Məhkəmə qərarları › İş №2-1(103)-738/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-738/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-738/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2448/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Təhsildə X2rşı Moskva Dövlət Sosial Universitetinin sosial pedoqoq müəllim psixoloq ixtisasını bitirərək əldə etdiyi ИВС ******* saylı diplomun tanınması və ekvivalentliyi (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 may 2002-ci itlarixdə Dövlət Atestasiya Komissiyasının qərarı ilə Moskva Dövlət Sosial Universitetinin sosial pedaqoq müəllim psixoloq ixtisasını bitirərək ИВС ******* saylı diplom almışdır. Diplomu 10 iyun 2002-ci ildə almışdır. 30 avqust 2021-ci il tarixində cavabdeh TKTA NA 00002499 saylı qərarla onun xarici dövlətlərin ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin (nostrikifasiyasının) müəyyən edilməsi barədə qərar vermişdir. Qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərinə istinad edərək diplomu tanımaqdan imtina etmişdir. Hesab edir ki, yuxarıda qəbul edilmiş qayda 13 may 2003-cü ildə qəbul edildiyi halda, o, universitetə 1998-ci ildə daxil olmuş, 2002-ci ilin iyun ayında isə bitirmişdir. Qanunvericiliyin tələblərinə əsasən isə hüquqi aktların şəxsin vəziyyətini ağırlaşdırdığı halda geriyə qüvvəsi yoxdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman elektron ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də, həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə isə sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı’nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2448/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Moskva Dövlət Sosial Universiteti tərəfindən İddiaçı verilmiş ИВС № ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)- 1128/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2346/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2- 1(103)-1128/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - notarial qaydada təsdiq edilmiş Rusiya Federasiyası Moskva şəhəri Moskva Dövlət Sosial Universiteti tərəfindən verilmiş, apostil edilmiş ИВС № ******* nömrəli, 13 qeydiyyat nömrəli, xx.xx.2002-ci il tarixdə verilmiş diplomun surətindən görünür ki, İddiaçı Dövlət attestasiya komissiyasının xx.xx.2002-ci il tarixli qərarına əsasən “Sosial pedaqoq müəllim-psixoloq” ixtisası üzrə bakalavr diplomu verilmişdir. - apostil edilmiş notarial qaydada tərcümə təsdiq olunmuş diploma əlavənin surətindən görünür ki, İddiaçı diploma əlavədə göstərilən tədris yükünü yerinə yetirmişdir. - cavadehin xx.xx.2021-ci il tarixli, NA00002499 “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyin (nostirifikasiyasının) müəyyən edilməsi barədə” qərarın surətindən görünür ki, ərizəçinin ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdur. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Kovnensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssəsi – ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 16.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verillmiş və akkreditasiya olunmuş təhsil müəssəsinin fəaliyyətinə hüquqi təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6- cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununa uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanlara əsasən qərara alınmışdır ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. - iddiaçının müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, İ-5825 nömrəli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı həqiqətən də, Moskva dövlət sosial universitetinin (MDSU- nun Bakı şəhərində BSTM) “Sosial pedaqogika” - 050711.65 ixtisası üzrə tələbəsi olmuşdur. İddiaçı “Sosial pedaqogika” ixtisası üzrə “Sosial pedaqoq. Pedaqoq - psixoloq” ixtisas dərəcəsi və xx.xx.2002-ci il tarixli, 13 qeydiyyat nömrəli HBC ******* saylı diplom verilmişdir. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında ali təhsil sahəsində həmrəylik haqqında dövlətlərarası sazişə, Moskva dövlət sosial universiteti (bundan sonra - “MDSU”) və “Texnoloq” elmi-istehsalat firması (bundan sonra - “Firma”) arasında 12 iyul 1996-cı il tarixli birgə fəaliyyət haqqında müqaviləyə müvafiq olaraq, MDSU-nun 29 iyul 1996-cı il tarixli, 298 saylı əmri əsasında Azərbaycan Respublikası, Bakı şəhərində Firmanın bazasında MDSU-nun Beynəlxalq sosial təhsil mərkəzi (UBM) açılmışdır. 2002-ci ildə MDSU-nun Beynəlxalq sosial təhsil mərkəzi (UBM) MDSU-nun Bakı şəhərində nümayəndəliyi adlandırılmışdır. 2005-ci ildə MDSU-nun nümayəndəliyi Rusiya dövlət sosial universitetinin (bundan sonra - “RDSU”) nümayəndəliyi adlandırılmışdır. RF Əmək və sosial inkişaf nazirliyinin 13 mart 2003-cü il tarixli 50 saylı əmri ilə MDSU “Rusiya Federasiyası Əmək və sosial inkişaf nazirliyinin Moskva dövlət sosial universiteti” ali professional təhsil dövlət təhsil müəssisəsi adlandırılmışdır. RF Hökumətinin xx.xx.2005-ci il tarixli 64-p saylı sərəncamı ilə “Rusiya Federasiyası Əmək və sosial inkişaf nazirliyinin Moskva dövlət sosial universiteti” APT DTM Federal təhsil agentliyinin (Rosobrazovaniye) idarəçiliyinə verilmişdir. Federal təhsil agentliyinin (Rosobrazovaniye) 21 iyul 2005-ci il tarixli 711 saylı əmri ilə “Rusiya Federasiyası Əmək və sosial inkişaf nazirliyinin Moskva dövlət sosial universiteti” APT DTM “Rusiya dövlət sosial universiteti” (RDSU) APT DTM adlandırılmışdır. Rusiya Federasiyası Təhsil və elm nazirliyinin 23 may 2011-ci il tarixli 1701 saylı əmri ilə “Rusiya dövlət sosial universiteti” APT DTM “Rusiya dövlət sosial universiteti” APT FDBTM adlandırılmışdır. Rusiya Federasiyası Təhsil və elm nazirliyinin 29 oktyabr 2015-ci il tarixli 1255 saylı əmri ilə “Rusiya dövlət sosial universiteti” APT FDBTM “Rusiya dövlət sosial universiteti” AT FDBTM adlandırılmışdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə hesab etmişdir ki, “iddiaçının təhsil aldığı Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, eləcə də, Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx.xx.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nda da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması nostrifikasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Hətta lisenziya tələb olunsa idi, belə, bu xarici təhsil müəssisəsinin filialı üçün tələb oluna bilərdi.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.-cı maddəsinə əsasən Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 27.1-ci maddəsinə əsasən Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4-cü maddəsinə əsasən Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21-ci maddəsinə əsasən Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” Bənd 1.1 Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Bənd 1.5 “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; Bənd 1.6 “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; Bənd 3.2 Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); Bənd 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, eləcə də, Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx.xx.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nda da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması nostrifikasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, ş materiallarına əlavə olunmuş hazırki mübahisənin predmeti olan Universitetin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(102)-882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “işin halları araşdırılarkən müəyyən edilmişdir ki, Universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xx-xx- 1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, işdə olan Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-05- 333/TKTA və 00-05-334/ TKTA nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikası ərazisində fəaliyyətinə icazə verilmiş ali təhsil müəssisələrinin siyahısında “Bilik” Elm- Sosial Mərkəzi yer almamışdır. Həmçinin, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) Bakıda yerləşən hüquqi əsası olmayan filialının fəaliyyətinin dayandırılması ilə əlaqədar bu filialın bazasında qiyabi təhsil alan tələbələrin səyyar sessiyalarının “Bilik” Elm-Sosial Mərkəzi nəzdində təşkil edilməsi barədə hər hansı məlumat və sənəd aşkarlanmamışdır.” Sözügedən qərarda həmçinin əlavə olaraq göstərilmişdir ki, “Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2448/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2448/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar