Məhkəmə qərarları › İş №2-1(103)-746/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-746/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-746/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Ukrayna M.F.Jukovski adına Milli Aerokosmik Universiteti Xarkov Aviasiya Milli Mülki İnstitutunun bakalavr ali təhsil dərəcəsinə dair xx.xx.2019-cu il tarixində verilmiş B 19 №206851 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 4 il Ukraynada Aerokosmik Universiteti Xarkov Aviasiya Milli Mülki İnstitutunun bakalavr ali təhsil almağına görə dil biliyinin qənaətbəxş olmamaması heç bir halda mümkün olmaz. Təhsil aldığı dili kifayət qədər yüksək səviyyədə bilməsinə görə təhsili yüksək nəticə ilə başa vurmuşdur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəmənin qərardadının icrası ilə bağlı xx.xx.2022-ci il tarixli 00-05-336/TKTA nömrəli məktub məhkəməyə təqdim edilmişdir. Həmin məktubda onun ixtisas üzrə tədris dilini bilmə səviyyəsinin yoxlanılması üçün xx.xx.2021-ci il tarixində müsahibənin təşkil edilməsi barədə məlumatlandırılmağına baxmayaraq müsahibədə iştirak etmədiyi qeyd edilmişdir. Belə ki, onun müsabiqəyə çağrılmağı ilə əlaqədar məlumat gəlsə də xəstə olmağı səbəbi ilə əlaqədar iştirak edə bilməmişdir. Teleqram vurararaq müsabiqənin başqa vaxta keçirilməsini xahiş etmiş, lakin bu cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Ukrayna Təhsil və Elm Nazirliyi M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X3” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli B19 saylı 206851 №-li Bakalavr diplomunun notarial qaydada təsdiq (tərcümə təsdiq) olunmuş surətindən müəyyən olunur ki, İddiaçı “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə bakalvr dərəcəsini almışdır. - Ukrayna Təhsil və Elm Nazirliyi M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X3” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli B19 saylı 206851 №-li Bakalavr diplomuna xx.xx.2019-cu il tarixli 5547120№-li əlavənin notarial qaydada təsdiq olunmuş (tərcümə) surətindən müəyyən olunur ki, İddiaçı M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X3”nda oxuduğu müddət ərzində “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə iqtisadiyyat və sahibkarlıq sahəsində 4 il əyani tədris formasında təhsil almışdır. - Ukrayna Təhsil və Elm Nazirliyi M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X3” tərəfindən xx.xx.2019-cu ildə № A-52769-19 nömrəsi ilə apostil edilmişdir. - İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq bildirilmişdir ki, ekpert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkib hissəsi kimi tanınan “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsində qeyd edilir ki, ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə imkanın verilməsi səpkisində baxılmalıdır.” d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır.” Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Göstərilir ki, “bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarınm tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.” Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər (tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edilməsi formasında ola bilər.” Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 №li qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Yəni, göründüyü kimi, bu Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. Adı çəkilən Qaydaların 1.5-ci bəndində göstərilmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi. Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. “Təhsil haqqında” AR Qanunun 1.0.43-cü maddəsinə əsasən, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Sadalalanan qanunvericiliyin tələblərindən görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır. Yəni ekspert qrupunun rəyi iddiaçının aldığı təhsilin yalnız diplomda göstərilən müddətə və məzmuna uyğunluğunu deyil, göstərilən təhsilin keyfiyyətini də əhatə etməlidir. İş materiallarından görünür ki, Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya iddiaçının təhsil aldığı dil üzrə biliklərini qeyri-qənaətbəxş hesab etmişdir. Bu əsasla da, diplomun ekvivalentliyinin tanınmasından imtina edilmişdir. Hazırki mübahisəyə birinci instansiya qaydasında baxılarkən məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisə ilə bağlı yekun qərar qəbul edilənədək, iddiaçının tələbinin təmin olunması məqsədilə, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 00-05- 336/TKTA №li xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X3”nda “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə Bakalavr dərəcəsini bitirməsi barədə verilmiş B19 № 206851 saylı xx.xx.2019-cu il tarixli diplom üzrə ixtisasın tanınması məsələsi yenidən araşdırılmış, lakin iddiaçı xx.xx.2021-ci il tarixdə müsahibənin keçirilməsi barədə elektron ünvanı, möbil nömrəsi, həmçinin qeydiyyat ünvanına göndərilmiş rəsmi müraciət göndərilməsi ilə məlumatlandırılsa da, müsahibədə iştirak etməmişdir. Apelyasiya baxışı zamanı, iddiaçıya həqiqətən həmin dövrdə xəstə olmasını sübut edən dəlillərin məhkəməyə təqdim edilməsi təklif edilsə də, belə bir dəlil məhkəməyə təqdim edilməmiş, mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilən halı məqsədli yayınma kimi qəbul edir və hesab edir ki, işin yuxarıda qeyd edilən və digər faktiki halları iddiaçının ixtisası nəzərə alındıqda, onun ixtisasının peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməsi halını şübhə altına almaqla, təhsil aldığı ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməsinin mümkünsüz olması barədə nəticəyə gəlməyə əsas verir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı M.Hərkülün təhsil aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən olunduğundan onun diploma əlavədə qeyd olunmuş fənləri mənimsəməsi, təcrübə keçməsi, yekun dövlət imtahanından keçməsi və ya diplom işi yazaraq müdafiə etməsinin mümkünlüyü qeyri-realdır. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar