Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-746/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi borcunun hesablanmasına dair qərarın ləğv edilməsi, əsassız hesablanmış 1.740.687,78 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi və tutulmuş pul məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən əsassız hesablanmış 1.740.687,78 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi və tutulmuş 4.000 manat pul məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında ərizə təqdim edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin birgə cavabdeh olaraq inzibati iş üzrə icraata cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi birgə cavabdeh olaraq inzibati iş üzrə icraata cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə münasibətdə mümkün sayılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" QSC ilə arasında bağlanılmış “Ticarət nümayəndəsi (agent)” haqqında müqavilə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı topaz fəliyyətində hesaba qoyulan pullardan 4.000 (dörd min) manat pul vəsaiti vergi borcu olaraq hesabdan silinmişdir. Borc barədə qərar ona təqdim edilməsə də, şəxsi hesaba bildiriş göndərilərək dövlət büdcəsinə ümumilikdə vergilər üzrə 1.740.640,29 manat, maliyyə sanksyası üzrə 40.00 manat, faizlər üzrə 635.598,33 manat borcunun olması qeyd edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılmış ********* nömrəli cinayət iş üzrə İddiaçı Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 192.3.2, 213.3 və 244-1.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qarşı ittiham irəli sürülmüşdür. Qeyd edilən cinayət işi üzrə ibtidai istintaq yekunlaşmış və baxılması üçün məhkəməyə göndərilmişdir və 1(101)-2370/2023 saylı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Hazırda İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun adına uçot haqqında şəhadətnamə verilmişdir. İstintaq orqanı 1.740.687,78 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəmədiyi üçün İddiaçı cinayət işini məhkəməyə göndərdiyi və sonuncunun bu əməli yekun məhkəmə aktı (ittihamedici hökm və s.) ilə sübuta yetirilmədiyi halda, bu pul vergi borcu kimi hesablanmışdır. Bu borc İddiaçı şəxsi hesab vərəqində öz əksini tapmışdır. Bundan sonra İddiaçı DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə mürciət etmiş və bu barədə ona hər hansı qərarın təqdim edilmədiyini göstərməklə, borcun hansı əsaslarla hesablanmasının səbəblərini soruşmuşdur. Lakin buna baxmayaraq İddiaçı heç bir cavab ala bilməmişdir. Çünki qanunsuz və əsassız hesablanmış qeyd edilən külli miqdarda vergi borcu İddiaçı topaz fəliyyətində hesaba qoyulan pullardan silinməkdədir və bu məbləğ artıq təxminən 4.000 manata yaxındır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan İddiaçı büdcəyə 2363716,96 manat ödənilməmiş vergi borcu, o cümlədən vergilər üzrə 1727779,49 manat, faizlər üzrə 635937,47 manat borcu vardır. Vergi ödəyicisinə hesablanmış 1740687,78 manat borc məbləğindən hazırkı tarixədək 13365,47 manat məbləğ bank hesablarında olan sərəncamlar vasitəsilə tutulmuşdur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki, bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində inzibati akt qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan inzibati aktı əsaslandırmalı idi. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Bakı şəhəri və Azərbaycan Respublikasının digər şəhər və rayonlarında “on-line” internet üzərindən həyata keçirdiyi qumar oyunları nəticəsində, istifadəsində olan kompüter və mobil telefonlarının yaddaşına yükləyərək istifadə etmiş “chcblack.net” alt qovluğuna idman oyunlarının operatoru kimi oyun iştirakçıları tərəfindən ödənilmiş 29.011.462,98 manat vəsaitdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.9-cu maddəsinə əsasən 6% (faiz) dərəcə ilə 1.740.687,78 manat sadələşdirilmiş vergini ödəməli olduğu halda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmayıb, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) əldə etmədən, xüsusilə külli miqdar təşkil edən, 1.740.687,78 manat sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkmə öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində cinayət təqibi üzrə icraatın aparılması və ittiham aktının tərtib edilməsi vergi öhdəliyi yaradan vergilərin hesablanması və şəxsi hesab vərəqəsinə daxil edilməsi üçün əsas kimi qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz. Bildirirlər ki, şəxsi hesab vərəqəsinə işlənmiş borc aparılan araşdırma nəticəsində ittiham aktı əsasında yaranmışdır. Hazırda həmin ittiham aktı üzrə 1(101)-2370/2023 nömrəli cinayət işi məhkəmənin icraatındadır. Qeyd olunanlarla bağlı icraatın dayandırılması barədə xx.xx.2024-cü il tarixli **********292900 nömrəli vəsatətlə məhkəməyə müraciət olunsa da, məhkəmə vəsatəti təmin etməmişdir. Həmçinin cinayət təqibi gedişində təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2192 nömrəli rəyinə əsasən iddiaçı tərəfindən 1740687,78 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayındırılması, o cümlədən 3.094.556,05 manat qanunsuz gəlir əldə olunması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 219.4-cü maddəsinə əsasən “İdman mərc oyunlarının operatoru üçün idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsait, idman mərc oyunlarının satıcısı üçün isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.” Vergi Məcəlləsinin 220.9-cu maddəsinə əsasən “İdman mərc oyunlarının operatoru tərəfindən idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.” Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasında iddiaçının vəkili (nümayəndəsi) iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş üzrə iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, hazırkı iş üzrə İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı şəxsi hesab vərəqəsindən silinməsini və tutulmuş pul məbləğinin iddiaçıya qaytarılmasını tələb etdiyi vergi borcu (1.740.687,78 manat ) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-130/2025 nömrəli hökmünün mülki iddia hissəsinin predmetidir.Həmin hökmlə qeyd edilən 1.740.687,78 manat vergi borcu üzrə iddia baxılmamış saxlanılmışdır. Mülki iddiaçı və zərərçəkmiş şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-130/2025 nömrəli hökmündən apellyasiya şikayəti verilərək hökmün mülki iddia hissəsində ləğv edərək, xüsusilə külli miqdar təşkil edən, 1.740.687,78 manat məbləğində verilmiş mülki iddianın tam təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-130/2025 nömrəli hökmündən verilmiş apellyasiya şikayəti yuxarı instansiya məhkəmələri tərəfindən təmin olunmazsa, yəni hökm hazırkı inzibati mübahisənin predmeti olan 1.740.687,78 manat məbləğində verilmiş mülki iddianın baxılmamış saxlanması hissəsində qüvvədə saxlanılarsa o zaman cavabdeh orqanın nəticəyə uyğun olaraq borcun silinməsini həyata keçirməsi mümkündür. Məhkəmə Kollegiyası nəzərə alır ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, İnzibati Prosessual Məcəllənin: ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... İnzibati Prosessual Məcəlləyə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-746/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-746/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver