Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-739/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Həmidov Həmid Üzeyir oğlu ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-1665/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-1665/2020 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ona ünvanlı sosial yardımın təyin edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim N.Abıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ailəsi üçün dövlət tərəfindən verilən ünvanlı dövlət sosial yardımın təyin edilməsi və ayrılması barədə inzibati akt qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri General Şıxlinski küçəsi 36-cı evin 74-cü mənzilində yaşayır. Həmin mənzilin mülkiyyətçisi qardaşı X11r. Mənzil onun mülkiyyətinə 18.01.2009-cu ildə vəfat elmiş anası T.Abbasovadan keçmişdir. Anası 18 yanvar 2009-cu ildə vəfat etmişdir. İşıq, qaz, su istifadəçisi olaraq abonent kimi müvafiq qurumlarda onun adı hələ də qalmaqdadır. “xxxx”ASC-də hal-hazırki mülkiyyətçi Ə.Abbasovun adına, “xxxx” ASC-də və “xxxx” ASC-də abonent kimi mənzilin keçmiş mülkiyyətçisi Tamara Abbasova qalmışdır. Kommunal xərclərini Ə.Abbasovun və T.Abbasovanın adından özləri ödəyirlər. Yuxarıda qeyd olunan mənzilin qeydiyyatında 10 nəfərin yaşayış yeri üzrə qeydiyyatı olmasına baxmayaraq, o ünvanda yalnız o, himayəsində olan faktiki nigahdan doğulmuş qızı X7 (9-cu sinif şagirdi) və İ-qrup əlil bacısı X12 ilə birgə yaşayırlar. Himayəsində olan qızı X2 atası olan X10 atalıq hüququndan məhrum olunması ilə yanaşı uşağın saxlanılmasından, uşağın doğulduğu ilk dövrlərindən imtina etmiş, onda olan məlumata görə uzun müddətdir ki, Rusiya Federasiyasına köçmüş və yenidən ailə qurub orada yaşayır. Onunla eləcə də azyaşlı qızı ilə hər hansı, istər canlı istər rabitə vasitəsi ilə ünsiyyəti yoxdur. Sonuncunun yaşayış yerinin məlum olmaması səbəbindən məhkəmə qaydasında uşağı üçün aliment tələb edə bilmir. İİ-qrup anadangəlmə əlil olduğuna görə pensiya alır, bu da öhdəsində olan azyaşlı uşağımın saxlanılmasına kifayət etmədiyindən, Dövlət tərəfindən verilən ünvanlı sosial yardıma böyük ehtiyacı var. 11 iyul 2019-cu il tarixində cavabdehə ünvanlı sosial yardımın verilməsi üçün elektron müraciət etmişdir. Cavabdeh tərəfindən qeyd edilən müavinatın verilməsindən aşağıda göstərilən səbəblərə görə o cümlədən AR ƏƏSMN DSMF-nin informasiya sistemində əmək pensiyaçısı olmağı barədə məlumatın qeyd edilməməsi, cavabdehin informasiya sistemində mənim sosial müavinat alan şəxs olmağım barədə məlumatın öz təsdiqini tapmaması, İİ-ci qrup əlil olmağım barədə cavabdehin informasiya sistemində məlumatın təsdiq edilməməsi səbəbindən imtina edilmişdir. Cavabdehin istinad elədiyi əmək pensiyaçısı olması barədə məlumat onun informasiya sistemində ola bilməz, çünki əmək pensiyaçısı deyil və cavabdehə bu haqda məlumat verməmişdir. Digər halda əvəllər cavabdeh tərəfindən ona aylıq müavinət verilməmişdir. Onun İİ-qrup əlil olması barədə cavabdeh tərəfindən verilmiş arayışı digər sənədlərlə birlikdə məhkəməyə təqdim etmişdir. Onun aylıq aldığı pensiyadan başqa aylıq gəliri olmadığından hesab edir ki, aztəminatlı ailə kimi ünvanlı sosial yardımın təyin edilməsi və verilməsi vəzifəsi məhkəmə qərarı ilə cavabdehə həvalə edilməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin- ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qeyd edilən Qanuna əsasən ünvanlı sosial yardım almaq hüququ olan ailə hesab edilir. Sonradan iddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ailəsi üçün dövlət tərəfindən verilən ünvanlı dövlət sosial yardımın təyin edilməsi və ayrılması barədə inzibati akt qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmuşdur. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 izahatında göstərmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün müraciət zamanı özü və digər ailə üzvü haqqında, gəlirləri haqqında məlumatları düzgün daxil etməmişdir. Vətəndaşa verilən imtina cavabı tamamilə qanuni və əsaslıdır. Məhkəmə icraatı gedişində yenidən düzgün formada müraciət üçün iddiaçıya vaxt verilmiş, lakin vətəndaş yenidən müraciət etməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, iddanın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan İddiaçı iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci ildə Ermənistan Respublikası, Əzizbəyov kəndində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. AZ-İ seriyalı 894065 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı 10791604 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 17.10.2006-cı ildə Bakı şəhərində doğulmuş X2 anası kimi İddiaçı, atası kimi X4 qeyd edilmişdir, o, ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhər Xətai rayon İcra hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı MKİS-inin 10.07.2019-cu il tarixli 31 saylı arayışından müəyyən edilir ki, İddiaçı öz qızı X7 və bacısı X12 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinin **********0 saylı 08.07.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ailə başçısını itirdiyinə görə (2-ci qrup əlil) 160 (bir yüz altmış) manat məbləğində əmək pensiyası alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinin **********2 saylı 18.09.2019-cu il tarixli arayışından görünür ki, X12 ailə başçısını itirdiyinə görə (1-ci qrup əlil) 160 (bir yüz altmış) manat məbləğində ömürlük əmək pensiyası alır. İşdə olan “xxxx” ASC və “xxxx” ASC-nin ödəniş üzrə siyahılarından görünür ki, ünvan 3 ünvanında ödənişlər Tamara Abbasovanın adına gəlmiş və onun adından icra olunmuşdur. AZ-İ seriyalı 339385 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 18.01.2009-cu ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanı xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında 28.03.2019cu il tarixli ******* saylı arayışdan müəyyən edilir ki, ünvan 5 ünvanında İddiaçı 10.09.2011ci il tarixdən qeydiyyatdadır, ondan başqa həmin ünvanda X22, X7, X19, X9, X13, X16, X17 və X12 adlı şəxslər də qeydiyyatdadırlar. X5 və İddiaçı notarial qaydada təsdiq olunmuş **********066 saylı ərizələrindən görünür ki, onlar ailələri üçün 2 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailələrini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişlər. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtinaya əsas kimi göstərilmişdir ki, ailə üzvləri X5 və İddiaçı əmək pensiyaçısı olmaları və aylıq sosial müavinət almaları barədə cavabdehin informasiya sistemində hər hansı məlumat yoxdur. Həmçinin İddiaçı İİ qrup əlil olması barədə məlumatlar öz təsdiqini tapmır. Ona görə də cavabdehin ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-1665/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-739/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-739/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver