Məhkəmə qərarları › İş №2-1(103)-747/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-747/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-747/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi ilə (məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n et d i : Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 23 saylı mənzilinə mülkiyyət hüququnun onun adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 23 saylı mənzili onun istifadəsindədir. Həmin mənzil müqaviləyə və maliyyə arayışına əsasən Mənzil Tikinti Kooperativi tərəfindən istifadəsinə verilmişdir. Həmin mənzilin sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, İdarə tərəfindən müxtəlif bəhanələr gətirilərək mənzil onun adına sənədləşdirilməmişdir. Cavabdehin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin, o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsinin 2- 1(112)-10091/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Sözügedən qərar maddi və prosessual normalara uyğun çıxarılmadığından ləğv edilməlidir. Belə ki, iddiaçının əldə etdiyi məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında yaşayan digər mənzil sahiblərinə artıq çıxarış verilib (79, 132, 136 və s. nömrəli mənzillərə) AR Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” ÄR Qanunun 12.1 .-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.[10] ...... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. ... İnzibati İcraat Haqqında Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Mülki Mücəllə: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 23 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Əvvəla ilk növbədə onu qeyd etmək lazımdır ki, inzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Kollegiya xüsusi ilə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1842/2023 nömrəli qərarındakı hüquqi mövqeyinə əsasən, .....inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında yaşayan digər mənzil sahiblərinə artıq çıxarış verildiyini (79, 132, 136 və s. nömrəli mənzillərə) bildirir. İşin obyektiv araşdırılması məqsədi ilə məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında yaşayan mənzil sahiblərinə çıxarışın verilibverilməməsi, verilmişdirsə, həmin çıxarışların verilməsinə əsas olan sənədlərin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq daxil olmuş sənədlərdən müəyyən edilmişdir ki, X2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935 A ünvanında yerləşən mənzilə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona çıxarış verilmişdir. Həmçinin əlavə edilmiş sənədlərdən X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, mənzil 79-a dair mülkiyyət hüquqları tanınaraq dövlət reyestrində qeydiyyata alındığı və müvafiq reyestr nömrəsi ilə çıxarış verildiyi görünür. Qeyd edilməlidir ki, yuxarda adıçəkilən hər iki şəxsin iddia etdikləri mənzillərə dair mülkiyyət hüquqları məhkəmələr tərəfindən tanındıqdan sonra həmin şəxslərin çıxarış əldə etməsi mümkün olmuşdur. Həmin məhkəmə qərarlarından müəyyən edilir ki, mənzil sahiblərinin MMC ilə müqavilələrinin olması və müqaviləyə uyğun olaraq mənzilin dəyərini tam şəkildə ödəmələri əsas götürülərək həmin şəxslərin mənzil üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi qənaətinə gəlinmişdir. Hazırki işdən də görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935 A ünvanında olan mənzillərə mülkiyyət hüququ tanınmış şəxslərin malik olduğu sənədlər iddiaçıda da mövcuddur. Yəni, iddiaçı da həmin şəxslər kimi MMC ilə müqavilə bağlamış və həmin müqaviləyə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 1-ci blok, 0.0000 səviyyəsindən başlayan 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m. olan 2 otaqlı, 23 nömrəli mənzilin dəyəri olan 98000 manatı tam şəkildə ödəmiş, buna dair maliyyə arayışı almışdır. Göründüyü kimi, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin məhkəmə qərarının məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borclu olduğu halda, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, inzibati praktikasını yuxarda qeyd edilən məhkəmə qərarlarına uyğun olaraq formalaşdırmamışdır. Kollegiya Ali Məhkəmənin yuxarda qeyd edilən qərarına istinad edərək bildirir ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Hazırda isə nə həmin qərarların hüquqi qüvvəsini itirməsi, nədə həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşması, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsasların dəyişməsi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır və mübahisələndirilən məhkəmə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 23 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar