Məhkəmə qərarları › İş №2-1(103)-739/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-739/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-739/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1957-ci il tarixdə Moskva şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4314/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda işləyən hərbi məhkəmə sədrlərinin hər il məzuniyyətə çıxarkən aldıqları 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən, yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavə edilməsi, fərqlə əlaqədar hal-hazıra kimi ödənilməmiş məbləğlərin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin dekabr ayından 2000-ci ilin dekabr ayınadək Gəncə Hərbi Məhkəməsinin sədri olmuşdur. 2001-ci ildən ona pensiya təyin olunmuşdur. Lakin ona pensiya təyin olunan zaman qanunvericiliklə nəzərdə tutulmuş bəzi əlavələr nəzərə alınmamışdır. Bununla bağlı olaraq cavabdehə rəsmi şəkildə müraciət edilsə də, onun müraciəti təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4314/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı hazırda işləyən hərbi məhkəmə sədrlərinin hər il məzuniyyətə çıxarkən aldıqları 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla xx.xx.2006-cı ildən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavə edilməsi, fərqlə əlaqədar hal-hazıra kimi ödənilməmiş məbləğlərin ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı iddia tələbinin rədd edilmiş hissəsindən apellyasiya şikayəti verməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4314/2019 nömrəli qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin dekabr ayından 2000-ci ilin dekabr ayınadək Gəncə Hərbi Məhkəməsinin sədri vəzifəsində işləmişdir. İddiaçı xx xxxxxx 2000-ci il tarixdə tərxis edilmişdir. Həmin tarixə iddiaçının ümumilikdə 37 il 01 ay 28 gün iş stajı olmuşdur. İddiaçıya Müdafiə Nazirliyinin xətti ilə, xidmət illərinə görə, xx xxxxxx 2000-ci ildən (həmin tarixdə iddiaçının 43 yaşı vardı) təminat xərcliyinin 100 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəməyə görə iddiaçı MHQ-nin 107 və 109-cu maddələrində nəzərdə tutulmuş məbləğləri almasa da, həmin müddəalar onun hüquqi vəziyyətini yaxşılaşdırdığından iddiaçıya da şamil edilməlidir. Ancaq sözügedən əlavələr ƏPQ-nin qüvvəyə mindiyi tarixdən sonra hesablanmalıdır. İddiaçıya yaşa görə əmək pensiyası “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 12-ci maddəsinə (hazırda bənzər məzmunlu ƏPQ-nin 20.14.1-ci maddəsi vardır) əsasən təyin edilib. Ona görə ki, 2000-ci ildə iddiaçıya hakim kimi pensiya təyin edilməsi obyektiv olaraq (əmək pensiyası yaşına çatmadığına görə) mümkün deyildi. Həmin norma (o cümlədən, ƏPQ-nin 20.14.1-ci maddəsi), hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçularla bağlı tənzimləməni ehtiva edir. Hakimlərə pensiya təyin edilməsi ilə bağlı müddəalar ƏPQ-nin 20.1.4-cü maddəsində öz əksini tapıb. Göründüyü kimi məhkəmə iddiaçıya pensiya təyin edilmə əsasını düzgün müəyyənləşdirə bilməyib. Halbuki pensiya işindən bu hal görünür. Deməli, ƏPQ-nin 20.7ci maddəsi ümumiyyətlə iddiaçıya şamil edilə bilməzdi. Çünki həmin maddənin mətnində ƏPQ-nin “20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərə şamil edildiyi açıq şəkildə göstərilib. İddiaçı 20.1.4-cü maddənin təsiri altına düşmür. Çünki 20.1.4-cü maddədə nəzərdə tutulmuş şəxslər dedikdə, “əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər” nəzərdə tutulur. İddiaçıya pensiya ƏPQ-nin 20.1.4-cü maddəsinə əsasən təyin edilib. Bu halda belə, tələb təmin edilə bilməzdi. İddiaçıya görə, ƏPQ-nin 20.7 və 29.3-cü maddələri ona belə bir hüquqla çıxış etmək imkanı tanıyır. Halbuki 20.7-ci maddə sabiq hakimlərin əmək pensiyasına əlavələrin hesablanması zamanı əmək haqqındakı sonrakı artımların diqqətə alınmalı olmasını təsbit edir. Hesab edirik ki, MHQ-nin 107 və 109-cu maddələrində nəzərdə tutulmuş müavinət və pul təminatı əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilə bilməz. İnzibati iş ilkin olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimi K.Abiyevanın icraatına daxil olmuş, hakim K.Abiyevanın AR Ali Məhkəməsinin hakimi təyin olunduqdan sonra inzibati iş hakim E.Nağıyevanın icraatına verilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tərəflər sonuncu məhkəmə kollegiyası iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1957-ci ildə X4 şəhərində doğulmuşdur (AZE seriyalı 0******* №-li Şəxsiyyət Vəsiqəsi). İddiaçı 1974-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilə qədər Gəncə qarnizonu Hərbi Tribunalının sədri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2000-ci ildən əmək pensiyası təyin olunmuşdur. Sonradan müxtəlif vaxtlarda iddiaçıya təyin olunmuş əmək pensiyası yenidən hesablanmışdır (məhkəmə qərarları). İddiaçı tərəfindən bununla bağlı olaraq cavabdehə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət olunmuş, lakin həmin müraciətə imtina cavab verilmişdir (xx.xx.2019-cu il tarixli **********6 №-li məktub). Birinci instansiya məhkəməsi «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 107-ci və 109-cu maddələrinə əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırda işləyən hərbi məhkəmə sədrlərinin hər il məzuniyyətə çıxarkən aldıqları 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən,yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavə edilməsi, fərqlə əlaqədar halhazıra kimi ödənilməmiş məbləğlərin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq tam araşdırmamış, bununla da qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş və sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə qərarının tam ləğv edilməsini xahiş etmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4314/2019 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4314/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialına qarşı hazırda işləyən hərbi məhkəmə sədrlərinin hər il məzuniyyətə çıxarkən aldıqları 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən, yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavə edilməsi, fərqlə əlaqədar hal-hazıra kimi ödənilməmiş məbləğlərin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar