Məhkəmə qərarları › İş №2-1(103)-741/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-741/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-741/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7400/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1956-cı il təvəllüdlüdür və "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çalışır. 01.07.2008-ci il tarixdən hazırki vaxtadək yol montyoru vəzifəsini icra edir. İşlədiyi müəssisənin A/09, 14.01.2021-ci il tarixli arayışında müvafiq məlumat verilmiş və güzəştli pensiya almaq üçün təqdim olunmuşdur. Həmin müraciətə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtina cavabı vermişdir. 25.02.2021-ci il tarixli, **********7 saylı məktubda imtina səbəbi güzəştli iş stajının olmaması göstərilir. Halbuki, iş yerindən təqdim olunmuş arayış, əmək kitabçasındakı qeydlər həmin stajın varlığını sübut edir. Nazirlər Kabinetinin 23.01.2007 tarixli 12 saylı Qərar 12,5 il güzəştli əmək stajı olanlara 59 yaşdan güzəştli pensiya hüququ verir. Onun artıq 65 yaşı, əmək stajı var və 30 il vergi ödəmişdir. 1975-ci ildən əmək fəaliyyətinə başlamış və həmişə ağır işlərdə çalışmışdır. 12 il 6 ay güzəştli stajı artıq 2021-ci ilin yanvar ayında bitmişdir. Odur ki, ona həmin vaxtdan pensiya verilməlidir. Nazirliyin imtinası əsassızdır, sənədlər də bunu təsdiq edir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı 15 yanvar 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı cavabdeh tərəfindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 14 yanvar 2021-ci il tarixli A/09 nömrəli arayışında 01.07.2008-ci il tarixindən hazırki vaxtadək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7400/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş İddiaçı yanvar 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 14 yanvar 2021 -ci il tarixli A/09 nömrəli arayışında 01.07.2008-ci il tarixindən hazırki vaxtadək "xxxx" QSC- nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından onun güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyaı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Naxçıvan MR, Ordubad rayonu, Çənnəb kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilən 4138 nömrəli fərqlənmə attestatından görünür ki, İddiaçı 02 sentyabr 1974-cü ildən 17 may 1975-ci ilədək Azərbaycan SSR Bakı şəhəri 22 saylı peşə texniki məktəbində Tornaçı ixtisası üzrə təhsil almışdır. - NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1956cı il təvəllüdlü İddiaçı 10.05.1976-cı il tarixdən 10.05.1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - İT-İ seriyalı ******* nömrəli 25.05.1975-ci il tarixli əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 22 saylı PTM-də 02.09.1974-cü ildən 17.05.1975-ci il tarixədək təhsil almışdır. 22.05.1975-ci ildə B.Sərdarov adına Maşınqayırma Zavodunun mexanika sexinə 2-ci dərəcəli tornaçı kimi qəbul edilmişdir. 15.01.1976-cı ildə Qazma nasoslarının kəmər sexinə 2-ci dərəcəli nəqliyyat ilə mal nəql edən (göndərən) kimi keçirilmiş, 28.04.1976-cı ildə həqiqi hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir. 22.06.1978-ci ildə Ordubad kolxozlararası tikinti sahəsinə 3-cü dərəcəli betonçu kimi işə qəbul edilmiş, 10.09.1978-ci ildə işdən azad edilmişdir. 03.10.1978-ci ildə 80 №li X1 “QacaranTikinti” Trestinə 3-cü dərəcəli fəhlə kimi qəbul edilmiş, 27.11.1978-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 29.11.1978-ci ildə Ordubad kolxozlararası tikinti sahəsinə 3-cü dərəcəli fəhlə qəbul edilmiş, 07.05.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. 14.05.1979-cu ildə TMİ-619 Azərbaycan Hava Yollarının Yol Tikinti Trestinə 2-ci dərəcəli tornaçı kimi işə qəbul edilmişdir. 01.02.1980-cı ildə tornaçıya 3-cü dərəcə verilmişdir. 01.03.1980-cı ildə ESN-13 keçirilmişdir. 01.03.1980-cı ildə baza üzrə 3-cü dərəcəli tornaçı kimi qəbul edilmiş, 25.09.1980-cı ildə işdən azad edilmişdir. 21.11.1980-cı ildə 3 saylı X9 “Baş Bakı Tikinti” Baş korpusa 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. 17.12.1980-cı ildə 2-ci dərəcə verilmişdir. 09.02.1981-ci ildə hazır məhsullar anbarına 2-ci dərəcəli takelajçı keçirilmişdir. 15.12.1981-ci ildə İMİ-203 tresti “Bakı şəhər Tikinti” Mexanikləşdirmə”-dən keçirildiyi üçün işdən azad edilmişdir. 16.12.1981-ci ildə İMİ-203 tresti “Bakı şəhər Tikinti” Baş Bakı Tikinti DSK-3-dən keçirildiyi üçün İİP sahəsinə 3-cü dərəcəli tornaçı kimi qəbul edilmişdir. 14.09.1982-ci ildə “Bakı şəhər Tikinti” trestinin 8 saylı Mexanikləşdirmə üzrə xüsusi idarəsinə keçirilmişdir. 14.09.1982-ci ildə İMİ-203 trestindən keçirildiyi üçün 5-ci dərəcəli tornaçı kimi qəbul edilmişdir. 18.11.1986-cı ildə mühəndis kimi keçirilmişdir. 13.12.1989-cu ildə 6-cı dərəcə tornaçı kimi keçirilmişdir. 18.01.1991-ci ildə ƏQM-nin 36-cı maddəsinin 5ci bəndi ilə 3 №-li X7 keçirilmişdir. 22.01.1991-ci ildə İstehsalat Birliyi 8 saylı X9 İMİ-8 tresti Bakı şəhər Mexanikləşdirmədən keçirilməsi ilə armatur sexinə 6-cı dərəcəli tornaçı kimi keçirilmişdir. 01.04.1992-ci ildə mexanika sexinə 6 (altıncı) dərəcəli tornaçı kimi keçirilmişdir. 02.06.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. 03.06.1993-cü ildə “Çinarə” kiçik müəssisəsinə sex rəisi vəzifəsinə işə qəbul edilmişdir. 28.10.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. 15.11.1993-cü ildə nəqliyyat sahəsinə 6-cı dərəcəli tornaçı qəbul edilmişdir. 14.02.1994-cü ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 01.07.2008-ci ildə Bakı Metropoliteni Yol xidməti 1 saylı hissəyə 3-dərəcəli yol fəhləsi qəbul edilmişdir. İş gecə, tuneldə xüsusi, zərərli iş şəraitində. 02.03.2009-cu ildə növbəti 4-cü dərəcə verilmişdir, yol montyoru. 18.07.2014cü ildə "xxxx" QSC Yol Xidməti 1 saylı yol hissəsi 3-cü sahəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə qəbul edilmişdir. İş gecə tuneldə xüsusi, zərərli iş şəraitində. - "xxxx" QSC tərəfindən verilən A/09 nömrəli 14 yanvar 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı 01.07.2008-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində çalışmışdır. 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30- dək) peşəsində işləyir. Arayışın “qeyd” hissəsində göstərilmişdir Yol montyoru yol fəhləsi hesab edilir və yol fəhləsi tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində (xüsusi zərərli ış şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40% əlavə ilə) işləyir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. - Cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 25.02.2021-ci il tarixli **********7 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 14 yanvar 2021-ci il tarixli A/09 nömrəli iddiaçıya dair arayışında 01.07.2008-ci il tarixindən bugünədək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 20.09.2021-ci il tarixli 40N-10/3- 1144 nömrəli məktubu ilə bildirmişdir ki, İddiaçı 01.07.2008-ci il tarixindən hazırki vaxtadək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti ilə) peşəsində çalışır. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 02 ay 18 gün (on üç il iki ay on səkkiz gün) (17.09.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Həmçinin qeyd edilmişdir ki, yol montyoru yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. X8 Sistemindən çıxarışdan müəyyən olunur ki, iddiaçının 08.10.2021-ci il tarixə pensiya kapitalı 38.053,14 manat təşkil edir. Hazırkı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, 02.09.1974-cü ildən hal-hazıradək müxtəlif peşələrdə çalışmış, onun 60 yaşının tamam olduğu dövrə qədər 25 il ümumi iş stajı mövcud olmuş, faktiki malik olduğu pensiya kapitalı 38.053,14 manat təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina edərək, onun güzəştli iş stajını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qeyd etmişdir ki, “İddiaçı yanvar 2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəlmişdir. Məhkəmə qərarından göründüyü kimi iddia təmin edilərkən aşağıdakı maddi hüquq normalarına istinad olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Göründüyü kimi kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunvericiliklə ona güzəştl şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 25 il ümumi iş stajına və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda (“Güzəştli arayış”) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Belə ki, iddiaçının iş yerindən təqdim edilmiş müvafiq arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr: 21.5. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının 60 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. İşin birinci instansiya məhkəməsi zamanı verilmiş müvafiq sorğulara cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 20.09.2021-ci il tarixli 40N-10/3- 1144 nömrəli məktubu ilə bildirmişdir ki, İddiaçı 01.07.2008-ci il tarixindən hazırki vaxtadək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti ilə) peşəsində çalışır. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 02 ay 18 gün (on üç il iki ay on səkkiz gün) (17.09.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Həmçinin qeyd edilmişdir ki, yol montyoru yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən iddiaçıya təqdim edilən arayışda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşa görə 309.17( üç yüz doqquz manat 17 qəpik) əmək pensiyası alır, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7400/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar