Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-743/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « torpaq sahəsinin iddiaçıya ayrılması və adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsəqəsinin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşıdır.
2. Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin 11 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivindəki 1000 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılması qərara alınmışdır.
3. 05.08.2005-ci il tarixli “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivindəki 1000 kv.m. torpaq sahəsi İddiaçı satılmışdır. Torpaq sahəsi fərdi yaşayı evi tikintisi məqsədilə İddiaçı mülkiyyətinə verilmişdir.
4. Torpaq sahəsinin satılmasına dair “Torpaqların alqı-satqısına dair” aktına əsasən, 2005-ci il 22 iyul tarixli 11 nömrəli qərara əsasən satılmış torpağa görə iddiaçı ******* AZM banka ödəmişdir; akt bələdiyyənin sədri və iddiaçı tərəfindən imzalanmışdır. Akt Torpaq və Xəritəçəkmə şöbəsində qeydiyyata alınmamıdır. İddiaçı tərəfindən “yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında” şəhadətnamənin surəti, mədaxil qəbzləri, tədiyyə (vergi) bildirişi və torpaq sahəsinin yerləşmə sxemi məhkəməyə təqdim edilmişdir.
5. Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin 57 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunan görünür ki, bələdiyyənin 22 iyul 2005-ci il tarixli 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində adına 1000 kv.m. fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında və mülkiyyətinə verilməsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi və aktı barədə rəsmi sənədlər əsaslıdır və bələdiyyə arxivində qeydiyyatdadır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(0030-4126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçının cavabdehlər X3 və X4 qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, inşa edilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi barədə iddia tələbi rədd edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********00 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, elektron kadastr baza məlumatına əsasən faktiki vəziyyətdə koordinatları verilmiş 0.098 ha torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşir. Qeyd edilən torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilindədir. Bundan əlavə olaraq, torpaq sahəsinin yerləşdiyi ərazinin Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisi olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir.
8. Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 54 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2007-ci il tarixdən bələdiyyələrin torpaq sahələrin ayrılması salahiyyətləri dayandırılmışdır.
9. Məhkəmənin müvafiq sorğusuna əsasən: Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin 122 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, bələdiyyənin sənədləri müvafiq qaydada Dövlət Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Vergi ödəyicisinə dair şəhadətnamənin və tədiyyə bildirişinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı iddia qaldıraraq “bələdiyyənin ehtiyat fondundan 1000 kv.m torpağa sahəsinin iddiaçıya ayrılması və adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. .İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə ona Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evi tikmək üçün 1000 kv.m. torpaq sahəsi ayrılmış, alqı-satqı müqaviləsi bağlanmış və akt tərtib edilmişdir. Tətrib edilmiş akt və ödəniş qəbzinə əsasən Maştağa Bələdiyyəsinin hesabına 8.800.000 manat pul ödəmişdir. O, həmin torpaq sahəsini mişar daşı ilə hasara alaraq, dəmir darvaza qoydurmuşdur. İşıq sayğacını çəkdirərək, adına sənədləşdirilmişdir. Həyat yoldaşı ağır xəstəlik keçirdiyinə görə torpaq sahəsində ev tikə bilməmişdir. Eyni zamanda 2018-ci ilə kimi bələdiyyəyə torpaq vergisi ödəmişdir. Növbəti dəfə 2018-ci ilin avqust ayında torpaq sahəsinə baş çəkərkən ona ayrılmış torpaq sahəsinin dəmir darvazasının qıfılının X5 və X6 adlı şəxslər tərəfindən sındırılaraq torpaq sahəsini zəbt etdiklərinin şahidi olmuşdur. Onlara qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, inşa edilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin şəxslərin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş, mülki iş aidiyyatı üzrə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(0030-4126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, torpaq sahəsi Xəzər rayonu ərazisində yerləşməklə Azərbaycan Respublikasdı Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə sənaye təyinatlı dövlət mülkiyyəti torpağıdır. O, Maştağa Bələdiyyəsi tərəfindən aldadılmışdır. Bunun nəticəsində həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Göstərilən səbəblərdən bələdiyyənin ehtiyat fondundan 1000 kv.m. torpaq sahəsi ayrılması və adına sənədləşdirilməsi barədə ərizə ilə cavabdeh Maştağa Bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh ona torpaq sahəsi ayrılmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdən bələdiyyələrin torpaq sahələrinin ayrılması səlahiyyəti dayandırılmışdır. Ona görə də şəraitin dəyişməsi ilə əlaqədar ərizəni müsbət həll etmək mümkün deyildir. Hesab edir ki, cavabdehin imtinası əsaslı sayıla bilməz. Belə ki, o, yeni torpaq sahəsi ayrılması üçün müraciət etmir. Cavabdehin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə ona Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evi tikmək üçün 1000 kv.m. torpaq sahəsi ayrılmış, alqı-satqı müqaviləsi bağlanmış və akt tərtib edilmişdir. Həmin torpaq sahəsi isə Xəzər rayonunun inzibati ərazisinə aid olan torpaq sahəsi olmuşdur. Bələdiyyə onu aldadaraq, bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsini onun adına ayırmışdır.
12. İddia ərizəsinə yazılı etiraz məhkəməyə təqdim edilməmişdir
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsii qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tətbiq edilmiş qanun normalarından göründüyü kimi bələdiyyə tərəfindən torpaqların vətəndaşın bilavasitə mülkiyyətinə verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir. Qanunvericiliklə müəyyən edilmiş qaydalara görə fiziki şəxsin mülkiyyətinə (icarəsinə) torpaq sahəsi torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir.
15. Məhkəmə hesab edir ki, bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılmasından cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirr.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı Maştağa Bələdiyyəsi tərəfindən aldadılmışdır. Bunun nəticəsində həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Göstərilən səbəblərdən bələdiyyənin ehtiyat fondundan 1000 kv.m. torpaq sahəsi ayrılması və adına sənədləşdirilməsi barədə ərizə ilə cavabdeh Maştağa Bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh ona torpaq sahəsi ayrılmasından imtina etmişdir.Bələdiyyənin səhvi nəticəsində o, ödədiyi 880000 AZM pula aldığı torpaq sahəsindən məhrum olunmuşdur.Həm maddi, həm mənəvi ziyan çəkmişdir və hazırda da çəkir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur.Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər ona ayrılmış torpaq sahəsindən istifadə etməmişdir, torpaq sahəsində digər şəxslər yaşayış evi tikərək yaşayırlar.Bələdiyyə tərəfindən iddiaçıya hər hansı formada ziyan vurulmamışdır.
d) Proses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 65-ci maddəsinin: 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar.
24. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir 7-ci bəndin dördüncü cümləsinin 12 dekabr 2008-ci il tarixinə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 18-ci bəndinin mübahisələndirilən qərarlar qəbul edilən zaman qüvvədə olan redaksiyasına əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 22-ci bəndinin və 23-cü bəndinin xx.xx.2008-ci il tarixə qədər qüvvədə olan redaksiyalarına əsasən: 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 23. bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Torpaq sahəsinin qiyməti bazar məzənnələri nəzərə alınmaqla bələdiyyə tərəfindən müəyyən edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü ərizəçiyə verir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.
29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçının hazırki vəziyyətdə tələbi bələdiyyənin ehtiyat fondundan 1000 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması və adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
31. İşin halları ilə həmçinin, müəyyən edilir ki, bələdiyyənin qərarı əsasında iddiaçıya 2005-ci ildə torpaq sahəsi satılmış, lakin həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq olduğundan, həmçinin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(0030-4126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi, iddiaçının cavabdehlər X3 və X4 qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, inşa edilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi barədə iddia tələbi rədd edildiyindən iddiaçı hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmir.
32. Buna görə də iddiaçı hesab edir ki cavabdeh həmin torpaq sahəsi əvəzinə bələdiyyənin ehtiyyat fondundan ona torpaq ayırmalıdır.
33. Məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarına tətbiq edilən hüquq normalarından göründüyü kimi, bələdiyyə tərəfindən torpaqların vətəndaşın bilavasitə mülkiyyətinə verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir. Qanunvericiliklə müəyyən edilmiş qaydalara görə fiziki şəxsin mülkiyyətinə (icarəsinə) torpaq sahəsi torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir.
34. İşin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək məhkəmə Kollegiyası hesab edir ki, bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılmasından cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.
35. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.
36. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində məhkəmənin tətbiq etdiyi hüquq normalarını sadalamış, məhkəmə araşdırmasından kənarda qalan hansı sübutların tədqiq edilmədiyini, qiymətləndirilmədiyini konkred olaraq göstərməmişdir.
37. Müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin obyektiv araşdırılması üçün aidiyyəti qurumlara müvafiq sorğular etmiş, cavablar almış, həmçinin əldə olunmalı sübutun təqdim edilməsi üçün hər hansı vəsatətin təmin olunmasından imtina olunmamışdır.
38. Bundan başqa apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı Maştağa Bələdiyyəsi tərəfindən aldadılmışdır.Cavabdeh ona torpaq sahəsi ayrılmasından imtina etmişdir.Bələdiyyənin səhvi nəticəsində o, ödədiyi 880000 AZM pula aldığı torpaq sahəsindən məhrum olunmuşdur.Həm maddi, həm mənəvi ziyan çəkmişdir və hazırda da çəkir.
39. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının Maştağa Bələdiyyəsi tərəfindən ona maddi və mənəvi zərər dəyməsi, ödədiyi 880000 AZM pulun geri qaytarılması hazırkı mübahisənin predmetinə daxil deyildir.İddiaçı belə tələblə ayrıca iddia qaldıra bilər.
40. Belə ki, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.