Məhkəmə qərarları › İş №2-1(103)-744/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-744/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-744/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə (hazırki DSMF publik hüquqi şəxsinin Nərimanov xidmət nümayəndəliyinə) qarşı “təhsil və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına əlavə edilməklə xx xxxxxxx 2014-cü il tarixdən pensiyanın yenidən hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə (hazırki DSMF publik hüquqi şəxsinin Nərimanov Xidmət nümayəndəliyinə) qarşı “təhsil müddətinin və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına əlavə edilməklə xx xxxxxxx 2014-cü il tarixdən pensiyanın yenidən hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3794/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X5 xx.xx.1951-ci ildə anadan olmuş, xx xxxxxxxx 1970-ci ildə Azərbaycan Respublikası Lenin adına Pedaqoji İnstitutuna daxil olmuş, 1974-cü ilin iyun ayında həmin institutu bitirmişdir. 2014-cü ildə yaşa görə əmək pensiyasına çıxdıqda təhsil aldığı 4 ilin sığorta stajına daxil edilməsi üçün diplomun surətini təqdim etməsinə baxmayaraq, həmin müddət sığorta stajına daxil edilməmişdir. Bundan başqa 1974-cü ildə, M.Əzizbəyov adına Sumqayıt zavodunda 1976-cı ildə Azərbaycan Respublikası Mülki Müdafiə Ştabında işlədiyi müddət sığorta stajına daxil edilməmişdir. Ə № 104827 saylı xx xxxx 1974-cü il tarixli diplomdan görünür ki, iddiaçı xx.xx.1970-ci il tarixdən xx xxxx 1975-ci il tarixə qədər V.İ.Lenin adına X7 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsil almışdır. NZ seriyalı ******* saylı noyabr 1974-cü il tarixli hərbi biletə əsasən iddiaçı xx xxxxxx 1974-cü il tarixdən xx xxx 1975-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı təhsil müddətinin və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına əlavə edilib ona pensiyanın yenidən hesablanmalı olduğunu nəzərə alaraq bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı xx xxxxxx 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ona pensiya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 26 il 02 ay 29 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan illərin pensiya kapitalı daxil olmaqla (5,239.16 manat) xx.xx.2014-cü il tarixdən 156.52 manat əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmədiyindən nəzərə alınması qanuna ziddir. xx.xx.2020-ci il tarixdən pensiyanın məbləği 278.78 manat təşkil edir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı X5 cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin fevral ayında həmin 4 (dörd) ilin əmək stajına daxil edilməsi üçün diplomun surətini təqdim etməklə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin nəzərə alınmasının qanuna zidd olmasına istinad edərək onun müraciətinin təmin olunmasından imtina etmişdir. Əmək kitabçasında qeyd edilən 11.04-xx.xx.1974-cü ilə qədər M.Əzizbəyov adına Sumqayıt Zavodunda, noyabr 1974-cü ildən xx xxx 1975-ci ilə qədər hərbi qulluqda, 26.05-xx.xx.1976-cı ilə qədər Azərbaycan Respublikası Mülki Müdafiə Ştabında, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il (bir il 5 ay) tarixədək və xx.xx.2003-cü il tarixdən-xx.xx.2006-cı il (iki il 8 ay) tarixədək APPK Qaz Kəmərinin sədri vəzifəsində işlədiyi müddət sığorta stajına daxil edilməmişdir. Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdehin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3794/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qismən qanuna zidd və əsassız olduğundan qismən ləğv edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini xahiş etmişdir. İddiaçı X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin **********8 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən cavabdeh inzibati orqan əsl cavabdeh DSMF-nun Nərimanov rayon Xidmət Nümayəndəliyi ilə əvəz olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş üzrə cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını şikayət həddində mübahisələndirilən hissədə, yəni pensiyanın hansı tarixdən yenidən hesablanıb verilməli olduğu hissəsində yoxlayır. İş materiallardan müəyyən olunur ki, iddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı tələbi “onun təhsil müddətinin və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına əlavə edilməklə xx xxxxxxx 2014-cü il tarixdən pensiyanın yenidən hesablanıb birdəfəlik ödənilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun və 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına istinad edərək iddianın təmin edilməsi və iddiaçının pensiyasının xx.xx.2014-cü il tarixdən yenidən hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının pensiyasının xx.xx.2014-cü il tarixdən yenidən hesablanıb verilməsi ilə bağlı gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək, yəni xx xxxxxxx 2014-cü il tarixdən yarandığını (həmin tarixdən ona pensiya təyin edilmişdir), əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana isə həmin tarixdən sonra, yəni xx.xx.2020-ci ildə müraciət etdiyini, buna görə də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu, buna müvafiq iddiaçının inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu üç il üçün, yəni xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər olan müddət üzrə tələbetmə hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının pensiyasının ona təyin olunduğu xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə yenidən hesablanıb birdəfəlik ödənilməsi barədə tələbi əsassızdır və təmin oluna bilməz. İddiaçının pensiyasının yenidən hesablanması inzibati orqana müraciət etdiyi tarix əsas götürülməklə və ən çoxu üç il tələbetmə hüququnun olduğu nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən aparılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)- 3794/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı qismən, iddiaçının pensiyasının xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət üzrə yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli və pensiyanın yenidən hesablanması xx.xx.2017ci il tarixdən aparılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3794/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı qismən, “İddiaçı pensiyasının xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət üzrə yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Pensiyanın yenidən hesablanması xx.xx.2017-ci il tarixdən aparılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar