Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-75/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların qanunsuz olduğu üçün ləğv edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(82)- 436/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» **********685200 saylı 21.08.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Aparılan araşdırma zamanı 01.12.2017 - 31.07.2018-ci illər ərzində 14.334.730,35 manat məbləğində zərgərlik məmulatlarının idxal olunduğu müəyyən edilmişdir. Müvafiq dövr üzrə idxal edilmiş zərgərlik məmulatlarına komisyon haqqı tətbiq edilməklə vergiyə cəlb edilən dövriyyənin 917.770 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV üzrə vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədləri (məlumatları) təqdim etməsi tələb olunmuş, qeyd olunan sənədlər məktubda göstərilən 5 gün ərzində təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olması barədə iddiaçıya məlumat verilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «Vergilərin hesablanması barədə» 31.08.2018-ci il tarixli **********638400 saylı qərarının elektron çıxarışından müəyyən olunur ki, vergi orqanı tərəfindən 2018-ci ilin iyul ayı üzrə bəyannamə verilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 414.930,95 manat ƏDV hesablanmışdır. Eyni zamanda Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «Vergilərin hesablanması barədə» 15.11.2018-ci il tarixli **********849700 saylı qərarının elektron çıxarışından müəyyən olunur ki, vergi orqanı tərəfindən 2018-ci ilin iyul ayı üzrə bəyannamə verilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 414.930,95 manat ƏDV hesablanmışdır. Qeyd olunan qərarın qəbul edilməsinə əsas yuxarıda adı çəkilən 21.08.2018-ci il tarixli uyğunsuzluq məktubunda göstərilənlər olmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasına nəticələrinə dair” 14.09.2018-ci il tarixli aktın surətindən müəyyən olunur ki, vergi müfəttişi Elçin İsmayılov tərəfindən "xxxx" MMC-nin borclarının ödənilməsi ilə bağlı araşdırma aparılarkən müəyyən edilmişdir ki, vergi ödəyicisinin aktın tərtib edilmə tarixinə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə 412.087,29 manat borcu, o cümlədən 2018-ci ilin iyul ayı üzrə 402.428,99 manat ƏDV borcu vardır. İddiaçı vergi orqanı tərəfindən qəbul edilmiş 31.08.2018-ci il tarixli **********638400 saylı və 15.11.2018-ci il tarixli **********849700 saylı “Vergilərin hesablanması barədə” qərarları ilə hesablanmış 414.930,95 manat ƏDV ilə razılaşmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən İddiaçı MMC-yə (VÖEN: **********) “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 21.08.2018-ci il tarixli **********685200 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Müəssisə tərəfindən verilən heç bir izahat qəbul edilməyərək, 31.08.2018-ci ildə 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 414.930,95 manat dəyərində analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın səhv olması və müəssisənin fəaliyyət növünün “xidmət” olması ilə bağlı Vergilər Nazirliyinə şikayət və məktubların ünvanlanmasına baxmayaraq, heç bir müraciət dəqiq araşdırılmadan və iddiaçı tərəfin iştirakı olmadan Lokal Gəlirlər Departamenti tərəfindən 14.09.2018-ci il tarixdə “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticələrinə dair akt” hazırlanmış və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə təqdim edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən İddiaçı MMC barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, eyni zamanda əsassız hesablama səbəbindən bütün bank hesablarına sərəncam qoyulmuşdur. Vergi orqanı tərəfindən aparılmış əlavə hesablama əsassız və qanunsuz hesab edilməli, başlanılmış ********* nömrəli cinayət işinə xitam verilməli, bank hesabında və ƏDV depozit hesabındakı sərəncamlar geri götürülməli və gömrük orqanları tərəfindən fəaliyyətin axsadılmasının qarşısı alınmalıdır. Belə ki, vergi orqanı tərəfindən göndərilmiş 21.08.2018-ci il tarixli uyğunsuzluq məktubunda konkret kənarlaşma faktı göstərilməmiş, sadəcə olaraq müəssisənin adına idxal olan və bəyannamələrdə göstərilmiş dövriyyə barədə məlumatlar göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159-cu və 161-ci maddələrinə əsasən vergitutma obyekti və vergi öhdəliyi yaradacaq heç bir hal baş verməmişdir. Vergi orqanı tərəfindən müəssisənin adına idxal olunmuş məlumatlar əsas gətirilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarı əsas götürülərək, xərclər (alınmış malların dəyəri) bilindiyi halda, 20 faiz rentabellik tətbiq edilməklə, gəlirlər hesablanmışdır. Lakin qeyd olunan qərarda nəzərdə tutulan rentabellik norması satış sənədləri olmadıqda və yalnız mənfəət vergisi bəyannaməsinə tətbiq edilə biləcəyi halda müəssisənin iyul ayı üzrə ƏDV bəyannaməsinə tətbiq edilmişdir. Qeyd olunan qərarın yalnız mənfəət vergisinə tətbiq olunması ilə bağlı 25.10.2018-ci ildə Vergilər Nazirliyinə sorğu göndərilmişdir. Lokal Gəlirlər Departamenti tərəfindən 14.09.2018-ci ildə “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticələsinə dair akt” hazırlanmasına baxmayaraq, həmin aktda hesablamanın əsaslı olması barədə heç bir müddəa qeyd olunmamışdır. Aktın bütün hissələri boş saxlanılmış və iddiaçı tərəfin iştirakı olmadan hazırlandığı üçün akta müəssisə tərəfindən imza da edilməmişdir. Aparılmış hesablama kameral yoxlama qaydasında deyil, analoji qaydada aparılmışdır. Vergi orqanları tərəfindən analoji hesablamanın aparılmasının özü də metodiki tövsiyyə və ya qaydalarla nizamlanmaqdadır. Belə ki, bəyannamə vaxtında təqdim edilmədikdə, vergi borcları (və ya öhdəlik) strukturu 10 gün ərzində daxili olaraq, bəyannamələr strukturuna məktub göndərməli və araşdırılması tələb olunmalıdır. Bu halda hesablama daha dəqiq və ən azı 30 gün sonra aparılmalı olur ki, bu da müəssisənin müraciətinə 30 gün ərzində baxılması üçün vaxt qazandırır. Hal-hazırda isə müəssisə barəsində cinayət işi başladığı üçün Vergilər Nazirliyinə göndərilmiş şikayətə 13.10.2018-ci il tarixdə **********523100 nömrəli məktubla cavab verilərək, cinayət işi başladığı üçün Nazirlik tərəfindən baxılmayacağı barədə məlumat verilmişdir. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsəsən vergi ödəyicisinin hesablamasının səhv olmasını vergi orqanı sübut etməlidir. Müəssisənin vergi yayındırması barədə isə heç bir sübut gətirilməmiş, hətta müəssisə tərəfindən görüşə dəvət olunma barədə məktuba da laqeyd yanaşılmışdır. Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğu halda, vergi orqanının əsassız hesablamaları müəssisənin bütün fəaliyyətini iflic vəziyyətə salmış və iflas həddinə çatdırmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, vergi ödəyicisinə 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlar əsasında əlavə vergi məbləği hesablanmış və bu barədə 31.08.2018-ci il tarixli **********638400 nömrəli “Vergilərin hesablanması barədə" qərar qəbul edilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən həmin dövr üzrə 20.10.2018-ci il tarixli cari vergi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində 15.11.2018-ci il tarixli **********849700 nömrəli “Vergilərin hesablanması barədə” qərar qəbul edilmişdir. Departament, vergi ödəyicisi tərəfindən həmin qərardan məhkəməyə verilmiş şikayətlə razılaşmır və etirazını aşağıdakılarla əsaslandırır: Yoxlamanın mahiyyəti ilə əlaqədar - aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 01.12.2017 - 31.07.2018-ci illər ərzində 14334730,35 manat məbləğində zərgərlik məmulatlarının idxal olunduğu müəyyən edilmişdir. Müvafiq dövr üzrə idxal edilmiş zərgərlik məmulatlarına komisyon haqqı tətbiq edilməklə vergiyə cəlb edilən dövriyyənin 917.770 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 21.08.2018-ci il tarixli **********685200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən nəinki uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmış, ümumiyyətlə həmin dövr üzrə bəyannamə təqdim edilmədiyindən 2018-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 414930.95 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 31.08.2018-ci il tarixli **********638400 nömrəli “Vergilərin hesablanması barədə" qərar göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən həmin dövr üzrə cari bəyannamə təqdim edilmiş, lakin həmin dövr üzrə vergi ödəyicisinin fəaliyyətinin olmasına baxmayaraq bəyannamədə dövriyyə məbləği “0 manat” göstərilmişdir. Həmin bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində 2018-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 414.930.95 manat hesablanmış əlavə vergi məbləği bərpa edilmiş və bu barədə vergi ödəyicisinə 15.11.2018-ci il tarixli **********849700 nömrəli "Vergilərin hesablanması barədə" qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-436/201930 saylı 30 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “vergilərin hesablanması barədə” 31.08.2018-ci il tarixli **********638400 saylı və 15.11.2018-ci il tarixli **********849700 saylı qərarlarının İddiaçı MMC-yə 2018-ci ilin iyul ayı üzrə 413.564,06 manat (414.930,95 manat – 1366,89 manat) ƏDV hesablanması hissəsində ləğv edilməsi və qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-436/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qərarının qismən, iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 13.09.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Rəydə qeyd edilənlərdən görünür ki, vergi ödəyicisi tərəfindən ümumilikdə müxtəlif univermaqlarda qızılın alışı-satışı ilə məşğul olan şəxlərdən 296502 qram qızıl külçə halında əldə edilərək yenidən emal olunması üçün Türkiyəyə ixrac edilmiş və 355.213,64 qram qızıl ölkəyə idxal edilmişdir. Əgər müəssisə qızılın emalı xidməti ilə məşğul olursa ixrac edilmiş 296.502 qram qızıl necə olur ki, 355.213,64 qram idxal edilir. Ekspertizaya təqdim edilmiş ilkin sənədlərin tədqiqi zamanı fiziki şəxslərdən xaricə emal olunması üçün ümumilikdə 56.400 qram külçə halında qızıl əldə edilmişdir. Yəni, iş materialları ilə ölkədən ixrac edilmiş 240.102 qram qızılın alışı-satışı ilə məşğul olan şəxslərdən alınması eksertizaya təqdim edilmiş sənədlərlə təsdiqini tapmadığı halda ekspert tərəfindən hansı sənədlərə əsasən həmin qızılın məhz qızılın alışı-satışı ilə məşğul olan şəxslərdən alındığı qeyd edilmişdir. Ekspertizaya qızılın xaricdə emal edilməsi ilə bağlı 2 şirkətlə imzlanmış müqavilə və bir neçə hesab-faktura əlavə edilmiş, lakin həmin müqavilənin icrası nəticəsində xarici şirkətlərə edilmiş ödənişləri təsdiq edən sənədlər iş materiallarında müəyyən edilməmişdir. Ekspertizaya təqdim edilmiş Türkiyə şirkətlərinə məxsus hesab-fakturalarda işçilik üçün ödənilməli məbləğlə yanaşı, eyni zamanda qızılın emalı üçün ödənilməli məbləğ də qeyd edilmişdir. Əgər iddiaçı qızılın Azərbaycandan apararaq emal edirsə, nə üçün qızılın qiyməti Türkiyə şirkətləri tərəfindən təqdim edilmiş hesab-fakturalara daxil edilmişdir. İş materiallarında olan kassa mədaxil orderindən görünür ki, fiziki şəxslər tərəfindən ümumilikdə 338.473,24 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ekspertizaya təqdim edilmiş materiallar üzrə iddiaçıya göstərilən xidmətlər üzrə 1.441.789,71 manat məbləğində pul vəsaitinin ödənilməsi təsdiqini tapmır. 1.399.795,94 manat məbləğində xərc hissəsinə münasibətdə isə qeyd edilir ki, ekspert həmin xərcin dəyərini iddiaçının qızıl emalı xidmətinə münasibətdə hesablamışdır. Halbuki iddiaçının həmin xidmətlə məşğul olmadığı ekspert materiallarında olan sənədlərlə təsdiqini tapır. İddiaçı tərəfindən ölkəyə gətirilən qızılın ümumi dəyəri 15.508.970.18 manat təşkil etdiyi halda ekspert rəyində qızılın gömrük dəyəri 36.723.49 manat göstərilmişdir. Beləliklə, ekpsert rəyi ilə müəyyən edilmiş rəqəmlər ekspertizaya təqdim edilmiş sənədlərlə təsdiqini tapmır və onların necə hesablandığı, hsablamanının əsası, metodu isə qeyri-müəyyən olaraq qalır. Vergi ödəyicisinin mübahisələndirdiyi 31.08.2018-ci il tarixli qərar vergi ödəyicisi tərəfindən 2018-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən həmin dövr üzrə əlavə vergi məbləği əlaqəli məlumatlara əsasən hesablanmışdır. Eyni dövr üzrə mübahisələndirilən 15.11.2018-ci il tarixli qərara vergi ödəyicisinin 20.10.2018-ci il tarixdə təqdim etdiyi cari bəyannamə üzrə Vergi Məcəlləsinin 37-ci maddəsinə müvafiq olaraq aparılmış kameral vergi yoxlaması çərçivəsində qəbul edilmişdir. İddiaçıya 21.08.2018-ci il və 22.10.2018-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş, zəruri təsdiqedici sənədlərin təqdim edilməsi tələb edilmişdir. İddiaçı onun barəsində qəbul edilmiş kameral qərar barədə məlumatlı olmuşdur. Vergi ödəyicisinin kameral qərarın qəbulu prosesinə cəlb edilməsi ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən müddətlə əlaqədar verilmiş vəsatətə münasibət bildirilməmişdir. Belə ki, 31.08.2018-ci il tarixli qərar 03.09.2018-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və onun tərəfindən həmin qərar 14.09.2018-ci il tarixdə oxunmuşdur. 15.11.2018-ci il tarixli qərar isə 15.11.2018-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və onun tərəfindən həmin qərar 16.11.2018-ci il tarixdə oxunmuşdur. Vergi ödəyicisi isə 31.08.2018-ci il tarixli qərarı 28.12.2018-ci il tarixdə mübahisələndirməklə, 15.11.2018-ci il tarixli qərarı 2019-cu ildə dəqiqləşdirməklə inzibati aktdan şikayət verilməsi müddətini ötürmüşdür. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və vergi qanunvericiliyinin tələbləri ilə ziddiyyət təşkil edir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin 05 fevral 2021-ci il tarixli ekspert rəyinə dair mülahizəsi: Məhkəmə Ekspertizası Mərkəzinin 9/4274 saylı 05.02.2021-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Ekseprt tərəfindən iş materialları düzgün araşdırılmamışdır. Kameral vergi yoxlaması ilə vergi ödəyicisinə 402.428,99 manat məbləğində yox, 414.930.95 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmədiyindən əlaqəli məlumatlar əsasında həmin vergi məbləği hesablanmış və bu barədə 31.08.2018-ci il və 15.11.2018-ci il tarixli qərarlar qəbul edilmişdir. Ekspertizaya təqdim edilmiş sənədlərin tədqiqi zamanı iddiaçının yalnız 56400 qram həcmində qızılı fiziki şəxslərdən aldığı müəyyən edilmişdir. İş materiallarında olan kassa mədaxil orderindən görünür ki, fiziki şəxslər tərəfindən ümumilikdə 338.473,24 manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, ekspertizaya təqdim edilmiş materiallar üzrə iddiaçıya göstərilən xidmətlər üzrə 1.441.789,71 manat məbləğində pul vəsaitinin ödənilməsi təsdiqini tapmır. 1.399.795,94 manat xərc hissəsinə gəldikdə isə ekspert həmin dəyərin iddiaçının qızıl emalı xidmətinə münasibətdə hesablanmışdır. Halbuki iddiaçının həmin xidmətlə məşğul olmadığı ekspert materiallarında olan sənədlərlə təsdiqini tapır. İddiaçı tərəfindən ölkəyə gətirilən qızılın ümumi dəyəri 15.508.970,18 manat təşkil etdiyi halda, rəydə qızılın gömrük dəyəri 36.723,49 manat göstərilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, iddiaçı iddiasının təmin edilmədiyi hissələrdə məhkəmə qərarını mübahisələndirməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh tərəf 31.08.2018-ci il tarixli qərarın iddiaçı tərəfindən 14.09.2018-ci il tarixdə, 15.11.2018-ci il tarixli qərarın isə 16.11.2018-ci il tarixdə oxunmasına istinad edərək iddia müddətinin ötürüldüyünə istinad edir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində 31.08.2018-ci il tarixli və 15.11.2018-ci il tarixli qərarlar qəbul edilərkən Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsinin 30.11.2018-ci il tarixli redaksiyasının məzmunu belə olmuşdur: - Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Göründüyü kimi, vergi qanunvericiliyi 31.08.2018-ci il və 15.11.2018-ci il tarixli qərarlar qəbul edilərkən onların vergi ödəyicisinə hüquqi ünvanına sifarişli məktubla çatdırılmasını və ya şəxsən təqdim olunmasını nəzərdə tuturdu. Hazırki işdə mübahisələndirilən hər iki qərarın iddiaçıya göstərilən qaydada göndərilməsini və onun tərəfindən alınmasını təsdiq edən sənədə rast gəlinmir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İş üzrə cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktların iddiaçıya yuxarıda göstərilən qaydada nə vaxt göndərilməsini və onun tərəfindən nə vaxt alınmasını sübuta yetirə bilmədiyi üçün Kollegiya hesab edir ki, iddiaçı tərəfindən həmin inzibati aktların mübahisələndirilməsi üçün iddia müddəti ötürülməmişdir. Buna görə də iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdeh orqan tərəfindən qəbul edilmiş «Vergilərin hesablanması barədə» **********638400 saylı 31.08.2018-ci il tarixli və **********849700 saylı 15.11.2018-ci il tarixli qərarların ləğv edilməsi” barədədir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, vergi orqanı tərəfindən aparılan araşdırmalara görə vergi ödəyicisi tərəfindən 01.12.2017 - 31.07.2018ci illər ərzində 14.334.730,35 manat məbləğində zərgərlik məmulatları idxal olunmuş, müvafiq dövr üzrə idxal edilmiş zərgərlik məmulatlarına komisyon haqqı tətbiq edilməklə vergiyə cəlb edilən dövriyyənin 917.770 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş, bu barədə vergi ödəyicisinə 21.08.2018-ci il tarixli **********685200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, vergi ödəyicisi tərəfindən həmin dövr üzrə dəqiqləşdirlmiş bəyannamə təqdim edilmədiyindən 2018-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 414.930.95 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 31.08.2018-ci il tarixli **********638400 nömrəli “Vergilərin hesablanması barədə" qərar göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən həmin dövr üzrə dövriyyə məbləği “0 manat” göstərilməklə cari bəyannamə təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində 2018-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 414.930.95 manat hesablanmış əlavə vergi məbləği bərpa edilmiş və bu barədə vergi ödəyicisinə 15.11.2018-ci il tarixli **********849700 nömrəli "Vergilərin hesablanması barədə" qərar göndərilmişdir. Lakin qeyd olunan qərarla ilkin qəbul edilmiş “Vergilərin hesablanması barədə" 31.08.2018-ci il tarixli **********638400 nömrəli qərara hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin 13 mart 2019-cu il tarixli 2-1(82)-436/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2019-cu il tarixli 12584 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «Vergilərin hesablanması barədə» 31.08.2018-ci il tarixli **********638400 saylı və 15.11.2018-ci il tarixli **********849700 saylı qərarlarına əsasən İddiaçı MMC-yə 2018-ci ilin iyul vergi dövrü üzrə əlavə dəyər vergisinin düzgün hesablanması müəyyən edilmir və bu haqda kameral vergi yoxlaması aktının işin faktiki hallarına uyğunlugu öz təsdiqini tapmır. Vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin məlumatlarına əsasən İddiaçı MMC-nin aparılmış idxal əməliyyatları üzrə dövlət büdcəsinə ödənilməli olan əlavə dəyər vergisinin 7.558,88 manat məbləğində az hesablanması müəyyən edilir, o cümlədən: 2018-ci ilin yanvar ayı üzrə 385,08 manat; 2018-ci ilin fevral ayı üzrə 346,25 manat; 2018-ci ilin mart ayı üzrə 1896,95 manat; 2018-ci ilin aprel ayı üzrə 1050,18 manat; 2018-ci ilin may ayı üzrə 590,12 manat; 2018-ci ilin iyun ayı üzrə 1067,39 manat; 2018-ci ilin iyul ayı üzrə 1366,89 manat; 2018-ci ilin avqust ayı üzrə 856,02 manat. Buna görə də məhkəmə 01.12.2017-31.07.2018-ci illər ərzində 14.334.730,35 manat məbləğində zərgərlik məmulatlarının idxal olunması əsası ilə sonuncuya 2018-ci ilin iyul ayı üzrə ƏDV hesablanmasına əsas olmuş halların cavabdeh tərəfindən sübut olunmamasına əsaslanaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsində icraat zamanı verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, vergi müfəttişi tərəfindən heç bir dövriyyə göstərilmədən birbaşa 2018-ci ilin iyul ayı üzrə 402.428,99 manat məbləğində ƏDV hesablanmış və vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Şəxsi vərəqədə isə bu verginin analoji qaydada hesablandığı göstərilmişdir. Lakin İddiaçı MMC ilə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi qeyd edilməmiş və onun uçot və hesabat məlumatları, konkret olaraq 402.428,99 manat məbləğində ƏDV-nin hansı məbləğdə dövriyyəyə görə hesablanması göstərilməmişdir. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdi ki, vergi ödəyicisi tərəfindən aparılmış idxal əməliyyatlarına dair müvafiq ilkin mühasibat və gömrük sənədləri məhkəməyə təqdim edilmişdir. Ekspert təqdim edilmiş iş materialları, eləcə də vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin tədqiqatı zamanı müəyyən etmişdir ki, müəssisə Azərbaycanın müxtəlif ərazilərində (univermaqlarda) qızıl alış-satışı ilə məşğul olan şəxslərdən qızılı külçə halında qəbul etmiş, qəbul edilmiş külçəni həmin müştərlilərin sifarişinə əsasən Türkiyə Respublikasında yenidən emal olunaraq Azərbaycana gətirilərək, həmin şəxslərə təhvil verilməsi xidmətini həyata keçirmişdir. Fəaliyyət göstərdiyi müddətdə müəssisə “X9 və dış tic. LTD Şti”, “Musa anber Gold”, “Gold and Gold- Klay batri” Türkiyə emalçı şirkətləri ilə müqavilə əsasında çalışmışdır. İddiaçı MMC tərəfindən qızıl alış-satışı ilə məşğul olan şəxslərdən qızılın külçə halında qəbul edilməsi iş materiallarında mövcud olan “sair xidmətlərin göstərilməsi haqqında müqavilə”lərdə, malların təhvil-təslim aktında və həmin xidmətlərin göstərilməsinə görə ayrı-ayrı şəxslər tərəfindən ödənilən pul vəsaitlərinə dair kassa mədaxil orderlərində öz əksini tapmışdır. İşə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması barədə **********638400 saylı 31.08.2018-ci il tarixli və **********820489700 saylı 15.11.2018-ci il tarixli qərarlarına görə İddiaçı MMC-yə 2018-ci il iyul vergi dövrü üzrə əlavə dəyər vergisinin düzgün hesablanmasının və İddiaçı MMC-nin 2018-ci ilin iyul vergi dövrü üzrə əlavə dəyər vergisindən yayınma hallarının mövcud olduğunun, əgər belə yayınma olmuşdusa verginin məbləğinin müəyyən edilməsi məqsədilə hazırki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4274 saylı 05.02.2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan yük-gömrük bəyannamələrinin məlumatlarına əsasən müəssisə üzrə 01.12.2017-ci il tarixdən 31.08.2018-ci il tarixədək olan dövrdə qızıl alışsatışı ilə məşğul olan şəxslərdən qızılı külçə halında qəbul etməsi, qəbul edilmiş külçənin həmin müştərilərin sifarişinə əsasən Türkiyə Respublikasında yenidən emal olunaraq Azərbaycana gətirilməsi və həmin şəxslərə təhvil verilməsi xidmətinin həyata keçirilməsi ilə bağlı çəkilmiş xərclər 1.399.795,94 manat məbləğində təşkil edərək faktiki olaraq idxal olunan məhsulun maya dəyəri kimi qəbul edilir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Belə olan halda vergi qanunvericiliyinin tələbinə görə müəssisə tərəfindən qəbul edilmiş külçənin müştərilərin sifarişinə əsasən Türkiyə Respublikasında yenidən emal olunaraq Azərbaycana gətirilməsi və həmin şəxslərə təhvil verilməsi xidmətinin həyata keçirilməsi ilə bağlı çəkilmiş 1.399.795,94 manat məbləğində xərclər idxal olunan məhsul kimi müəyyən olunur və ƏDV-yə cəlb olunan məlumatlar hesab olunur. İş materiallarından görünür ki, malların təhvil-qəbul aktı və kassa-mədaxil orderlərinə əsasən yuxarıda göstərilən xidmətin həyata keçirilməsinə görə müəssisəyə 1.441.789,71 manat (ƏDV-siz) məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda müəssisə tərəfindən 01.12.2017-ci il tarixdən 31.08.2018-ci il tarixədək olan dövrdə həyata keçirilmiş ƏDV-nə cəlb edilən əməliyyatların cəmi dəyəri 1.441.789,71 manat məbləğində müəyyən edilir. Odur ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV-nə cəlb olunan 1.441.789,71 manat məbləğində əməliyyatlara görə 18% dərəcəsi ilə 259.522,15 manat məbləğində ƏDV hesablanır. Vergi Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Beləliklə, ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması barədə 31.08.2018-ci il və 15 noyabr 2018-ci il tarixli qərarlara əsasən İddiaçı MMC-yə 2018-ci ilin iyul ayı vergi dövrü üzrə əlavə dəyər vergisinin düzgün hesablanması müəyyən edilmir və bu haqda kameral vergi yoxlaması aktının işin faktiki hallarına uyğunluğu öz təsdiqini tapmır. Eyni zamanda İddiaçı MMC-nin aparılmış idxal əməliyyatları üzrə dövlət büdcəsinə ödənilməli olan əlavə dəyər vergisinin 7558.88 manat məbləğində az hesablanması müəyyən olunur, o cümlədən 2018-ci ilin yanvar ayı üzrə 385.08 manat, 2018-ci ilin fevral ayı üzrə 346.25 manat, 2018-ci ilin mart ayı üzrə 1896.95 manat, 2018-ci ilin aprel ayı üzrə 1.50.18 manat, 2018-ci ilin may ayı üzrə 590.12 manat, 2018-ci ilin iyun ayı üzrə 1067.39 manat, 2018-ci ilin iyul ayı üzrə 1366.89 manat, 2018-ci ilin avqust ayı üzrə 856.02 manat. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Digər tərəfdən, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh inzibati orqan kameral vergi nəzarətinin həyata keçirilməsi nəticəsində 01.12.2017-31.07.2018-ci illər ərzində 14.334.730,35 manat məbləğində zərgərlik məmulatlarının idxal olunması əsası ilə iddiaçıya 2018-ci ilin iyul ayı üzrə ƏDV hesablanmasına əsas olmuş halları, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Vergi Məcəlləsinin 177.2-ci maddəsinə görə ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi MəcəllHəmin Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sadalanan qanunvericiliyin tələblərinə əsasən Kollegiya hesab edir ki, 01.12.2017- 31.07.2018-ci illlər üzrə iddiaçı tərəfindən 14.334.730,35 manat məbləğində zərgərlik məmulatının idxal olunduğu, ƏDV üzrə hesabat dövrü isə aylıq verildiyi halda, vergi orqanı yalnız 2018-ci ilin iyul ayı üzrə əlavə ƏDV hesablamaqda haqlı olmamışdır. Odur ki, ekspert rəyi ilə iddiaçı tərəfindən 2018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun və avqust ayları üzrə də vergidən yayınması halı müəyyən edilsə də, mübahisələndirilən qərar ilə vergi orqanı tərəfindən iddiaçıya 2018-ci ilin iyul ayı üzrə əlavə ƏDV hesablandığına, həmçinin iddiaçı tərəfindən yalnız 2018-ci ilin iyul ayı üzrə hesablanmış ƏDV-nin qanuniliyi məhkəmə qaydasında mübahisələndirildiyinə görə, məhkəmə digər aylar üzrə ƏDV-nin qanuniliyinə hüquqi qiymət verilməsini düzgün olaraq məqsədəmüvafiq hesab etməmişdir. Bundan əlavə, iddiaçı 2018-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsini “0” manat verməsinə baxmayaraq, ekspert rəyi ilə iddiaçının həmin dövr üzrə 1366,89 manat ƏDV öhdəliyinin yaranması sübut olunmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı qeyd olunan dövr üzrə 1366,89 manat əlavə ƏDV hesablamaqda haqlı olsa da, digər hissədə yəni 413.564,06 manat ƏDV hesablamaqda haqlı olmamışdır. Bundan başqa, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Qanunvericiliyin normalarından görünür ki, vergi orqanının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ o vaxt yaranır ki: 1) vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etməsin; 2) səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilməsin; 3) ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilməsin; 4) mühasibat uçotunu aparmasın və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmasın; 5) mühasibat və hesabat sənədləri məhv olunsun (itirilsin); 6) həmçinin vergitutma obyektinin müəyyənləş-diril-məsi hər hansı başqa səbəblərdən mümkün olmasın. Lakin hazırki işdə cavabdeh vergi orqanı tərəfindən mübahisəli qərarlar qəbul edilərkən qanunvericiliyin yuxarıda müəyyən etdiyi həmin 6 halın heç biri müəyyən olunmur. Bundan başqa, Vergi Məcəlləsinin 3.7-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında vergilər yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir; 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilməyən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz; 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin; 3.10-cu maddəsinə görə vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir; 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd olunan hallarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edildiyi hissədə, yəni “vergilərin hesablanması barədə” 31.08.2018-ci il tarixli **********638400 saylı və 15.11.2018-ci il tarixli **********849700 saylı qərarların İddiaçı MMC-yə 2018-ci ilin iyul ayı üzrə 413564,06 manat (414930,95 manat– 1366,89 manat) ƏDV-nin hesablanması hissəsində ləğv etməklə düzgün nəticəyə gəlmişdir. Həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-436/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalı, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-436/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Ekspert xərci olaraq 145 manat pul vəsaiti İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-75/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-75/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver