Məhkəmə qərarları › İş №2-1(103)-748/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-748/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-748/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1997-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Bakı şəhəri, B.Səfəroğlu küçəsi, ev 155) cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 5651/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 09.04.2021-ci il tarixində cavabdeh Təhsildə X1rşı Ukraynanın S.Kuznets adına Milli İqtisadiyyat Universiteti tərəfindən iddiaçının adına verilmiş 30 iyun 2018-ci il tarixli B18 175647 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 2014 – 2018-ci illərdə Ukraynanın S.Kuznets adına Milli İqtisadiyyat Universitetində “mühasibat və audit” bölümü üzrə ali təhsil almışdır. Ona həmin Universitet tərəfindən 30 iyun 2018-ci il tarixli B18 75647 nömrəli bakalavr diplomu verilmişdir. O, Azərbaycan Respublikasının vətəndaşı olduğundan və Azərbaycan Respublikasında daimi yaşadığından diplomun ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Lakin ərizəyə diplomun təsdiqlinmiş, tərcümə olunmuş və apostil olunmuş surətini və digər zəruri sənədləri əlavə etsə də, cavabdehdən imtina cavabı almışdır. Cavabdeh ona imtina barədə 13 mart 2020-ci il tarixli məktub ünvanlamışdır. İmtinanın səbəbləri isə aşağıdakı kimi göstərilmişdir; araşdırma zamanı müəyyən edilmişdir ki, Ukraynanın S.Kuznets adına Milli İqtisad Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri mümkündür. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən A78C1F8A6068403 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır, çünki o bütün imtahanlarda iştirak etmiş və bu halı təsdiq edən ümumvətəndaş pasportunu da cavabdehə təqdim etmişdir, lakin əsassız olaraq imtina verilmişdir. Göstərilənlərə və İPMnin 45, 46, 67, 73, 75-ci maddələrinə əsaslanaraq, iddiaçının Ukraynanın S.Kuznets adına Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş 30 iyun 2018-ci il tarixli B18 175647 nömrəli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 5651/2021 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 29.11.2021-ci il tarixdə şikayət vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin geri götürülməsini xahiş etmişdir. 23.02.2022-ci il tarixdə məhkəmə iclası zamanı iddiaçı məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina barədə ərizəsini geri götürdüyünü və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “İddiaçı diplom üzrə ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə (Nazirlik əvvəllər səlahiyyətli olmuşdur) 2019- cu ildə bir neçə müraciəti olmuş və sonuncu dəfə ona 25 noyabr 2019-cu il tarixli məktubla cavab verilmişdir. Hazırkı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə iddiaçı 06 mart 2020-ci il tarixdə yenidən müraciət etsə də, həmin məktubun məzmununda ona qaldırdığı məsələ ilə bağlı 2019-cu ildə cavab verildiyi bildirildiyindən, yəni yeni icraat aparılmadığından, bu hal ilkin müraciət üzrə imtinaya münasibətdə iddia müddətinin axımına təsir edə (dayandıra, bərpa edə və s.) bilməz. Bu halda məhkəmədə belə qənaət yaranır ki, iddiaçı 09 aprel 2021-ci il tarixdə iddia qaldırarkən iddianın növü üzrə iddia müddəti 1 ildən artıq müddət ötürülmüşdür.” Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçı ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi məqsədilə inzibati orqana müvafiq ərizələr ilə müraciət etmiş və ona tələbinin təmin olunmasından imtina edilməsi barədə 25.11.2019-cu tarixli məktubla cavab verilmişdir. Sonradan iddiaçı 06.03.2020-ci il tarixdə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş və ona cavabdeh tərəfindən 13.03.2020-ci il tarixli məktubla cavab verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İPM-in qeyd olunan 38.2-ci maddəsinin tələbi baxımından, iddia müddətinin axımı inzibati aktın qəbul edilməsindən imtina cavabı iddiaçıya təqdim edildiyi və ya bu barədə yazılı məlumat verildiyi vaxtdan başlanır. Konkret halda isə iddiaçının sonuncu müraciətinə cavabdeh tərəfindən 13.03.2020-ci il tarixində cavab verilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi, iddiaçının əvvəlki müraciətinin cavabdeh tərəfindən 25.11.2019-cu il tarixli məktubla cavablandırılmasına gəldikdə isə, 2020-ci ildə iddiaçının təkrar müraciətinə verilmiş 13 mart 2020-ci il tarixli cavab məktubunda əvvəlki məktuba istinad olunması imtinanın səbəbləri (məzmunu) kimi başa düşülməlidir. Ən azından, cavabdeh orqan iddiaçının sonrakı (2020) müraciətini «İnzibati icraat haqqında» Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunan hüququndan istifadə edərək baxılmamış saxlamamış, onları mahiyyəti üzrə cavablandırmışdır. Eyni zamanda Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla biləcəyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş sonuncu cavab məktubunun iddiaçıya hansı tarixdə göndərilməsini, iddiaçı tərəfindən qeyd edilən məktubun alınması tarixini müəyyən edən hər hansı sənəd-sübut iş materiallarında mövcud olmadığından, birinci instansiya məhkəməsi bu halı araşdırmalıdır. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını inzibati hüquq normalarına uyğun olmayan nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinə qoşmada qeyd olunsa da, diplomun surəti əlavə edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti forma və məzmun baxımından qanunvericiliklə nəzərdə tutulmuş kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 5651/2021 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 5651/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukraynanın S.Kuznets adına Milli İqtisadiyyat Universiteti tərəfindən iddiaçının adına verilmiş 30 iyun 2018-ci il tarixli B18 175647 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə ərizəsinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar