Məhkəmə qərarları › İş №2-1(103)-748/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-748/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-748/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2-1(82)-223/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57.372.06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57372.06 (əlli yeddi min üç yüz yetmiş iki manat 6 qəpik) manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı, 02 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(102)-3409/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 1823/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İcra edilməsi üçün geri qaytarılmış iş materialları 20 fevral 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Tələbkar İddiaçı firmasının direktoru Rəşid Məmmədov 14.08.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarını icra etməyən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin) 50.000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Firması dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. İddiaçı firması cavabdeh Azərbaycan Respublikasın Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hüquqi varis Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57.372.06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57372.06 (əlli yeddi min üç yüz yetmiş iki manat 6 qəpik) manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı, 02 avqust 2019cu il tarixli qərar ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-3409/2019 saylı, 10.12.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(105)-1823/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə qəran öz qanuni qüvvəsini almışdır. Bununla belə, Bakı İnzibati Məhkəməsi tərəfindən 21 fevral 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarının 13 mart 2020-ci il tarixədək icra olunması göstərilmişdir. Lakin məhkəmə qərarı icra olunmadığından Bakı İnzibati Məhkəməsi tərəfindən təkrarən 27 aprel 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunaraq bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarının icra edilməsi üçün təyin edilmiş müddətin başa çatmasına baxmayaraq müvafiq qərarın icrası istiqamətində tədbirlər görülməmiş, qərar icra olunmadığı halda AR İPM-nin tələblərinə uyğun olaraq 50.000 manatadək cərimə olunması barədə xəbərdar edilmişdir. Lakin bütün bunlara məhəl qoymayan vergi orqanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməkdən boyun qaçırmışdır. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2-1(82)-223/2019 saylı qərardadı ilə İddiaçı firmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cərimə edilməsi barədə ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan ərizə ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd edilən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.02.2019-cu il tarixli, 2-1(82)-223/2019 saylı qərar cavabdeh tərəfindən 29.04.2020-ci il tarixdə icra edilmişdir. Həmçinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.02.2019-cu il tarixli qərarının icrası nəticəsində iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmiş 57372,06 manat vəsait azaldılmışdır. Sözügedən vəsait iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilərkən cavabdeh tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Lakin hazırkı vergi borcunun əsasını isə 03.04.2020-ci il tarixli **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında” qərar təşkil edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən məhkəməyə daxil olmuş sənədlərdən məlum olur ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarının icrası istiqamətində qanunamüvafiq tədbirlər görülmüş, qərarının icrası İdarə tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Üzərinə qoyulmuş öhdəlikləri (vəzifələri) icra etməyən inzibati orqanların cərimə edilməsi ilə bağlı məsələlər İnzibati Prosessual Məcəllənin 120-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Göründüyü kimi, üzərinə qoyulmuş öhdəlikləri (vəzifələri) icra etməyən borclu inzibati orqan barəsində Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimənin təyin edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə nə qədər ki iş materiallarından cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrasının təmin edildiyi müəyyən olunur, cərimənin təyin edilməsi əsaslar mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdeh inzibati orqanın cərimə edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı firmasına Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərarına əsasən 57372,06 manat faiz borcunun hesablanması barədə qərardan inzibati qaydada yuxarı instansiyaya şikayət edə və ya həmin qərarı məhkəmə müstəvisində mübahisələndirə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2-1(82)-223/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar