Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-749/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 19 saylı Vəkil Bürosu), İddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı “Bakı şəhər X4 Rayonlararası Bölməsi” MMC-nin (VÖEN **********, hüquqi ünvan-AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, qanuni təmsilçi- X8) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “borcun silinməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “Bakı şəhər X4 rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “Bakı şəhər X4 Rayonlararası Bölməsi” MMC) 09.07.2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə (bundan sonra mətndə DSMF İri Sığortaedənlərlə İş üzrə Departament) qarşı borcun silinməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin üzərindən 283.622,48 AZN borc məbləği daxil olmaqla 764.471,53 manat borcun tam məbləğdə silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05.07.2010-cu il tarixli 52 saylı əmrinə əsasən yaradılmışdır. Adıçəkilən MMC 5 idarənin (Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, X2 Profilaktik Dezinfeksiya şöbəsi, Səbail rayon Profilaktik Dezinfeksiya şöbəsi və Həşəratlara qarşı xüsusi mübarizə şöbəsi) yenidən təşkili yolu ilə ləğv edilmiş və onların bazasında “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC yaradılmışdır. “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC yeni yaradılan zaman keçmiş 5 idarənin borcunu 737.191,12 manat həcmində qəbul edilmişdir. Yəni 21.09.2010-cu il tarixinə MMC 737.191,12 manat borc olduğunu qəbul etmişdir. Həmin məbləğin 724.328,33 manat hissəsi sığorta edənlərin hesabatlarında əks olunmuşdur. Yerdə qalan 12.862,79 manat hissə penya məbləği olmuşdur. 05.07.2010-cu il tarixindən 01.04.2018-ci il tarixinə olan borc hissəsi isə 35.709,64 manat təşkil edir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli Qanuna əsasən DSMF-nin İri sığortaedənlərlə İş idarəsi tərəfindən “Bakı şəhər X4 rayonlararası bölməsi” MMC-yə məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borcun silinməsi barədə üzləşmə aktı təqdim edilmişdir. Borcun silinməsini nəzərdə tutan məbləğ 01.01.2006-cı il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabata görə (hesabatla əlavə olunan dövr 31.12.2005) sığortaedənin borcu 1-ci qrafaya görə 504.846,96 manat, 2-ci qrafaya görə yəni 30.09.2010-cu il tarixinə hesabatla əhatə olunan dövrə 480.849,05 manat, 3-cü qrafada isə 31.03.2018-ci il tarixində hesabatla əhatə olunan dövr kimi 764.471,53 manat göstərilmişdir. Bundan başqa DSMF tərəfindən penyaya da üzləşmə aktı təqdim edilmişdir. Penyaya dair üzləşmə aktında əks olunmuş silinməyə gedən məbləğlərlə razıdırlar və həmin məbləğ “Bakı şəhər X4 rayonlararası bölməsi” MMC-nin 21.09.2010-cu il tarixli hesabatı əsasında tərtib edilmişdir. Adıçəkilən həmin üzləşmə aktında “Bakı şəhər X4 rayonlararası bölməsi” MMC-nin borcu 764.471,53 manat göstərilmişdir. Cəmiyyət 31.12.2005-ci il tarixinə həmin məbləğdən əsas borcun 504.846,96 manat olması ilə razı deyil. Çünki üzləşmə aktına görə Cəmiyyətin 31.12.2005-ci il tarixinə olan borcu 708.846,44 manat olmalıdır. DSMF isə onu üzləşmə aktının 1-ci qrafasına görə 504.846,96 manat kimi qeyd edib. Həmin aktın 2-ci qrafasına görə isə 30.09.2010-cu il tarixinə borc 480.849,05 manat deyil, 724.329,33 manat təşkil etmişdir. Bu məbləğ isə müəssisənin hesabatında göstərilib. Halbuki 581.102,10 manat məbləği məhkəmə qərarı ilə 2002-ci ilə müəssisənin üzərindən silinmişdir. Yəni 764.471,53 manatdan silinib 581.102,10 manat (764.471,53-581.102,10=183.369,43). Deməli 01.04.2018-ci il tarixinə müəssisənin əsas borcu 183.369,43 manat təşkil edib. Ona görə də DSMF silinməyə təqdim edilən borc məbləği olaraq üzləşmə aktında 283.622,48 manat deyil, 183.369,43 manat göstərməli idi. Vergilər Nazirliyi tərəfindən ən son təqdim edilən iddiaçıya məxsus şəxsi vərəqədə göstərilən borcun 271.038.23 manat olması göstərilir. Lakin, bu borc (764471,53 manat- 408.479,65 manat=283.062.48 manat) onun azalmasına səbəb MMC tərəfindən cari 2018, 2019, 2020-ci illərdə aparılan ödənişlər məqsədilə dövlət büdcəsinə həyata keçirilən öhdəliklər köhnə borcların ödənilməsinə silinir. Halbuki, bu hərəkəti düzgün hesab etmirlər, ona görə ki, 2018, 2019, 2020-ci illərdə ödənilən vəsaitdən işçilərinin sığorta bazasına olan ödənişlər oturmamışdır, əvəzində bu məbləğlər tam həcmdə köhnə borcların silinməsinə xidmət edir. 283.062, 48 manat həcmində vəsait isə DSMF tərəfindən silinməyə təqdim edilən əsas borc, penya və maliyyə sanksiyalarından ibarətdir. Silinmə güzəştlərini nəzərdə tutan Sərəncama əsasən iddiaçıdan 408.849,05 manat borc silinmişdir. Penya və maliyyə sanksiyaları 1994-cü ildən 01.04.2018-ci ilədək, şəxsi vərəqədə 283.622,48 manat vəsait haqqında məlumat öz əksini tapır. Vergilər İdarəsi tərəfindən verilmiş bu məlumat, iddiaçının bu günki günə olan ümumi borcudur. İddiaçı tərəfindən məhkəməyə edilən müraciətdə məhkəmə qərarları ilə yanaşı müvafiq Sərəncamın verildiyi vaxtda həmin qərardan əmələ gələn məbləğin silinməsi yəni tərkibində keçmiş borcun da əks olunduğu cəmi 764.471,53 manat məbləğin silinməsi öhdəliyinin cavabehin üzərinə qoyulması xahiş edilmişdir. Sərəncama uyğun silinmənin aparıldığı dövrdə ümumi borc məbləği olan 764.471.53 manat məbləğdən silinməsi aparılan məbləğ 480.849,05 manat təşkil etmişdir. Belə olanda yerdə qalır: 283.622,48 manat. Məhkəmədə sözügedən üzləşmə aktında “Bakı şəhər X4 rayonlararası bölməsi” MMC-nin borcu 764.471,53 manat göstərilmişdir. İddiaçı isə 31.12.2005-ci il tarixinə həmin məbləğdən əsas borcun 504.846,96 manat olması ilə razı deyil. Çünki, üzləşmə aktına görə “Bakı şəhər X4 rayonlararası bölməsi” MMC-nin 31.12.2005-ci il tarixinə olan borcu 708.846,44 manat olmalıdır. DSMF isə onu üzləşmə aktının 1-ci qrafasına görə 504.846,96 manat kimi qeyd edib. Həmin aktın 2-ci qrafasına görə isə 30.09.2010-cu il tarixinə borc 480.849,05 manat deyil 724.329,33 manat təşkil etmişdir. Bu məbləğ isə müəssisənin hesabatında göstərilib. Halbuki, 581.102.10 manat məbləği məhkəmə qərarı ilə 2002-ci ilə müəssisənin üzərindən silinmişdir. Yəni 764.471,53 manat məbləğdən silinib 581.102,10 manat (764 471,53- 581 102,10=183.369,43). Deməli, 01.04.2018-ci il tarixinə müəssisənin borcu 183,369.43 manat təşkil edib. Silinməmiş borc 1994-01.04.2018 ci ilə 283.622,48 manat olan borc hissəsidir qalan borcun və məhkəmə qatnamələri ilə rədd olunmuş məbləğlər bu günə qədər borc kimi idarənin şəxsi vərəqəsindədir. 16.08.2018-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edilərək, cavabdeh tərəfindən "xxxx" ASC-nin Sabunçu filialına ünvanlanmış 15.08.2018-ci il tarixli, 188/********** saylı sərəncamın icrasının müvəqqəti dayandırılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.08.2018-ci il tarixli, 2-1(81)-3418/2018 saylı qərardadı ilə (hakim-T.Əsədova) iddiaçının ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən “Bakı şəhər X4 rayonlararası bölməsi” MMC-nin "xxxx" ASC-nin Sabunçu filialına ünvanlanmış 15.08.2018-ci il tarixli, 188/********** saylı sərəncamın icrasının müvəqqəti dayandırılması qərara alınmışdır. 01.11.2018-ci il tarixində iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin üzərindən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 581.102,10 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdeh DSMF İri Sığortaedənlərlə İş İdarəsinin üzərinə qoyulması və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli Qanununun tələbi əsasında “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin üzərindən 283.622,48 manat borc məbləği daxil olmaqla 764.471,53 manat borcun tam məbləğdə silinməsi öhdəliyinin cavabdeh DSMF İri Sığortaedənlərlə İş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 01.11.2018-ci il qərardadla ərizə icraata qəbul edilmişdir. 01.11.2018-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edilərək, cavabdeh tərəfindən "xxxx" ASC-nin Sabunçu filialına ünvanlanmış 30.10.2018-ci il tarixli, 188/********** saylı sərəncamın icrasının müvəqqəti dayandırılmasına və bu fakt üzrə yeni sərəncamların qoyulmasının, qoyulduğu təqdirdə həmin sərəncamların icra edilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli, 2-1(81)-3418/2018 saylı qərardadı ilə (hakim M.Hacıbəyova) iddiaçının ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası ƏƏSMN yanında DSMFnun İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən “Bakı şəhər X4 rayonlararası bölməsi” MMCnin "xxxx" ASC-nin Sabunçu filialına ünvanlanmış 30.10.2018-ci il tarixli, 188/********** saylı sərəncamın icrasının müvəqqəti dayandırılması, bu fakt üzrə (mübahisəli məbləğ) yeni sərəncamların qoyulması, qoyulduğu təqdirdə həmin sərəncamların icra edilməsinin qadağan edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh 08.11.2018-ci il tarixində apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli, 2-1(81)- 3418/2018 saylı qərardadının ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2913/2018 saylı, 06.12.2018-ci il tarixli qərardadı ilə (hakimlər C.Yusifov, V.Ağayev, A.Nuriyeva) cavabdehin apellyasiya şikayətinin apellyasiya icraatının mümkün sayılmaması, şikayətin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı 03.07.2019-cu il tarixində yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamentinin qəbul edilərək, “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin üzərindən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 581.102,10 manat borc məbləğinin və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli Qanununun tələbi əsasında 283.622,48 manat borc məbləğinin daxil olduğu 764.471,53 manat borcun tam məbləğdə silinməsi öhdəliyinin cavabdeh Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamentinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin31.07.2019-cu il tarixli qərardadı ilə DSMF-nin Bakı şəhər İdarəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Daha sonra iddiaçı 28.09.2020-ci il tarixində yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622,48 manat borc məbləğinin tam məbləğdə silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, iddiaçı “Bakı şəhər X4 rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyətinin üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622 manat 48 qəpik borc məbləğinin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuş, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı “Bakı şəhər X4 rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyətindən 145 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. 14.12.2020-ci il tarixdə qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05.07.2010-cu il tarixli, 52 saylı əmrinə əsasən, Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, X3 Profilaktik Dezinfeksiya şöbəsi və Həşəratlara qarşı xüsusi mübarizə şöbəsi yenidən təşkil yolu ilə ləğv edilərək, onların bazasında “Bakı şəhəri X4 Rayonlararası Bölməsi" MMC yaradılmışdır. Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, Səbail rayon Profilaktik Dezinfeksiya şöbəsi, X3 Profilaktik Dezinfeksiya şöbəsi və Həşəratlara qarşı xüsusi mübarizə şöbələrinin məcburi dövlət sığorta haqları üzrə borcu yarandığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığortaedənlərlə iş üzrə Departamenti məhkəməyə müraciət etmişdir (2004-2008-ci illər). Məhkəmə qətnamələri ilə iddia tələbi qismən təmin edilmiş qeyd olunan məhkəmə qərarları öz qanuni qüvvəsini almışdır. Hazırda isə iddiaçı məhkəmə qətnamələrini əsas tutaraq, qətnamə əsasında rədd edilmiş məbləğin şəxsi uçot vərəqəsindən silinmədiyini bildirir. Məhkəmə qərarlarında rədd olunmuş borc məbləğinin silinməsi qeyd olunmadığından hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsində hər hansı düzəlişin aparılması tələbinə dair iddiası əsassızdır. İddiaçı iddia ərizəsinə dəqiqləşmədə məhkəmə qərarları ilə 581.102,10 manat məbləğin müəssisənin üzərindən silindiyini və 01.04.2018-ci il tarixə müəssisənin 183.369,43 manat borcunun qaldığını bildirir. Qeyd edilən silinmələr məhkəmə qətnamələri əsasında deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli, 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair" Təlimatına əsasən həyata keçirilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının silinməsini tələb etdiyi borc məbləği məhkəmə tərəfindən iddia müddəti tətbiq edildiyi üçün sosial sığorta orqanının xeyrinə tutulmamışdır. Sosial sığorta qanunvericiliyində isə həmin borcun silinməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə qətnamələri ilə iddia müddətinin tətbiq edildiyi məbləğin silinməsi üçün qanuni əsaslar mövcud deyildir. 30.12.2020-ci il tarixdə qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatın 2-ci bəndində borcların tənzimlənməsi (silinməsi) qaydası göstərilmişdir. Həmin Təlimatın 2.1-ci hissəsində qeyd olunmuşdur ki, sığortaedənlərin (müəssisə, idarə və təşkilatlar, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq idarə, şəhər və ya rayon şöbəsinin uçot sistemində mövcud olan bu Təlimatın 1.2.1-ci bəndində göstərilən (yəni məcburi dövlət sosial sığorta haqları 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş) borcları tam məbləğdə silinir. Həmin Təlimata əsasən ilk növbədə Fondun müvafiq yerli orqanı sığortaedənin təqdim etdiyi hesabatları təhlil edərək, 1 yanvar 2006-cı il tarixindən sonra təqdim edilən hesabatlar əsasında məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə ən aşağı göstərilən borc məbləğini müəyyən edir və həmin məbləği sığortaedənin 1 aprel 2018-ci il tarixinə Fonda olan borcu ilə müqayisə edir. Bu məbləğ sığortaedənin 1 aprel 2018-ci il tarixinə Fonda olan borcun məbləğindən aşağıdırsa, həmin məbləğ sığortaedənin 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu kimi qiymətləndirilir və onun tam məbləğdə silinməsi barədə qəbul edilir. Məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə ən aşağı göstərilən borc məbləği sığortaedənin 1 aprel 2018-ci il tarixinə Fonda olan borcun məbləğindən çoxdursa (və ya bərabərdirsə), sığortaedənin 1 aprel 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə Fonda olan borc sığortaedənin 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu kimi qiymətləndirilir və onun tam məbləğdə silinməsi barədə qəbul edilir. Borcun silinməsi barədə qərar Fondun müvafiq yerli orqanı ilə sığortaedən arasında 4 nüsxədə tərtib edilən üzləşmə aktı ilə rəsmiləşdirilir (Əlavə №1) və üzləşmə aktına 1 yanvar 2006-cı il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabatın, məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə ən aşağı borc məbləği göstərilən və 1 yanvar 2006-cı il tarixindən sonra təqdim edilən hesabatın, eləcə də 1 aprel 2018-ci il tarixinə təqdim edilmiş hesabatın surətləri əlavə edilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən tərəflərindən sığortaedən “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin təqdim etdiyi hesabatları təhlil edərək “X1 Sistemi”nin 'Sığorta' (Hesabat) altsistemində “X11”da sığortaedən “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin şəxsi vərəqəsindən 6 iyun 2018-ci il tarixində 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 1 aprel 2018-ci il tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) müəyyən edilmiş və tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzası və möhürü ilə təsdiq edilərək silinmişdir. Sığortaedən “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC tərəfindən Dövlət Sosial Müdafiə Fonduna kağız və elektron formada hər rüb üçün təsdiq edərək təqdim etdiyi hesabatlarında borc qalığının düzgün hesablanıb-hesablanmaması barədə yuxarda qeyd olunan silinmə tarixinədək Dövlət Sosial Müdafiə Fonduna müraciət etməmişdir. Göründüyü kimi, tərəflərindəndən sığortaedən “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin təqdim etdiyi hesabatlarını təhlil edərək “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimata və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa uyğun olaraq borcların silinməsi aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 may 2018-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin məcəllənin müddəaları tətbiq edilmir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətlərini müdafiə edərək onların təmin edilmələrini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi, onun nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək, onların təmin edilməmələrini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin olunmalı və Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 53/2020 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin nizamnaməsindən (notarial qaydada təsdiq olunmuş surəti) görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** №li qeydiyyat nömrəsi ilə 21.09.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin 1.2-ci bəndində göstərilmişdir ki, “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 15.06.1994-cü il, 20.07.1994- cü il və 28.12.1994-cü il tarixlərində dövlət qeydiyyatına alınmış “Səbail rayon profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********), “Yasamal rayon profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********), “Qaradağ rayon profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********) və “Həşəratlara Qarşı Xüsusi Mübarizə şöbəsi” “VÖEN **********) yenidən təşkilin birləşmə yolu ilə ləğv edilərək, onların bazasında yaradılır və onların hüquqi varisidir. - “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş borcu 764.471,53 manat, silinmiş borc məbləği isə 480.849,05 manatdır. - Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixindək ödənilməmiş borcun silinməsi barədə Üzləşmə aktı ilə 31.12.2014-cü il tarixə 13.150,34 manat əsas borc, 2018-ci ilin birinci rübü üçün isə 24 538,12 manat maliyyə sanskiyası borcu qəbul edilmişdir. Eyni zamanda üzləşmə aktında 13.150,34 manat borcun məhkəmə qərarı ilə silindiyi qeyd olunmuşdur. - Tərəflər arasında təsdiq edilmiş Qarşılıqlı üzləşmə aktı ilə “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin 01.01.2012-ci il tarixə qalıq borcu 751.982,01 manat, məhkəmə qətnaməsinə əsasən rədd olunmuş məbləğ isə 581.102,10 manat olduğu qəbul edilmişdir. - Dövlət Sosial Müdafiə Fondu sədrinin 2005-ci il 06 iyun tarixli 254 nömrəli Əmrinin 8-ci bəndinin icrası ilə əlaqədar tərtib edilmiş qarşılıqlı üzləşmə aktları ilə Səbail rayon Proflaktik Dezinfeksiya şöbəsinin 01.04.2005-ci il tarixə cəmi 935.229,9 manat (əsas məbləğ 554.165,1 manat, penya 381.064,8 manat); Qaradağ rayonu Proflaktik Dezinfeksiya İdarəsinin 01.04.2005-ci il tarixə əsas borc məbləği 933.576,9 manat; X2 Proflaktik Dezinfeksiya şöbəsinin 01.04.20015-ci il tarixə cəmi borc məbləği 583.847,4 manat (əsas borc 304.678,0, penya 279.169,4 manat); Yasamal rayon Proflaktik Dezinfeksiya şöbəsinin 01.04.2005-ci il tarixə cəmi borc məbləği 469 527, 1 manat, Həşəratlara qarşı Xüsusi Mübarizə şöbəsinin 01.04.2005-ci il tarixə olan cəmi borc məbləği 643.204,0 manat (286.386,0 manat əsas borc, 356.818,0 manat pensya ) borc qəbul edilmişdir. - “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC 05 iyun 2018-ci il tarixli 63 №li məktubla DSMF İri Sığortaedənlərlə İş İdarəsinə müraciət edərək, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli Qanununu rəhbər tutaraq Cəmiyyətin üzərindən 764.471,53 manat borcun tam məbləğdə silinməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23354 №li 06.03.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəli, məhkəmə qətnamələri, üzləşmə aktları və B1 hesabatları və s.) əsasən illər üzrə borc aşağıdakı kimi olmuşdur, o cümlədən: 1) 1994- 01.01.2006-cı ilə olan ümumi borc məbləği-708.846,44 manat (451.260,76 manat əsas borc, 257.585,68 manat penya və maliyyə sanksiyası); 2) 01.01.2006-cı ildən 30.09.2010cu ilə qədər ümumi borc-737.190,92 manat (455.967,86 manat əsas borc, 281.223,06 manat penya və maliyyə sanksiyası); 3) 30.09.2010-cu il tarixindən 01.04.2018-ci ilə qədər ümumi borc 789.009,45 manat (495.545,04 manat əsas borc, 293.464,41 manat penya və maliyyə sanksiyası); 4) 1994-cü il tarixindən 01.01.2018-ci ilə qədər ümumi borc-768.117,73 manat. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 09.09.2020-ci il tarixli **********9 №li məktubda göstərilmişdir ki, tərəflərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018- ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “X11”da sığortaedən “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin şəxsi vərəqəsindən 06.06.2018-ci il tarixində 2006-cı il 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sansksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzası və möhürü ilə təsdiq edilərək, silinmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 16.03.2018-ci il tarixli Fərmanının 2-ci bəndində göstərilmişdir ki,müəyyən edilsin ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci və 3.0cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə də məcburi dövlət sosial sığorta haqları sığortalanmaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir ki, bu da dövlət sosial sığorta münasibətlərinin və ondan irəli gələn ödənişlərin mülki münasibətdə olduğu kimi dispozitivliyə deyil, məcburiliyə, bir tərəfin digərinə təsir imkanına əsaslandığına dəlalət edir. Hazırkı işin hallarından müəyyən edilir ki, “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin 1994-01.01.2006-cı ilə olan dövr üçün ümumi borc məbləği-708.846,44 manat (451.260,76 manat əsas borc, 257.585,68 manat penya və maliyyə sanksiyası); 01.01.2006-cı ildən 30.09.2010-cu ilə qədər olan dövr üçün ümumi borc-737.190,92 manat (455.967,86 manat əsas borc, 281.223,06 manat penya və maliyyə sanksiyası); 30.09.2010-cu il tarixindən 01.04.2018-ci ilə qədər olan dövr üçün ümumi borcu 789.009,45 manat (495.545,04 manat əsas borc, 293.464,41 manat penya və maliyyə sanksiyası); 1994-cü il tarixindən 01.01.2018-ci ilə qədər olan dövr üçün ümumi borc- 768.117,73 manat təşkil etmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC-nin şəxsi vərəqəsindən 06.06.2018-ci il tarixində 2006-cı il 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşaraq hesab edir ki, iş materiallarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında rədd olunmuş borc məbləğinin silinməsi qeyd olunmadığından, həmçinin, silinmiş borc məbləği məhkəmə qərarı ilə deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair" Təlimatına həyata keçirildiyindən və hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən vergi orqanlarına müəssisənin məcburi dövlət sosial sığorta haqlarının “vaxtın keçməsi səbəbi ilə silinməsi" səlahiyyəti və ya vəzifəsi verilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə vergi orqanı tərəfindən vergilərin, maliyyə sanksiyalarının və faizlərin hesablanmasının və büdcəyə ödənilməsinin təmin edilməsi müəyyən vaxtla məhdudlaşdırılmışdır. Lakin Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçünücü şəxsin apellyasiya şikayətləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı “Bakı şəhər X4 Rayonlararası Bölməsi” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “onun üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622,48 manat borc məbləğinin tam məbləğdə silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-749/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-749/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver