Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-743/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1962-ci il tarixində Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2-1(112)-954/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Paşayev İbrahim Əlisafa oğlu 16.12.2019-cu il tarixdə iddiа ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə mürаciət еdərək, hüququnun yarandığı vaxtdan (57 yaşdan) yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki onun 25 il ümumi əmək stajı vardır, o cümlədən 12 il 06 ay güzəştli əmək stajına malikdir, belə ki, o uzun müddət qaldırıcı maşinisti peşəsində işləmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2-1(112)-954/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiа tələbi təmin edilmiş, iddiaçı Paşayev İbrahim Əlisafa oğluna pensiya almaq hüququ yarandığı 26 fevral 2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 27.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2-1(112)-954/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və kondensatın hasilatı yarımbölməsində (10.2) qaldırıcıların maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasında iddiaçının 01.07.1988-01.11.1999-cu il tarixləri arasındakı dövr ərzində “Salyanneft” Neft- Qaz Çıxarma İdarəsinin Xüsusi texnika sexində maşinist işlədiyi qeyd edilmişdir. Həmin vəzifə yuxarıda göstərilən qərara uyğun deyildir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2-1(112)-954/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE № 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 96 №li, 01.04.2019-cu il tarixli arxiv arayışına əsasən “Salyanneft” NQÇİ-nin 1998-1999-cu ilin əmək haqqı hesablama cədvəllərində iddiaçının 5-ci dərəcəli qaldırıcı maşinist işləməyi qeyd edilmişdir, - “Salyan OYL LTD” şirkətinin 05.03.2019-cu il tarixli, HR-19-007 №-li arayışına əsasən iddiaçı 01.07.1988-01.11.1999-cu illərdə “Salyanneft” Neft-Qaz Çıxarma İdarəsinin Xüsusi Texnika sexində “Bakılı” qaldırıcısında maşinist, 01.11.1999- 01.05.2005-ci illərdə "xxxx" LTD Şirkətinin Xüsusi texnika sexində qaldırıcı maşinist, 01.05.2005-13.07.2017-ci illərdə "xxxx" LTD Şirkətinin Xüsusi texnika Sexində AK50t qaldırıcı qurğusunda maşinist işləmişdir.Həmin vəzifələrdə iş stajı 29 il 13 gün təşkil etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin 13.03.2019-cu il tarixli, 119 №li arayışına əsasən iddiaçı 15.05.1980-cı ildən 15.06.1982-ci ilə qədər SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. -“Salyan OİL Limited Baku” tərəfindən surətləri təsdiqlənmiş işçinin şəxsi tabel vərəqinə əsasən iddiaçının vəzifəsi, 1988-ci il, 01.11.1999-cu il və 01.01.2005-ci il tarixli qeydlərdə qaldırıcı maşinist, “Bakinets” qurğusunun maşinisti kimi göstərilmişdir. - İddiaçının İT-İ seriyalı, ******* nömrəli, 12.08.1982-ci il tarixində doldurulmuş əmək kitabçasına əsasən iddiaçı 29.07.1982-ci ildən 01.07.1988-ci ilə qədər “Belarus” qurğusunun maşinisti, 01.07.1988-ci ildən 01.05.2005-ci ilə qədər “Salyanneft” Neft Qazçıxarma İdarəsində (hazırkı “Salyan Oyl LTD”) “Bakinets” qaldırıcısının maşinisti, 01.05.2005-ci ildən 13.07.2017-ci ilə qədər “AK-50” qaldırıcı qurğusunun qaldırıcı maşinisti işləmişdir. - Cavabdehin 20.11.2019-cu il tarixli, **********4 №-li imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və kondensatın hasilatı yarımbölməsində (10.2) qaldırıcıların maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasında iddiaçının 01.07.1988- 01.11.1999-cu il tarixləri arasındakı dövr ərzində “Salyanneft” Neft-Qaz Çıxarma İdarəsinin Xüsusi texnika sexində maşinist işlədiyi qeyd edilmişdir. Həmin vəzifə yuxarıda göstərilən qərara uyğun deyildir. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş imtina məktubunda iddiaçının 01.07.1988-01.11.1999-cu il tarixləri arasındakı dövr ərzində “Salyanneft” Neft-Qaz Çıxarma İdarəsinin Xüsusi texnika sexində işlədiyi maşinist peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında göründüyü kimi iddiaçı 01.07.1988-01.11.1999-cu il tarixləri arasındakı dövr ərzində “Salyanneft” Neft- Qaz Çıxarma İdarəsinin Xüsusi texnika sexində işlədiyi maşinist peşəsi - 10.2-ci bəndinə əsasən “Neft, qaz və qaz kondensatının hasilatı sahəsində) qaldırıcıların maşinistləri adı altında öz əksini tapmaqla, güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında 01.07.1988-ci ildə “Salyanneft” Neft Qazçıxarma İdarəsində “Bakinets” qaldırıcısının maşinisti vəzifəsinə qəbul edilməsi ilə bağlı qrafaya düzəliş edildiyi görünsə də, həmin düzəliş iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışları (əmrlər) ilə təsdiq edildiyindən göstərilən düzəlişə tənqidi yanaşılmasına əsas müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2-1(112)-954/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2-1(112)-954/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.