Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-740/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abadlaşdırma və X3 Departamentinin X1 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Abadlaşdırma və X3 Departamentinin X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən Abadlaşdırma və X3 Departamentinin X2ndə kameral vergi yoxlaması keçirilmiş və “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” **********718600 saylı 11 iyun 2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən kameral yoxlama nəticəsində Abadlaşdırma və X3 Departamentinin X2nə 2019-cu il üçün mənfəət vergisi üzrə 325.349 manat əlavə vergi borcu hesablanmışdır. İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ilə məhkəməyə müraciət edərək **********718600 saylı 11 iyun 2020-ci il tarixli qərarın ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: Bakı şəhər X1 şəxsi hesab vərəqəsinə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsi tərəfindən 16.04.2020-ci il tarixdə **********280600 saylı kameral qərarla əsassız olaraq 2019-cu il hesabat ilinə 377.762,06 AZN mənfəət vergisi hesablanmış və birliyin şəxsi hesab vərəqəsinə işlənmişdir. Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********718600 saylı 11 iyun 2020-ci il tarixli qərarla əvvəlki kameral qərara düzəliş edilərək məbləğ azaldılaraq 325.349 AZN kameral vergi məbləği hesablanmışdır. Birlik 16.12.2019-cu il tarixli müqavilə əsasında “İnpeks-N” müəssisəsindən 2019-cu ildə aparılmış 1.626.745 AZN dəyərində əməliyyat məbləği Birliyin xərclərindən çıxarılmışdır. Əslində isə vergi orqanının göstərdiyi fakt kimi “İnpeks-N’' müəssisəsinin riskli vergi ödəyicisi olması əsas gətirilsə də həmin müəssisə tərəfindən müvafiq müqavilə əsasında işlər görülmüş, mallar təqdim edilmişdir. “İnpeks-N” müəssisənin riskli vergi ödəyicisi olması barədə onların məlumatı olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Ümumiyyətlə, riskli vergi ödəyicisi anlayışı Vergi Məcəlləsinə 2020-ci il yanvar ayından salınmışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Cavabdeh orqan tərəfindən bu kameral vergi məbləği hesablanarkən Azərbaycan Respublikası Vergi Məcəllənin 37-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş, Birlik tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmamışdır. Əslində isə Birliyin mühasibat sənədləri vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirilsə vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Kameral qaydada hesablanmış əlavə vergi məbləği əsasında bu nəticəyə gəlmək olar ki, “İnpeks-N” müəssisəsi tərəfindən mallar təqdim edilməmişdir. Əslində isə bu mallar müəssisənin balansına daxil edilmiş, reallıqda mövcuddurlar. Vergi orqanı tərəfindən bu hallar nəzərə alınmamışdır, belə çıxır ki, onların əldə edilməsinə Birlik tərəfindən xərclər çəkilməmişdir. Vergi orqanının bu qərarı əsasında Birliyin fəaliyyəti iflic vəziyyətindədir, bank hesablarına sərəncamlar qoyulmuşdur, Birlik tərəfindən dövlət tapşırıqlarının yerinə yetirilməsinə, yeni sahələrin yaşıllaşdırılmasına maneə yaratmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Birlik tərəfindən 2019-cu il ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 1 626 745.00 manat (ƏDV-si 292 814.10 manat) məbləğində əldə edilmiş İJ seriyalı 195028 nömrəli elektron vergi hesabfaktura üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, Birliyin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Belə ki, 27.12.2019-cu il tarixli, EBAE seriyalı 488841 nömrəli elektron qaimə faktura məlumatlarına əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən Abadlaşdırma və X3 Departamentinin X2nə (VÖEN **********) əsas dəyəri 1.626.745 manat (ƏDV-si 292 814,10 manat) olmaqla 615 178 ədəd “Dibçək gülləri (iri ölçülü)”, 90 ədəd “İtaliya sərvi (Cupressus Leylandi) (ölçü h=5,0-6,0)’’, 12 ədəd “Sidr (Cedrus L.) (ölçü h=3,5-4,1)”, 100 ədəd “Limonniy kiparistnik (Cupressus macrearpa Qolderest) (ölçü h=3,5-4,0)" təqdim edilməsinə baxmayaraq, araşdırma zamanı yük gömrük bəyannamələrində və əldə edilmiş qaimə faktura məlumatlarında qeyd olunan mallar müəyyən edilməmişdir. Eyni zamanda, "xxxx" MMC-nin fəaliyyətinin təhlili nəticəsində qeydiyyatda təsərrüfat subyektinin olmaması, 1 işçi üzrə əmək haqqı fondunun 343,82 manat, 2018-ci və 2019-cu illər üzrə təqdim edilmiş mənfəət bəyannamələrinə əsasən hesabat dövrünün sonuna cəmi aktivlərin dəyərinin 15,0 manat göstərildiyi müəyyən edilmişdir. Bundan başqa Birlik tərəfindən 02.03.2019-cu il tarixdə kassa metodu ilə təqdim edilmiş 2018-ci il üçün mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.4.2-ci “sair debitor borclar” sətrinin hesabat dövrünün sonuna sütununda 494151,23 manat, 2.2.1.5-ci “sair kreditor borclar” sətrinin hesabat dövrünün sonuna 232 085,91 manat göstərilsə də, 30.03.2020-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinin 216-cı “Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri” sətri göstəricisiz təqdim edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə 01.04.2020-ci il tarixli, **********812100 nömrəli “2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb olunmuşdur. Müəyyən edilmiş müddət ərzində kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi, təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il Mənfəət vergisi bəyannaməsinin 216-cı “Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri” sətri üzrə 52413.06 manat, vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmayan aparılmış əməliyyatları üzrə 325349 manat olmaqla, ümumilikdə 377762.06 manat əlavə vergi məbləği hesablanmış və vergi ödəyicisinə 16.04.2020-ci il tarixli, **********280600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində Birliyin əməliyyat apardığı "xxxx" MMC-nin (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə məlumatının olmadığını, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması ilə bağlı vergi orqanı tərəfindən qəbul edilmiş hər hansı qərarın çıxarılmadığını, riskli vergi ödəyicisi meyarlarının bu günə qədər müəyyən edilmədiyini, “riskli vergi ödəyicisi” anlayışının 2020-ci il yanvar ayında edilmiş dəyişikliklərlə Vergi Məcəlləsinə daxil edildiyini əsas gətirmişdir. Vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən riskli vergi ödəyicisi barədə qanun və meyarların 2020-ci ildən əvvəl qüvvədə olmamasını və yüngülləşdirən normaların geriyə şamil edildiyi bildirilməklə iddia tələbi təmin edilmişdir. Halbuki, məhkəmə iddia ərizəsinə qiymət verərkən ilk növbədə malların "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilməsini araşdırılmalı idi. Çünki vergi orqanı vergiləri hesablayarkən iddiaçının riskli vergi ödəyicisi ilə mal alqı-satqısına görə deyil, malların həqiqətən də "xxxx" MMC-dən alınmasının mümkünsüz olmasına görə hesablamışdır. Məhkəmə isə yalnız riskli vergi ödəyicisinin meyarlarının sonradan çıxmasına istinad etməklə qərar qəbul etmişdir. Başqa sözlə, məhkəmə işi mahiyyəti üzrə araşdırmamış və nəticədə külli miqdarda vergilərin azaldılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçı ilə "xxxx" MMC arasında baş vermiş alqı-satqı əməliyyatlarının həqiqətən kağız üzərində deyil, faktiki olaraq baş verdiyini sübut etmək arzusunda olsaydı, "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsini üçüncü şəxs kimi məhkəmə işinə cəlb edərək "xxxx" MMC-nin idxal etmədiyi və almadığı malların hansı formada iddiaçıya satışının həyata keçirildiyini aydınlaşdıra bilərdi, habelə həmin malların həqiqətən mövcud olmasını əks etdirən müvafiq sübutları (misal üçün fotoşəkilləri, anbara giriş-çıxışını təsdiq edən digər sənədləri və s.) tələb edə bilərdi. Vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur. Cavabdehin təqdim etdiyi mülahizə: Abadlaşdırma və X3 Departamentinin X2 ilə "xxxx" MMC arasında malların alınması üzrə 16.12.2019-cu il tarixli satınalma müqaviləsinin olmasına baxmayaraqq, həmin malların "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilməsi, malların həqiqətən də "xxxx" MMC-dən alınması, mübahisənin həllinə bilavasitə təsir edən "xxxx" MMC-nin idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması ilə bağlı sübut və təsdiqedici sənədlər nə vergi orqanına, nə də məhkəməyə təqdim edilməmişdir. Belə hesab olunur ki, həmin mallar "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməmiş, sözügedən mallar Birlik tərəfindən "xxxx" MMC-dən alınmamış, ümumiyyətlə həmin mallar "xxxx" MMC tərəfindən idxal olunmamış və ya əldə edilməmiş, idxal edilməyən və ya əldə edilməyən mallar iddiaçıya hər hansı formada satılmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə iddiaçı Abadlaşdırma və X3 Departamentinin X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı tələbi cavabdeh orqan tərəfindən kameral vergi məbləğinin hesablanması barədə “**********718600 saylı 11.06.2020-ci il tarixli qərarın ləğv edilməsi” barədədir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, 11 iyun 2020-ci il tarixli qərarla iddiaçı tərəfindən 2019-cu il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 1.626.745 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və xidmətlərin həcminin və çeşidinin Cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanının daha əvvəl qəbul etdiyi “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 aprel 2020-ci il tarixli qərarı ilə iddiaçıya kassa metodu ilə təqdim edilmiş 2018-ci il üçün MV bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.4.2-ci sair debitor borclar sətrinin hesabat dövrünün sonuna sütununda 494151,23 manat, 2.2.1.5-ci sair kreditor borclar sətrinin hesabat dövrünün sonuna sütununda 232.085,91 manat göstərilsə də, 31.03.2020-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün MV bəyannaməsinin 216-cı vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəlir sətri göstəricisiz təqdim edildiyi üçün 262065,32 manat gəlir artırılmış və eyni zamanda 2019-cu il ərzində riskli əvəzləşdirmə aparılmış 1.626.745 manat məbləğ xərclərdən çıxarılmışdır. Sözügedən 16 aprel 2020-ci il tarixli qərarla 2019-cu il üçün mənfəət vergisi üzrə iddiaçıya 377.762,06 manat vergi hesablanmış və bu məbləğə sonradan digər, eyni dövr üçün mənfəət vergisi üzrə vergi orqanının tərtib etdiyi 11 iyun 2020-ci il tarixli qərarla düzəliş edilmiş və nəticədə 325.349 manat vergi məbləğinin hesablandığı qeyd olunmuşdur. Yəni, 11 iyun 2020-ci il tarixli qərarla hesablanmış 325.349 manat vergi borcu iddiaçıya daha əvvəl 16 aprel 2020-ci il tarixli qərarla hesablanmış 377.762,06 manat vergi borcunun tərkibində olmuşdur. Bununla yanaşı müəssisənin şəxsi hesab vərəqəsindən görünür ki, 11.06.2020-ci il tarixli qərarla 325.349 manat vergi məbləği hesablanarkən bu, şəxsi hesab vərəqəsində MV-1 Rüb 2020 Cari hesablama (151.1) (KYB) (KYBL) olaraq göstərilmiş, yəni əvvəlki 16.04.2020-ci il tarixli kameral yoxlama bəyannaməsi ləğv edilmişdir. Beləliklə, iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 aprel 2020-ci il tarixli qərardan narazı qalaraq onun ləğvi ilə bağlı məhkəməyə vaxtında- 15.05.2020-ci il tarixdə iddia vermiş, sonradan məhkəmə icraatı zamanı 11 iyun 2020-ci il tarixli digər qərarla 325.349 manat vergi məbləği hesablandığından məlumatlı olduğu üçün iddia tələbini dəqiqləşdirərək 11.06.2020-ci il tarixli qərarın ləğv edilməsini tələb etmişdir. Bununla da iddiaçı 2019-cu il üzrə mənfəət vergisi ilə bağlı ona 377.762,06 manat verginin hesablanması barədə 16 aprel 2020-ci il tarixli qərarı mübahisələndirərkən həmin hesablanmış vergi borcunun tərkibində olan 325.349 manat vergi məbləğini də mübahisələndirmiş olduğu üçün onun tərəfindən iddia müddəti (325.349 manat vergi borcuna münasibətdə) ötürülməmişdir. Buna görə də Kollegiya hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” **********718600 saylı 11 iyun 2020-ci il tarixli qərarı ilə kameral yoxlama nəticəsində Abadlaşdırma və X3 Departamentinin X2nə 2019-cu il üçün mənfəət vergisi üzrə 325.349 manat əlavə vergi borcu hesablanmışdır. Qeyd olunan qərarın “bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsindən görünür ki, vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 1.626.745 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin Cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cavabdeh malların həqiqətən də "xxxx" MMC-dən alınmasının mümkünsüz olmasına, yəni MMC-nin yük gömrük bəyannamələrində və əldə edilmiş qaimə faktura məlumatlarında iddiaçının aldığı malların müəyyən edilmədiyinə istinad edir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş 402/1 saylı 16.12.2019cu il tarixli Malların alınması üzrə satınalma müqaviləsindən görünür ki, sifarişçi qismində Bakı şəhər İcra Hakmiyyətinin X2 tərəfindən “Əkin materialları” üzrə malların satın alınması üçün alıcı qismində "xxxx" MMC-yə ƏDV ilə birlikdə 1919559.10 manat məbləğində qiymət təklifi qəbul edilmiş və 27.12.2019-cu il tarixdə həmin müqaviləyə əlavə olaraq qiymətlərin razılaşma protokolu imzalanmışdır. ĞRĞ seriyalı 961106 saylı 26.12.2019-cu il tarixli malların təhvil-qəbul aktından görünür ki, 1.626.745 manat dəyərində mal (18% ƏDV-si 292814,10 manat) Abadlaşdırma və X3 Departamentinin X2 tərəfindən qəbul edilmişdir. Bu fakt "xxxx" MMC ilə iddiaçı müəssisə arasında imzalanmış EBAE seriyalı 488841 saylı 27.12.2019-cu il tarixli elektron qaimə və MMC tərəfindən verilmiş İJ seriyalı 195028 saylı 27.12.2019-cu il tarixli elektron vergi hesab-fakturası sənədləri ilə də təsdiq olunur. 199 saylı 28.12.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, X2 tərəfindən 1.626.745 manat məbləğində pul vəsaiti əkin materialı alınması üçün "xxxx" MMC-nin "xxxx" ASC-nin Gənclik filialındakı bank hesabına köçürülmüşdür. Həmçinin "xxxx" MMC ilə Abadlaşdırma və X3 Departamentinin X2 arasında N- 402/1 saylı müqavilə üzrə üzləşmə aparılaraq 27.01.2020-ci il tarixinə qalıq borcun olmadığını hər iki tərəf üzləşmə aktına imza etməklə təsdiqləmişdir. Beləliklə, işdən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli satınalma müqaviləsinə əsasən müvafiq mallar iddiaçıya təhvil verilmiş və bunun müqabilində də iddiaçı tərəfindən malın müqavilə əsasında müəyyən edilmiş dəyəri MMC-yə ödənilmiş, qalıq borc qalmamışdır. Lakin vergi orqanı baş vermiş alqı-satqı əməliyyatlarının həqiqətən kağız üzərində deyil, faktiki olaraq baş verdiyinin, "xxxx" MMC tərəfindən həmin malların idxal edilməsi və hansı formada iddiaçıya satılmasının sübuta yetirilmədiyini, vergidən yayınma hallarının qarşısının alınması üçün riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajının avtomatik qaydada əks olunduğunu bildirir. Bu barədə məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının apardığı araşdırmalar zamanı "xxxx" MMC ilə bağlı əldə olunan məlumatlara görə onun fəaliyyətində əgər vergi qanunvericiliyinin pozulması halına yol verilmişdisə, bu hal həmin MMC ilə müvafiq müqavilə əsasında alqı-satqı əməliyyatını aparan iddiaçıya vergi borcunun hesablanması üçün səbəb ola bilməz. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında müvafiq müqavilə əsasında alqı-satqı əməliyyatının aparılması malların təhvili, onun qəbulu, qəbul edilmiş malların dəyərinin bəyan edilməsi, vergi-hesab fakturasının və qaimənin tərtib olunması, malın dəyərinin ödənilməsi və nəticədə heç bir borc məbləğinin qalmaması ilə bağlı tərəflər arasında üzləşmə aktının bağlanması ilə sübuta yetirildiyi halda, vergi orqanı bu əməliyyatların kağız üzərində olmayıb, reallıqda baş vermədiyinə istinad edir, lakin bu dəlilini təsdiq edə biləcək sübutları təqdim edə bilmir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC ilə alqı-satqı əməliyyatının aparılmaması və ümumiyyətlə belə malların olmadığı halda "xxxx" MMC tərəfindən onların idxal da oluna bilməməsi barədə dəlillər həmin vergi ödəyicisi ilə bağlı olub, hazırki inzibati işdə araşdırma predmeti ola bilməz, belə ki, hazırki işdə yalnız iddiaçıya münasibətdə vergidən yayınma halına yol verilib-verilmədiyi yoxlanılır ki, məhkəmə baxışı zamanı da iddiaçı tərəfindən belə yayınma halına yol verilmədiyi müəyyən olunur. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçı barəsində 2019-cu il üçün mənfəət vergisi üzrə kameral qaydada 325.349 manat vergi hesablanarkən vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən 11 iyun 2020-ci il tarixli qərarın qəbul edilmə əsası malların həqiqətən də "xxxx" MMC-dən alınmasının mümkünsüz olduğuna söykəndiyi halda, birinci instansiya məhkəməsinin qərarında “riskli vergi ödəyicisi” barədə qanunvericiliyin müddəalarına istinad olunması kobud pozuntu kimi qiymətləndirilmir və nəticə etibarı ilə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4545/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-740/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-740/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver