Məhkəmə qərarları › İş №2-1(103)-741/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-741/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-741/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-5848/2020 saylı qərarından cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-5848/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 18.06.2016-cı il tarixdən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin 19.06.2017-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 18.06.2016-cı il tarixdən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1951-ci ildə Bakı şəhərində doğulmuşdur. 27 noyabr 1969-cu ildən 01 iyun 2020-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi dövrlərdə 27 noyabr 1969-cu ildən 13 mart 1970-ci ilə qədər Bakı Vaqon Təmiri Zavodunda sırası ilə Təmir-mexaniki sahəsinə 2-ci dərəcəli fəhlə, Vaqon sahəsinə 1-ci dərəcəli fəhlə, elektrokar sürücüsü, 24 dekabr 1970-ci ildən 24 fevral 1971-ci ilə qədər Azərbaycan SSR SDİİ-nin 2 saylı Avtobus parkında 1-ci dərəcəli çilingər vəzifəsində, 02 mart 1971-ci ildən 13 noyabr 1974-cü ilə qədər SDİİ-nin nəqliyyat xidmətində xətt nəzarətçisi, Nəqliyyat xidmətinin ləğvi ilə əlaqədar olaraq İdarəetmə Aparatına xətt nəzarətçisi, 1-ci dərəcəli çilingər vəzifəsində, 13 noyabr 1974-cü ildən 12 oktyabr 1990-cı ilədək Sərnişin Daşımaları üzrə İstehsalat İdarəsində 2714 saylı/kolonnadan X3 köçürülməklə dispetçer vəzifəsində, İstehsalat İdarəsinin ləğvi ilə əlaqədar olaraq İANB “Bakı Sərnişin Nəqliyyatı” və rabitə xidmətinə dipetçer vəzifəsində, 12 oktyabr 1990-cı ildən 25 yanvar 1999-cu ilədək Bakı Sərnişin Nəqliyyatı İB-də NTX Birliyində rəis müavini, rəis vəzifəsində, İstismar şöbəsinə aparıcı mühəndis, MBS 2-ci dərəcəli mühəndis vəzifəsində, 01 fevral 1999-cu ildən 11 iyul 2000-ci ilə qədər Azərbaycan Nəqliyyat prokurorluğunda sürücü vəzifəsində, 14 avqust 2000-ci ildən 09 iyun 2008-ci ilə qədər ADDY-da sırası ilə ümumi ştata böyük nəzarətçi kassir vəzifəsində, Bakı sahəsi üzrə təcrübəçi özünü maliyyələşdirən müvəkkil vəzifəsində, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında özünümaliyyələşdirən müvəkkil, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında müvəkkil vəzifəsində, 17 iyul 2008-ci ildən 16 dekabr 2011-ci ilə qədər Azərbaycan Respublikası Baş Prokurorluğunda Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin sürücüsü vəzifəsində, aparılmış struktur dəyişiklikləri ilə əlaqədar tutduğu vəzifədən azad edilərək 16 dekabr 2011-ci ildən 18 avqust 2014-cü ilə qədər Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat xidməti üzrə baş mütəxəssisi (sürücü) vəzifəsində, 18 avqust 2014-cü ildə Prokurorluq orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması ilə bağlı aparılmış struktur dəyişiklikləri ilə əlaqədar vəzifəsindən azad edilərək 18 avqust 2014-cü ildən 01 iyun 2020-ci ilə qədər dövlət qulluğuna qəbul olunaraq Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat sektorunun baş mütəxəssisi (sürücü) vəzifəsində işləmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində ona işlədiyi dövlət orqanı tərəfindən 01 oktyar 2014-cü il tarixli əmrlə dövlət quluğunun böyük referenti ixtisas dərəcəsi verilmişdir. Göründüyü kimi 01 fevral 1999-cu ildən 11 iyul 2000-ci ilə qədər 1 il 5 ay, 17 iyul 2008-ci ildən 18 iyun 2016-cı ilə qədər isə (dövlət quluğunda olmanın son yaş həddi olan 65 yaşına qədər) 8 il 11 ay olmaqla iddiaçının dövlət qulluğunda 9 il 4 ay 11 gün ümumi iş stajı olmuşdur. Ona 01 avqust 2020-ci ildən yaşa görə əmək pensiyası təyin olunmuşdur. O İdarəyə ərizə ilə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən (11 il 10 ay 14 gün)az olduğundan ona dövlət qulluqçusu kimi əməmk pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçı Filiala müraciət edərək, təqdim etdiyi və işdə olan sənədlərdə iddiaçıya qanunvericiyiklə müəyyən olunmuş tələblərə uyğun olaraq pensiya tıəyin olunması üçün dövlət qulluqçusu kimi minimum 15 il qulluq stajı olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının qulluq stajı əmək pensiyasının təyin edilməsi üçün yetərli olmadığından pensiya təminatına imkan vermiş, lakin birinci instansiya məhkəməsi iddiaya qarşı etirazı qəbul etməyərək qulluq stajı çatışmadığı halda iddiaçıya pensiya təyin edilməsi barədə qərar qəbul etməklə maddi hüquq normalarının pozulmasına yol vermişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus əmək kitabçasının rus dilindən azərbaycan dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 27 noyabr 1969-cu ildən 13 mart 1970-ci ilə qədər Bakı Vaqon Təmiri Zavodunda Təmir-mexaniki sahəsində 2-ci dərəcəli fəhlə, Vaqon sahəsində 1-ci dərəcəli fəhlə, Elektrokar sürücüsü, 24 dekabr 1970ci ildən 24 fevral 1971-ci ilə qədər Azərbaycan SSR SDİİ-nin 2 saylı Avtobus parkında 1-ci dərəcəli çilingər, 02 mart 1971-ci ildən 13 noyabr 1974-cü ilə qədər SDİİ-nin nəqliyyat xidmətində xətt nəzarətçisi, Nəqliyyat xidmətinin ləğvi ilə əlaqədar olaraq İdarəetmə Aparatına xətt nəzarətçisi, 1-ci dərəcəli çilingər, 13 noyabr 1974-cü ildən 12 oktyabr 1990cı ilədək Sərnişin Daşımaları üzrə İstehsalat İdarəsində 2714 saylı/kolonnadan X3 köçürülməklə dispetçer, İstehsalat İdarəsinin ləğvi ilə əlaqədar olaraq İANB “Bakı Sərnişin Nəqliyyatı” və rabitə xidmətində dipetçer, 12 oktyabr 1990-cı ildən 25 yanvar 1999-cu ilədək Bakı Sərnişin Nəqliyyatı İB-də NTX Birliyində rəis müavini, rəis, istismar şöbəsinə aparıcı mühəndis, MBS 2-ci dərəcəli mühəndis, 01 fevral 1999-cu ildən 11 iyul 2000-ci ilə qədər Azərbaycan Nəqliyyat prokurorluğunda sürücü, 14 avqust 2000-ci ildən 09 iyun 2008-ci ilə qədər ADDY-da sırası ilə ümumi ştata böyük nəzarətçi kassir, Bakı sahəsi üzrə təcrübəçi özünü maliyyələşdirən müvəkkil, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında özünümaliyyələşdirən müvəkkil, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında müvəkkil, 17 iyul 2008-ci ildən 16 dekabr 2011-ci ilə qədər Azərbaycan Respublikası Baş Prokurorluğunda Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin sürücüsü, 16 dekabr 2011-ci ildən 18 avqust 2014-cü ilə qədər Baş Prokurorluğun Madditexniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat xidməti üzrə baş mütəxəssisi (sürücü), 18 avqust 2014-cü ildən 01 iyun 2020-ci ilə qədər dövlət qulluğuna qəbul olunaraq Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat sektorunun baş mütəxəssisi (sürücü) vəzifələrində işləmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində iddiaçıya işlədiyi dövlət orqanı tərəfindən 01 oktyar 2014-cü il tarixli əmrlə Dövlət quluğunun böyük referenti ixtisas dərəcəsi verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 19.06.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 01.07.2020-ci il tarixli, **********2 №-li məktubdan görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinən əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrin, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət quluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxslərə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən (11 il 10 ay 14 gün) az olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesblanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (hazırda həmin Qanun qüvvədən düşmüşdür): - 2.1.2-ci maddəsinə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. - 5.1-ci maddəsinə əsasən bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. - 8.2-ci maddəsinə görə pensiya almaq hüququ olan şəxs müddət məhdudiyyəti olmadan istənilən vaxt pensiyanın təyin edilməsi üçün Müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. - 9.1-ci maddəsinə görə pensiya müraciət olunan gündən ömürlük təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: - 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 32-1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. - 06 mart 2018-ci il tarixdən qüvvədə olan 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. - Həmin maddənin 06 mart 2018-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; - 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; - 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında , 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət mvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiysının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Göründüyü kimi iddiaçının dövlət qulluğunda olmanın son yaş həddi olan 65 yaşı tamam olan zaman qüvvədə olan qanunvericilik normalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəmə hesab etmişdir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmalı idi. Birinci instansiya məhkəməsi iddia tələbinin «yaranmış pensiya fərqi məbləğinin ödənilməsi» hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclasa Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin inzibati kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq 19.06.2020-ci il tarixdə müraciət edilmişdir. Bu əsasdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır, cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-5848/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar