Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-742/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Taqpdıq oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1102/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Neftçala şəhərində anadan olmuşdur. xx.xx.1974-xx.xx.1975-ci illərdə Bakı X7nda işləmişdir. 1975-1980-ci illərdə ali təhsil almışdır. xx.xx.1980-ci ildən xx.xx.1997-ci ilədək “Azərneftyağ” adına Bakı NEZ zavodunda müxtəlif zərəli peşə və vəzifələrdə işləmişdir. Güzəştli şərtlərlə zərərli peşə və vəzifələrdə 18 il işləyib. Zərərli peşə və vəzifələrdə işləməyi müvafiq arayış ilə təsdiq olunur. xx.xx.1997-ci il tarixdən, xx.xx.2001-ci il tarixədək "Zaur” firmasında işləyib. xx.xx.2001-ci il tarixdən bu günədək "Azərsu" Açıq Səhmdar cəmiyyətində müxtəlif vəzifələrdə işləyir. xx.xx.2017-ci il tarixdə onun 61 yaşı olmuşdur və azı 35 il sığorta stajına malik olmuşdur. Hazırda 65 yaşı var 40 ildən çox sığorta stajına malikdir. Lakin ona bu günədək pensiya təyin edilməmişdir. Cavabdeh orqana müraciət edərək, güzəştli şərtlərlə pensiya hüququmun təmin edilməsi xahiş etsə də müraciətinə heç bir cavab verilməmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neftin, qazın, qaz Kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10.5) bəndinin rəhbərlər və mütəxəssislər yarımbəndində (b) mexaniklər, ustalar, böyük ustalar, texnoloji sexlərin rəisləri və onların müavinləri, mühəndislər (növbəli məşğul olanlar), növbə rəisləri və sex rəisləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 yanvar 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının və SOCAR-ın “Heydər Əliyev” X5 xx.xx.2021-ci tarixli SOCAR**********80020123X00013 nömrəli arayışın surətlərində xx.xx.1980- xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Bakı NEZ-da mexanik, böyük mexanik, böyük usta, rəis müavini, mühəndis və sex rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmin müəssisənin iddiaçıya dair yuxarıda qeyd olunan arayışında işlədiyi vəzifələrin neftin, cazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10.5) bəndinin rəhbərlər və mütəxəssislər (b) yarımbəndinə aid olub-olmaması barədə hər hansı bir məlumat qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda qeyd edilən məlumatların müvafiq arayışda əks olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1102/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 yanvar 1981-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasının və SOCAR-ın “Heydər Əliyev” X5 dair xx.xx.2021-ci il tarixli SOCAR**********80020123X00013 nömrəli arayışın surətlərində xx.xx.1980- xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Bakı NEZ-da mexanik, böyük mexanik, böyük usta, rəis müavini, mühəndis və sex rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmin müəssisənin iddiaçıya dair yuxarıda qeyd olunan arayışında işlədiyi vəzifələrin neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10.5) bəndinin rəhbərlər və mütəxəssislər (b) yarımbəndinə aid olub-olmaması barədə hər hansı bir məlumat qeyd olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı ci il təvəllüdlüdür, 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının müəyyən edilmiş yaş həddinə çatması (57 yaş) və tələb olunan ümumi iş stajına (xx.xx.2006-ci il tarixə 25 il staj) malik olması işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, 57 yaşı xx.xx.2013-cü ildə tamam olmuşdur. Həmçinin, İddiaçı 22 yanvar 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1980-ci il tarixdə başlamış, 1980-1994-cü illərdə “Azərneftyağ” adına Bakı NEZ zavodunda işləmişdir. xx.xx.1997-ci il tarixdən, xx.xx.2001-ci il tarixədək " Zaur” firmasında işləmişdir. xx.xx.2001- ci il tarixdən bu günədək " Azərsu" Açıq Səhmdar cəmiyyətində müxtəlif vəzifələrdə işləyir. İşin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Apellyasiya şikayətinin güzəştli iş stajının mövcud olmaması dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarına əlavə olunmuş SOCAR-ın xx.xx.2021-ci tarixli **********80020123X00186 arayışına əsasən, İddiaçı aşağıda qeyd olunan peşələrdə çalışmışdır. - xx.xx.1974 - xx.xx.1974-ciü illərdə – 12№-li sexdə çilingər-şagird peşəsində Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320№-li Qərarın 2№li Siyahının 2130301a-18559 kodla müəyyən edilmiş qaydalara əsasən zərərli iş şəraitində işləmişdir. - xx.xx.1974 - xx.xx.1975-ci illərdə – 6№li sexdə operator köməkçisi peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320№-li Qərarın 2№li Siyahınin 2130301a-16085 kodla müəyyən edilmiş qaydalara asasan zərərli iş şəraitində işləmişdir. - 1975 - 1980-ci illərdə ali təhsil almışdır. 1980 - 1997-ci illərdə Bakı NEZ (X7) zavodunda işləmişdir. - xx.xx.1980 - xx.xx.1982-ci illərdə – 5№-li texnoloji sexin yağların hidrotəmizləmə qurğusunda mexanik vəzifəsində Azarbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli №-li Qərarın 2№-li Siyahının 2130301b-23485 kodla müəyyən edilmiş qaydalara asasan zərərli iş şəraitində işləmişdir. - xx.xx.1982 - xx.xx.1986-cı illərdə – 3№li texnoloji sexdə böyük mexanik vəzifəsində Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320№-li Qərarın 2 №li Siyahının 2130302b-23485 kodla müəyyən edilmiş qaydalara əsasan zərərli iş şəraitində işləmişdir. - xx.xx.1986 - xx.xx.1988-ci illərdə – 10№li sexdə böyük usta vəzifəsində Azarbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli №-li Qərarın 2№-li Siyahının 2130301b-23187 kodla müəyyən edilmiş qaydalara əsasan zərərli iş şəraitində işləmişdir. - xx.xx.1988 - xx.xx.1992-ci illərdə – 10№-li sexdə rəis müavini vəzifəsində Azarbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli №-li Qərarın 2№-li Siyahının 2130301b- 24125 kodla müəyyən edilmiş qaydalara əsasan zərərli iş şəraitində işləmişdir. - xx.xx.1992 - xx.xx.1994-ci illərdə – İdarə heyətinin əsaslı tikinti şöbəsində mühəndis vəzifəsində işləmişdir. - xx.xx.1994 - xx.xx.1997-ci illərdə – 8 №li sexdə rəis vəzifəsində Azarbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli №-li Qərarın 2№-li Siyahının 2130301b-24125 kodla müəyyən edilmiş qaydalara əsasan zərərli iş şəraitində işləmişdir. xx.xx.1997-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən işçi xahişi ilə işdən azad edilmişdir. İşin araşdırılmış hallarından aydın olduğu kimi, İddiaçı xx.xx.1982-xx.xx.1986 – 3№li texnoloji sexdə böyük mexanik (2130302b-23485 kodla), xx.xx.1986 -xx.xx.1988 – 10№li sexdə böyük usta (2130301b-23187 kodla), xx.xx.1988 - xx.xx.1992 – 10№-li sexdə rəis müavini (2130301b-24125 kodla), xx.xx.1994-xx.xx.1997 – 8 №li sexdə rəis vəzifəsində (2130301b-24125 kodla) müəyyən edilmiş qaydalara əsasan zərərli iş şəraitində işləmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının məhz neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsində çalışmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası isə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından, işəgötürən tərəfindən verilmiş güzəştli arayışdan aydın olur ki, iddiaçı məhz X7nda yuxarıda qeyd edilən vəzifələrdə işləmişdir. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Göründüyü kimi, iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1102/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-742/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-742/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver