Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-741/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4524/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1974-1979-cu illər ərzində Ağcabədi rayonunda “Tacikistan” Kolxozunda işlədiyi müddəti də nəzərə almaq şərtilə, 50 yaşından, yəni 2008 ci ilin yanvar ayının 2-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 2008-ci ildən hazırki vaxta qədər yığılan pensiya məbləği fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 50 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış pensiya məbləği fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2010-cu ilin yanvar ayından güzəştli şərtlərlə, 52 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən tam stajı 1997-ci ilə qədər qazandığı üçün iddiaçıya əmək pensiyası yaşa və staja görə həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 50 yaşından təyin edilməli idi. İddiaçının 50 yaşı 2008-ci il yanvarın 2-də tamam olub. İddiaçı bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh qanunda olan dəyişikliyi sadalasa da, həmin qanunu iddiaçının pensiya mübahisəsinə düzgün tətbiq etməmiş və nəticədə iddiaçının pensiya hüququ məhdudlaşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin məzmununa görə iddiaçının əmək pensiyası almaq hüququ 2006-cı ilədək yaranıbsa, iddiaçının pensiya mübahisəsinin həllinə 2006-cı ilədək qüvvədə olan qanun tətbiq edilməlidir. Həmin qanunun tələbinə görə 1 nömrəli güzəştli siyahı üzrə çalışan işçilərə 50 yaşından əmək pensiyası təyin edilirdi. 1997-ci ilin avqustun 1-dən etibarən yaş həddi hər il altı ay artmağa başladı. Həmin vaxta qədər isə, yəni 1 avqust 1997-ci il tarixinədək iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən ümumi və güzəştli iş stajı tamam olduğu üçün iddiaçıya pensiya həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş yaş həddində müəyyən edilməli idi. Belə ki, iddiaçı 1974- cü ildən 1979-cu ilədək Ağcabədi rayonunda “Tacikistan” kolxozunda işləmişdir və bu faktı təsdiq edən arxiv arayışı vardır. 1979-cu ildən hazırki vaxta kimi isə iddiaçı “Bakıtuneltikinti” müəssisəsində çalışır. İddiaçının 1 nömrəli güzəştli siyahı üzrə iş stajı 1997-ci ilədək 10 ildən artıq, ümumi iş stajı isə 20 ildən artıq olmuşdur. Cavabdeh isə bu halları nəzərə almamış və nəticədə iddiaçının pensiya hüququ məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, 13 iyun 1997-ci il 321 nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı” haqqında Qanununa edilmiş dəyişikliyə əsasən kişilər üçün güzəştli şərtlərlə əmək pensiyası təminatına imkan verən 50 yaş 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılır. Belə ki, 2000-ci il avqustun 1-dən sözügedən yaş həddi 52 müəyyən olunmuşdur. İddiaçının xx.xx.1997-ci il tarixə 10 il güzəştli iş stajı mövcud olmadığından onun 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsinə hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4524/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 13 iyun 1997-ci il 321 nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı” haqqında Qanununa edilmiş dəyişikliyə əsasən kişilər üçün güzəştli şərtlərlə əmək pensiyası təminatına imkan verən 50 yaş 1997ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 2000-ci il avqustun 1-dən sözügedən yaş həddi 52 müəyyən olunmuşdur. İddiaçının xx.xx.1997-ci il tarixə 10 il güzəştli iş stajı mövcud olmadığından onun 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsinə hüququ yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə əsaslı olsa da, pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi hissəsində qərar dəyişdirilməli, apellyasiya şikayəti qismən təmin edilməli, iddia dəyişdirilən hissədə qismən təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) İddiaçının 50 yaşına çatması; 2) xx.xx.1997-cı il tarixədək 20 il ümumi iş stajı; 3) xx.xx.1997-cı il tarixədək azı 10 il xüsusi iş stajı mövcud olmas;/. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur., onun 50 yaşı xx.xx.2008-ci il tarixdə tamam olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi Rayonu İcra Hakimiyyəti Ağcabədi Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 19 saylı məktubdan görünür ki, İddiaçı 1974-1979-cu il dövr ərzində Ağcabədi rayon sabiq Tacikistan kolxozunda işləməsi və əmək haqqı alması barədə aşağıdakı kimi qeydiyyat var: 1974-cü il üzrə minimum adam günü – 240; faktiki adam günü 331; əmək haqqı – 2015; 1975-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 123; əmək haqqı – 614; 1976-cı il üzrə minimum adam günü – 240; faktiki adam günü 276; əmək haqqı – 1650; 1977-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 61; əmək haqqı – 454; 1978-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 184; əmək haqqı – 678; 1979-cu il üzrə minimum adam günü – 240; faktiki adam günü 184; əmək haqqı – 544. Beləliklə, adıçəkilən kolxozda kişilər üçün minimum adam günü norması 240 adam günü olmuş, iddiaçı 1974-cü ildə 331 adam günü, 1976-cı ildə 276 adam günü işləməklə tələb olunan minimum adam günü normasını işlədiyindən həmin illər (2 il) iddiaçının iş stajına tam il olaraq hesablanmalıdır. 1975-ci ildə 123 adam günü, 1977-cı ildə 61 adam günü, 1978-ci ildə 184 adam günü, 1979-cu ildə 184 adam günü işləməklə minimum əmək iştirakı norması ödənilmədiyindən həmin illər iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1975-ci ildə faktiki işlədiyi müddət 06 ay 15 gün (123x12/240=6,15), 1977-cı ildə faktiki işlədiyi müddət 3 ay 05 gün (61x12/240=3,05), 1978-ci ildə faktiki işlədiyi müddət 6 ay 1 gün (184x12/240=9,2), 1979-cu ildə faktiki işlədiyi müddət 6 ay 1 gün (184x12/240=9,2) müəyyən edilir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979cu ildə Baktunnelstroy №7 saylı Tunnel dəstəsi TTŞ-də 2-ci dərəcəli nəqliyyat-köməkçi fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1983-cü ildə yeraltı keçid mexanizmlərinin 4-cü dərəcəli çilingərmontajçı keçirilmiş, xx.xx.1987-ci ildə yeni tarif şərtlərinin tətbiq edilməsi ilə bağlı (VTKS, 4.1986-cı il) ixtisası müəyyən edilib – 3-cü dərəcəli yeraltı dağ keçid avadanlığının çilingərmontajçı keçirilmiş, xx.xx.1988-ci ildə yeraltı yollarının ƏM və TT dağ mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə xx.xx.1992-ci il tarixli, 7 nömrəli əmrə əsasən TMS Az.PO Baktunnelstroy adı Aztunelmetrostroy UTS-2 adı ilə əvəz edilmiş, xx.xx.1994-cü ildə maaşı saxlanmaq şərti ilə öz hesabına məzuniyyətə buraxılmış, xx.xx.1997-ci ildə məzuniyyətdən ƏM və TT geri qaytarılmış, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1998-ci il tarixli, 851 saylı Sərəncamı il “Azərtunelmetrotikinti” SC-nin 2 nömrəli Tunel Tikinti İdarəsi adlandırılmışdır, xx.xx.2006-cı ildə yerüstü iş şəraitində dağ-mədən mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası mühəndisi (10-cu tarif dərəcəsi) keçirilmiş, xx.xx.2010-cu ildə ƏM və TT üzrə mühəndis 11-ci tarif dərəcəli (İMM şöbəsi), xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC-nin TD-nin 2 saylı Tunel Tikinti Dəstəsinə əmək müqaviləsinə əsasən (11-ci tarif dərəcəsi) ƏM və TT mühəndisi qəbul edilmiş, xx.xx.2016cı ildə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə 11-ci dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə keçirilmiş və halhazırda işləyir. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1997-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı olmuşdur (əmək kitabçasına əsasən 17 il 8 ay 17 gün və kolxozda işlədəyi müddət 3 il 9 ay 22 gün). İşin mübahisəli halı iddiaçının xx.xx.1997-ci il tarixədək xüsusi iş stajının 10 ildən az olması ilə bağlıdır. İddiaçının güzəştli iş stajı ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: - Azərbaycan Respublikasının "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, A-187 saylı arayışında qeyd edilir: xx.xx.1958-ci il təvəllüdlü İddiaçı həqiqətən “Bakıtuneltikinti” İdarəsinin 7 nömrəli Tunel dəstəsinə xx.xx.1979-cu il tarixindən 2-ci dərəcəli yardımçı nəqliyyat fəhləsi peşəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixindən yeraltı iş şəraiti üzrə 4cü dərəcəli yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçı, xx.xx.1988-ci il tarixindən yeraltı iş şəraiti üzrə dağ-mədən mühəndisi, xx.xx.2008-ci il tarixindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis işləmişdir. Hal-hazırda Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsində 10-cu dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində çalışır. İddiaçı ağır və yeraltı iş şəraitində çalışdığı peşə və vəzifələr üzrə əmək stajı 20 il 07 ay 28 gün (iyirmi il yeddi ay iyirmi səkkiz gün) təşkil edir. Onun çalışdığı yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçı peşəsi və dağ-mədən mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 1-ci Dağmədən işləri bölməsinin 1.1-ci Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması hissəsinin 1.1.1-ci Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər maddəsinin a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr və b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri bəndləri ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 10100000 İ. Dağ-mədən işləri bölməsinin 1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər hissəsinin müvafiq olaraq 1010100a a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr və 1010100b b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri kodlarına aiddir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti" SC adlandırılmışdır. 7 nömrəli Tunel Dəstəsinin adı dəyişdirilərək 2 nömrəli Tunel Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq: - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixindən “Bakıtuneltikinti” İdarəsinin 7 №-li Tunel dəstəsində 2-ci dərəcəli yardımçı nəqliyyat fəhləsi, xx.xx.1983-cü il tarixindən yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli yeraltı keçid mexanizmlərın quraşdırıcı çilingəri, xx.xx.1988-ci il tarixindən yeraltı iş şəraiti üzrə dağmədən mühəndisi, xx.xx.2008-ci il tarixindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən “Bakıtuneltikinti'’ İdarəsi “Azərtunelmetrotikinti” SC, 7 №-li Tunel Dəstəsinin adı dəyişdirilərək 2 №-li Tunel Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Hal-hazırda İddiaçı "xxxx" QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində çalışır. İddiaçı yeraltı iş şəraitində çalışdığı quraşdırıcı çilingər peşəsi üzrə əmək stajı 05 il 06 ay 10 gündür (beşi il altı ay on gün), əmək şəraiti, xarakteristikası və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nın 1-ci Dağ-mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin “a” yarım bəndində əks olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər)) peşənin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil edir, dağ-mədən mühəndisi vəzifəsi üzrə əmək stajı 20 il 17 gün (iyirmi il on yeddi gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 1-ci Dağ-mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin “b” yarımbəndinin (il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbər, mütəxəssislər, qulluqçular və fəhlələr) yeraltı sahələrin dağ-mədən işləri üzrə mühəndisləri sətrinə aiddir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Belə ki, əmək kitabçasından və işəgötürən tərəfindən verilmiş izahlı arayışların məzmunundan görünür ki, xx.xx.1997-ci il tarixədək iddiaçının çalışdığı yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçı və yeraltı iş şəraiti üzrə dağ-mədən mühəndisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: İ bölmə - Dağ-mədən işləri, bənd 2 - Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər, yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri-quraşdırıcıları – kod 1010300a—19912, yeraltı sahələrin dağ-mədən işləri üzrə mühəndisləri – kod 1010300b—22269 altında qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, işəgötürən tərəfindən verilmiş arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad edilsə də, mübahisələndirilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda da öz əksini tapmışdır. Bu səbəbdən prosessual qənaət prinsipi baxımından yeni bir arayışın tələb edilməsinə lüzum görülmür. Həmçinin, qeyd edilməlidir ki, sözügedən Siyahılarda yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri-quraşdırıcıları vəzifəsi qeyd edilsə də, iddiaçının vəzifəsinin adı yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçı qeyd edilmişdir ki, bu hal da həmin vəzifələrin fərqli vəzifə sayılmasına əsas vermir. Belə ki, montaj sözünün mənası da İzahlı lüğətə əsasən maşınların, binaların, sənaye müəssisələrinin və s.-nin müəyyən plan və çertyojlar əsasında quraşdırılıb qurulması və s. anlamına gəlir. Beləliklə, iddiaçının 1997-ci ilin avqust ayının 1-dək 20 ildən az olmayan ümumi stajı, bu müddətin azı 10 ilini həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiqini tapdığından onun 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, iddiaçının pensiya hüququ xx.xx.2008-ci ildə yarandığına görə həmin vaxt qüvvədə olmuş Qanunun müddəalarına görə də pensiya hesablanması həyata keçirilməlidir. Belə ki, 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "Əmək pensiyaları haqqında" Qanunun 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir. PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayılır. Həmin Qanunun (xx.xx.2010-cu ıl tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27-cı maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. Məhkəmə kollegiyası iddia tələbinin hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin iş üzrə cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, həmin hissədə qərar dəyişdirilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə ilk dəfə xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2018-ci il tarixdən pensiya məbləğindəki fərq hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər, arxiv arayışı, güzəştli arayışları nəzərə alınmaqla, onun xx.xx.1997-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı, həmçinin 10 ildən çox xüsusi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qərarın ləğvinə əsas vermir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4524/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi hissəsində dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ilkin müraciət tarixindən (xx.xx.2021) geriyə 3 il üzrə yəni, xx.xx.2018-ci il tarixindən pensiya fərq məbləğinin hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-741/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-741/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver