Məhkəmə qərarları › İş №2-1(103)-742/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-742/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-742/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1727/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər X9 İcraiyyə Komitəsinin 6/249 nömrəli, 21 iyul 1989-cu il tarixli qərarına əsasən ayrılmış və Bakı şəhər İcraiyyə Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 84 nömrəli kooperativi tərəfindən verilmiş B/S nömrəli orderlə mənə məxsus olan Ləhiş bağlar sahəsində 84 nömrəli BTK-nın nəzdində ayrılmış 0,12 ha sahəsi olan 1194 В nömrəli bağın (torpaq sahəsinin) adına mülkiyyət hüququ üzrə ilkin qeydiyyata alınması, müvafiq olaraq mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış və plan-çizgi verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləhiş bağ Tikinti Kooparetivinin üzvü olmaqla əməkdar mühəndis olduğundan Bakı şəhər X9 İcraiyyə Komitəsinin 6/249 nömrəli 21 iyul 1989-cu il tarixli qərarı ilə Bağ-tikinti Kooperativinin heyət tərkibi təsdiq edilmiş, 84 nömrəli BTK-nin 34 nəfər üzvü üçün müəyyən edilmiş qaydada bağ sahəsinin ayrılması və onun da həmin siyahıya daxil edilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhər İcraiyyə Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş istehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 84 nömrəli kooperativi tərəfindən sözügedən qərara əsasən ona Ləhiş bağlar sahəsində 84 nömrəli BTK-nin nəzdində 0 12 ha sahəsi olan 1194 В nömrəli bağın ayrılması barədə b/s nömrəli order verilmişdir. Sözügedən qərarda hansı qərara əsasən hansı sahədə, hansı ölçüdə və hansı nömrəli bağın ayrılması göstərilmişdir. Həmin dövrdən sözgedən bağdan sərbəst və maneəsiz istiadə edir, hətta bağ sahəsini kəsilmiş mişar daşları ilə hasaralamış, mərzçəkmə işini də görmüşdür. Bağ sahəsinin mülkiyyət hüququ ilə adına ilkin hüquqi qeydiyyata alınması, adına mülkiyyət hüququna dair çıxarış və plan-cizgi verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Verilən birinci və xx.xx.2021-ci il tarixli imtina cavabında onun 84 nömrəli BTK-in üzvlüyündən çıxarılaraq 60 nömrəli BTK-nin üzvlüyünə daxil edilməsi barədə arxivdə məlumat olduğunu, 60 nömrəli BTK-nin nəzdində olan bağın başqa şəxsin adına qeydiyyatdan keçdiyini, bağ sahəsinin faktiki ölçüsünün 1200 kv.m deyil, 1188 kv.m olduğunu, həmçinin, arxiv çıxarışında bağ sahəsinin nömrəsinin və ölçüsünün göstərilmədiyi qeyd olunmaqla qeydiyyatın aparılmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra sözügedən bağ sahəsində tərəfindən yenidən hasarlama işləri aparmış, nöqsanları aradan qaldırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin bu qənaəti tam qanunsuz və əsassızdır. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, idarənin mövcud arxiv məlumatlarına əsasən iddiaçının 84 nömrəli X2 üzvlüyündən çıxarılaraq 60 nömrəli X2 üzvlüyünə qəbul edilməsi haqqında məlumat aşkar edilmişdir. Lakin, 60 nömrəli BTK-nin nəzdində iddiaçıya ayrılmış eyni nömrəli bağ sahəsi digər şəxsin ("xxxx" MMC) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin texniki baxış keçirilən zaman sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki ölçüsünün 1188 kv.m olduğu aşkar olunmuşdur. Bundan başqa, arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********33 saylı cavab məktubu ünvanlanmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,1188 ha ölçüdə “1194 V” saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun ilkin qeydiyyata alınması, müvafiq olaraq reyestrindən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1727/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Həmçinin İdarənin mövcud arxiv məlumatlarına əsasən iddiaçının 84 nömrəli X2 üzvlüyündən çıxarılaraq 60 nömrəli X2 üzvlüyünə qəbul edilməsi haqqında məlumat aşkar edilmişdir. 84 nömrəli BTK nəzdində torpaq sahəsinin ayrılmasına əsas olmuş Bakı şəhər XDS İK-nin qərarı xx.xx.1989-cu il, 60 nömrəli BTK nəzdində torpaq sahəsinin ayrılmasına əsas olmuş Bakı şəhər XDS İK-nin qərarı isə xx.xx.1989-cu il tarixlidir. 60 nömrəli BTK-nin nəzdində iddiaçıya ayrılmış eyni nömrəli bağ sahəsi digər şəxsin ("xxxx" MMC) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin texniki baxış keçirilən zaman sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki ölçüsünün 1188 kv.m olduğu aşkar olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən 60 və 84 nömrəli ВТК-da qeyd olunan bağ nömrəsi aşkar olunmamışdır. Həmçinin ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır. Yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən təqdim olunan order barədə isə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: - Bakı şəhər İcraiyyə Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağ sahəsindəki 84 nömrəli kooperativinin B/C nömrəli orderindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 21 iyul 1989- cu ildə 6/249 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsindən 84 nömrəli BTK nəzdində 0,12 ha sahəsi ola 1194 “v” nömrəli bağ ayrılmışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 07 sentyabr 2022-ci il tarixli, BA-05620-2022 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər X10 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli Qərarı ilə Ləhiş massivində 84 nömrəli BTK üzvlərinin siyahısında 28- ci sırada İddiaçı adı qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubunda bildirilmişdir ki, 60 nömrəli bağ tikinti kooperativi nəzdində Sabunçu rayonu, Ləhiş bağ massivində 1194V nömrəli bağ sahəsinə dair sənəd, həmçinin 1194V bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır. - Bakı şəhər X10 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 nömrəli qərarı ilə təsdiq edilmiş Ləhiş massivində 60 nömrəli BTK üzvlərinin siyahısında 33-cü sırada İddiaçı adı (bağ sahəsinin nömrəsi 4546) qeyd edilmişdir. - 60 saylı BTK-ya ünvanlanan (göndərən BTK-nın nömrəsi oxunmur) xx.xx.1989-cu il tarixli məktubda qeyd olunmuşdur ki, 84 nömrəli BTKdan çıxmış X6 60 nömrəli BTK üzvlüyünə qəbul edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki 0.1188 ha. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində İ – s/q, və İİ – köməkçi tikili var. Bağ sahəsi yeni çəkilmiş yolun kənarında yerləşir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********12 nömrəli məktubuda qeyd olunmuşdur ki, 60 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1194v saylı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, 60 nömrəli ВТК üzvlərinin siyahısında İddiaçı adına 4546 saylı bağ sahəsi göstərilmişdir. Həmçinin bildiririk ki, Ləhiş bağ massivində yerləşən 4546 saylı bağ sahəsi xx.xx.2004-cü il tarixli, 30559 saylı icarə müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə X3 adına ilkin qeydiyyata alınmışdır, xx.xx.2021-ci il tarixdə isə onun adına vahid əmlak olaraq 4546 saylı bağ evi kimi qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən 0.1193 hektar torpaq sahəsi ünvan 2ilmiş 4Ə-132 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********86 nömrəli məktubuda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd olunsa da faktiki ölçüsünün 1188 kv.m təşkil edir. İdarənin mövcud arxiv məlumatlarına əsasən X7 adı 84 nömrəli X2 üzvlüyündən çıxarılaraq 60 nömrəli X2 üzvlüyünə qəbul edilməsi haqqında məlumat aşkar edilmişdir. Lakin, 60 nömrəli BTK-nin nəzdində olan 4546 saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən 60 və 84 nömrəli ВТК-da qeyd olunan bağ nömrəsi aşkar olunmamışdır. Həmçinin ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********95 nömrəli məktubuda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məluma olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd olunsa da faktiki ölçüsü 1188 kv.m təşkil edir. İdarənin mövcud arxiv məlumatlarına əsasən İddiaçı adı 84 nömrəli X2 üzvlüyündən çıxarılaraq 60 nömrəli X2 üzvlüyünə qəbul edilməsi haqqında məlumat aşkar edilmişdir. Lakin 60 nömrəli BTK-nın nəzdində olan 4546 saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Vahid elektrn baza məlumatlarına əsasən 60 və 84 nömrəli BTK-da qeyd olunan bağ nömrəsi aşkar olunmamışdır. Bundan əlavə ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmasa da təqribi uyğun gəlir. Həmin məktubla göndərilmiş ərazinin ortofoto görüntüsündən müəyyən olunur ki, iddiaçının iddia etdiyi bağ sahələrinin ətrafında 1194a, 377q, 1308, 1309, 1310, 5693 nömrəli bağ sahələrinin yerləşdiyi görünür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. İdarənin mövcud arxiv məlumatlarına əsasən iddiaçının 84 nömrəli X2 üzvlüyündən çıxarılaraq 60 nömrəli X2 üzvlüyünə qəbul edilmiş, 60 nömrəli BTK-nin nəzdində iddiaçıya ayrılmış eyni nömrəli bağ sahəsi digər şəxsin ("xxxx" MMC) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır.

3. İddiaçı tərəfindən təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir.

Apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, BTK tərkibində bağ sahəsinin ayrılmasına dair qərar və həmin qərar əsasında verilmiş order mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verir. Təqdim edilmiş arxiv sənədlərindən görünür ki, iddiaçı Ləhiş bağ massivində Bakı şəhər X10 İcraiyyət Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 nömrəli qərarı ilə 60 nömrəli BTK üzvlüyünə, daha sonra Bakı şəhər X10 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarı ilə 84 nömrəli BTK üzvlüyünə qəbul edilmişdir. Cavabdeh iddiaçının 84 nömrəli BTK-dan çıxaraq 60 nömrəli BTK üzvlüyünə qəbul edildiyini, bununla da bilavasitə iddiaçının həmin 84 nömrəli BTK tərəfindən verilmiş order əsasında bağ sahəsinə hüququnun yaranmadığına istinad etsə də, qeyd edilən bu hal öz təsdiqini tapmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının hər iki BTK tərkibində üzvlükdə olması barədə məlumat olsa da, sonuncu dəfə Bakı şəhər X10 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarı olduğundan hesab edilir ki, iddiaçıya məhz 84 nömrəli BTK tərkibində bağ sahəsi ayrılmış, ona 1194V nömrəli bağ sahəsinin ayrılması barədə B/S seriyalı order verilmişdir. Arxiv sənədərində xx.xx.1989-cu il tarixli məktubla iddiaçının 84 nömrəli BTK-dan çıxaraq 60 nömrəli BTK üzvlüyünə qəbul edilməsi xahiş edilsə də, adından da göründüyü kimi sözügedən sənəd yalnız “xahiş” məzmununda olan məktubdur və həmin sənəd iddiaçının bir BTK-dan çıxaraq digər BTK üzvlüyünə daxil olduğunu və ona müvafiq BTK tərkibində bağ sahəsi ayrıldığını göstərən torpaqayırma sənədi hesab edilmir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının ilkin olaraq üzv olduğu 60 nömrəli BTK üzvərinin siyahısında iddiaçının adına 4546 nömrəli bağ sahəsi göstərilsə də, hazıkı halda həmin bağ sahəsi ilkin olaraq X3 adına xx.xx.2004-cü il tarixli icarə müqaviləsi əsasında xx.xx.2010-cu ildə qeydiyyata alınmış və hazırda başqa bir şəxsin ("xxxx" MMC) adına qeydiyyatdadır. İddiaçının iddiası həmin bağ sahəsi ilə bağlı deyildir, iddiaçının iddia etdiyi 1194v saylı bağ sahəsi qeydiyyata alınmamış, boş torpaq sahəsidir. Bağ torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və həmin sahəyə hər hansı üçüncü şəxsin iddiasının olduğu iş üzrə müəyyən olunmur. Apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Bakı şəhər X10 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarının arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsünün qeyd olunmaması hüququn qeydiyyatına mane hesab olunmur. Belə ki, adıçəkilən Bakı şəhər X10 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarı 84 nömrəli BTK üzvlərinin siyahısının təsdiq edilməsi barədədir, həmin qərarda və ya siyahıda bağ nömrəsinin, torpaq sahəsinin ölçüsünün qeyd edilməli olmasına dair imperativ tələb yoxdur. Həmin qərar əsasında verilmiş orderdə bağın nömrəsi və ölçüsü qeyd edilmişdir. Kollegiya həmçinin cavabdehin “iddiaçı tərəfindən təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir” dəlilinə münasibətdə qeyd edir ki, Orderin nüsxəsinin İdarənin arxivində olmaması və ya Bağlar Təsərrüfatı tərəfindən orderin bir nüsxəsinin verilməməsi iddiaçının təqsiri deyildir və onun ziyanına təfsir edilə bilməz. Orderin əsli iddiaçıda olmaqla notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Order ləğv edilməmiş və ya etibarsızlığını təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçının iddia etdiyi 1194v saylı bağ sahəsinə təqdim edilən Bakı şəhər X10 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarı və həmin 84 nömrəli BTK-nın təqdim etdiyi B\S seriyalı orderi mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, təqdim olunmuş BTK-nın bölgü sxemində 1194v saylı bağ nömrəsi qeyd edilməsə də Ləhiş bağ massivində yerləşən bağların sxematik xəritəsində 1194 nömrəli bağ nömrəsi öz əksini tapmışdır. Eyni zamanda iddiaçının 1194v nömrəli bağ sahəsi kimi iddia etdiyi bağ sahəsinin ən yaxın məsafədəki qonşu bağ sahəsi 1194a nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Belə olan halda sxematik xəritədəki 1194 nömrəli bağ sahəsinin sonradan 1194a və 1194v nömrəli bağ sahələrinə bölündüyü ehtimalı istisna edilmir. Eyni zamanda sxematik xəritədə bağların yerləşməsi ilə iddia olunan ərazidə olan bağ sahələrinin ortofoto görüntüsünü müqayisə etdikdə məlum olur ki, iddiaçının iddia etdiyi bağ sahəsinin naturadakı vəziyyətində ən yaxın məsafədə 1308, 1309, 1310 nömrəli bağ sahələri yerləşir ki, həmin nömrəli bağların sxematik xəritədə 1194 nömrəli bağ sahəsinin yanında, eyni istiqamətdə yerləşdiyi müşahidə olunur. Bununla əlaqədar cavabdeh orqan məhkəmə sorğusuna cavabda da iddia olunan 1194 v saylı bağ sahəsinin sxematik xəritəyə təqribən uyğun gəlidiyini də bildirmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Ləhiş bağ massivi 0.1188 ha ölçüdə 1194v saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. Hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1727/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Sabit Bəhrəmzadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar