Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-746/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin və transformator məntəqəsinin yerinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X14 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə) “elektrik xəttinin və transformator məntəqəsinin yerinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8494/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 356488 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 (iddiaçının atası) xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin 01 ayının 07 günündə 09 № ilə qeyd aparılmışdır. Bakı şəhər 45 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-yə ünvanlanmış 153 №-li, xx.xx.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı miras qoyanla qohumluq əlaqəsini təsdiq edən, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2009-cu ildə vəfat etmiş X4 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X4 adına olan Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, massiv 1/24 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 45 saylı notariat kontoruna göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinə dair X4 adına tərtib olunmuş Texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.08537 ha, faktiki sahə 0.097 ha, tikinti altı sahə 0.03022 ha, digər sahələr 0.06678 ha təşkil edir. Fərdi yaşayış evi 1959-cu ildə inşa olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında 0.08537 ha torpaq sahəsi üzərində yerləşən 133,2 kv. metrdən ibarət fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 454 nömrəli reyestr kitabının 42552 nömrəli vərəqində X4 adına qeydə alınmışdır. İddiaçı vərəsəlik hüququ əsasında yuxarıda qeyd olunan daşınmaz əmlakın yaxınlığından keçən elektrik xəttinin və transformator məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin tələbi təmin olunmamışdır. Bundan sonra İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6 kV-lıq elektrik xəttindən 132 №-li komplekt transformator məntəqəsinə çəkilmiş elektrik xəttinin və 132 №-li KTM yerinin dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evin torpaq sahəsi 1946-cı ildə Bakı şəhəri Duvanlı qəsəbə Sovetliyi tərəfindən atası X20 (Avaz) oğlunun adına fərdi yaşayış evi tikmək üçün ayrılmış və atası həmin ərazidə fərdi yaşayış evi tikmiş, həmin evdə yaşamışdır. 1951-cı ildə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşması və qiymətləndirilməsinə dair” pasportunda müvafiq məlumatlar qeyd edilmişdir. Texniki Pasport hər 3 (üç) ildən bir yenilənirdi. Onların bütün ailəsi həmin evdə böyüyüb başa çatmışdır. Atası xx.xx.2009-cu ildə ölmüşdür. O zaman atasının tikdiyi fərdi yaşayış evinə 1963-cü ilin avqust ayında “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventerizasiyası və qiymətləndirilməsinə aid Pasport” tərtib edilmiş və yeni yaşayış sahəsində ünvan 8 ünvan verilmişdir. Atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar bütün sənədlər müxtəlif qurumlara təhvil verilmişdir. Ev şəxsi mülkiyyət hüququ ilə atası X5 adına AR ƏMDK yanında Daşmmaz Əmlakın Dövlət Reyestr Qeydiyyatından keçmişdir. Hazırda həmin evdə onun ailəsi və iki bacısı qeydiyyatda olmaqla yaşayırlar. Onun övladları və iki bacısı xəstədir və daimi müalicəyə ehtiyacları vardır. Ona görə o, daima yaxınlarının müalicəsi ilə məşğul olmağa məcburdur. Yaşadığı ev 1946-cı ildə inşa edilmiş, evlərinin yaxınlığında heç bir kommunikasiya xətləri olmamışdır. 2000-ci ildə yaşadığı evdən 800 metr aralıda yerləşən Hərbi hissənin çəpərinin arxa tərəfində Elektrik yarımstansiyası tikilmiş və həmin ərazidə yaşayan sakinlərin evlərinə elektrik xətləri çəkilmişdir. Daha sonra 1976-cı ildə 6 KV-luq Elektrik yarımstansiya Hərbi hissənin yaxınlığından götürülərək yaşadığı evin giriş küçəsinin digər hissəsinə, yəni 15-20 metrliyinə köçürülmüşdür. Evlərinin yaxınlığına köçürüləndə yerli sakinlərin fikri öyrənilməmişdir və razılıqları alınmamışdır. 132 KTM yaşadıqları evin yaxınlığında, valideynləri evdə olmadığından istifadə edib, quraşdırılmışdır. X10 evlərinin yaxınlığına köçürülən ərazi onun ailəsi üçün fərdi yaşayış evi tikilməsi üçün ayrılmış torpaq sahəsidir. Anası “Qəhrəman ana” olduğundan və ailə tərkibi 14 (on dörd) nəfər olduğundan və yaşadıqları ev onların ailəsi üçün darısqal olduğundan həmin torpaq sahəsi ailələrinə ayrılmışdır və həmin sənədə əsasən Bakı şəhəri Qaradağ rayon icra Hakimiyyəti Başçısının 276 №-li, xx.xx.2000-ci il sərəncamı ilə “Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi” ayrılmışdır. Mərhum babası həmin sahəni heç bir transformator olmayanda hasarlamışdı və torpaq sahəsində çoxsaylı meyvə ağacları əkmişdir və hazırda meyvə ağacları çox böyümüşdür. Həmin ərazidə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsinin "xxxx" ASC-nin işçilərinə bağının sənədini təqdim etsə də, əhəmiyyət vermədən, bağın içində bir neçə meyvə ağacına ziyan vurub, torpağı qazılaraq altından 6 kV-lıq elektrik xətti çəkilmişdir. Son bir neçə ildə, evlərinin yaxınlığında quraşdırılmış 6 kV-lıq Elektrik Yarımstansiyadan ailə üzvlərini qorxu içində saxlayır, dəfələrlə partlayıb, cərəyanı çəpərə yayılır, yağışlı havalarda cərəyanı ətrafa yayılaraq adamı titrədir.132 KTM yarımstansiya dəfələrlə qısa qapanmadan alışıb yanıb və yaxın ərazidə yaşayan sakinlərin bahalı məişət texnikaları yararsız hala düşüb. Eyni zamanda o, evinin dəyişdirilməsi və ona аyrı mənzil verilməsi üçün müraciətinə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavininin xx.xx.2019-cu il tarixli M-26-148 №li cavab məktubu ilə bildirilmişdir ki, “Rayon İcra Hakimiyyətinin boş mənzil fondu olmadığından onu mənzillə təmin etmək imkan xaricindədir”.Ona görə müxtəlif orqanlara müraciət edərək Elektrik xəttinin və Yarımstansiyanın götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinn 1-ci X18 İdarəsinin xx.xx.2022-ci il tarixli xx/xx-00224e saylı məktubunda “elektrik stansiyasının və elektrik xəttinin yaşayış sahəsindən 24 və 50 metr məsafədə quraşdırılmalı olduğunu bildirmişdir.” X1 Agentliyinin xx.xx.2022-ci il tarixli AERA/20-1357 №li Aktında Elektrik xəttinin və yarımstansiyanın yaşayış evinə yaxın məsafədə olması təsdiq edilmişdir. Yarımstansiyanın və Elektrik xəttinin götürülməsi üçün ilkin olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Üçüncü şəxs qismində Nəsimi Rayon Məhkəməsinə dəvət olunmuş Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək bağın sənədinin Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verildiyini təsdiq etdi, lakin həmin ərazidə transformator hansı sənədə yaxud layihəyə əsasən orda quraşdırılmasının səbəbindən təmsil etdiyi İcra Hakimiyyətinin xəbərsiz olduğunu bildirdi. Bu izahat Nəsimi Rayon Məhkəməsində məhkəmə iclasının protokolunda əksini tapıb. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mübahisənin Qaradağ Rayon Məhkəməsinə aidiyyatı olması əsası ilə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş və evlərinin yaxınlığında quraşdırılmış yarımstansiyanın və elelktrik xəttinin mühafizə zonasından başqa yerə köçürülməsi qət edilmişdir. Həmin işdən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraatına xitam verilmşdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli 4 saylı Qərarının 13-14-cü bəndinə əsasən “tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərindən olduqları hallarda başqa, təbii inhisar sübyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarında, hərəkət və hərəkətsizliyindən irəli gələn mübahisələr İPM-nin 2.1-ci maddəsinin tələbinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılır.” İşin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan zaman çoxsaylı məhkəmə ekspertizaları keçirilmiş və qəbul edilmiş rəylərdə birmənalı olaraq göstərilmişdir ki, ünvan 9 ünvanın yaxınlığında quraşdırılmış elektrik yarımstansiya və 6 kV-lıq elektrik xətləri mühafizə zonalarının tələblərini pozmaqla çəkilmiş və stansiyanın və elektrik xəttinin yerinin dəyişdirilməsi zəruridir. Bunula əlaqədar yarımstansiyanın və elektrik xəttinin yaşayış evinə yaxınlığında quraşdırılması üçün çoxsaylı fotoşəkillər çəkilmiş və yarımstansiyanın gecə vaxtı elektrik şüalarının buraxmasının video görüntüləri çəkilmişdir. "xxxx" ASC-nin onun sahibliyində olan torpaq sahəsində və mülkiyyətlərində olan evin yaxınlığında elektrik yarımstansiyanın quraşdırılması qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının” 2-ci bəndinə əsasən “Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra)- elektrik şəbəkələri ” qorunmasının təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısının almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdiriməsini, tikilməsini istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. X26 şəbəkələrinin mühafizə zonaları müəyyən edilib. 1 kV- 20 kV-dək hava elektrik ötürücü xətləri boyunca kənar naqillər meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 10 m. olmalıdır."xxxx" ASC-i isə 6000 V-lıq hava elektrik xəttin mühafizə zonasını çıxarışlı torpaq sahəsinin sayəsində əldə edib, ondan başqa 6000 V-lıq yüksək gərginlik xəttinin bir dirəyi bir başa torpaq sahəsinin çəpərinə birləşdirilib. Bundan başqa elektrik avadanlıqların qaydalarına əsasən, 60 L-dən çox yağ tutumlu transformatorlar yaşayış evlərdən və tikililərdən azı 24 m. aralıda quraşdırılmalıdır. 132 KTM transformatoru isə "xxxx" ASC-i tərəfindən evindən cəmi 19 m., torpaq sahəsinin köməkçi tikililərindən isə 8 metrliyində quraşdırılıb. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8494/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, ünvan 10 ünvanın yaxınlığında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 6 kV-lıq elektrik xəttindən 132 №-li komplekt transformator məntəqəsinə çəkilmiş elektrik xəttinin və 132 №-li komplekt transformator məntəqəsinin yerinin dəyişdirilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektron məhkəmə portalında açılmış şəxsi kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən 2-1(112)-8494/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Qərarin 12-ci səhifəsinin (Məhkəmənin mövqeyi hissəsində 3-5-ci abzaslarında qeyd edilmişdir: “Hazırki iş üzrə iddiaçının mərhum atasına xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş və hazırda iddiaçının (ailə üzvləri ilə birgə) qanuni əsaslarla sahibliyində və istifadəsində olan mübahisəli fərdi yaşayış evi 1959-cu il tarixdə inşa edilmişdir. İddiaçı tərəfindən yerinin dəyişdirilməsi tələb olunan 6 kV-lıq elektrik xəttindən elektrik xətti çəkilmiş 132 №-li KTM 1976-cı ildən cavabdehin balansındadır. Müvafiq ekspertiza rəyləri ilə Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, 24 B ünvanında İddiaçı məxsus həyətyanı sahədə yerləşən qarajla, ərazidən keçən qeyd olunan 6 kV-luq hava xətti arasında olan məsafənin 8 m. olduğu nəzərə alınmaqla, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən qaraj və qarajın yerləşdiyi həyətyanı sahənin ərazidən keçən 6 Kv-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi; fərdi yaşayış evinin, həmçinin həyətyanı sahəsində yerləşən qarajın odadavamlılıq dərəcəsinin 3-cü dərəcə olması və 400 kVa gücündə olan transformatorların yağının çəkisinin 60 kqdan çox olması, həmçinin həmin ünvanda, ərazidə yerləşən 132 saylı 400 kVa transormatorla İddiaçı məxsus fərdi yaşayış evi arasında olan məsafənin 19 m., qarajla isə 11.8 m. təşkil etdiyi nəzərə alınmaqla, “Elektrik qurğularının quraşdıırlması Qaydası”nın 4.2.2.24 bəndinə əsasən fərdi yaşayış evi ilə qarajın həmin 400 kVa gücündə olan transformatorun yanğın təhlükəsizliyi məsafəsinə düşməklə mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur.” İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, 24 B ünvanında ona məxsus həyətyanı sahənin texniki sənədlərində qeyd edilən torpaq sahəsi onun faktiki sahibliyindəki sahədən azdır. Məhkəmə tərəfindən yerli baxış keçirilmədən, faktiki sahə müəyyən edilmədən qərar qəbul edilmişdir. Qərar elan olunduqdan sonra əldə edilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinə ünvanladığı 5-13/2-821/2023 saylı xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Sangaçal qəsəbəsi, massiv 1 ünvanında "xxxx" ASC-nin balansında və hazırda istismarda olan qəsəbənin bir hissəsini elektrik enerjisi ilə təmin edən transformatorun ətrafı İddiaçı tərəfindən zəbt edilərək çəpərlənmişdir. Eyni zamanda zəbt edilmiş torpaq sahəsinin bir hissəsi Azərbaycan Dəmir Yollarının mühafizə zonasına aiddir. Həmçinin məktubda məsələ ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün eyni zamanda Qaradağ Rayon Polis İdarəsinə müraciət ünvanlanmışdır. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının iştirakçıları işə onların işirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati akt istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia subyektiv hüququ olan şəxs tərəfindən düzgün cavabdehə qarşı yönəldiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı tələbi “ünvan 13 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6 kV-lıq elektrik xəttindən 132 №-li komplekt transformator məntəqəsinə (bundan sonra mətndə KTM) çəkilmiş elektrik xəttinin və 132 №-li KTM yerinin dəyişdirilməsi” barədədir. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, yaxınlığında "xxxx" ASC-nin 6 kV-lıq elektrik xəttindən 132 №-li komplekt transformator məntəqəsinə (bundan sonra mətndə KTM) çəkilmiş elektrik xətti və 132 №-li KTM yerləşən Bakı şəhəri Qaradağ rayonu Sangaçal qəsəbəsi 1-ci massiv ev 24B iddiaçının mərhum atasına xüsusi mülkiyyət hüququ ilə məxsus olmuşdur. Həmin ev iddiaçının qanuni sahibliyində və istifadəsindədir. İddiaçı adı çəkilən fərdi yaşayış evinin mülkiyyətçisinin qanuni vərəsəsidir. İş materiallarından görünür ki, iddiaçının bundan öncə "xxxx" ASC-yə qarşı “elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi” tələbinə dair iddiası olmuş və həmin mülki iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/1215 nömrəli ekspert rəyinin (surətinin) nəticə hissəsində qeyd olunmuşdur ki, “ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.08537 ha torpaq sahəsi Seriya RX ******* saylı çıxarışla vətəndaş X4 mülkiyyətindədir. Həmin çıxarışa əlavə edilmiş texniki pasportun göstəricilərində qeyd olunur ki, fərdi yaşayış evi 1959-cu il tarixində inşa edilmişdir. Qaradağ rayon Enerji Təchizatı və Satış idarəsinin "xxxx" ASC-yə ünvanladığı məktuba əsasən 132 saylı KTM 29 olaraq balansa götürülmə tarixi 1976-cı ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq 330-500 kv-luq gərginlikdən yuxarı olan elektrik xəttinin mühafizə zolağı 30 metr təyin edilmişdir. Sözügedən 132 saylı KTM-dən torpaq sahəsinin 12 metr, fərdi yaşayış evinin 19 metr aralıda yerləşməsini nəzərə alaraq, torpaq sahəsinin və fərdi yaşayış evinin həmin xətlərin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-513/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 16 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6000 kv-luq elektrik xəttindən 132 KTM-ə çəkilmiş elektrik xəttinin və 132 №-li KTM-in yerinin dəyişdirilməsi barədə iddia tələbinin təmin olunması, cavabdeh "xxxx" ASC tərəfindən öz balansında olan və ünvan 17 ünvanında olan fədi yaşayış evinin yaxınlığında (həmin fərdi yaşayış evinin 19 metr aralı məsafədə, torpaq sahəsi ilə 12 metr aralı məsafədə) yerləşən 6000 kv-luq elektrik xəttindən 132 №-li KTM-ə çəkilmiş elektrik xəttinin və 132 №-li KTM-in yeri mühafizə zonasına aid tələblər nəzərə alınmaqla dəyişdirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədə (3-cü səhifənin 3cü abzası) işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləyən Agentliyi Bakı şəhər Regional Bölmənin xx.xx.2018-ci il tarixli 23Ə/17-1-270 nömrəli məktubundan görünür ki, müraciətdə qeyd edilmiş ünvana baxış keçirilmiş, mövcud vəziyyət yerində araşdırılmış, sakinlərin iştirakı ilə akt tərtib edilmişdir. Yerində baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə olan 516 №-li yarımstansiyadan 132 №-li KTM çəkilmiş 6 kv-luq hava elektrik verilişi xəttinin və 250 KVA-lıq 6/0,4 kv-luq 132 №-li KTM-in mühafizə zonası pozulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edimiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarına əsasən 6 KV-luq hava elektrik veriliş xəttinin və 132 №-li KTM mühafizə zonasının tələbləri ərazidə yaşayan sakinlər tərəfindən kobud şəkildə pozulmuşdur. 6 KV-luq hava elektrik veriliş xəttinin və 132 №-li KTM-in mühafizə zonasının tələblərinin pozulması nəticəsində Azərbaycan Respublikasının Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının icrasında nəzərdə tutulmuş Y/st 516-dan 132 №-li KTM çəkilmiş 6 KV-luq hava xəttindən budaqlanma yolu ilə yeni KTM-ləri qidalandıracaq hava elektrik verilişi xəttinin çəkilişi işləri gecikdirilir və bunun da nəticəsi olaraq "xxxx" ASC tərəfindən Qaradağ RETSİ-in ərazisində görüləcək işlərin vaxtında yerinə yetirilməsində ciddi maneələr yaranır. "xxxx" ASC-in Qaradağ RETSİ-in QXM/302 B-li xx.xx.2018-ci il tarixli məktubunda, 132 №-li KTM-in yerinin dəyişdirilməsinin texniki cəhətdən mümkün olmadığı bildirilmişdir. Qətnamədə (3-cü səhifənin 7-ci abzası) həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X22 Xidməti 1-ci ərazi X22 İdarəsinin xx.xx.2021ci il tarixli 37/H-0/401 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə yanğıntexniki müayinə keçirilmiş, müayinə yerinin fotoşəkiləri çəkilmişdir. Sözügedən ünvanda İddiaçı məxsus fərdi yaşayış evindən 12 metr ara məsafəsində "xxxx" ASC tərəfindən quraşdırılmış 132 KTM gücünə malik elektrik transformatoru yerləşir və istismar edilir. Həmçinin şikayətçiyə məxsus fərdi yaşayış evinin və tikilisinin yanından torpaqaltı 6000 kVt gücünə malik elektrik kabeli keçir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının təsnifatı 30 metr məsafə olmasını, eləcə də sözügedən ünvanda kütləvi insan tələfatı ilə müşahidə olunacaq və cəmiyyətdə geniş rezonansa səbəb ola biləcək yanğın hadisəsinin qarşısının əvvəlcədən alınması məqsədilə "xxxx" ASC tərəfindən quraşdırılmış 132 KTM gücünə malik elektrik transformatorun həmin ərazidən ləğv edilərək, təhlükəsiz əraziyə uzaqlaşdırılması üçün müvafiq göstəriş verilməsi məqsədilə tərəflərindən "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli xx/xx-00948 saylı məktub ünvanlanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-513/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən narazı qalan "xxxx" ASC-nin apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2629/2023 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks əlavə mühəndis-texniki və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 2(103)- 2629/2022 saylı iş üzrə verdiyi 10/7698 saylı 08 fevral 2023-cü il tarixli ekspert rəyindən (surəti) görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş 132 saylı transformator məntəqəsinin pasportundan müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1- ci massiv, 24B ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidən keçən transformatora birləşən hava elektrik xəttinin gərginliyi 6 kV-dur (6000 Volt). Gərginliyi 1000 voltdan yuxarı olan elektirk şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 6 kV-luq hava elektirik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 m. müəyyən edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, 24 B ünvanında İddiaçı məxsus həyətyanı sahədə yerləşən qarajla, ərazidən keçən qeyd olunan 6 kV-luq hava xətti arasında olan məsafənin 8 m. olduğunu nəzərə aldıqda, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən qaraj və qarajın yerləşdiyi həyətyanı sahənin ərazidən keçən 6 Kvluq hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, 24 GB ünvanında İddiaçı məxsus “A” literli fərdi yaşayış evi ilə 6 kV.-luq hava xətti arasında olan məsafənin 21.3 m. olduğunu nəzərə aldıqda, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən fərdi yaşayış evi qeyd olunan 6 kV-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilir. Ərazidə yerləşən 132 saylı 400 kVa tansformatorla qaraj arasında olan məsafə 11.8 m “A” literli fərdi yaşayış evi arasında olan məsafə isə 19 m təşkil edir. ünvan 21 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin, həmçinin həyətyanı sahəsində yerləşən qarajın odadavamlılıq dərəcəsinin 3-cü dərəcə olduğunu və 400 kVa gücündə olan transformatorların yağının çəkisinin 60 kq-dan çox olduğunu, həmçinin həmin ünvanda, ərazidə yerləşən 132 saylı 400 kVa transormatorla İddiaçı məxsus fərdi yaşayış evi arasında olan məsafənin 19 m, qarajla isə 11.8 m təşkil etdiyini nəzərə aldıqda, “Elektrik qurğularının quraşdıırlması Qaydası”nın 4.2.2.24 bəndinə əsasən fərdi yaşayış evi ilə qaraj həmin 400 kVa gücündə olan transformatoru yanğın təhlükəsizliyi məsafəsinə düşməklə mühafizə zonasında yerləşir. Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 1-ci massiv, 24 B ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatorun olduğu torpaq sahəsinin ünvan 23 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olundu. Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 06 iyun 2017-ci il tarixli, 1624 saylı sərəncamı əsasında X6 ayrılmış 600 kv. m. torpaq sahəsinin sxemi, döngə nöqtələrinin koordinatları olmadığına görə, ünvan 21 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatorun olduğu torpaq sahəsinin Bakı şəhəri, Qaradağ rayon icra Hakimiyyəti Başçısının 06 iyun 2017-ci il tarixli 1624 saylı sərəncamı əsasında vətəndaş X6 ayrılmış 600 kv.m. torpaq sahəsi olub-olmadığını müəyyən etmək mümkün olmamışdı. X2 Agentliyinin Bakı filialının aparıcı mühəndisi X8, mühəndis X17 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli AERA/20-1357 №-li aktda (surəti) qeyd olunmuşdur ki, akt tərtib edilib ondan ötrü ki, ünvan 24 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus 132 nömrəli KTM-nin yerinin dəyişdirilməsi barədə vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli AERA-20- m-58/15.20/222 nömrəli müraciətinə əsasən yerində baxış keçirilmişdir. Baxış keçirilən zaman məlum olmuşdur ki, vətəndaş İddiaçı bildirdiyinə görə, "xxxx" ASC-yə məxsus 35/6 kV-luq 516 saylı yarımstansiyadan çıxan 6 kV-luq massiv 1 xəttinin qidalandırdığı 630 kVa 6/0,04 kV-luq 132 saylı komplekt transformator məntəqəsi ona məxsus olan topraq sahəsində quraşdırılmışdır. Sözügedən KTM-dən çıxan 6 kV-luq kabel xətti torpaq sahəsinin təqribən 10 metr məsafəsindən keçərək "xxxx" ASC-nin digər transformator məntəqəsini əlaqələndirir. Sözügedən ərazi dəmiryol xəttindən 16 m. məsafədə yerləşir. Qeyd edək ki, 6 kV-luq hava elektrik verilişi xəttinin son dayağı sözügedən torpaq sahəsində yerləşir. Həmçinin 630 kVa-lıq transformator sözügedən ərazidə yerləşən fərdi yaşayış evinin torpaq sahəsindən təqribən 8 metr məsafədə yerləşir. Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, sözügedən məsələ ilə bağlı (132 saylı KTM-nin yerinin dəyişdirilməsi və 6 kVluq hava xəttinin yerinin dəyişdirilməsi) xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 513/2022 nömrəli qətnaməsi vardır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(002)-513/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. Eyni zamanda qərardadda iddiaçıya izah edilmişdir ki, elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi ilə əlaqədar cavabdehin hərəkətindən və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, adı çəkilən fərdi yaşayış evi 1959-cu ildə inşa edilmişdir. Halbuki iddiaçı tərəfindən yerinin dəyişdirilməsi tələb olunan 6 kV-lıq elektrik xəttindən elektrik xətti çəkilmiş 132 №-li KTM 1976-cı ildən cavabdeh inzibati orqanın balansına verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 №-li Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması” Qaydaların 7.1.1.5-ci bəndinə əsasən müxtəlif təsisatların yataq korpuslarında, məktəb və digər təhsil müəssisələrində və s., içərisində və yanında yarımstansiyaların tikilməsinə icazə verilmir. Səlahiyyətli dövlət nəzarət orqanlarının razılığı əsasında, quru transformatorlardan istifadə etməklə yaşayış binalarının içərisində və ya yanında yarımstansiyaların yerləşməsinə icazə verilir. Bu halda qüvvədə olan standartlara müvafiq səs-küyün və titrəyişin məhdudlaşdırılması üzrə sanitar tələblər tam yerinə yetirilməlidir. Yaşayış binalarının içərisində və yanında, və ya ayrıca dayanan yarımstansiyaların qurulması və yerləşdirilməsi bu Qaydanın 2-ci hissəsinin tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X3 Qaydaları”nın: 3.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”na, tikinti normalarına və başqa texniki normativ hüquqi aktlara uyğun yerinə yetirilərək, müəyyən edilmiş qayda üzrə razılaşdırılmış tikinti layihəsi və texniki təhvil-təslim sənədləri ilə təmin edilməlidir. 3.2-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçıların, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən elektrik qurğuları istismara buraxılmazdan əvvəl, onlar təhvil-təslim sınaqlarından keçirilərək, quraşdırma təşkilatından aktla sifarişçi tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları, eləcə də bu Qaydaların 3.2-1-ci bəndində qeyd edilən sənədləri X2 Agentliyinə təqdim etməlidir. X2 Agentliyi tərəfindən sifarişçinin, tikintiquraşdırma işlərini yerinə yetirən müəssisənin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, enerji təchizatı layihəsinin, elektrik xətlərinin çəkilməsi və elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, X2 Agentliyi tərəfindən “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elektrik qurğusuna istismara buraxılış aktı verilir. 3.6-cı bəndinə əsasən Elektrik qurğularının quraşdırılmasında çatışmazlıqlar, qoşulma üçün verilmiş texniki şərtlərdən, “Elektrik qurğularının quraşdırılması qaydaları”ndan və başqa normativ sənədlərdən kənara çıxmalar aşkar edildikdə, yaxud həmin qurğulara xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olmadıqda, göstərilən çatışmazlıqlar aradan qaldırılmayana kimi onların istismara buraxılmasına icazə verilmir. 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. 6.3-cü bəndinə əsasən Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. 10.21-ci bəndinə əsasən Enerjitəchizatı müəssisəsi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 1-ci bəndinə əsasən mühafizə zonası dedikdə - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinə əsasən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 4-cü bəndinə əsasən Elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Qaydaların 5-ci bəndində əsasən elektrik şəbəkələrinin mühafizə zonaları 330-250 kV-lıq gərginlikli yuxarı olan elektrik xəttinin mühafizə zolağı 30 metr təyin edilmişdir. Həmin Qaydaların 13-cü bəndinə əsasən gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin yaxınlığında yerləşən müəssisələrin işçilərinin, əhalinin əməyinin və sağlamlığının mühafizəsini təmin edən şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılır. Həmin Qaydaların 17-ci bəndinə əsasən elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər. İş materiallarından müəyyən olunur ki, İddiaçı hazırki iş üzrə iddia qaldırmazdan öncə mülki hüquqi qaydada cavabdehə qarşı hazırki iddia tələbini qaldırmışdır. Mülki icraat qaydasında iddiaçının tələbinə baxılarkən müvafiq ekspert təhqiqatları aparılan zaman Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, 24 B ünvanında İddiaçı məxsus həyətyanı sahədə yerləşən qarajla, ərazidən keçən qeyd olunan 6 kV-luq hava xətti arasında olan məsafənin 8 m. olduğu nəzərə alınmaqla, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən qaraj və qarajın yerləşdiyi həyətyanı sahənin ərazidən keçən 6 Kv-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi; fərdi yaşayış evinin, həmçinin həyətyanı sahəsində yerləşən qarajın odadavamlılıq dərəcəsinin 3-cü dərəcə olması və 400 kVa gücündə olan transformatorların yağının çəkisinin 60 kq-dan çox olması, həmçinin həmin ünvanda, ərazidə yerləşən 132 saylı 400 kVa transormatorla İddiaçı məxsus fərdi yaşayış evi arasında olan məsafənin 19 m., qarajla isə 11.8 m. təşkil etdiyi nəzərə alınmaqla, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 4.2.2.24 bəndinə əsasən fərdi yaşayış evi ilə qarajın həmin 400 kVa gücündə olan transformatorun yanğın təhlükəsizliyi məsafəsinə düşməklə mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı ünvan 13 ünvanın yaxınlığında olan "xxxx" ASC-nin 6 kV-lıq elektrik xəttindən 132 №-li komplekt transformator məntəqəsinə çəkilmiş elektrik xəttinin və həmin məntəqənin yerinin dəyişdirilməsinə dair olan müraciətinə cavabdeh qurum tərəfindən yenidən baxılması və iddiaçının tələbinin təmin olunması istiqamətində müvafiq hərəkətlərin edilməsi məqsədilə cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin olunmuş, lakin cavabdeh inzibati orqan iddiaçının tələbi ilə bağlı hər hansı araşdırma aparmamış və məhkəmə qərardadı icrasız qalmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin dəlillərindən asılı olmayaraq elektrik hava xətləri iddiaçının və ya onun mərhum atasının (yəni əvvəlki mülkiyyətçinin) razılığı olmadan onun qanuni istifadəsində olduğu vaxtdan sonra quraşdırıldığından iddiaçı ünvan 13 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6 kV-lıq elektrik xəttindən 132 №-li komplekt transformator məntəqəsinə çəkilmiş elektrik xəttinin və 132 №-li KTM yerinin dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8494/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8494/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X23 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-746/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-746/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver