi də qiymətləndirilə bilməz. Çünki, iddiaçının faktiki istifadə etdiyi həmin torpaq saəhəsi üzərində onun mülkiyyət hüququ qeyd alınmış yaşayış evi mövcud deyildir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun qeyd alınmasını zəruri edən faktiki şərtlərin və qanuni əsaslar mövcudluğu sübuta yetirilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, iddiaçıya mübahisəli əmlakda yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınıb ona vahid çıxarışın verilməsindən imtina olunması, əslində, cavabdehin qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işdə olan sübutlara qanununvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş və məhkəmənin iddianın təmin olunması barədə gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarına uyğun olmamışdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8646/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8646/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.