Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-747/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X6 (“Əkrəm Həsənov və partnyorları” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü ildə Vartaşen rayonunda doğulmuş, Şəki rayonu Qoxmuq kəndində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X14 üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının təyin olunması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4836/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X14 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməklə müraciətdən əvvəlki 3 ilin, xx.xx.2016-cı il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə doğulmuşdur. 1982-ci ildən 1997-ci ilə qədər Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə qədər «xxxx» şirkətində baramaaçan peşəsində işləmişdir. 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nin X14 İdarəsi imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin «Z» bəndinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4836/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4836/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin «Z» bəndinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X14 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4836/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilədək 15 illik güzəştli iş stajını toplaya bilməyib. Bundan başqa, məhkəmə iddiaçının “xxxx” ASC-də 9 il 11 ay 14 gün əlavə iş stajı mövcuddur” şəklindəki qənaəti haqlı deyildir. Belə ki, iddiaçının kolxozda çalışmaqla bərabər həm də ASC-də “baramaaçan” peşəsində çalışması inandırıcı deyil. Eyni zamanda, iddiaçının 52 yaşı xx xxxxxxx 2015-ci ildə tamamlansa da, məhkəmə iddiaçıya xx xxxxxxx 2013-cü ildən pensiya təyin edib. Həmçinin, məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 32.1-1-ci maddəsinin tələbini də pozub. Həmin maddəyə görə, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, məhkəmə ƏPQ-nin 32.1-1-ci maddəsinin də tələbini də pozub. İşin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd olunmuş “50 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən” sözlərini “52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən” sözləri kimi oxunmasını və qərara həmin şəkildə düzəliş edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X12 və əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamış, məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - AZE ******** №-li şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.1963-cü ildə Vartaşen rayonunda doğulmuş, Şəki rayonu Qoxmuq kəndində qeydiyyatdadır. - İddiaçıya məxsus № 1693 kolxozçunun əmək kitabçasına əsasən İddiaçı 1982-ci ildən xx.xx.1997-ci ilə qədər Şəki rayonu Qoxmuq kəndi «1 May» kolxozunda tütünçü vəzifəsində işləmiş, eyni zamanda xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər «xxxx» şirkətində baramaaçan şagirdi, xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə qədər baramaaçan vəzifəsində işləmişdir . - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X13 1247 №-li xx.xx.2019-cu il tarixli Arxiv Arayışına əsasən İddiaçı Şəki rayonu Qoxmuq kənd “1 May” Kolxozunda işlədiyi dövrlərdə 1982-ci ildə göy tütün, 1983-cü ildə göy tütün, soğan, pomidor becərilməsində, 1984-cü il üzrə xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər uşağa qulluq üzrə sosial məzuniyyətdə olmuş, 1985-ci il üzrə göy tütün, soğan, 1986-cı il üzrə göy tütün, soğan, çuğundur, 1987-ci il üzrə göy tütün, soğan, 1988-ci il üzrə göy tütün, soğan, 1989-cu il üzrə göy tütün, soğan, pomidor, 1990cı il üzrə göy tütün, soğan, tərəvəz, 1991-ci il üzrə göy tütün, parnik, soğan, 1992-ci il üzrə göy tütün, soğan, tərəvəz, 1993-cü il üzrə göy tütün, quru tütün, parnik tərəvəzi, 1994-cü il üzrə kartof, 1995-ci il üzrə göy tütün, quru tütün, 1996-cı il üzrə parnik göy tütün, quru tütün, 1997-ci il üzrə isə göy tütün, quru tütün becərilməsində iştirak etmişdir (Azərbaycan Respublikası Dövlət X19 direktoru E.B.Məmmədov, Fondlar mühafizəçisi T.N.İbrahimxəlilov tərəfindən imzalanmışdır). - İddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. - Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli ********** №-li imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli stajı 10 ildən az təşkil edir, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - xx.xx.2019-cu il tarixli akta əsasən Şəki rayon Qoxmuq kənd sakinləri- X7, qonşu X9, qonşu X1 iştirakı ilə tərtib edilərək, Qoxmuq kən sakini İddiaçı həqiqətən şəhid anası olan qaynanası 1933-cü il təvəllüdlü X4 xx xxxx 2003-cü il tarixdən bu günə kimi evində qulluq etmiş qayğısına qaldığını öz imzaları ilə təsdiq etmişlər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “tədqiq olunmuş kolxozçunun əmək kitabçasından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 15 il (analıq məzuniyyətində olduğu dövr də daxil olmaqla) kolxozda bilavasitə tütün becərilməsi ilə əlaqədar iş stajı və 9 il 11 ay 14 gün əlavə iş stajı mövcuddur. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin «Z» bəndinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, mübahisəyə iddiaçının güzəştli şərtlərlə pensiya hüquq yarandığı vaxt həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən qiymət verilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “z” bəndinə əsasən kolxozlarda, sovxozlarda və digər dövlət aqrar sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan kişilər – 55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən müəyyən edilir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün onun 01.01. 2006-cı ilədək onun 20 il ümumi və 15 güzəştli iş stajı mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus № 1693 kolxozçunun əmək kitabçasında İddiaçı 1982-ci ildən xx.xx.1997-ci ilə qədər Şəki rayonu Qoxmuq kəndi «1 May» kolxozunda tütünçü vəzifəsində işləmiş, eyni zamanda xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər «xxxx» şirkətində baramaaçan şagirdi, xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə qədər baramaaçan vəzifəsində işlədiyi qeyd edilmişdir. Əmək kitabçasından göründüyü kimi, iddiaçı xx.xx.1994-cü il – xx.xx.1997-ci il zaman dövründə həm Şəki rayonu Qoxmuq kəndi «1 May» kolxozunda, həm də «xxxx» şirkətində çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının eyni vaxtda 2 müəssisədə işləməsi inandırıcı deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 221 №-li arayışdan göründüyü kimi, iddiaçı yalnız 1994 və 1995-ci illər üzrə əmək haqqı almışdır.(Maliyyə direktoru: M.Umarov, Arxiv müdiri: Y.Əsədova tərəfindən imzalanmışdır) Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 4 №-li əmr ilə Kolxozun ləğvi ilə əlaqədar işdən azad edildiyi qeyd edilsə də, Kooperativin möhürü vurulmuşdur. (möhürün əksi tam oxunmur) Eyni zamanda, iş materiallarında olan iddiaçıya məxsus № 1693 kolxozçunun əmək kitabçasından göründüyü kimi, əmək kitabçası xx.xx.1984-cü ildə açılsa da, iddiaçı əmək fəaliyyətinə 1982-ci il tarixdə başlamışdır. Həmçinin, qanunvericiliyin müvafiq müddəasına əsasən kolxozlarda, sovxozlarda və digər dövlət aqrar sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan qadınların 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X11 1247 №-li xx.xx.2019-cu il tarixli Arxiv Arayışında iddiaçının Şəki rayonu Qoxmuq kənd “1 May” Kolxozunda işlədiyi dövrlərdə 1982-ci ildə göy tütün, 1983cü ildə göy tütün, soğan, pomidor becərilməsində, 1984-cü il üzrə xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər uşağa qulluq üzrə sosial məzuniyyətdə olduğu, 1985-ci il üzrə göy tütün, soğan, 1986-cı il üzrə göy tütün, soğan, çuğundur, 1987-ci il üzrə göy tütün, soğan, 1988-ci il üzrə göy tütün, soğan, 1989-cu il üzrə göy tütün, soğan, pomidor, 1990- cı il üzrə göy tütün, soğan, tərəvəz, 1991-ci il üzrə göy tütün, parnik, soğan, 1992-ci il üzrə göy tütün, soğan, tərəvəz, 1993-cü il üzrə göy tütün, quru tütün, parnik tərəvəzi, 1994-cü il üzrə kartof, 1995-ci il üzrə göy tütün, quru tütün, 1996-cı il üzrə parnik göy tütün, quru tütün, 1997-ci il üzrə isə göy tütün, quru tütün becərilməsində iştirak etdiyi qeyd edilsə də, əmək kitabçasında 1985-1996-cı illərdə tütünçü kimi işləməsi qeyd edilmişdir. Həmçinin arayışa əsasən, iddiaçı 1994-cü ildə gün normasını (170 gün) tamamlamayaraq, 106 gün çalışmış və kartof yığımında iştirak etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının 52 yaşı xx xxxxxxx 2015-ci ildə tamamlansa da, məhkəmənin iddiaçıya xx xxxxxxx 2013-cü ildən pensiya təyin etməsi ilə bağlı qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd olunmuş “50 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən” sözlərini “52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən” sözləri kimi oxunmasını xahiş etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qeyd etmişdir ki, iddiaçının 9 il 11 ay 14 gün əlavə iş stajı mövcuddur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Lakin iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını da təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən arayışın təqdim edilməməsi də özü-özlüyündə iddianın əsassızlığına dəlalət edir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulmuş ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün lazım olan 15 il güzəştli iş stajı mövcud deyildir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2019-cu il tarixli akta əsasən Şəki rayon Qoxmuq kənd sakinləri- X7, qonşu X9, qonşu X1 iştirakı ilə tərtib edilərək, Qoxmuq kənd sakini İddiaçı həqiqətən şəhid anası olan qaynanası 1933-cü il təvəllüdlü X4 xx xxxx 2003-cü il tarixdən bu günə kimi evində qulluq etmiş qayğısına qaldığını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə kollegiyası akta münasibət olaraq qeyd edir ki, göstərilən aktda Şəki şəhər İcra Hakimiyyətinin Qoxmuq kəndindəki nümayəndəliyinin möhürü vurulsa da, qeyd edilən şəxslərin imzalarını təsdiq etmiş şəxsin ad, soyad və vəzifəsi qeyd edilməmişdir. Həmçinin, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından göründüyü kimi iddiaçının «xxxx» şirkətində baramaaçan şagirdi, xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə qədər baramaaçan vəzifəsində işlədiyi qeyd edilsə də, yuxarıda qeyd edilən aktdan iddiaçının 2003-cü il tarixdən bu günə kimi evində qulluq etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən aktla iddiaçıya məxsus əmək kitabçası arasında ziddiyyət mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin «Z» bəndinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan, ləğv edilməklə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X14 üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4836/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X14 üzrə Mərkəzi filialına qarşı “ona «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin «Z» bəndinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-747/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-747/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver