Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-742/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehi nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özəlləşdirilən «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsi tərəfindən 2012-ci il oktyabr ayından 2019-cu il oktyabr ayınadək 7 il müddətində ona dövlət müəssisəsinin sosial ödəncləri üzrə 10.800 manat məbləğində yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdı ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsində fəhlə işləyərkən əmək xəsarətləri alaraq, qanunla nəzərdə tutulan qaydada müavinət almış, lakin 2012-ci ilin oktyabr ayından ona ödənilən müavinətlərin verilməsi dayandırılmışdır. Cavabdeh orqan tərəfindən bu hal əvvəl onunla əsaslandırmışdır ki, idarə özəlləşməyə gedir və ona ödənclər veriləcəkdir. O da rəhbərliyin şifahi göstərişinə inanmışdır. Nəhayət, «Bakı şəhər Tikinti Tresti» 21 saylı Tikinti İdarəsi 21 iyun 2016-cı il tarixdə ləğv edilərək Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Ondan sonra aidiyyatı bütün dövlət orqanlarına müraciət etsə də, heç bir müvafiq orqan ona dəqiq kimə müraciət etmək lazım olduğunu bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Göründüyü kimi, həmin ödənclərin verilməsi qanunvericilikdə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi işlədiyi müəssisə hazırda fəaliyyət göstərmir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəbdən də iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. İşçinin aylıq müavinəti almaq hüququ mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına və 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Aylıq müavinəti almaq üçün əsas şərt şəxsin işlədiyi müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirmənin başa çatmasıdır. Həmçinin 2003-cü ilə kimi müəssisənin vətəndaşlara borcu olmamış və müəssisə ləğv edilənədək vətəndaşlara ödənclər ödənilmişdir. Eləcə də müəssisənin borcu olmadığı üçün 2008-ci ildə vətəndaşla Fond arasında müqavilə bağlanılmamışdır. Nazırlik tərəfindən aparılmış araşdırmalar nəticəsində iddiaçının işlədiyi müəssisənin həmin siyahılarda olmadığı aşkar edilmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən vətəndaş 1993-cü ildə xəsarət almış və müəssisə tərəfindən 2012-ci ilədək ona xəsarətə görə ödənc ödənilmişdir. Qaydalar qüvvəyə minənədək (26.09.2003-cü il) müəssisənin vətəndaşa borcu olmamışdır. Vətəndaşın işlədiyi müəssisə əvvəl dövlətin mülkiyyətində olsa da, sonradan özəlləşdiilmiş hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və müstəqil fəaliyyət göstərmişdir. Buna görə də cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi müəyyən olunmur. Tərəflərin izahatları Apellyasiya baxışı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətinin və ona əlavənin dəlillərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsində daş ustası işləyən İddiaçı 14.12.1981-ci il tarixdə bədbəxt hadisə zamanı xəsarət almışdır. Tibbi Həkim Komissiyasının 04.04.1990-ci il tarixli çıxarışının və Nizami rayon Sosial Təminat Şöbəsinin 415400 saylı vəsiqəsinin surətindən görünür ki, İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş, ona görə ona 2-ci qrup əlillik verilməklə aylıq əmək haqqının 104 rubl.31 qəpik miqdarında 01.01.1991-ci il tarixdən pensiya təyin edilmişdir. 21 saylı Tikinti İdarəsinin 01/07 saylı 25.08.2014-cü il tarixli məktubundan görünür ki, İddiaçı istehsalat qəzası nəticəsində xəsarət almış və ona 2012-ci ilin oktyabr ayına qədər ayda 120 AZN ödənilmişdir. Müəssisə hal-hazırda heç bir fəaliyyət göstərmir, ona görə də xəsarət ödəmə imkanı yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********96 saylı 03.03.2020-ci il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsində mövcud olan arxiv sənədlərinə əsasən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı tikinti idarəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamentı ilə bağlanmış 10.07.2001-ci il tarixli, 2252 nömrəli alqı-satqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X6 tərəfindən özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 920 nömrəli 26.09.2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən həmin Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-cı iliərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin Qaydalar qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. 21 saylı tikinti idarəsinin özəlləşdirilməsi həmin Qaydalar qüvvəyə minənədək başa çatdığından (2001-ci ildə), qeyd edilən müəssisənin adı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş müvafiq siyahıya daxil edilməmişdir. Azərbaycan Republikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000275 saylı 17.09.2001-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı tikinti idarəsi özəlləşdirilmişdir. İddiaçı istehsalat qəzası nəticəsində ödənilməli ödənclərin ona ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı 13 iyun 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Özəlləşdirilən və idarəetməyə verilən dovlət müəssilərinin istəhsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən, həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndinə əsasən özəlləşdirilməyə açıq elan edilmiş müəssisədə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2008-cı il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cu il 27 sentyabr tarixindən bu qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır, zərər əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həmin imtina məktubundan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona 2012-ci ildən sonra aylıq ödənicin verilməməsinə istinad etmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq iddia qismən təmin edilmişdir. Belə ki, məhkəmə iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki iş üzrə iddiaçının işlədiyi “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsinin 21.06.2016-cı il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxlərin dövlət reyestrindən çıxarılması, ləğv zamanı ödənclərin gələcəkdə ödənilməsinin kapitallaşdırılmaması, 21.06.2016-cı il tarixdən etibarən həmin ödənclərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ödənilməli olduğu, iddiaçının işlədiyi və istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş müəssisənin 2001-ci ildə özəlləşdirildiyi, iddiaçı barədə məlumatların Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmədiyi, həmçinin müəssisənin ləğvi zamanı prosedur qaydalara riayət edilməməsinin iddiaçının iradəsindən asılı olan hal olmaması və onun Konstitusiya ilə müdafiə olunan hüquqlarının məhdudlaşdırılması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxıb qərar qəbul etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə kollegiyası əvvəla hazırki iş üzrə iddiaçının iddiasının bu cavabdeh inzibati orqana qarşı mümkünlük şərtlərini yoxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği” Qaydalarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Qaydaların 1.2-ci bəndinə əsasən isə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 804 saylı 04 avqust 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 242 saylı 14 oktyabr 2008-ci tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Göründüyü kimi, hər iki Qayda özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Qaydalar qüvvəyə minənə qədər verilməli aylıq ödənc üzrə borclar və bu borcların əvəzinə aylıq müavinətin təyin edilməsi ilə bağlıdır. Hazırki işdə isə iddiaçının işlədiyi müəssisənin nəinki Qaydalar qüvvəyə mindiyi 2008-ci ilə qədər, hətta 2012-ci ilədək iddiaçıya aylıq ödənc üzrə hər hansı borcunun olduğu müəyyən olunmur. Əksinə, iddiaçı ona müəssisə tərəfindən aylıq ödənclərin 2012-ci ilin oktyabr ayınadək ödənildiyini bildirir. Hazırki işdən görünür ki, iddiaçının işlədiyi müəssisə 2001-ci ildə özəlləşdirilmiş və bundan sonra ona aylıq ödənclərin verilməsi 2012-ci ilin oktyabr ayına kimi davam etmiş, bu dövrdə ona müəssisənin hər hansı borcu olmamışdır. Lakin sonradan müəssisə 21.06.2016-cı il tarixdə ləğv edilmiş və Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan sonra iddiaçılar X4, İddiaçı, X7 cavabdeh Bakı şəhər Tikinti Tresti 21 saylı Tikinti İdarəsinin Ləğv etmə Komissiyasına qarşı “əmək xəsarətinə görə ödəniş” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər, lakin onların bu iddiaları üzrə icraata müəssisənin ləğv edilməsi və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması əsası ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-63/2018 saylı 07.02.2018-ci il tarixli qərardadı ilə xitam verilmiş, həmin qərardad apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həmin Məcəllənin 1126.2-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Göründüyü kimi, mülki qanunvericilikdə hüquqi şəxsin ləğvi zamanı vurulmuş zərərin ödənilməsi üçün ödənişlərin qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun şəkildə kapitallaşdırılmalı olduğu qeyd olunmuşdur. Lakin hazırki işdə “Bakışəhərtikinti” trestinin 21 saylı Tikinti İdarəsinin hüquqi şəxs kimi 2001-ci ildə ləğv olunduğu zaman həmin prosedur qaydasına riayət olunduğu (kapitallaşdırmanın aparıldığı) müəyyən olunmur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi müəssisənin 21.06.2016-cı il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığını, ləğv zamanı ödənclərin gələcəkdə ödənilməsinin kapitallaşdırılmadığını, müəyyən produr qaydalara riayət edilməmənin iddiaçının iradəsindən asılı olan hal olmadığını və hazırda bu sahədə dövlət siyasətini həyata keçirən və əhalinin bu statusda olan qisminin sosial müdafiəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğunu nəzərə alaraq 21.06.2016-cı il tarixdən etibarən həmin ödənclərin iddiaçıya həmin Nazirlik tərəfindən ödənilməli olduğu qənaətinə gəlmişdir. Halbuki, yuxarıda sadalanan qanunvericilik aktlarının məzmununda iddiaçının işlədiyi 2001-ci ildə özəlləşdirilən müəssisənin 21.06.2016-cı il tarixdə ləğv edilməsi zamanı qanunvericilikdə nəzərdə tutulan qaydada ödənclərin gələcəkdə ödənilməsini tənzimləmək məqsədilə kapitallaşdırılma prosesinin aparılmadığı və müəssisənin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığı üçün bundan sonrakı müddətdə həmin ödənclərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmalı olması ilə bağlı hər hansı müddəa öz əksini tapmamışdır. Buna görə də iddiaçının hazırki iddia tələbində qoyduğu vəzifənin cavabdeh inzibati orqanın qanundan irəli gələn öhdəliyinə aid olduğu müəyyən olunmur. Bundan başqa birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği” Qaydalarının 19 mart 2010-cu il tarixədək qüvvədə olmuş 3.7 və 3.8-ci bəndlərində oxşar münasibətlər üzrə hansı üsulla ödənclərin ödənilməsi Qaydasının müəyyən edildiyinə istinad etmişdir. Bu barədə Kollegiya qeyd edir ki, adı çəkilən bəndlərdə nəzərdə tutulan tənzimləmə hazırki işdə iddiaçının vəziyyətinə analogiya üzrə tətbiq oluna bilməz. Belə ki, əvvəla Qaydaların həmin bəndlərində Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasından söhbət gedir ki, hansı ki həmin təqsirkar kolxoz və sovxozlar dövlət müəssisələri olmuşlar və ləğv edilmiş belə kolxoz və sovxozların hüquqi varisi olmadıqda həmin zərərin dövlət vəsaiti hesabına ödənilməsi nəzərdə tutulurdu. Nəzərə almaq lazımdı ki, hazırki işdə iddiaçının işlədiyi və ləğv edildikdən sonra hüquqi varisi olmayan müəssisə dövlət müəssisəsi deyil, 2001-ci ildə özəlləşdirilmiş müəssisə olmuşdu. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında göstərilən əsaslandırma və ümumiyyətlə işə mahiyyəti üzrə baxılmasının mümkün hesab edilməsi ilə razılaşmayaraq hesab edir ki, inzibati orqanın üzərinə qanunda nəzərdə tutulmayan hər hansı vəzifənin qoyulması yolverilməzdir. Buna görə də iddiaçıya məhkəmə kollegiyası tərəfindən müvafiq hüquqi yardım göstərilmiş, lakin iddiaçı məhz bu inzibati orqana qarşı verdiyi tələbə mahiyyəti üzrə baxılmasında israrlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının tələbinin inzibati orqanın qanundan irəli gələn öhdəliyinə aid olması ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçı hazırki iddia tələbində qoyduğu vəzifənin inzibati orqanın qanundan irəli gələn öhdəliyinə aid olduğunu əsaslandıra bilməmiş və bu öhdəliyin yerinə yetirilməməsi ilə onun hansı hüquqlarının pozulduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərarı maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-742/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-742/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver