Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-744/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10416/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, İ Qarabağ Müharibəsi iştirakçısıdır. Müharibədə könüllü olaraq iştirak etmişdir. İştirak etməsi barədə hərbi biletində qeydlər vardır, bundan başqa Sədərək rayon İHB-nın Sədərək kəndi üzrə nümayəndəliyi tərəfindən arayış verilmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmişdir. Cavabdeh hazırkı günədək ərizəsinə cavab verməmiş və ərizəsini icra etməmişdir, ərizənin verilməsindən 35 gündən artıq vaxt keçmişdir. Cavabdehin bu formada işə yanaşması müharibə iştirakçısına edilən münasibətin təzahürüdür. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi məhkəmə qərarı əsasında verilə bilər. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyəti, ümumiyyətlə, “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməmişdir. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi ona məxsus olan hərbi biletdəki qeydə və Sədərək Rayon İcra Hakimiyyəti Başçısının Sədərək kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa istinad edir. Adıçəkilən sənədlər hər hansı sənədə istinadən yazılmamış və bu səbəbdən mötəbər sübutlar hesab edilə bilməz və hüquqi əsasları yoxdur. Habelə iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmış və xx.xx.2023-cü il tarixli, 3-43/21xx/xx/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. Analoji işə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında baxılmış və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-61/2023 nömrəli qərarı ilə Xidmətin xeyrinə qərar qəbul olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10416/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İ Qarabağ Müharibəsi iştirakçısıdır. Müharibədə könüllü olaraq iştirak etmişdir. İştirak etməyi barədə hərbi biletində qeydlər vardır, bundan başqa Sədərək rayon İHB-nin Sədərək kəndi üzrə nümayəndəliyi tərəfindən arayış verilmişdir. Birinci instansiya məhkəməsi verdiyi sorğuya görə qeyd edir ki, arxivdə məlumatlar yoxdur, hərbi bileti Bağırov imzalamış və sair. Bildirir ki, o, arxiv müdiri olmamışdır və ya həmin vaxt Komisssar işləməmişdir, o, döyüşçü olmuşdur və vətəni müdafiə etmişdir. Onunla birlikdə döyüşlərdə olan döyüşçülər də bunları təsdiq edə bilər, birinci instansiyaya şahidlərin dindirilməsini təklif etsə də, məhkəmə bunlara məhəl qoymamış və vəsatətinə münasibət bildirmədən qərar qəbul etmişdir. Müharibə dövrü elə bir dövr idi ki, hər şey indiki kimi sadə deyildi, çox çətin və mürəkkəb idi, onlar ancaq döyüşmüşdür ki, vətəni xilas etsinlər, ana və bacıları qorusunlar. Heç bilməmişlər ki, onların sənədləri arxivə verilib, ya yox, hərbi biletlərini Bağırov imza edib və ya başqa kimsə imza edib, onlar bunların fərqində belə olmamışlar, bir amalları olmuşdur ki, qələbə qazansınlar. Hesab edir ki, cavabdehin və birinci instansiya məhkəməsinin bu formada işə yanaşması müharibə iştirakçısına edilən münasibətin təzahürüdür. Bu qədər vaxt ərzində veteran adlarının verilməsini mürəkkəb bir problemə çevirmək hesab edir ki, cavabdehin məsuliyyətsizliyidir. Bu kimi hərəkətlər qəbul edilməzdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Sədərək rayonu İcra Hakimiyyətinin Sədərək kəndi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 20/02 saylı arayışdan görünür ki, iddiaçı erməni quldurlarının Sədərək kəndinə silahlı hücumu zamanı könüllülərdən ibarət dəstənin tərkibində bütün döyüşlərdə yaxından iştirak etmişdir. - İddiaçıya məxus AO seriyalı ******* saylı hərbi biletin (təkrar) surətindən görünür ki, hərbi biletin 14-cü bölməsində iddiaçının 1990-1992-ci ildə Sədərək döyüşlərində iştirak etməsi barədə qeyd aparılmış, qeyd Sədərək rayon Hərbi komissarı “Bağırov” tərəfindən imzalanmışdır. İddiaçı hazırda bu sənədlərə istinad edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, “Müharibə veteranı” statusunu alması üçün mülki şəxs: - döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməli; - yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda adı olmalı; -həmin siyahıda adı olan şəxsin döyüşlərdə iştirakını sübut edən sənədlər mövcud olmalıdır. Lakin hazırkı iş üzrə iddiaçıya münasibətdə qeyd olunan tələblərin ödənilməsi aşkar olunmur. Belə ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Sədərək rayon bölməsinin xx.xx.2023-cü il tarixli 3-43-74/2-332/2023 saylı məktubuna əlavə edilmiş iddiaçıya məxsus şəxsi işdən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü iddiaçı xx.xx.1985xx.xx.1987-ci illərdə hərbi xidmətdə olmuş, 2004-cü ildə təkrar hərbi bilet verilmişdir. İddiaçıya təkrar hərbi biletin verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdə ərizə ilə Sədərək rayon hərbi komissarı M.Hüseynova müraciət edərək, hərbi bileti itdiyi üçün yeni hərbi bilet verilməsini xahiş etmiş, Sədərək rayon hərbi komissarı M.Hüseynov iddiaçının müraciətinə əsasən Sədərək rayon Polis şöbəsinə müraciət edərək iddiaçıya məxsus hərbi biletin və ya hər hansı məlumatın şöbəyə daxil olub olmaması barədə məlumat verilməsini xahiş etmiş, Sədərək rayon Polis şöbəsi xx.xx.2004-cü il tarixli məktubla 1966cı il təvəllüdlü İddiaçı hərbi biletinin özünün və ya hərbi biletin itməsi barədə şöbəyə heç bir məlumat daxil olmadığını bildirmiş, xx.xx.2004-cü il tarixdə iddiaçıya təkrar hərbi bilet verilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1990-1992-ci illərdə Sədərək rayonunda gedən döyüşlərdə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barəsində Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd yoxdur. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda 1990-1992-ci illərdə Sədərək rayonunda gedən döyüşlərdə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi öz təsdiqini tapmır. İddiaçının təqdim etdiyi hərbi biletdəki qeydə gəldikdə, hərbi bilet xx.xx.2004-cü il tarixdə iddiaçıya verilmiş, həmin vaxt Sədərək rayon hərbi komissarı M.Hüseynov olsa da, iddiaçıya məxsus hərbi biletdəki qeyd “Bağırov” adlı şəxs tərəfindən imzalanmışdır. Digər tərəfdən, nə həmin hərbi biletdəki qeyd, nə də Sədərək rayonu İcra Hakimiyyətinin Sədərək kəndi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 20/02 saylı arayış özlüyündə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsini təsdiq edən sənəd hesab edilə bilməz. Çünki yuxarıda sadalanan qanunvericiliyə əsasən bu halı təsdiq edən əsas sənəd döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edilən yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh inzibati orqanın imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10416/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-744/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-744/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver