Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-743/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6717/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının ümumi 25 ildən çox əmək stajı var və həmin stajın 12 il 6 ayından çoxunu zərərli işlərdə işləmişdir. Bu əmək kitabçasında və digər sənədlərdə öz əksini tapır. Lakin aidıyyəti orqan ona pensiya təyin etməkdən qanunsuz olaraq imtina etmişdir. İşlədiyi müəssisənin DSMF-də sığortaolunan kimi qeydiyyatda olmamasının və məcburi dövlət sosial sığorta haqları ödəməməsinin səbəbkarı iddiaçı deyil. Hesab edir ki, qeyd olunan əsasa görə onun xx.xx.1999xx.xx.2009-cu il tarixləri arasındakı dövrün iş stajına daxil edilməməsi tamamilə əsassızdır. Ona görə də o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə qanunun tələbini düzgün tətbiq və təfsir etməmiş, qanunun tələbini pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********8 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1999-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün həmin dövr iş stajına daxil edilməmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən (15 il 28 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (2 il 3 ay 12 gün) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13327,49 manat təşkil edir. ...
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi 25 ildən çox əmək stajı var və həmin stajın 12 il 06 ayından çoxunu zərərli işlərdə işləmişdir. Bu əmək kitabçasında və digər sənədlərdə də öz əksini tapmışdır. İşlədiyi müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmamasının və məcburi dövlət sosial sığorta haqları ödməməsinin səbəbkarı iddiaçı deyildir, bu onun təqsirindən baş verməmişdir. Onun xx.xx.1999-xx.xx.2009-cu il tarixləri arasındakı dövrün iş stajına daxil edilməməsi əsassızdır. ...
9. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçının xüsusi sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) qüvvəyə mindiyi günədək tamam olmadığından ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaşa və staja görə tələbləri, iddiaçının 57 yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə tamam olduğundan həmin dövrədək qüvvədə olan ƏPQ-nin müvafiq redaksiyası tətbiq edilə bilməz.
10. Qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsinə əsasən isə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər: 60 yaşının tamam olması; azı 25 il sığorta stajına malik olması; 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). ...
11. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə Qubadlı rayonunda doğulmuşdur, onun 60 yaşı xx.xx.2020-cı ildə tamam olmuşdur. Deməli, iddiaçı cavabdehə müraciət edərkən birinci tələbi ödəmişdir.
12. İşdə olan AT Vİİİ №8421787 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildə Qubadlı rayon 99 nömrəli təsərrüfatarası texniki səyyar dəstəyə 4-cü dərəcəli fəhlə təyin edilmiş, xx.xx.1992-ci ildə işən azad edilmiş, xx.xx.1992-ci ildə Milsutikinti trestinə iş ustası qəbul edilmiş, xx.xx.1993-cü ildə 2 nömrəli trestin 20 nömrəli SMD-yə köçürülmə yolu ilə keçdiyi üçün işdən azad edilmiş, xx.xx.1993-cü ildə 2 nömrəli trestə usta qəbul edilmişdir. Müəssisə xx.xx.1995-ci ildə “Sənayekommunaltikinti”nin 3 nömrəli filialı adlandırılmış, xx.xx.1999-cu ildə isə Azərsənayetikinti səhmdar cəmiyyətinin 2 nömrəli müəssisəsi adlandırılmış, iddiaçı xx.xx.1999-cu ildən həmin müəssisənin iş ustası hesab edilmiş, xx.xx.2009-cu ildə isə işdən azad edilmişdir.
13. İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1978xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur.
14. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdən sonra qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qaydaların 3.10-cu bəndinə əsasən isə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir.
16. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin.
17. İşdən müəyyən olunur ki, iddiaçının işlədiyi xx.xx.2006-xx.xx.2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Buna görə də həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının, ümumilikdə, 27 il 1 ay 9 gün ümumi sığorta stajı olmuşdur. Deməli, iddiaçı cavabdehə müraciət edərkən ikinci tələbi də ödəmişdir. ...
18. İşdə olan xx.xx.2017-ci il tarixli 09/06 nömrəli “Azərsənayetikinti” səhmdar cəmiyyətinin 2 nömrəli müəssisəsinin arayışından görünür ki, iddiaçı xx.xx.1993xx.xx.2009-cu illərdə müəssisədə iş ustası işləmişdir, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ bölmə: 2290000b-24441 şifri (kodu) üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verir.
19. Hazırkı məhkəmə qərarının 12-15-ci hissələrində qeyd olunanlara əsasən iddiaçının işlədiyi xx.xx.2006-xx.xx.2009-cu illərdəki dövr onun ümumi sığorta stajına daxil edilmədiyindən həmin dövr xüsusi sığorta stajına da daxil edilə bilməz. Belə olan halda isə aydın olur ki, iddiaçının ümumilikdə 12 il 3 ay 12 gün xüsusi sığorta stajı olmuş, o qanunvericiliyə əsasən zəruri olan üçüncü tələbi ödəməmişdir.
20. ƏPQ-nin 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır ƏPQ-nin 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ƏPQ-nin 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş ƏPQ-nin 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. ƏPQ-nin 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci hissəsinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.
21. Beləliklə, ƏPQ-nin istinad olunan normalarını və 10-cu maddəsinin tələblərini nəzərə aldıqda müəyyən olunur ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatı üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 40800 manat (144+(65-60)×12)=204 (gözlənilən pensiya ödənişi müddəti); 204×200 (əmək pensiyasının minimum məbləği) = 40800) olmalıdır. Lakin işdən aydın olur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13327,49 manatdır.
22. Məhkəmə qeyd edir ki, cavabdeh bu məbləği ƏPQ-nin 27.1-ci maddəsinə əsasən iddiaçının qəbul etdiyi 15 il 28 gün stajını nəzərə almaqla hesablamış və indeksləşdirmə aparmaqla müəyyən etmişdir. Hazırkı Qərarın 15-ci hissəsinə əsasən məhkəmə iddiaçının 27 ildən artıq ümumi sığorta stajının olduğunu müəyyən etsə də, həmin dövrün pensiya kapitalına çevrilməsi ilə də tələb olunan pensiya kapitalının əldə edilməsi qeyri-mümkündür. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı qanunvericiliklə tələb olunan dördüncü şərti də ödəmir.”
İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşır və bu səbəbdən onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, dəlillər əsassızdır. Belə ki, birincisi, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hansı qanun normasını düzgün tətbiq etmədiyini yaxud pozduğunu konkret göstərməmiş, ümumi ifadələrlə iddia ərizəsinin yenə də ümumi sözlərdə əks olunan əsaslarını təkrarlamışdır. İkincisi, “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatı vasitəsilə “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin DSMF-də sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edildiyindən, iddiaçının işlədiyi xx.xx.2006-xx.xx.2009-cu illərdəki dövr onun ümumi və xüsusi sığorta stajına daxil edilə bilməz. Belə olan halda isə iddiaçı ümumilikdə 12 il 3 ay 12 gün xüsusi sığorta stajını toplamışdır ki, bu da qanunvericiliyə əsasən tələb olunan 12 il 6 ay şərtindən azdır. Üçüncüsü, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatı üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan məbləğdə (40.800 manat) pensiya kapitalı şərtini də ödəmir. Belə ki, hazırda onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13.327,49 manatdır. Bu kontekstdə, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə tələb olunan minimum müddətdə çalışmasını sübut etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Göründüyü kimi, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti iddiaçı tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, ümumi staj və fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı şərtlərinin yerinə yetirib-yetirməməsinin yoxlanmasına zərurət qalmır.
Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6717/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov