Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-747/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı (xx.xx.1962-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-2740/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 27.01.2020-ci il tarixdə cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 06 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə 52 yaşdan pensiya təyin edilməsi və həmin vaxtdan bu günə qədər ödənilməmiş pensiyanın hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. Tam orta məktəbi 8-ci sinifdən sonra 1 sentyabr 1978-ci ildən 22 iyun 1981-ci ili tarixədək Bakı şəhəri 54 saylı texniki peşə məktəbində armaturçuelektroqaynaqçı peşəsi üzrə təhsil almışdır. 04.08.1981-ci ildə 270 saylı əmrlə “Bakıbaştikinti” 3 saylı Evtikmə kombinatına armatur sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmişdir. 24.10.1981-ci ildə 337 saylı əmrlə hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 16.12.1983-cü ildə 510 saylı əmrlə “Bakıbaştikinti” 3 saylı Evtikmə kombinatına armatur sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş və sonrakı illərdə dərəcəsi artmaqla 09.11.1993-cü il tarixədək 5-ci dərəcə ilə elektrik qaynaqçısı kimi həmin müəssisədə işləmişdir. 22.11.1993-cü ildən 01.03.2005-ci ilədək “xxxx” QSC-nin Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasında xüsusi ağır iş şəraiti ilə elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. 01.03.2005-ci il tarixdən bu günədək “xxxx” QSC-nin Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasında ağır iş şəraiti ilə elektrik çilingər peşəsində işləyir. 23 sentyabr 1992-ci il tarixindən 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən ona əmək şəraitinə görə güzəştli pensiyanın təyin edilməsi üçün müvafiq sənədləri əlavə edərək cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinə imtina etmişdir. Cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından verdiyi imtina əsassızdır və qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan 28.10.2020-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, 06 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə 57 yaşdan pensiya təyin edilməsi və həmin vaxtdan bu günə qədər ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, yəni 57 yaşı 01.07.2019-cu il tarixindən sonra tamam olmuşdur. Həmin tarixdən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi aşağıdakı redaksiyadadır: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” Qanunun 9.8-ci maddəsinə görə bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunur. Yəni iddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Odur ki, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-2740/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddiaçı Hacıbalayev Rəhman Bəşarət oğlunun iddiası təmin edilmiş, iddiaçı Hacıbalayev Rəhman Bəşarət oğlunun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 04.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müddətin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 24.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, (17 noyabr 2020-ci il tarixli göstərilməklə) qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində mübahisələndirilən qərarın tarixinin 17 noyabr 2020-ci il göstərilməsi məhkəmə tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, yəni 57 yaşı 01.07.2019-cu il tarixindən sonra tamam olmuşdur. Həmin tarixdən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi aşağıdakı redaksiyadadır: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqolunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” Qanunun 9.8-ci maddəsinə görə bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunur. Yəni iddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəməyə iddiaçıya aid pensiya işindən olan sənədlərin surətlərini təqdim edərək, iddiaçıya 57 yaş yarımdan pensiya təyin edildiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və apellyasiya şikayəti verməsə də birinci instansiya məhkəməsinin qərarı ilə ona 57 yaşdan pensiya təyin edildiyi üçün qərardan narazı olduğunu və ona 52 yaşdan pensiya təyin edilməsini xahiş etdiyini bildirdi. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclası barədə SMS bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-2740/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan SSR X5 Təhsili Komitəsinin 54 №li orta texniki peşə məktəbinin B№812439 nömrəli diplomundan görünür ki, İddiaçı 01 sentyabr 1978-ci ildə Bakı şəhəri 54 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 22 iyul 1981-ci ildə quraşdırıcı armaturcu-elektrik qaynaqçıları peşəsi üzrə məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır - X1 Birliyi 3 №-li ETK-nın 27 noyabr 2019-cu il tarixli, 01/24 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 04.08.1981-ci ildə 270 saylı əmrlə “Bakıbaştikinti” 3 saylı Evtikmə kombinatına armatur sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmişdir. 24.10.1981-ci ildə 337 saylı əmrlə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir. 16.12.1983-cü ildə 510 saylı əmrlə armatur sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir. 01.08.1984-cü ildə 404 saylı əmrlə 4-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işinə keçirilmişdir. 01.08.1987-ci ildə 324 saylı əmrlə 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı keçirilmişdir. 01.09.1990-cı ildə 311 saylı əmrlə 4-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işinə keçirilmişdir. 25.09.1990-cı ildə Beton Hazırlama sexinə 359 saylı əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilmişdir. 16.04.1991-ci ildə 97 saylı əmrlə Kasset sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilmişdir. 22.09.1993-cü ildə 422 saylı əmrlə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmişdir. 09.11.1993-cü ildə 478 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarına əsasən güzəştli şərtlərlə pensiya çıxmaq hüququna malikdir. - Azərbaycan Respublikası “xxxx” QSC-nin 20 noyabr 2019-cu il tarixli, A/506 nömrəli arayışından görünür ki, İddiaçı 22 noyabr 1993-cü ildən xxxxndə çalışır. O, 22.11.1993-cü ildən 01.03.2005-ci ilədək Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasında xüsusi ağır iş şəraiti ilə elektrik qaynaqçısı peşəsində (Əmr 295/ok 22.11.1993-cü il, Əmr 264/05 01.11.1996-cı il, Əmr 06/kş 15.01.1993-cü il), 01.03.2005-ci ildən 18.07.2014-cü ilədək ağır iş şəraiti ilə elektrik çilingəri peşəsində işləmişdir. (Əmr 32/kş 28.02.2005-ci il). 18.07.2014-cü il tarixdən hal-hazıra kimi “xxxx“ QSC-nin Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasında zərərli və ağır iş şəraiti ilə eletrik çilingəri peşəsində işləyir. İddiaçı Azərbaycan Respubllikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 1.1.2 yarımbəndinin “a” maddəsinə əsasən güzəştli şərtlərlə əmək stajı 11 il 03 ay 10 gün təşkil edir. - iddiaçının İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı 04.08.1981-ci ildə armatur sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı, 24.10.1981-ci ildən- 16.11.1983-cü ilədək Hərbi xidmətdə olmuş, 16.12.1983-cü ildə-armatur sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 01.08.1984-cü ildə 4-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işinə keçirilmiş, 01.07.1987-ci ildə 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.09.1990-cı ildə 4-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işinə keçirilmiş, 25.09.1990-cı ildə Beton Hazırlama sexinə 359 saylı əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilmiş, 16.04.1991-ci ildə Kasset sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilmiş, 22.09.1993-cü ildə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmiş, 09.11.1993-cü ildə öz istəyi ilə işdən azad edilmiş, 22.11.1993-cü ildə Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasında xüsusi ağır iş şəraiti ilə elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, 01.03.1994-cü ildə 4-cü dərəcəli ağır iş şəraiti ilə elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.07.1994-cü ildə 5-ci dərəcəli ağır iş şəraiti ilə elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.06.1995-ci ildə ağır iş şəraitinə keçirilmiş, 01.11.1996-cı ildə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı keçirilmiş, 01.08.2000-ci ildə ağır iş şəraitində 5-ci dərəcəli briqadir vəzifəsinə keçirilmiş, 15.01.2003-cü ildə xüsusi ağır iş şəraiti ilə elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.03.2005-ci ildə ağır iş şəraiti ilə elektrik çilingəri vəzifəsinə keçirilmiş, 18.07.2014-cü ildə 2 saylı Elektromexanika distansiyasına zərərli və ağır iş şəraiti ilə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul olunmuş və hal-hazıradək işləyir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcuddur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı əl ilə elektrik qaynaqçısı, xüsusi ağır iş şəraiti ilə elektrik qaynaqçısı və elektrik qaz qaynaqçısı peşələrində çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü bölməsində («Ümumi peşələr») 23200000-11620 və 23200000-19906 kodu (qaz qaynaqçıları) ilə öz əksini tapmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 12 il 06 aydan artıq güzəştli və hərbi xidmət və təhsil müddəti nəzərə alınmaqla 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilkin iddia tələbində 52 yaşdan pensiya təyin edilməsini xahiş etmiş, lakin sonradan onun vəkili və nümayəndəsi Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi xahiş edilmişdir. 02.11.2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul olunmuş, daha sonra birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona 52 yaşdan pensiya təyin edilməsi barədə hər hansı bir tələbi olmadığından onun birinci instansiya məhkəməsinin qərarından narazı olması əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-2740/2020 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-2740/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.