Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-739/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Etibar oğlu və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası vətəndaşıdır.
2. Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinin (bundan sonra – cavabdeh) iddiaçıya ünvanladığı 28 aprel 2024-cü il tarixli, 4-3-1/2-1790/23 nömrəli “Açıq məkanda reklam yayımına görə yaranmış müvafiq borcun ödənilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr” üzrə 486,12 manat yayım haqqı və 87,50 manat ƏDV, cəmi 573,62 manat borc bugünədək ödənilməmiş, həmin icazələr üzrə ödənilməmiş 573,62 manat borc 5 gün ərzində ödənilməlidir.
3. M**********0001 nömrəli, xx.xx.2020-ci il tarixli “Yayım haqqının ödənişi üçün hesabfaktura”dan görünür ki, ödəyici İddiaçı xx.xx.2020- xx.xx.2021 tarixədək olan dövr üçün İ**********0002 və İ**********0001 nömrəli icazə sənədləri olmaqla, cəmi 764,82 manat (648.15 manat faktura; 116.67 manat ƏDV: İ**********0002 – 1.62 kv.m x12 ay üçün, kv.m aylıq yayım haqqı 2.50 manat olmaqla, cəmi 140.94 manat, İ**********0001- 5.83 kv.m x12 ay üçün 1 kv.m aylıq yayım haqqı 2.50 manat olmaqla 507.21 manat) ödəyici tərəfindən ödənilməlidir.
4. “Açıq məkanda reklam yerləşdirilməsinə” dair xx.xx.2020-ci il tarixli, İ**********0001 nömrəli icazəyə əsasən, X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 2 ünvanında İddiaçı tərəfindən ölçüsü 5.30 x 1.10 m. reklam sahəsi 5.83 kv.m olan reklamın xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yerləşdirilməsinə icazə verilmiş, ödəniləcək yayım haqqının ümumi 507.24 manat,aylıq 42.27 manat olması müəyyən edilmişdir.
5. “Açıq məkanda reklam yerləşdirilməsinə” dair xx.xx.2020-ci il tarixli, İ**********0002 nömrəli icazəyə əsasən, X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 2 ünvanında İddiaçı tərəfindən ölçüsü 0.90 x 1.80 m. reklam sahəsi 1.62 kv.m olan reklamın xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yerləşdirilməsinə icazə verilmiş, ödəniləcək yayım haqqının ümumi 141.00 manat, aylıq 11.75 manat olması müəyyən edilmişdir.
6. xx.xx.2020-ci il tarixli “Malların, işlərin, və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”ya əsasən, cari hesab üzrə 162,03 manat əsas, 29,17 manat ƏDV ödənilməlidir.
7. X6 Bakı şəhəri Reklam İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli, 11-3-1/3-3-492/2023 nömrəli Qərara əsasən, İddiaçı tərəfindən 486,12 manat məbləğində yayım haqqı və 87,50 manat məbləğində ƏDV olmaqla, cəmi 573,62 manat borc qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə Bakı Şəhəri Reklam İdarəsinin İ**********0001 və İ**********0002 nömrəli inzibati aktları ("Açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr") xx.xx.2023-cü il tarixdən icraya yönəldilməsi qərara alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 noyabr 2023-cü il tarixli, 11-3-1/3-3-492/2023 nömrəli qərarının ləğv edilməsi xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə avtomobil ehtiyyat hissələrinin satışının həyata keçirilməsi məqsədilə istifadə etdiyi obyektin çölündə firmanın loqosunun və müxtəlif ehtiyat hissələrinin şəklinin olduğu biri kiçik, digəri isə böyük ölçülü 2 reklam yerləşdirmək məqsədi ilə, "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 №-li Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi" Qaydasının tələblərinə uyğun olaraq icazənin verilməsi üçün Azərbaycan Respublikası X4 Bakı Şəhəri Reklam idarəsinə onların qaynar xətti ilə əlaqə saxlamaqla müraciət etmişdir. Qeyd olunan İdarə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli "Açıq məkanda reklam yerləşdirilməsinə dair" icazələr verildi. Daha sonra, Azərbaycan Respublikası X4 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən məlumat verildi ki, istifadəsində olan obyektin çölündə reklamı yerləşdirməli və həmin reklam yerləşdirdikdən sonra müvafiq qurumun əməkdaşları tərəfindən yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün açıq məkanda reklam yayımına görə haqq müəyyən ediləcəkdir. İdarə tərəfindən iddiaçıya verilmiş göstərişə əməl edərək firmanın loqosunun və müxtəlif ehtiyat hissələrinin şəklinin olduğu biri kiçik, digəri isə böyük ölçülü 2 reklamı istifadəsində olan obyektin çölündə yerləşdirmiş, bundan sonra qurumun əməkdaşları qeyd edilən reklamların yayımına görə haqqın hesablanması üçün obyektin yerləşdiyi əraziyə gəldilər. Onlar tərəfindən müxtəlif hesablama işləri aparıldıqdan sonra kiçik ölçüdə olan reklama görə ƏDV də daxil 191,20 manat, böyük ölçüdə olan reklama görə isə ƏDV də daxil 573,62 manat olmaqla, reklamların yayımı üçün ümumilikdə 764,82 manat ödəməli olduğunu göstərən 03 dekabr 2020-ci il tarixli, M**********0001 №-li Hesab-faktura kəsildi. İddiaçı böyük ölçüdə olan reklamın yayımına görə ödənilməli olan haqqın məbləğinin çox olmasını bildirərək ona ehtiyac olmadığını və yalnızca kiçik ölçüdə olan reklamı yayımlamaq istədiyini qeyd etdi. Buna görə də, yalnız kiçik ölçüdə olan reklama görə yayım haqqının ödənilməsi üçün elektron qaimə tərtib edilməsini və böyük reklamın çıxarılaraq bundan sonra yayımlanmayacağını bildirdi. Qurumun əməkdaşları hər hansı bir problemin olmadığını deyərək yalnızca kiçik reklamın yayımına görə haqqın ödənilməsi üçün EBAR seriyalı 380377 №-li xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura tərtib etmişdirlər. Həmin elektron qaimə-fakturaya əsasən iddiaçı obyektinin çölündə yayımladığı kiçik reklama görə Azərbaycan Respublikası X4 Bakı Şəhəri Reklam İdarəsinin "xxxx" ASC-nin Bakı şəhər filialında yerləşən hesabına həmin reklam üçün hesablanmış 191,20 manat yayım haqqını ödədi. Daha sonra elə həmin ildə də sözügedən obyekt işləmədiyi üçün bağlamışdır. Belə ki, bu məsələ barədə 2023-cü ilin aprel ayınadək hər hansı bir problem yaranmamış və Azərbaycan Respublikası X4 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Yalnız 28 aprel 2023-cü il tarixdə ona Açıq məkanda reklam yayımına görə yaranmış müvafiq borcun ödənilməsi barədə məktub göndərilmişdir. Məktubda qeyd olunmuş borc məbləği tam olaraq əsassız və qanunsuz olduğuna görə iddiaçı tərəfindən ödəniş edilməmişdir. Bundan sonra İdarə tərəfindən tələbin icraya yönəldilməsi barədə Qərar qəbul edilmişdir. Həmin Qərarı aldıqdan sonra Azərbaycan Respublikası X4 Bakı Şəhəri Reklam İdarəsi ilə əlaqə saxlamağa çalışsa da, onlar cavab verməkdən yayınaraq hər hansısa bir dəqiq məlumat verməmişdirlər. Bundan sonra Azərbaycan Respublikası X4 elektron poçt ünvanı vasitəsilə də öz şikayətini bildirsə də, bu elektron məktubuna da agentlik tərəfindən cavab verilməmişdir. İddiaçı uzun müddətdən sonra İdarə ilə əlaqə saxlaya bildikdə onlar özləri də böyük reklam üçün yox, yalnız kiçik reklamın yayımlanmasına görə haqqın ödənilməsi üçün elektron qaimə tərtib etdiklərini etiraf etmişdirlər. Sonradan göstərilən qərar icra olunmaq üçün Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. 2020-ci ildə istifadəsində olmuş obyektin çölündə yalnız kiçik reklamı yerləşdirmiş olduğu, böyük reklamı yayımlamaqdan imtina etdiyi, Bakı Şəhəri Reklam İdarəsi tərəfindən yalnız məhz həmin reklama görə elektron qaimə-faktura tərtib edilmiş olması, elektron qaiməfakturada göstərilmiş yayım haqqının tərəfindən İdarənin bankdakı hesabına ödənilməsi və 2020-ci ildən 2023-cü ilin aprel ayınadək bu məsələ barədə hər hansısa bir problemin yaranmaması hallarını nəzərə aldıqda Azərbaycan Respublikası X4 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən qəbul edilmiş tələbin icraya yönəldilməsi barədə Qərar tam olaraq qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ünvan 3 ünvanında fəaliyyət göstərən ona məxsus “Mitasu Oil” adlı obyektin üzərində xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Reklamların sahəsi ölçülmüş və 2 ədəd reklamın sahəsinin ayrı-ayrılıqda 1.62 və 5.83 kv.m olmaqla ümumilikdə 7.45 kv.m. ölçüdə olduğu müəyyən edilmişdir. Müraciətin reklam haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmış və ona açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli M**********0001 nömrəli bildiriş təqdim edilmişdir. Qeyd edilən reklamların açıq məkanda yerləşdirilməsinə icazələrin verilməsi üçün 74,50 manat məbləğində dövlət rüsumu xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumu ödənildiyi üçün ona xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə”lər verilmişdir. İcazələr üzrə ödənilməli yayım haqqının məbləği ƏDV ilə birlikdə 764,82 manat olmuşdur. Lakin reklam yayıcısı tərəfindən icazələr üzrə yayım haqqı (ƏDV ilə birlikdə) qismən (191,20 manat məbləğində) ödənilmiş, 573,62 manat məbləğində yayım haqqı (ƏDV ilə birlikdə) isə ödənilməmişdir. Həmin icazələr üzrə ödənilməmiş 573,62 manat borcun 5 gün ərzində tam həcmdə ödənilməsi məqsədi ilə İddiaçı xx.xx.2023-cü il tarixli 11-3-1/2- 1790/2023 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, borclu İddiaçı tərəfindən yayım haqqı (ƏDV ilə birlikdə) üzrə borc ödənilmədiyindən onun barəsində “Tələbin icraya yönəldilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli 11-3-1/3-3- 492/2023 nömrəli qərar qəbul edilərək icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı tərəfindən ünvan 3 ünvanında fəaliyyət göstərən “Mitasu Oil” adlı obyektin üzərində yerləşdirilmiş reklam daşıyıcılarının hər hansı birinin demontaj olunaraq yayımının dayandırılması barədə İdarəyə müraciət daxil olmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, İdarə əməkdaşları tərəfindən yalnız kiçik reklamın yayımına görə haqqın ödənilməsi üçün EBAR seriyalı 380377 №-li xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura tərtib etmişdirlər və həmin 1 ədəd reklam üçün hesablanmış 191.20 manat yayım haqqını ödəmişdir. İddiaçının ödəmiş olduğu 191.20 manat yayım haqqı İdarə tərəfindən 2 ədəd reklama görə 3 aylıq müddət üçün hesablanmışdır. Yalnız 1.62 kv.m ölçüdə olan reklama görə ödənilən yayım haqqının məbləğini 1 illik dövr ərzində aylar üzrə hesabladıqda heç bir halda yayım haqqının məbləği (ƏDV ilə birlikdə) 191.20 manat məbləğ ilə eynilik təşkil etmir. Çünki, 1.62 kv.m ölçüdə olan reklama görə 1 illik dövr üzrə ödənilməli yayım haqqının məbləği ƏDV ilə birlikdə 166.30 manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, İddiaçı tərəfindən 191.20 manat yayım haqqı 2 ədəd reklama görə 3 aylıq dövr üzrə ödənilmiş (764.82/12*3=191.20 manat), lakin 9 aylıq dövr üzrə 573.62 manat yayım haqqı ödənilməmişdir. Həmçinin bildirilir ki, icazələrin verilməsi üçün 74,50 manat məbləğində dövlət rüsumu da 2 ədəd reklama görə hesablanmış və İddiaçı tərəfindən ödənilmişdir. Elektron qaimə-fakturanın 3 aylıq yayım haqqına münasibətdə verilməsi ilə bağlı bildirilir ki, yayım haqqı İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ödənilmiş və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71- 1.1.5-ci maddəsinə əsasən həmin ödəniş məbləğinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə elektron qaimə-faktura verilmişdir. Həmçinin iddiaçı ərizəsində qeyd etmişdir ki, 191.20 manat məbləğində yayım haqqını (ƏDV ilə birlikdə) ödədikdən sonra elə həmin ildə sözügedən obyekt işləmədiyi üçün bağlamışdır. Qeyd edilən xüsusatla bağlı bildiririk ki, sözügedən icazələrin ləğv olunması barədə İddiaçı tərəfindən İdarəyə hər hansı müraciət daxil olmamışdır. Reklam yayımının dayandırılması və icazənin ləğv edilməsi barədə müraciət edilənədək reklam yayımlanmış hesab edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2 ədəd reklama görə üzərinə düşən yayım haqqını ödəmək vəzifəsini tam icra etməmişdir. Belə ki, iddiaçı tərəfindən 573,62 manat borc qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Yayım haqqının ödənişi üçün hesab-faktura” və xx.xx.2020-ci il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə -faktura” əsasında müəyyən olunur ki, iddiaçı 764.82 manat ödənilməli olduğu halda, cəmi 191.20 manat yayım haqqı ödəmişdir.
13. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin əməkdaşları yalnız kiçik reklamın yayımına görə haqqın ödənilməsi üçün xx.xx.2020-ci il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” tərtib etmişlər, və həmin 1 ədəd reklama görə ƏDV də daxil 191,20 manat məbləğini ödəmişdir, böyük ölçüdə olan reklamın yayımından isə imtina etmişdir.
14. Lakin müəyyən olunmuşdur ki, iddiaçının ödədiyi 191.20 manat yayım haqqı inzibati orqan tərəfindən 2 ədəd reklama görə 3 aylıq müddət üçün hesablanılmışdır. Beləki, kiçik reklam , yəni 1.62 kv.m ölçüdə olan reklama görə ödənilən yayım haqqının məbləği (ƏDV ilə birlikdə) 191.20 manat deyil, 166.30 manat təşkil edir.
15. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə dair aldığı icazələrin ləğv olunması barədə cavabdeh inzibati orqana müraciət etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir
16. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5730/2024 saylı, xx.xx.2024- cü il tarixli qərarında qeyd edilmişdir: “iddiaçının ödədiyi 191.20 manat yayım haqqı inzibati orqan tərəfindən 2 ədəd reklama görə 3 aylıq müddət üçün hesablanılmışdır. Beləki, kiçik reklam , yəni 1.62 kv.m ölçüdə olan reklama görə ödənilən yayım haqqının məbləği (ƏDV ilə birlikdə) 191.20 manat deyil, 166.30 manat təşkil edir.” Məhkəmə mənim 191.20 manat ödəməklə sadəcə kiçik reklamı yox, böyük reklamın da ödənişinin bir hissəsini ödədiyimi, bununla da böyük reklamı da qəbul etdiyimin vurğulamak istəsə də, diqqətinizə çatdırmaq istəyirəm ki, iş materiallarının içərisində də olan 191.20 manat üçün tərtib edilmiş EBAR seriya nömrəli, 380377 nömrəli, 16 oktyabr 2020-ci il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”ya əsasən 191.20 manat sadəcə tək bir reklam üçün, ********** nömrəli “digər fəsad reklamları" üçün tərtib olunmuşdur. Həmin elektron qaimə-fakturadan aydın olur ki, cədvəldə reklam üçün sadəcə bir sıra nömrəsi göstərilmiş və buna uyğun olaraq da bir reklam adı yazılmışdır. Əgər mən iki reklama görə ödəniş etmişdimsə, o zaman cədvəldə İki sıra nömrəsi qeyd edilməli və buna uyğun olaraq da bir-birindən ayrı və aydın şəkildə iki reklam adı yazılmalı deyildi mi? Onu da qeyd eləmək istəyirəm ki, əgər kiçik reklam üçün 166.30 manat ödənilməli idisə, bu sadəcə Agentliyin əməkdaşları tərəfindən mənim bir daha aldadılaraq tək bir reklamdan istifadə edib, tək bir reklam üçün elektron qaimə-faktura tərtib edildiyi halda artıq pul ödədiyimi göstərir. Qeyd edim ki, həmin obyektin fəaliyyəti pandemiya vaxtına təsadüf etdiyi üçün satışlar yaxşı olmadığına görə obyekt zərər etmiş və fəaliyyəti dayandırılmışdır. Bu məsələ barədə 2023-cü ilin aprel ayınadək hər hansı bir problem yaranmamış və Azərbaycan Respublikası X4 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən mənə heç bir xəbərdarlıq edilməmişdir. Yalnız aradan 3 il vaxt keçdikdən sonra, 28 aprel 2023-cü il tarixdə mənə Açıq məkanda reklam yayımına görə yaranmış müvafiq borcun ödənilməsi barədə məktub göndərilmişdir. Məktubda qeyd olunmuş borc məbləği tam olaraq əsassız və qanunsuz olduğuna görə tərəfimdən ödəniş edilməmişdir. Sonra Azərbaycan Respublikası X4 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən mənə tələbin icraya yönəldilməsi barədə 16 noyabr 2023-cü il tarixli, 11-3-1/3-3-492/2023 nömrəli Qərar göndərilmiş və həmin qanunsuz və əsassız tələbin icraya yönləndiriləcəyi ilə bağlı məlumat verilmişdi. Qərarı aldıqdan sonra mən Agentliyin qaynar xəttinə zəng etdim. Operator məni 6-7 fərqli əməkdaşa yönləndirsə də, zəngimə cavab verənlərin hamsı məsələnin onlara aidiyyəti olmadığını bildirərək. mənə cavab verməkdən yayınaraq hər hansısa bir dəqiq məlumat verməmişdirlər. Zənglərimə cavab verməyən Agentlik əməkdaşları tərəfindən isə mənə geri dönüş edilməmişdir. Beləliklə, Azərbaycan X6 vətəndaşın problemini həll etməkdən boyun qaçıraraq hərəkətsizlik göstərmiş və bununla da “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini təkrar pozmuşdur. Bundan sonra mən Azərbaycan Respublikası X4 elektron poçt ünvanı vasitəsilə də öz şikayətimi bildirsəm də, mənim bu elektron məktubuma da agentlik tərəfindən cavab verilməmişdir. Mən uzun müddətdən sonra İdarə ilə əlaqə saxlaya bildikdə onlar özləri də böyük reklam üçün yox, yalnız kiçik reklamın yayımlanmasına görə haqqın ödənilməsi üçün elektron qaimə tərtib etdiklərini etiraf etmişdirlər. Lakin buna baxmayaraq qeyd olunan qərar icra olunmaq üçün Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmçinin mənim Agentliyin elektron poçt ünvanına göndərdiyim 19 dekabr 2023- cü il tarixli elektron müraciətimə Agentliyin Aparat rəhbəri tərəfindən cavab kimi göndərilmiş 10 yanvar 2024cü il tarixli, 11-3/2-Ə-1xx-xx/2024 nömrəli müraciətə baxılmasının nəticələri barədə məktubda da yenə də eyni hallar sadalanmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
14. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
30. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehin qəbul etdiyi qərarın inzibati akt olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
31. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.
34. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1).
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
36. İşin faktiki hallarına əsasən, İddiaçı açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətinə əsasən Azərbaycan Respublikasının X4 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli "Açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr" verilmişdir. İcazələr üzrə ödənilməli yayım haqqının məbləği 648,15 manat, 116,67 manat məbləğində ƏDV, cəmi 764,82 manat ödənilməli olduğu halda, yayım haqqı və ƏDV tam ödənilməmişdir. Qeyd olunan icazələr üzrə 486,12 manat məbləğində yayım haqqı və 87,50 manat məbləğində ƏDV olmaqla, cəmi 573,62 manat borcun 5 gün ərzində tam həcmdə ödənilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli 11-3-1/2-1790/2023 nömrəli xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu fərdi sahibkar İddiaçı tərəfindən yayım haqqı və ƏDV borcu ödənilməmişdir. Borclu İddiaçı tərəfindən yayım haqqı (ƏDV ilə birlikdə) üzrə borc ödənilmədiyindən onun barəsində “Tələbin icraya yönəldilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli 11-3-1/3-3-492/2023 nömrəli qərar qəbul edilərək icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı isə qeyd edilən qərarın qanunsuz olduğunu iddia edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
37. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
38. Qeyd edilən müddəaların mənasından belə anlaşılır ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
40. Məhz bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar inzibati aktın hüquqi təbiətinə diqqət yetirilməsini zəruri hesab edir.
41. Belə ki, inzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür.
42. İnzibati akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslər üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.
43. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.
44. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
45. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır.
46. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir.
47. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir.
48. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir.
49. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır.
50. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır.
51. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iddiaçının mübahisələndirdiyi və inzibati orqan tərəfindən tələbin icraya yönəldilməsi haqqında qərar inzibati akt keyfiyyətlərinə malik deyildir. Belə ki, həmin qərar iddiaçı barəsində hüquqi nəticə yaratmır. Həmin qərar yalnız əsas inzibati aktla yaranmış hüquqi nəticənin realizə edilməsini təmin etmək xarakteri daşıyan sənəddir. Başqa sözlə, tələbin icraya yönəldilməsi barədə qərar əsas inzibati akta bağlıdır və həmin qərardan irəli gəlir. Nəzərə almaq lazımdır ki, əsas inzibati akt ləğv edilmədiyi və ya dəyişdirilmədiyi halda, istinad olunan normada təsbit edilmiş anlamda həmin tələbin icraya yönəlməsi barədə qərarın qəbulu inzibati orqanın qanunvericiliklə müəyyən olunmuş hüququdur və onun məsuliyyət sferasına aid olmaqla müvafiq səlahiyyətlərin həyata keçirilməsi, o cümlədən inzibati akt üzrə iddiaçının öhdəliyinin yerinə yetirilməsinin təmin olunması məqsədlərinə xidmət edir. Odur ki, iddiaçı məqsədinə çatmaq üçün tələbin icraya yönəlməsi barədə qərarı deyil, əsas qərarın ləğvi və ya dəyişdirilməsi ilə bağlı hüquqi müdafiə vasitəsindən istifadə etməli və həmin qərarın ləğv və ya dəyişdirilməsinə nail olmalı idi.
52. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 71.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərardan məhkəməyə şikayət verilə bilməsi üçün qərarın inzibati akt keyfiyyətlərinə malik olması zəruridir ki, hazırkı işdə mübahisələndirilən qərar yuxarıda qeyd edilənlərə əsasən inzibati aktın əlamətlərinə uyğun gəlmədiyindən mübahisələndirilməsi mümkün olan akt hesab edilə bilməz. Belə ki, hazırkı mübahisə predmeti olan qərar müvafiq inzibati aktın icrası və həyata keçirilməsi üçün verilən, lakin hüquqi nəticə doğurmayan sənəddir. Tələbin icraya yönəlməsi barədə qərar əsasən inzibati aktın icrasının təmin edilməsi üçün qəbul edilir. Yəni, bu qərar özlüyündə yeni bir hüquqi vəziyyət (hüquqi nəticə) yaratmır, sadəcə artıq qəbul olunmuş qərarın icraya yönəldilməsini təmin edir. Beləliklə də, hazırkı iş üzrə mübahisə predmeti olan tələbin icraya yönəlməsi barədə qərar inzibati akt olmadığından həmin aktın mübahisələndirilməsi də yolverilməzdir.
53. Həmçinin, Kollegiya qeyd edir ki, hazırkı mübahisə predmeti olan qərarın ləğvi iddiaçı üçün əlverişli nəticə yaratmayacaqdır. Belə ki, nə qədər ki, əsas inzibati akt qüvvədədir bu o deməkdir ki, cavabdeh inzibati orqan tərəfindən əsas inzibati akta istinad edilərək istənilən zaman tələbin icraya yönəlməsi barədə yeni qərar qəbul edilə bilər, yəni qanunvericilikdə müvafiq inzibati akt qüvvədə olduğu müddətdə “tələbin yenidən icraya yönəlməsi barədə” yeni qərarların qəbul edilməsi istisna edilmir. Qeyd edilən hal isə, sonsuz məhkəmə mübahisələrinin yaranmasına şərait yaradır.
54. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən əsaslardan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.