Məhkəmə qərarları › İş №2-1(103)-745/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-745/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-745/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «ikinci dərəcəli əlilliyin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2601/2022 saylı xx.xx.2022-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldıraraq, “iddiaçıya xəstəliyinə görə ikinci qrup əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, 1998-ci ildən o, özünü xəstə hiss etmiş və hərbi xidmət zamanı səhhətində yaranmış problem ilə əlaqədar 2008-cı ildə hərbi xidmət zamanı aldığı travma nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 25 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən ona müddətli ikinci qrup əlillik təyin edilmişdir. Növbəti müayinə zamanı (tarixi xx.xx.2021-ci il) iddiaçıya əlillik təyin edilməmiş və xx.xx.2021-ci ildə təkrar müayinədən keçmiş, yenə əlilliyi təyin olunmamışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli əlilliyin təyin olunmaması barədə 0452003AAJ57 saylı sənədində qeyd edilir ki, diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, onun üzərində xx.xx.2006-cı ildə laparotomiya mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası Vitebski modifıkasiyası qastroenteroanastomozun qoyulması əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra vəziyyəti anostomazit, pankreatit, peripankreatitlə fəsadlaşmışdır. Onun üzərində qarın boşluğu sanasiyası və drenajlaşması əməliyyatı icra olunmuşdur. Bununla əlaqədar mütəmadi olaraq müayinə və müalicə olunsa da, səhhətində heç bir müsbət dəyişiklik olmamışdır. Ümumi müayinə və müalicələrin nəticəsi olaraq xəstəliyi ilə əlaqədar iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: 1) Əsas diaqnoz: Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər Relaparotomiya: Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xronixora xəstəliyi, perfarasiya ilə fəsadlaşmış 12 b/bağırsaq xorasına görə laparotomiya (xx.xx.2006). Mədənin 2/3 hissəsinin Bilrot üsulu ilə rezeksiyası, (xx.xx.2006). Pankreatit. Qastroduodenitin kəskinləşməsinə görə qarın boşluğunun sanasiyası və drenajlaşması (xx.xx.2006). Nazik bağırsağın keçməməzliyinin ləğvi (2006) əməliyyatlarından sonrakı vəziyyət. Həzm funksiyasının pozulması. İİ-li anemiya. Bağırsağın sorulma funksiyasının pozulması. 2) Ağırlaşma: K91.1 “Operasiya olunmuş mədə" sindromu Anastamozid. Güdül nahiyəsində qanamaya meyilli xora və kiçik eroziyalar. D64 Digər anemiyalar İİ-li anemiya K90 Bağırsaqda sorulmanın pozğunluqları. Bağırsağın sorulma funksiyasının pozulması 3)Yanaşı xəstəliklər: K86 Mədəaltı vəzinin digər xəstəlikləri Pankreatit K29 Qastrit və diodenit Qastroduodenitin kəskinləşməsinə görə qarın boşluğunun sanasiyası və drenajlanması. (xx.xx.2006) Stasionar müalicədən sonra iddiaçının xəstəliyinin ağır mərhələdə olması aşkardır. Ona görə də, iddiaçının sənədləri əlillik təyin edilməsi üçün həkim komissiyasına 2 dəfə ayrı-ayrı vaxtlarda göndərilməsinə baxmayaraq hələ də, ona əlillik dərəcəsi təyin olunmamışdır. Hər dəfə cavabdeh tərəfindən əsassız olaraq imtina cavabı verilmişdir. Gəncə şəhər 6 saylı Poliklinikasının Tibbi Sosial Ekspert Komissiyasına 0452003AAJ57 saylı göndərişi iddiaçıya əlillik təyin olunması üçün əsas verir. Həmin göndərişdə qeyd olunan kodlar ikinci və ya üçüncü dərəcə əlillik təyin edilməsi üçün əsas meyar kimi göstərilmişdir. Hazırda aradan keçən müddətdə iddiaçının xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin indiyə kimi dəfələrlə xəstəliyi ilə bağlı stasionar ambulator müalicələr almağına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da, ağır mərhələyə keçmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu vuruğulayaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2601/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xəstəliyinə görə ikinci qrup əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.3, 2.5-2.6-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2, 4.1-4.3-cü bəndlərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmn etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kolllegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (06 aprel 2023cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir). Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil hazırkı mərhələdə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə verilmiş ekspert rəyində ekspert tərəfindən iddiaçının diaqnozunun əlillik meyarlarına uyğunluğunun qiymətləndirilməsi espertin səlahiyyətlərinə aid olmadığı qeyd edilsə də, ona qoyulmuş diaqnozun və ağırlaşmalıarn əlililik dövrlərində də iddiaçıda mövcud olduğunu, vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas olaraq aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İş materiallarına, eyni zamanda, hazırkı mərhələdə təyin olunmuş məhkəmə tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş, AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasınının iyun xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş 1165 N-li “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, iddiaçıya “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” səbəbi ilə aşağıdakı diaqnoz qoyulmuşdur. - “Xora xəstəliyi perforasiya ilə fsadlaşmış onikibarmaq bağırsağın xronoki xorasına görə loparotomiya (20.01.06) perforativ xoranın tikilməsi, dekompensasiya mərhələsində stenozla fəsadlaşmış onikibarmaq bağırsağın xroniki xorasına görə relaportomiya (12.04.06), mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası, Vitebski modifikasiyası ilə qastroanastoenteroanastomozun qoyulması cərahi əməliyyatından sonra, anastomozit əməliyyatdan sonrakı pankreatit və peripakreatitlə fəsadlaşmasına görə rerelaportomiya (26.04.06), qarın boşluğunun sanasiyası və drenaj edilməsi cərrahi əməliyyatları nəticəsində bitişmə mənşəli nazik bağırsaq keçməməzliyinə görə rerelaportomiya (02.06.06), bitişmələrin ayrılması, nazik bağırsaq keçməməzliyinin ləğvi cərrahiyə əməliyyatından sonrakı vəziyyət” . Bundan sonra, TSEK tərəfindən iddiaçının əlillik vəziyyəti Gəncə 6 saylı şəhər poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında Ümumi xəstəlik səbəbi ilə aşağıdakı kimi qiymətləndirilmişdir: - X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Xora xəs. 12 b/b perforasiya ilə ağırlaşmış xorasına görə loporotomiya (xx.xx.2006) perevarativ xoranın tikilməsi peloporotomiya (xx.xx.2006) mədənin 2/3-sinin Bilrot 2 üsulu ilə rezeksiyası qastoenteromastonuzun qoyulmasından sonra anostomzit rereloporotopiya (xx.xx.2006) və xx.xx.2006 qarın boşluğunun sonasiyası və bitişmələri ayrılması c/ə sonrakı və.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra, Gəncə 4 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə: - X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K90-K93 - Həzm orqanlarının digər xəstəlikləri => K90 - Bağırsaqda sorulmanın pozulması => K90.9 - Bağırsaqda sorulmanın dəqiqləşdirilməmiş pozğunluğu; Diaqnozun mətni: Xora xəs. 12 b/b perforasiya ilə ağırlaşmış xorasına görə loporotomiya (xx.xx.2006) perevarativ xoranın tikilməsi peloporotomiya (xx.xx.2006) mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası qastoenteromastonuzun qoyulmasından sonra anostomzit rereloporotopiya (xx.xx.2006) və xx.xx.2006 qarın boşluğunun sanasiyası və bitişmələri ayrılması c/ə sonrakı və; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra, Gəncə Akademik Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə: -“X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri =>K55-K63 - Bağırsağın digər xəstəlikləri =>K55 - Bağırsağın damar xəstəlikləri =>0 - Bağırsağın kəskin damar xəstəlikləri; Diaqnozun mətni: Xora xəs. 12 b/b perforasiyası ilə ağırlaşmış xorasına görə loporotomiya (xx.xx.2006) perverativ xaric tikilməsi reloporotomiya (xx.xx.2006) mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu rezeksiyası qastroanostomozif qoyulmasından sonrakı anostomoz; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.” Daha sonra, elektron təyinatla, xx.xx.2016-ci il tarixli göndəriş əsasında ona “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə: - X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K55 - Bağırsağın damar xəstəlikləri => K55.0 - Bağırsağın kəskin damar xəstəlikləri; Diaqnozun mətni: xora xəs. 12 b/b perforasiyası ilə ağırlaşmış xorasına görə loporotomiya (xx.xx.2006) perverativ xaric tikilməsi reloporotomiya (xx.xx.2006) mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası qastroanostomozif qoyulmasından sonrakı anostomoz; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Gəncə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0452003AAJCF saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Kəskin, qanaxma ilə, xora xəstəliyi, perfarasiya ilə fəsadlaşmış.12 b/bağırsaq xorasına görə laparotomiya (xx.xx.2006).Mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası (xx.xx.2006). Pankreatit. Qastroduodenitin kəskinləşməsinə görə qarın boşluğunun sanasiyası və drenajlanması (xx.xx.2006).Nazik bağırsağın keçməməzliyinin ləğvi (2006) əməliyyatlarından sonrakı vəziyyət. Həzm funksiyasının pozulması. İl-li anemiya. Bağırsağın sorulma funksiyasının pozulması. İl-li anemiya. Bağırsağın sorulma funksiyasının pozulması. Anastamozid. Güdül nahiyəsində qanamaya meyilli xora və kiçik eroziyalar; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Həkim mütəxəssis ağırlaşmaları təsdiq etmir” səbəbi ilə imtina verilmişdir. Beləliklə də, qeyd olunanlardan aydın görünür ki, iddiaçının hərbi xidmət dövründə aşkar olunan xəstəlik diaqnozu - eyni göstəriciləri ilə 2021-ci ilədək davam etməklə ona 2-ci dərəcə əlillik verilmişdir. Lakin işdən görünür ki, Gəncə A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0452003AAJ57 saylı göndərişi əsasında onun sağlamlıq vəziyyətinə baxılaraq, “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, relaparotomiya: Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. XroniXora xəstəliyi, perfarasiya ilə fəsadlaşmış.12 b/bağırsaq xorasına görə laparotomiya. (xx.xx.2006). Mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası, (xx.xx.2006) Pankreatit. Qastroduodenitin kəskinləşməsinə görə qarın boşluğunun sanasiyasi və drenajlanması (xx.xx.2006). Nazik bağırsağın keçməməzliyin ləğvi (2006) əməliyyatlarından sonrakı vəziyyət. Həzm funksiyasının pozulması. İl-li anemiya. Bağırsağın sorulma funksiyasının pozulması «Operasiya olunmuş mədə» sindromu, Anastamozid. Güdül nahiyəsində qanamaya meyilli xora və kiçik eroziyalar. D64 Digər anemiyalar, ll-li anemiya. Bağırsaqda sorulmanın pozğunluqları, Bağırsağın sorulma funksiyasının pozulması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Təkrarən də, Gəncə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0452003AAL9Q saylı göndərişi əsasında da ona “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mədə xorası; Diaqnozun mətni: Əsas diaqnoz K25.0 Mədə xorası, Kəskin, qanaxma ilə, Mədə və 12 b/bağırsağın residiv xora xəstəliyi tez-tez kəskinləşmələrlə. Xroniki hissəvi bağırsaq keçməməzliyi, qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi ilə.Operasiya olunmuş mədə (5 dəfə) əməliyyatından sonrakı vəziyyət. ll-li anemiya. Xroniki pankreatit. Bağırsağın sorulma funksiyasının pozulması, Ağırlaşma K91.1 «Operasiya olunmuş mədə» sindromu, Ağırlaşma D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, ll-li anemiya. Yanaşı xəstəliklər K29 qastrit və duodenit, Qastroduodenitin kəskinləşməsinə görə qarın boşluğunun sanasiyası və drenajlanması (xx.xx.2006). Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Xroniki xora xəstəliyi, perfarasiya ilə fəsadlaşmış. 12 b/barmaq bağırsaq xorasına görə laparotomiya (xx.xx.2006).Mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası, (xx.xx.2006). Pankreatit. Qastroduodenitin kəskinləşməsinə görə qarın boşluğunun sanasiyası və drenajlanması (xx.xx.2006). Nazik bağırsağın keçməməzliyin ləğvi (2006) əməliyyatlarından sonrakı vəziyyət. Yanaşı xəstəliklər K86 Mədəaltı vəzinin digər xəstəlikləri, Pankreatit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: öz təsdiqini tapmaması - Səbəb: Xəstədə çəki defisitinin göstərilməməsi, laborator müayinələrin nəticələri dioqnozu inkar edir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, Gəncə A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsinin - həm xx.xx.2021-ci il tarixli 0452003AAJ57 saylı, həm də xx.xx.2021-ci il tarixli 0452003AAL9Q saylı – 088 formalı göndərişlərində əks olunan diaqnozun tərkibində iddiaçının əvvəlki xəstəlik diaqnozunun göstəriciləri təkrarlandığı halda, TSEK, onun həmin “diaqnozu və ağırlaşmasının əlilliyin təyininə əsas vermir” - səbəbi ilə ona 2-ci dərəcə əlillik təyin edilməsindən imtina etmişdir. Hazırkı mərhələdə, iş üzrə birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın cavabdehin ekspertinin iştirakı ilə aparıldığını nəzərə alaraq, iddiaçının son 088 formalı tibbi göndərişlərdə təsbit olunan xəstəliyinin ona əllik təyini üçün əsas verib-vermədiyini dəqiqləşdirmək məqsədi ilə, əlavə suallar da qoyulmaqla AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nə (PHŞ) təyin edilmiş əlavə komission, məhkəmə tibbi ekspertizası təyin edilmiş və Birliyin ekspertləri tərəfindən aşağıdakı rəy verilmişdir: -“İddiaçı tibbi sənədlərinə əsasən, onda “Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi – kəskinləşmələrlə, mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası, perforasiya ilə fəsadlaşmış 12 barmaq bağırsağın xorasına görə loparotomiya (2006), əməliyyatından sonra qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi, pankreatit, qastrobuodenit, xroniki hissəvi bağırsaq keçməzliyi, sağtərəfli residivili vetral yırtıq, həzm funksiyasının pozulması diaqnozu müəyyən edilmiş; Eyni zamanda, onun xx.xx.2023-cü il tarixdə X7 “ezofaqoqastroduodenoskopiya müəyinəsindən keçərkən “Postqastrorezekion sindrom. Yyünoqastral reflyüks. Anastomoz xəttinin eroziyaları” aşkar olunmuşdur...(Ekspertlər tərəfindən əlilliyin meyarlara uyğun qiymətləndirilməsi işə baxan hakimin səlahiyyətinə buraxılmışdır). Tədqiq olunan rəydən göründüyü kimi, iddiaçının xəstəliyinin son göstəriciləri onun 2006- 2021-ci illərdə əlillik təyin olunarkən ona qoyulmuş xəstəlik diaqnozunun göstəricilərinə uyğundur. Yəni, onun əlilliyinə əsas olan həmin xəstəliyi 2021-ci ildən sonra da, halhazıradək öz kəskinliyi ilə davam edir. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının qeyd olunan 1.5.3-cü bəndindən isə göründüyü kimi, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi əllik təyinatı üçün göndəriş verilməsi üçün əsas sayılır. 2021-ci ildə cavabdehin əlilliyi qiymətləndirilərkən, qüvvədə olmuş - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin ikinci hissəsinin 2.2-ci bəndi nəzərdə tuturdu ki: ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ...; 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 3.1.20. bədxəsəlli törəmələr, cərrahi və digər növ müalicədən sonrakı hal (C00-C97, Z98.8) 3.1.22. cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma va reabilitasiya müalicəsi tələb olunan hallar (Z98.8, K91.1-K91.9, K92-K92.9);3.1.28. maddələr mübadiləsinin xüsusi pəhriz tələb edən anadangəlmə, irsi xəstəlikləri (K90.0, E70.0-E88.9);... Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 3.2.43.2.4.1-ci bəndlərinə əsasən mədə xorası (K25), onikibarmaq bağırsağın xorası (K26) - həzm funksiyasının mülayim pozulması – xəstəliyin orta ağır forması, xroniki təkrarlanan, bir ildən az müddətdə residivləşən xora, İİ dərəcə (BKİ 16,0-17,5) qidalanma çatışmazlığı kimi (zülal-enerji çatışmazlığı); 3.2.5-3.2.5.1-ci bəndlərinə əsasən mədənin və mədə hissəsinin qazanılmış olmaması (Z90.3) “Əməliyyat olunmuş mədə” sindromu (K91.1) - mədənin hissəvi və ya tam rezeksiyasından sonra həzm funksiyasının mülayim pozulması; orta dərəcəli əməliyyat olunmuş mədə sindromlu qastroenteroanastomoz (dempinq sindrom və ya gətirici bağırsaq ilgəyi sindromu), nazik bağırsağın residivləşən xoraları ilə, İİ dərəcə zülal-enerji çatışmazlığı kimi (BKİ 16,0-17,5); 3.4.1-3.4.1.1-ci bəndlərinə əsasən mədə-bağırsaq sisteminin digər şöbələrinin qazanılmış olmaması (bağırsaqların hissəvi rezeksiyası(Z90.4)), bağırsaq anastomozunun qoyulması ilə əlaqəli vəziyyət (Z98,0) - həzm funksiyasının mülayim pozulması – orta ağır təzahür, tez-tez ishal (gündə 4-6 dəfə), İİ dərəcə (BKİ 16,0-17,5) qidalanma çatışmazlığı kimi (zülal-enerji çatışmazlığı); 3.4.2-3.4.2.1-ci bəndlərinə əsasən bağırsaq bitişmələri, keçməzlik ilə (K56.5) və periton bitişmələri (K66,0) - həzm funksiyasının mülayim pozulması xəstəliklərin orta ağır formaları ilə – stasionar müalicəyə ehtiyacın yaranması ilə nəticələnən (ildə 4 dəfəyə qədər), bəzi hallarda isə cərrahi müalicəyə səbəb olan tez-tez (ildə 6 dəfədən çox) bağırsaq keçməzliyi ilə müşayiət olunan ağrı tutmaları kimi – qiymtləndirilir. Qeyd olunan “Meyarlar”ın 2.2.1-ci bəndinin 2-ci yarımbəndinə əsasən İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığıdır və 3.1.2-ci bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz orqanizmin funksiyalarının pozulmasıdır. Qeyd olunanlardan göründüyü kimi, hətta, qüvvədə olan “Meyarlar”a görə - iddiaçıda aşkar olunan və Gəncə A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0452003AAJ57 saylı və xx.xx.2021-ci il tarixli 0452003AAL9Q saylı göndərişlərində təsbit olunan xəstəliyin tərkibi - 2-ci dərəcə əlillik qrupuna uyğun gəlir. Cavabdeh isə iddiaçının xeyrinə olan həmin halların nəzərə alınmasından və inzibati hüquq normaları ilə üzərinə düşən öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, cavabdehin son 088 formalı tibb göndərişlərdə təsbit olunan xəstəliyi üzrə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsindən imtina etməsinin qanunsuz olduğu, bununla da onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsi isə nəzərə də tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Beləliklə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin – komissiya tərəfindən iddiaçının xəstəliyinin qanunvericiliyə uyğun qiymətləndirildiyini vurğulayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2601/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2601/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar