Məhkəmə qərarları › İş №2-1(103)-746/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-746/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-746/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-5795/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək,onun əmək haqqına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. Cavabdeh orqana müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına görə müraciət etmiş, lakin orqan onun müraciətinə imtina etmişdir. Ümumi iş stajının 25 ildən çox olmaqla yanaşı, o cümlədən 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. Həmçinin, işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz edərək bildirmişdir ki, İddiaçı işlədiyi peşənin güzəştli şərtlər siyahısına daxil olmadığı üçün və iddiaçı tərəfindən sənədlər təqdim olunmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-5795/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-5795/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. O, 14.09.1977-ci ildə X4 zavoduna 1-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.05.1978-ci ildə 2-ci dərəcəli vəzifəsinə keçirilmiş, 05.11.1979-cu ildə hərbi qulluq ilə əlaqədar işdən azad edilmiş, 08.01.1980-ci ildə X4 zavoduna 2-ci dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, 06.03.1980-ci ildə öz arzusu ilə işdən azad edilmiş, 06.08.1982-ci ildə X4 zavoduna 3-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, 06.09.1982ci ildə işdən azad edilmiş, 10.09.1982-ci ildən-18.10.1982-ci ilə qədər- Lyubertsı Tikinti və Quraşdırma İdarəsi “BaşTransneft”də montajçı peşəsində işləmiş, 16.05.1983-04.06.1983cü ilədək “başTransnefti”ndə kabelçi peşəsində işləmiş, 18.08.1983-cü ildə Mənzil Kommunal Təsərrüfat İdarəsinə elektrik montajçısı, 06.09.1984-cü ildə sürücü işləmiş, 20.03.1985-ci ildə başqa şəhərə köçməsi ilə əlaqədar işdən azad edilmiş, 23.04.1985-ci ildən-18.10.1985-ci ilədək inşaatçı, 08.10.1985-27.12.1985-ci ilədək sürücü, 13.01.1986- 18.04.1986-cı ilədək çilingər, 28.04.1986-03.12.1986-cı ilədək inşaatçı, 25.03.1987-ci ildən- "xxxx" ASC-də montajçı, elektrik çilingəri və hal-hazıradək 6-cı dərəcəli təmirçi çilingəri peşəsində işləyir. Azərbaycan Respublikası "xxxx" ASC-nin 06/21 nömrəli 27 iyul 2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Ədalət oğlu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “İstilikkommunenerjisazlama” Respublika İstehsalat Birliyi, X2 və İstilik Şəbəkəsi İdarəsinə 25.03.1987-ci il tarixdən idarənin 25.03.1987-ci il tarixli 34 saylı əmri ilə əmək müqaviləsinə əsasən 4-cü sahəyə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin 01.05.2013-cü il tarixli 06/261v saylı əmrinə əsasən 01.05.2013cü il tarixindən X3 İstismar Sahəsinə təmirçi çilingər peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08.06.2005-ci il tarixli 847 saylı sərəncamına əsasən "xxxx" ASC yaradılmış, fəaliyyətini təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “İstilikkommunenerjisazlama Respublika İstehsalat Birliyi, Bakı şəhər İstilik İdarəsi və Qaradağ rayon qazanxanalar və istilik şəbəkəsi ləğv edilərək funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə ASC-yə verilmişdir. İddiaçı pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçıya ünvanladığı 14.07.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı güzəştli şərtlərlə “yaşa görə” əmək pensiyasının təyin edilməsi məsələsinə müvafiq sənədlərin əsilləri tam şəkildə təqdim edildikdən sonra baxıla bilər. Birinci instansiya məhkəməsi ilk növbədə iddianın mümkünlük şərtinə qiymət verərək bildirmişdir ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh etiraz ərizəsində, həmçinin, cavabdeh orqanını təmsil edən nümayəndə məhkəmə iclaslarında iştirak edərkən, iddianın mümkün sayılmamalı olduğunu bildirir. İş materialları ilə müəyyən edildi ki, iddiaçının müraciətinə cavab olaraq, sənədlərin əsilləri təqdim olunduğu təqdirdə müraciətinə baxılacağı bildirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məktub imtina məktubu kimi qiymətləndirilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.Qüvvədə olan qanunvericiliyin tələblərindən, həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və 01 yanvar 2006-cı il tarixədək sığorta illərinin hesablanması üçün sübut qismində əmək pensiyasını təqdim etmişdir. Qanunvericiliyin normalarına görə, iddiaçının 01 yanvar 2006cı il tarixədək olan sığorta illərinin güzəştli olub-olmaması yoxlanılan zaman, güzəştli arayışın olması zəruri deyildir. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş 14 iyul 2020-ci il tarixli, **********7 saylı məktubu imtina məktubu kimi qəbul olunmalıdır “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 3) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı isə minimum 25 il olmalıdır. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletin surətindən görünür ki, iddiaçı 24 aprel 1980-ci il tarixdən 28 iyun 1982-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 2 ay 04 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çoxdur. Lakin güzəştli iş stajı qanunvericiliklə müəyyən edilmiş həddə mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması və eyni zamanda apellyasiya baxışı zamanı iddiaçının işlədiyi müəssisə olan "xxxx" ASC-yə iddiaçının güzəştli iş stajının olub-olmaması barədə arayışın təqdim olunması məqsədilə sorğular ünvanlanmış, işəgötürən tərəfindən sorğuya cavab olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi peşələr güzəştli peşələrə aid deyildir. İddiaçı "xxxx" ASC-də elektrik çilingəri vəzifəsində işləyir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda 2140000a—18455 nömrəli kod altında göstərilmiş qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələri “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” istehsalat sahəsinə aid edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zamanı ərizəçinin işlədiyi peşə ilə yanaşı iş sahəsi də nəzərə alınmalı və “Siyahı” üzrə müvafiq kod altında olan sahə, peşə olmasına diqqət edilməlidir. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 il olmağına baxmayaraq, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməmişdir. Odur ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqları pozulmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-5795/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar