Məhkəmə qərarları › İş №2-1(103)-745/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-745/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-745/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X14 və X3 ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və üçüncü şəxs Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı qeyri-yaşayış sahələrinə dair yeni icarə müqavilələrinin bağlanması barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-452/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 452/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsiqərara alınmışdır (hakim X.İmanov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Komitə ilə İddiaçı MMC arasında Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 14 ünvanında yerləşən 1830.80 kv.metr və 471,40 kv.metr olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair yeni icarə müqavilələrinin bağlanması barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin Komitənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə "İddiaçı" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 14 ünvanında yerləşən 1830,80 kv.m və 471,40 kv.m olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2015- ci il tarixli, 7487/4966 və 7488/4965 nömrəli icarə müqavilələri bağlanmışdır. Komitənin xx.xx.2016-cı il tarixli, **********44 nömrəli məktubu ilə icarəyə verilmiş sahələrdən dövlət ehtiyacları üçün istifadə zərurətinin yarandığı əsas gətirilərək Müqavilələrin 8.3.5-ci maddəsinə əsasən həmin sahələrə dair yeni müddətə icarə müqavilələrinin bağlanmayacağı və icarə münasibətlərinə xitam veriləcəyi bildirilmişdir. Qeyd edilən məktub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 1- 09/0556 nömrəli məktubu ilə əsaslandırılmışdır. İddiaçı tərəf daxil olmuş müraciəti aşağıdakı səbəblərdən əsassız hesab edir: İddiaçı 1996-cı ildən etibarən birgə müəssisə olaraq Azərbaycanda ilk özəl simli telefon operatoru kimi fəaliyyətə başlamışdır. Hazırda İddiaçı MMC 65000 nəfərdən artıq abunəçiyə telefon, internet və digər rabitə xidmətləri göstərir. ünvan 1 ünvanında İddiaçı-in istifadə etdiyi sahələr ATS quraşdırılması üçün inşa edilmiş texnoloji binadır və həmin binada 90-cı illərin əvvəllərində Rusiya istehsalı olan ATS quraşdırılmışdır. Lakin həmin stansiyanın normal işləməməsi səbəbindən bu ərazidəki əhali, müəssisə və təşkilatların yaxın məsafədən keyfiyyətli telefon rabitə xidmətləri ilə təmin edilməsi məqsədilə Rabitə Nazirliyinin srarlı təkidi ilə iddiaçı tərəfindən həmin texnoloji binada müasir tipli elektron ATS quraşdırılmışdır. İstismara yararsız xətt qurğuları və kabellər yenilənərək abunəçilərin telefon nömrələri cütləşmədən ayrılmış və müasir telefon rabitə xidmətlərinin göstərilməsinə başlanılmışdır. Yeni rabitə avadanlıqları ATS binasında yerləşdirildiyi üçün müəssisənin fəaliyyəti üçün zəruri olan bütün rabitə qurğuları və köməkçi avadanlıqlar stansiyanın yerləşdiyi binaya uyğun tikilmişdir. Yeraltı kabel-kanalizasiya qurğuları da stansiyaların yerləşdiyi ATS binasına uyğun tikilərək, kabellər həmin texnoloji binaya çəkilmişdir. Bütün bunlara baxmayaraq, Komitənin həm xx.xx.2016-cı il tarixli, **********44 nömrəli, həm də xx.xx.2016-cı il tarixli, **********30 nömrəli məktublarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 1-09/0556 nömrəli məktubuna əsaslanaraq həmin sahələrə dair yeni müddətə icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 14 ünvanında İddiaçı MMC-nin istifadə etdiyi sahələr ATS quraşdırılması üçün inşa edilmiş texnoloji binadır və həmin binada 90cı ilin əvvəllərində rusiya istehsalı olan ATS quraşdırılmışdır. Lakin həmin stansiyanın normal işləməməsi səbəbindən bu ərazidəki əhali, müəssisə və təşkilatların yaxın məsafədən normal telefon rabitə xidmətləri ilə təmin edilməsi məqsədi ilə Rabitə Nazirliyinin israrlı təkidi ilə tərəfimizdən həmin texnoloji binada müasir tipli elektron ATS quraşdırılaraq telefon rabitə xidmətlərinin göstərilməsinə başlanmışdır. Bununla da bu ərazidəki əhali, müəssisə və təşkilatlara uzaq ATS-lərdən köhnə kabellər ilə keyfiyyətsiz rabitə xidmətləri göstərilməsinə son qoyulmuşdur. Yeni rabitə avadanlıqları ATS binasında yerləşdiyi üçün müəssisənin fəaliyyəti üçün zəruri olan bütün rabitə qurğuları və köməkçi avadanlıqlar stansiyanın yerləşdiyi binaya uyğun tikilmişdir. Yeraltı kabel-kanalizasiya qurğuları da stansiyaların yerləşdiyi ATS binasına uyğun tikilərək, kabellər həmin tenoloji binaya çəkilmişdir.Göründüyü kimi, "İddiaçı" MMC tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahələrin istismara yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda xərc çəkilmişdir.Bundan əlavə nümayəndə qeyd etdi ki, İddiaçı MMC-nin istifadəsində olan ünvan 3 ünvandakı qeyri-yaşayış sahələrinin boşaldılması qeyri mümkündür. Belə ki, telefon stansiyalarının hal hazırda yerləşdiyi binalardan başqa yerə köçürülməsi yaradılmış kompleks şəbəkənin tamamilə ləğv edilməsi deməkdir və bu səbəbdən qeyri mümkündür.Eyni zamanda, İddiaçı MMC ilk özəl simli telefon operatoru olaraq fəaliyyətə başlayarkən Rabitə Nazirliyi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.1995-ci il tarixli Azərbaycan Telefon Şəbəkəsinin İstismarı müqaviləsinə əsasən Rabitə Nazirliyinin müəssisəni xxxİB (X12) binalarında olan stansiya otağı, kross otağı, qida qurğuları otağı, akkumulyator otağı, ofis otağı, dizel mühərriki otağı ilə istismar müddəti ərzində təmənnasız təmin edəcəyi şərt kimi qəbul olunmuşdur. Lakin 2006-cı ildə Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin israrlı təkidi nəticəsində müəssisənin fəaliyyəti üçün istismar müddəti ərzində təmənnasız təmin edilmiş həmin sahələrə məcburən icarə müqavilələri bağlanmışdır. Həmin vaxtdan etibarən tələb olunan icarə haqqları iddiaçı tərəfindən vaxtlı vaxtında ödənilmişdir. Hal-hazırda cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq icarə haqqının ödənilməsi üçün hesab fakturalar təqdim edilir və iddiaçı cəmiyyət tərəfindən ödənişlər vaxtı vaxtında həyata keçirilir. Yalnız ilkin icarə müqaviləsi bağlanarkən balans saxlayıcının razılığı tələb olunur və həmin vaxt balans saxlayıcının razılığı ilə müqavilə bağlanmışdır. Mövcud müqavilə yeni müddətə tərəflərin razılığı ilə uzadıla bilər. Hazırki müqavilələrin tərəfləri Əmlak Məsələləri Dövlət Komitəsi və İddiaçı MMC-dir. Vəkil həmçinin qeyd etdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və xxxİB- in keçmiş rəhbərlikləri hər vasitə ilə müəssisənin fəaliyyətinə mane olmağa və məhv edilməsinə çalışmışlar. Bu cür qeyri qanuni hərəkətlərin qarşısının alınması üçün dəfələrlə tərəfimizdən ƏMDK-nə müraciətlər olunmuşdur. Lakin Dövlət Komitəsi tərəfindən qeyri qanuni hərəkətlərin qarşısının alıması üçün heç bir tədbir görülməmişdir. İddiaçı MMC-yə telefon (simli) rabitə xidmətləri göstərilməsi üçün verilmiş lisenziyanın müddətinin uzadılması üçün gərəkli olan sənədlərdən biri - müəssisənin ATS-lərinin yerləşdiyi ərazilər üçün yeni icarə müqavilələridir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə hər vasitə ilə icarə müqavilələrinin yenilənməsinə mane olmağa və lisenziyanın müddətinin uzadılmaması nəticəsində müəssisənin məhv edilməsinə çalışır. Belə ki, RYTN yeni icarə müqavilələrinin bağlanmamasını əsas gətirərək İddiaçı MMC-yə lisenziya verilməməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə əsassız olaraq mənfi rəy göndərmişdir və lisenziyanın vaxtının uzadılmamasım tələb etmişdir. Bu isə bir daha əyani şəkildə göstərir ki, müxtəlif bəhanələrlə lisenziya verməməklə müəssisənin fəaliyyətinin məhv edilməsinə çalışılır. Vəkil apellyasiya şikayətinə əlavə verərək, bildirmişdir ki, Komitənin xx.xx.2016-cı il tarixli, **********44 nömrəli məktubu ilə icarəyə verilmiş sahələrdən dövlət ehtiyacları üçün istifadə zərurətinin yarandığı əsas gətirilərək Müqavilələrin 8.3.5-ci maddəsinə əsasən həmin sahələrə dair yeni müddətə icarə müqavilələrinin bağlanmayacağı və icarə münasibətlərinə xitam veriləcəyi bildirilmişdir. Qeyd edilən məktub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016- cı il tarixli, 1- 09/0556 nömrəli məktubu ilə əsaslandırılmışdır.İddiaçı 1996-cı ildən etibarən birgə müəssisə olaraq Azərbaycanda ilk özəl simli telefon operatoru kimi fəaliyyətə başlamışdır. Hazırda İddiaçı 65000 nəfərdən artıq abunəçiyə telefon, internet və digər rabitə xidmətləri göstərir.ünvan 1 ünvanında İddiaçı-in istifadə etdiyi sahələr ATS quraşdırılması üçün inşa edilmiş texnoloji binadır və həmin binada 90-cı illərin əvvəllərində rusiya istehsalı olan ATS quraşdırılmışdır. Lakin həmin stansiyanın normal işləməməsi səbəbindən bu ərazidəki əhali, müəssisə və təşkilatların yaxın məsafədən keyfiyyətli telefon rabitə xidmətləri ilə təmin edilməsi məqsədilə Rabitə Nazirliyinin israrlı təkidi ilə iddiaçı tərəfindən həmin texnoloji binada müasir tipli elektron ATS quraşdırılaraq müasir telefon rabitə xidmətlərinin göstərilməsinə başlanılmıışdır. Yeni rabitə avadanlıqları ATS binasında yerləşdirildiyi üçün müəssisənin fəaliyyəti üçün zəruri olan bütün rabitə qurğuları və köməkçi avadanlıqlar stansiyanın yerləşdiyi binaya uyğun tikilmişdir. Yeraltı kabel-kanalizasiya qurğuları da stansiyaların yerləşdiyi ATS binasına uyğun tikilərək, kabellər həmin texnoloji binaya çəkilmişdir.Əmlak Məsələləri Dövlət Komitəsinin həm xx.xx.2016-cı il tarixli, **********44 nömrəli, həm də xx.xx.2016-cı il tarixli, **********30 nömrəli məktublarında qeyd edilmişdir ki, "Hazırda icarənizdə olan sahələrə dövlət ehtiyacları üçün istifadə zərurətinin yarandığı barədə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 1-09/0556 nömrəli məktubunu nəzərə alaraq bildiririk ki, sizinlə bağlanmış müqavilələrin 8.3.5-ci bəndinə əsasən həmin sahələrə dair yeni müddətə icarə müqaviləsi bağlanılmayacaq və icarə münasibətlərinə xitam veriləcəkdir.".Tərəflər arasında bağlanmış Müqavilələrin 8.3.5-ci bəndində görə icarəyə verilmiş əmlakdan dövlət və ya ictimai ehtiyacları üçün istifadə zərurəti yarandıqda müqavilə üzrə hüquq münasibətlərinə vaxtından əvvəl xitam verilir.Lakin qeyd edilənlərə rəğmən yeni müddətə icarə müqaviləsinin bağlanmayacağına əsas verən dövlət ehtiyaclarının mövcud olmamasına və buna dair Nazirlər Kabinetinin hər hansı qərarının qəbul edilməməsinə baxmayaraq Komitə tərəfindən yalnız Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli' məktubu nəzərə alınaraq icarə münasibətlərinə xitam veriləcəyi bildirilmiş, bununla da qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur.İddiaçı istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 14 ünvamndakı qeyri-yaşayış sahələrinin boşaldılmasının qeyri-mümkün olması və bu səbəbdən icarə məsələsinə yenidən baxılmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinə etdiyimiz xx.xx.2016-cı il tarixli, Hüq/181 və xx.xx.2016-cı il tarixli, Hüq/229 nömrəli müraciətlər cavabsız və nəticəsiz qalmışlar.İndiyədək həmin ünvandakı qeyri-yaşayış sahələrinin icarəyə götürülməsinə dair yeni müqavilələr bağlanmamışdır.Halbuki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yeni icarə müqavilələrinin bağlanmayacağı bildirilsə də, faktiki icarə münasibətləri davam etdirilmiş, "İddiaçı" MMC-yə icarə haqqının ödənilməsinə dair hesab fakturalar təqdim olunmuşdur. Təqdim edilən hesab fakturalar əsasında icarə haqları "İddiaçı" MMC tərəfindən gecikdirilmədən ödənilmişdir. Qeyd edilən hala dair müvafiq sənədlər tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmağa çalışmışdır ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsində göstərilənləri təkrar olaraq sübut kimi təqdim edərək, Bakı ş. Xətai r. M.Mehdizadə küç-14 ünvanında texnoloji binalarda 90-cı illərin əvvəllərində quraşdırılmış rusiya istehsalı olan ATS-in yaxşı işləməməsi səbəbindən və bu ərazidəki əhali, müəssisə və təşkilatların yaxın məsafədən normal telefon rabitə xidmətləri ilə təmin edilməsi məqsədi ilə Rabitə Nazirliyinin “israrlı” təkidi ilə həmin texnoloji binada müasir tipli Elektron ATS quraşdırılması ilə xidmətə başlanılmışdır. Qeyd edilənlər iddianın mahiyyətinə heç bir aidiyyəti olmasa da, əvvəlki Rabitə Nazirliyinin hansı “israrlı” təkidi olması və eləcə də ATS-in yeni Elektron ATS-lə əvəz edilməsinin səbəbi işin mahihiyyətinə aid edilə bilməz. ATS-in yeni Elektron ATS-lə əvəz edilməsinin səbəbi pis işləməsi deyil, texnologiyanın inkişafı idi. Həmçinin həmin dövrdə böyük bir sahəni zəbt edən ATS-i, kiçik həcimli yeni EATS-əvəz etmişdir. Əlavə olaraq köhnə böyük tutumlu TPP-kabellərini, hal- hazırda kiçik bir FO kabeli əvəz edilir. Həmin dövürdə Bakı şəhərinin bütün ərazilərində və tədricən Respublikanın bütün ərazilərində Elektron ATS-lər tətbiq olunaraq layihə başa çatdırılmışdır. Artıq rabitədə ATS-lərin deyil, onun üzərindən telekomunikasiya xidmətlərinin daha da genişləndirilməsi nəzərdə tutulub. Hal-hazırda Bakı şəhərində GPON-layihəsi tətbiq edilir. Qeyd edilənlər apellyasiya şikayətinin əsaslandırılmasına sübut ola bilməz. Şikayəti onunla da əsaslandırmağa çalışmışdır ki, mübahisə predmeti olan qeyri-yaşayış sahələrini istismara yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda xərc çəkilmişdir. İddiaçı külli miqdar dedikdə nə qədər xərc çəkdiyini qeyd etməmiş və bu barədə sənəd təqdim etməmişdir. Mübahisəli sahənin hansı vəziyyətdə götürülməsi qeyd edilməmiş və bu barədə sübut əlavə etməmişdir. Əlavə olaraq həmin sahənin boşaldılmasının qeyri-mümkünlüyünü bildirmişdir.Bu o deməkdir ki, İddiaçı MMC-də bu işi görmək gücündə deyil və mütəxəssis yetişdirməmişdir. Həmin EATS-in köçrülməsinin mümkün olmadığını qeyd etsə də, bunu əsaslandırmamış və hansı EATS-lərdən idarə etmək mümkündür. İddiaçı qeyd edir ki, xx.xx.1995-ci il tarixli İddiaçıMMC ilə Rabitə Nazirliyi (əvvəlki) arasında bağlanmış Azərbaycan Telefon Şəbəkəsinin İstismarı müqaviləsində Rabitə Nazirliyi, xxxİB-in X12 balansında olan otaqlarla iddiaçını təmənnasız təmin edəcəyi şərti kimi qəbul olunması və 2006-cı idə DƏİEÜDK-nin “israrlı” təkidi nəticəsində müəssisənin fəaliyyəti üçün “təmənnasız” təmin edilmiş sahələrə “məcburi müqavilə bağlanılması” qeyd edilmişdir. Sözsüz ki, istifadə etdikləri sahələrə müqavilə bağlanılmalı qarşılıqlı münasibətlər tənzimlənməli idi. Nümayəndə bildirdi ki, xxxİB-( “xxx” MMC) balansdaşıyıcı müəssisə olub və icarə müqaviləsi bağlamaq səlahiyyəti ƏMDK-olub. Bu halda təmənnasız istifadə etdikləri müddət hesablanaraq istifadə haqqı da əlavə olaraq ödənilməlidir. MM-700, 700.1-ci maddəsinə əsasən İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 2015-ci il tarixdən müqvilənin müddəti bitib və 5-ilə yaxındır qanunsuz zəbt edilmiş formada istifadə edilir. xx.xx.2018-ci il tarixdə iş üzrə iddia qaldırılıb. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən dəfələrlə mübahisəli məsələnin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi məqsədilə məhkəmədən işin müəyyən vaxta təxirə salınması ilə əlaqədar vaxt verilməsini xahiş etmişdir. Lakin, həmin müddətdə mübahisəli məsələnin həlli üçün heç-bir müraciət etməmiş, heç bir qarşılıqlı razılaşma üçün cəhd etməmişdir. İş üzrə təqdim edilmiş sənədlər əsasında, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş Qərardan aydın görünür ki, cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxxx 2015-ci il tarixli, 7488/4965 saylı icarə müqaviləsinə əsasən mübahisəli sahə, yəni ƏMDK-Sədrinin xx.xx.2012-ci il tarixli, 49-saylı əmrinə əsasən Bakı ş. Xətai r. M.Mehdizadə küç-14 ünvanında yerləşən ümumi sahəsi 471.4 kv.m təşkil edən xxxİB-in (“xxx” MMC), X12 (2-saylı RXM) balansında olan qeyri yaşayış sahəsini rabitə xidmətləri məqsədilə “icarəçinin” müddətli istifadəsinə verilib. Müqavilənin müddəti xx.xx.2015-ci il tarixdən, xx.xx.2015-ci il tarixə müəyyən edilmişdir.Həmin müddət 5-ilə yaxındır ki, bitmiş və iddiaçı həmin sahələrdən qanunsuz istifadə edərək boşaltmaq niyyətində olmamışdır. Sözügedən müqavilənin 8-ci bəndində (xitam verilmə qaydası) və 8.1-bəndində qeyd edilmişdir ki, icarə haqqı 2-ardıcıl müddət ərzində ödənilmədikdə müqaviləyə xitam verilir. 8.2-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda müqvilə üzrə hüquq münasibətlərinə xitam verilir. 8.3-cü bəndində isə qeyd edilir ki, icarəyə verilmiş əmlakdan dövlət və ya ictimai ehtiyaclar üçün istifadə zərurəti yarandıqda, müqviləyə vaxtından qabaq xitam verilir. Lakin ƏMDK- müqaviləyə vaxından qabaq deyil, müddəti bitdikdən sonra yeni müqavilənin bağlanmayacağı barədə xəbərdarlıq etmişdir. Qeyd edilən müddət başa çatdığında, müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nəaliyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahəsinin genişləndirilməsi, elmi tədqiqatların artırılmasını və yeni informasiya texnologiyalarının işlənməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2012-ci il il tarixli,736 nömrəli Fərmanına yaradılmış və hazırda fəaliyyət göstərməkdədir. “xxx” MMCnin fəaliyyətinin səmərəliyinin artırılmasını və bununla əlaqədar işlərin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Bakı ş. Xətai r. M.Mehdizadə küç-14 ünvanında yerləşən və hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan 2-saylı Rabitə Xidmətləri Mərkəzinin yerləşdiyi bina tam olaraq “xxx”MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. X18 Qovşağı, hazırda 2-saylı RXM tam olaraq həmin binadan Binəqədi r. İ.P.Dadaşov-109 ünvanına köçrülərək həmin sahənin bir hissəsi, "İddiaçı”MMC-nin zəbt etdiyi sahə istisna olmaqla boşaldılmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahalarıını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: - “Daşınmaz əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” xx xxxxxx 2015-ci il tarixli, 7488/4965 saylı icarə müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin müqavilə Azerbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1997-ci il tarixli 629 saylı Fərmanına əsasən bundan sonra “İcarəyəverən” adlandırılacaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini cənab R.Cəİilovun şəxsində bir tərəfdən, bundan sonra “İcarəçi” adlandırılacaq İddiaçı, baş direktoru Ə.Əsgərovun şəxsində digər tərəfdən aşağıdakı şərtlər daxilində bağlanmışdır. Müqaviləninin predmeti aşağıdakı kimidir: “Bu müqaviləyə görə "İcarəyəverən" Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012-ci il tarixli, 49 saylı Əmrinə əsasən Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 14 (registr №***-*******4-004) ünvanında yerləşən, ümumi sahəsi 471.4 m2 təşkil edən xxxİBnin X12 balansında olan qeyri-yaşayış sahəsini rabitə xidməti məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir. İcarə müqaviləsinin müddəti: xx.xx.2015-ci il tarixdən xx.xx.2015 -ci il tarixədək müəyyən edilir. 3.2 İcarə müqaviləsi hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. Müqavilənin 8-ci bəndində müqaviləyə xitam verilməsi ilə bağlı aşağıdakı şərtlər göstərilmişdir: 8.1 İcarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, “İcarəçi”nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv edilə bilər. 8.2. Müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərin xitam verilir. 8.3. Müqavilə üzrə hüquq münasibətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 8.3.1. Tərəflərin razılığı ilə; 8.3.2. “İcarəçi” “İcarəyəverən” bir ay əvvəlcədən xəbərdar etməklə icarə müqaviləsi üzrə hüquq münasibətlərindən imtina etdikdə; 8.3.3. “İcarəç” tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduqda: - icarəyə verilmiş əmlak “İcarəyəverən”in razılığı olmadan “İcarəçi” tərəfindən ikinci əldən icarəyə (subicarəyə) verildikdə; icarəyə verilmiş əmlak “İcarəçi”nin təqsiri üzündən xeyli pisləşdikdə; - “İcarəçi” fəaliyyəti nəticəsində qonşularına, ətraf mühitə, dövlət və ictimai mənafelərinə zərər vurulduqda; 8.3.4. Tərəflərin iradəsindən asılı olmayan səbəblər üzündən icarəyə verilmiş əmlak istifadə üçün yararsız vəziyyətə düşdükdə; 8.3.5. İcarəyə verilmiş əmlakdan dövlət və ya ictimai ehtiyaclar üçün istifadə zərurəti yarandıqda; 8.3.6. İcarəyə verilmiş əmlak özəlləşdirmək üçün açıq elan edildikdə; 8.4. İcarə müqaviləsinə xitam verildikdə “İcarəçi” icarəsində olan əmlakı “İcarəyəverən”ə qaytarmağa borcludur. Əgər “İcarəçi” əmlakı qaytarmırsa, “İcarəyəverən” əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və “İcarəçi”dən saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər. 8.5. Müqaviləyə xitam verilməsi onun qüvvədə olduğu müddət ərzində icarə haqqı üzrə yaranmış borclarının ödənilməsindən və icra olunmamış öhdəliklərinin icrasından “İcarəçi”ni azad etmir. 8.6. İcarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə “İcarəçi”nin yazılı müraciəti əsasında “İcarəyəverən” tərəfindən baxılır. Müqavilənin 2-ci bəndində icarə müqaviləsi üzrə icarə haqqının məbləği və ödəniş qaydası, 4-cü bəndində “İcarəyəverən”in hüquq və vəzifələri, 5-ci bəndində “İcarəçi”nin hüquq və vəzifələri, 6-cı bəndində Xüsusi şərtlər, 7-ci bəndində Əlavə şərtlər, 9-cu bəndində isə Yekun müddəalar təsbit edilmişdir. - “Daşınmaz əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” xx xxxxxx 2015-ci il tarixli, 7487/4966 saylı icarə müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin müqavilə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1997-ci il tarixli 629 saylı Fərmanına əsasən bundan sonra “İcarəyəverən” adlandırılacaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini cənab R.Cəİilovun şəxsində bir tərəfdən, bundan sonra “İcarəçi” adlandırılacaq İddiaçı, baş direktoru Ə.Əsgərovun şəxsində digər tərəfdən aşağıdakı şərtlər daxilində bağlanmışdır. Müqaviləninin predmeti aşağıdakı kimidir: “Bu müqaviləyə görə "İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012-ci il tarixli, 49 saylı Əmrinə əsasən Bakı şəhəri. Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 14 (registr №***-*******4-001) ünvanında yerləşən, ümumı sahəsi 1830.8 kv.metr təşkil edən AR RYTN xxxİB-nin X12 balansında olan qeyrı-yaşavış sahəsini rabitə xidməti məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir. İcarənin müddətləri İcarə müqaviləsinin müddəti: xx.xx.2015-ci il tarixdən xx.xx.2015 -ci il tarixədək müəyyən edilir. Müqavilənin digər bütün şərtləri tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 7488/4965 saylı icarə müqaviləsinin yuxarıda sadalanan şərtləri ilə eynidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 1107-T29-4468 qeydiyyat nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,”İddiaçı” MMC xx xxxx 2007-ci il tarixdən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. - İddiaçı MMC-nin İdarə Heyətinin xx xxxxxxx 2004-cü il tarixli, 01 əmrinin təsdiq edilmiş surətindən (təsdiq edilmiş surət) görünür ki, X1 Heyətinin üzvü, İddiaçı MMC-nin Baş direktoru vəzifəsinə yenidən təyin edilmişdir. əsas: İddiaçı” MMC-nin İdarə Heyətinin xx xxxxxxx 2004-cü il tarixli yığıncağının 3 saylı protokolu. - ƏMDK tərəfindən İddiaçı MMC-yə ünvanlanmış **********44 saylı, xx.xx.2016-cı il tarixli məktubda (təsdiq edilmiş surət) bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 14 ünvanında yerləşən 1830,8 kv.m. və 471,4 kv.m. qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2015-cı il tarixli, 7487/4906 və 7488/4965 nömrəli icarə müqavilələri bağlanılmışdır. Hazırda icarədə olan sahələrə dövlət ehtiyacları üçün istifadə zərurətinin yarandığı barədə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 1-09/0556 nömrəli məktubunu nəzərə alınaraq bildirilmişdir ki, bağlanılmış müqavilələrin 8.3.5-ci bəndinə əsasən həmin sahələrə dair yeni müddətə icarəmüqaviləsi bağlanılmayacaq və icarə münasibətlərinə xitam veriləcəkdir. Bu səbəbdən icarədə olan sahənin boşaldılmasının və balanssaxlayıcıya təhvil verilməsinin təmin edilməsi zəruridir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ’‘İddiaçı" MMC-nin ünvan 6 ünvanında, ATS 71 -in binasında yerləşməsi üçün təklif edilmiş qeyri-yaşayış sahələrindən icarə müqaviləsi əsasında istifadə edilməsinə etiraz edilmir. - ƏMDK tərəfindən İddiaçı MMC-nin direktoru Ə.Əsgərova ünvanlanmış **********30 saylı, xx.xx.2016-cı il tarixli məktubda bildirilmişdir ki, şikayət Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” ilə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından belə şikayətlərin komitənin Apellyasiya Şurasında baxılması nəzərdə tutulmamışdır.Qaldırılmış məsələ ilə bağlı qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 14 ünvanında yerləşən 1830,8 kv.m. və 471,4 kv.m. qeyriyaşayış sahələrinin icarəyə verilməsinə dair xx.xx.2015-ci il tarixli, 7487/4966 və 7488/4965 nömrəli icarə müqavilələri bağlanılmışdır.Hazırda icarədə olan sahələrə dövlət ehtiyacları üçün istifadə zərurətinin yarandığı barədə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 1-09/0556 nömrəli məktubu nəzərə alınaraq bildirilmişdir ki, bağlanılmış müqavilələrin 8.3.5-ci bəndinə əsasən həmin sahələrə dair yeni müddətə icarə müqaviləsi bağlanılmayacaq və icarə münasibətlərinə xitam veriləcəkdir.Bu səbəbdən icarədə olan sahənin boşaldılmasının və balanssaxlayıcıya təhvil verilməsinin təmin edilməsi zəruridir.Eyni zamanda qeyd edilmişdir ki, Azerbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “İddiaçı" MMC-nin ünvan 6 ünvanında, ATS 71-in binasında yerləşməsi üçün təklif edilmiş qeyri-yaşayış sahələrindən icarə müqaviləsi əsasında istifadə edilməsinə etiraz edilmir. - Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli sorğusuna əsasən xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Rabitə və X2 Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 1- 09/0556 saylı məktubda (təsdiq edilmiş surət) aşağıdakılar göstərilmişdir: “Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2012-ci il tarixli 736 nömrəli Fərmanına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X9 (“xxxxxxx”) MMC yaradılmış və hazırda fəaliyyət göstərir. “xxxxxxx” MMC-nin fəaliyyətinin səmərəliliyinin artırılması və bununla əlaqədar işlərin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 14 ünvanında yerləşən və hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin (xxxİB) X12 balansında olan binanın tam olaraq “xxxxxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bununla əlaqədar hazırda həmin binanın boşaldılması zərurəti yaranmışdır. Qeyd olunan binada xxxİB-in X19 ilə yanaşı İddiaçı MMC də yerləşir və Əmlak Məsələləri Dövlət Komitəsi ilə imzalanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqavilələri ilə 2302.2 kv.metr sahə hazırda İddiaçı MMC-nin istifadəsindədir. Məlumat üçün bildirilmişdir ki, həmin sahələrin İddiaçı MMC-nin istifadəsinə verilməsi ilə əlaqədar xx.xx.2015-ci il tarixli 7487/4966 və 7488/4965 nömrəli icarə müqavilələrinin müddəti xx.xx.2015-ci il tarixində bitmişdir. Yaranmış vəziyyətlə əlaqədar sözügedən binada fəaliyyət göstərən xxxİB-in X16 aid telekommunikasiya vasitələri və qurğularının X12 balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 22 ünvanında yerləşən ATS 61-in və Bakı şəhəri, X20 küçəsi, 131 ünvanında yerləşən ATS 64-ün binalarına, İddiaçı MMC-nin istifadə etdiyi ofis sahələrinin, eyni zamanda telekommunikasiya vasitələri və qurğularının isə xxxİB-in X11 balansında olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 19 ünvanında yerləşən ATS 71-in binasında boş olan sahələrə köçürülməsi qərara alınmışdır və bunun üçün tam şərait yaradılacaqdır. Sonda məsələnin əhəmiyyətini və icrasının vaxtında təmin edilməsinin vacibliyini nəzərə alaraq, bu barədə “İddiaçı" MMC-nin xəbərdar edilməsi, binada aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar qeyri-yaşayış sahələrinin qısa müddətdə boşaldılması və yeni sahələrin istifadəyə verilməsi ilə bağlı təşkilati işlərin tez bir zamanda başa çatıdırılmasına köməklik göstərilməsi üçün müvafiq tapşırıq verilməsi xahiş edilmişdir. İş materiallarına, eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx xxxx 2016-cı il tarixli, Hüq/181 saylı məktubun, Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya Şurasının sədrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, Hüq/229 nömrəli şikayətin təsdiq edilmiş surətləri, ödəniş tapşırıqlarının, elektron vergi hesabfakturalarının, köçürmə bildirişinin və digər sənədlərin surətləri də əlavə edilmişdir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, Əmlak Məsələləri Dövlət Komitəsi(“İcarəyəverən”) ilə İddiaçı MMC (“İcarəçi”) arasında bağlanılmış xx xxxxxx 2015ci il tarixli, 7488/4965 saylı və xx xxxxxx 2015-ci il tarixli, 7487/4966 saylı “Daşınmaz əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” müqavilələrə əsasən müvafiq olaraq, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 14 (registr №***- *******4-004) ünvanında yerləşən, ümumi sahəsi 471.4 kv.metr təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 14 (registr №***-*******4-001) ünvanında yerləşən, ümumi sahəsi 1830.8 kv.metr təşkil edən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xxxİB-nin X12 balansında olan qeyri-yaşayış sahələri rabitə xidmətləri məqsədi ilə “İcarəçi”nin, yəni İddiaçı MMC-nin müddətli istifadəsinə verilmişdir. Sözügedən icarə müqavilələrinə həmin müqavilələrin 8.2-ci bəndinə əsasən (Müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərin xitam verilir) xx.xx.2015-ci il tarixdən etibarən xitam verilmişdir. Yeni icarə müqavilələrinin bağlanılması barədə İddiaçı MMC-nin müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2012-ci il tarixli 736 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Rabitə və X2 Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 1-09/0556 saylı məktubu nəzərə alınmaqla cavabdeh inzibati orqan tərəfindən yeni icarə müqavilələrinin bağlanılmasından imtina edilmişdir. İşin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilənin müddətinin uzaldılması barədə deyil, Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı MMC arasında Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 14 ünvanında yerləşən 1830.80 kv.metr və 471,40 kv.metr olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair yeni icarə müqavilələrinin bağlanması barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin Komitənin üzərinə qoyulmasından ibarət olduğuna görə İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilmişdir. Hər iki müqavilənin 1.1-ci bəndində qeyri-yaşayış sahələrinin icarəyə verilməsinin hüquqi əsası kimi Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012- ci il tarixli 49 saylı əmrinə istinad edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan əlavə, cavabdeh tərəfin iddiaya dair yazılı etirazında qeyd edilən iddia müddətinin ötürülməsi ilə bağlı məsələ araşdırılmış, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin İddiaçı MMC-yə ünvanladığı **********44 saylı, xx xxxxxx 2016-cı il tarixli imtina məktubunun sonuncuya çatdırılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən iddia müddətinin axımının başlanma tarixini müəyyən etmək mümkün olmadığından, bu əsasla da, işə mahiyyəti üzrə baxılması və müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İсarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbayсan Respublikası Prezidentinin x xxxxxxxx 1997-сi il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbayсan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını iсarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərənсamçısı kimi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Fərmanla müəyyən edilmişdir ki, dövlət büdсəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz əmlakın iсarəyə verilməsindən alınan haqqın 100 faizi, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə 50 faizi dövlət büdсəsinə köçürülür, qalan hissəsi onların sərənсamında qalır. Hazırki mübahisədə müqavilə üzrə tərəflər Əmlak Məsələləri Dövlət Komitəsi və İddiaçı MMC hesab edilsə də, müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahələri Azerbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olduğuna görə, həmin qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, icarə müqaviləsinin müddətinin uzadılması və sair hərəkətlərin edilməsi və bununla bağlı müvafiq inzibati aktın qəbul edilməsi üçün ilkin şərt əmlakın balansaxlayanın razılığı hesab olunur. İşə əlavə edilmiş, Azerbaycan Respublikasının Rabitə və X2 Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı xx.xx.2016-cı il tarixli, 1-09/0556 saylı məktubunda tərəflər arasında yeni icarə müqavilələrinin bağlanmasına etiraz edilmiş və qeyri-yaşayış sahələrinin boşaldılması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, cavabdeh inzibati orqanın hazırki vəziyyətdə iddiaçı tərəfə imtina etməsi və imtinaya əsas kimi göstərdiyi hallar qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 452/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar