Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-751/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı və onun vəkili Vəkil oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının təyin edilməsi, pensiya məbləğinin hesablanıb ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6335/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-1995-ci illərdə Milli Məclisin üzvü kimi fəaliyyətinə görə Milli Məclisin sabiq deputatları üçün müəyyən olunmuş pensiya almaq hüququnun təmin edilməsi, Milli Məclisin sabiq deputatı olaraq keçmiş illər üçün alınmamış əmək pensiyasının ödənilməsi və pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Respublikasının Ali Sovetinin 30 oktyabr 1991-ci il tarixli 231-XX-İİ qərarının 3-cü bəndində keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə verilmiş və həmin Milli Məclisinin üzvləri də Milli Məclisin deputatları kimi çıxış etdiyi göstərilmişdir. Cavabdeh onu xalq deputatı kimi qələmə verməklə Konstitusiyanın keçid müddəalarının 4-cü bəndinin və “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikasının Ali Sovetinin 30 oktyabr 1991-ci il tarixli 231-XX-İİ qərarının 3-cü bəndinin tələblərini pozmuşdur. Həmin tələblərə görə o, 30 oktyabr 1991-ci il tarixdən 27 noyabr 1995-ci ildə qüvvyə mindiyi Azərbaycan Respublikasının Konstitusiyasının keçid müddəlarının 4-cü bəndinə görə 1995-ci ilin oktyabr ayında yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirildiyi ana kimi Milli Məclisin deputatının səlahiyyətlərini saxlamışdır. Həmçinin, “Azərbaycan Respublikasının Dövlət qerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu, 02 mart 1993-cü il tarixli Azərbaycan Respublikası Dövlət himni haqqında” əsasnamə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş və həmin iclaslarda o da Milli məclisin deputatı kimi iştirak etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1 qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Onun əmək kitabçasında qeyd edilmişdir ki, 1991 -1992-ci illər üzrə Azərbaycan Respublikası Milli Məclisinin Ekologiya və Təbii ehtiyatlardan istifadə olunmasına nəzarət daimi komissiyasının sədri, 1992-ci ildən 1995-ci ilə kimi Azərbaycan Respublikası Milli Məclisinin Büdcəyə nəzarət daimi komissiyasının sədri seçilmişdir. Həmin kitabçada onun hüququ statusu “Azərbaycan Respublikasının xalq deputatı” kimi yox “Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi başa düşülür. Əlavə olaraq Azərbaycan SSR Ali Sovetinin deputatı” söz birləşməsinin ilk Milli Məclisin üzvlərinə, o cümlədən ona heç bir aidiyyəti yoxdur. Çünki, o,“Azərbaycan SSR Ali Sovetinin deputatı” olmamış və ümumiyyətlə qanunvericilikdə belə bir ifadə işlədilməmişdir. Ümumiyyətlə o deputat fəaliyyətini göstərdiyi illərdə dövlətin adında “SSR”, yəni “Sovet Sosialist Respublikası” sözləri olmamışdır. Qanunverici orqan olan Ali Sovetin yeni seçilmiş “xalq deputatları”nın səlahiyyətlərini təsdiq etdiyi 5 fevral 1991-ci il tarixli ilk iclasının qərarı ilə həm də dövlətin adından “Sovet Sosialist” sözləri çıxarılmış və ölkə “Azərbaycan Respublikası” adlandırılmışdır. Ali Sovet 1991-ci ildə cəmi 9 ay (fevral-oktyabr) fəaliyyət göstərmişdir. O “xalq deputatı” kimi deyil, 1991-1995-ci illərdə daimi fəaliyyət göstərən yeni parlamentin Milli Məclisin deputatı kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Ali Sovet daimi fəaliyyət göstərmədiyi üçün o dövrdə (fevral-oktyabr 1991-ci il) “Azərbaycan Respublikasının xalq deputatları” müxtəlif dövlət təşkilatlarında işləmiş və həmin daimi iş yerlərindən də əmək haqqı almışlar, lakin 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya qanununa müvafiq olaraq seçilmiş yeni parlamentin - “Azərbaycan Respublikasının Milli Məclisinin üzvü olan deputatlar, o cümlədən o orada daimi və əsas iş yeri olaraq qanunverici səs hüquqlu deputat statusunda qulluq etmiş və əmək (qanunvericilik) fəaliyyətinə görə oradan əmək haqqı almışdır. “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanununun 2ci maddəsinin 4-cü bəndində yazılır: “Azərbaycan Respublikası Milli Məclisinin üzvləri daimi fəaliyyət göstərir və onların əvvəlki iş yerlərinə bərpa olunmaq hüququ saxlanılır” . Həmçinin, göstərilən qanunun 4-cü maddəsinə görə, Milli Məclisə seçilən deputatlar orada qanunvericilik təşəbbüsü ilə çıxış etmək və qanunverici səs hüququna malik idilər, bu isə o deməkdir ki, daimi fəaliyyət göstərən Milli Məclisin təşkili ilə oraya seçilən deputatların hüquqi statusunda yeni hal yaranmışdır, yəni onlar məhz yeni institutun - Milli Məclisin daimi fəaliyyət göstərən deputatı statusuna sahib olmuşlar. Buna görə də o “Azərbaycan SSR Ali Sovetinin deputatı” kimi yox “Milli Məclisin üzvü” kimi çıxış etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüququ statusu 1995-ci ildə qəbul olmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6335/2021 saylı, 01 noyabr 2021-ci il il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında sabiq deputatlar üçün müəyyən olunmuş “pensiya təminatı 1995-ci ildə və ondan sonra seçilmiş Milli Məclisin deputatlarına şamil olunduğu” – nəticəsinə gəlsə də, bu fikrini əsaslandırmaq üçün hər hansı qanunvericilik aktına istinad etməmişdir. Halbuki, “Azərbaycan Respublikası Milli Məclisi haqqında” AR Konstitusiya Qanunun qüvvəyə minməsi barədə” AR Ali Sovetinin 30 oktyabr 1991-ci il tarixli 231-XX-İİ qərarının 3-cü bəndində göstərilmişdir ki, keçid dövründə AR Ali Sovetinin səlahiyyəti AR Milli Məclisinə verilmiş və həmin Milli Məclisinin üzvləri də Milli Məclisin deputatları kimi çıxış etmişlər. İddiaçı 1991- 1992-ci illər üzrə Azərbaycan Respublikası Milli Məclisinin Ekologiya və Təbii ehtiyatlardan istifadə olunmasına nəzarət daimi komissiyasının sədri, 1992-ci ildən 1995-ci ilə kimi Azərbaycan Respublikası Milli Məclisinin Büdcəyə nəzarət daimi komissiyasının sədri seçilmişdir. Həmin kitabçada onun hüququ statusu “Azərbaycan Respublikasının xalq deputatı” kimi yox “Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi başa düşülür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından göründüyü kimi iddiaçı 1991-ci ildə Azərbaycan Respublikası Milli Şurasının üzvü seçilmiş, Azərbaycan Respublikasının yeni seçilmiş Milli Məclisinin işə başlaması ilə əlaqədar “Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən Azərbaycan Respublikasının xalq deputatı səlahiyyətlərinə xitam verilmişdir. Hazırda iddiaçı sabiq deputat kimi pensiya hüquqlarının bərpa olunmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri Milli Məclisə verilmiş olsa da, artıq yeni qəbul edilmiş «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Qanunda majoritar seçki əsasında seçilməli olan Milli Məclisin səlahiyyətləri Məclis seçilənədək keçid dövrünün Milli Məclisinə deyil, Azərbaycan Respublikası Ali Sovetinin özünə verilmişdir. Yəni 1991-1995- ci illər ərzində fəaliyyət göstərən Milli Məclis məhz keçid dövrü üçün yaradılmış müvəqqəti və keçid dövrünün bitməsi ilə əlaqədar funksiyalarına xitam verilmiş bir qurum idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun hazırda qüvvədən düşmüş olan 30-cu maddəsi - “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış sabiq deputat Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.” Həmin normanın qeyd olunan mətni - “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” mətni ilə əvəz edilmişdir. Hazırda qüvvədən düşmüş olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi - Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli X4 Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış sabiq deputat müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əməkhaqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (20.1.1-ci maddə əmək pensiyası yaşma çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatları nəzərdə tutur) əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməməsinin əsasını “Milli Məclisin üzvü yoxsa, “Milli Məclisin deputatı” kimi məfhumların fərqləndirilməsindən ibarət deyildir, əsas şərt “deputat” institutunun hazırkı Konstitusiyanın qəbulundan əvvəlki və sonrakı hüquqi statusundadır. Belə ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. xx.xx.1995-ci il tarixdə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı Milli Məclisinin üzvü kimi yuxarıda qeyd olunan yolla seçilməmiş, xx.xx.1991-ci il tarixdə qəbul olunmuş ( xx.xx.1992-ci il, xx.xx.1992-ci il 289 №, xx.xx.1993-cü il №627 əlavə və dəyişikliklərlə) «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən keçid dövrü üçün yaradılmış Milli Məclisə təyin edilmişdir. X3 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliy əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikasının Milli Məclisi yaradılmışdır. X3 2-ci maddəsində (bütün dəyişikliklər və əlavələr nəzərə alınmaqla) Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası xalq deputatlarının 51 nəfərindən ibarət tərkibdə təşkil edilməsi nəzərdə tutulmuşdur. xx.xx.1978-ci il tarixdə qəbul Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına əsasən bütün xalq deputatlarının gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilməsi nəzərdə tutulsa da, keçid dövrü üçün yaradılmış Milli Məclisin üzvləri Ali Sovetin 450 deputatının yalnız 51 nəfərindən ibarət tərkibdə təyin edilmiş, yəni həmin 51 nəfər xalq tərəfindən yenidən Milli Məclisin üzvü kimi seçilməmişdir. «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikasının ilk Qanunu xx.xx.1995-ci il tarixində qəbul edilmişdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən Milli Məclis tərəfindən majoritar seçki sistemi əsasında seçkilərin təşkili və keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisininin 100 seçki dairəsinə bölünməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 85-ci maddəsinə əsasən isə həmin səlahiyyətlərin yeni Milli Məclis seçilənədək Azərbaycan Respublikasının Ali Soveti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən keçid dövründə Azərbaycan Respublikası Ali sovetinin səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri Milli Məclisə verilmiş olsa da, artıq yeni qəbul edilmiş «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Qanunda majoritar seçki əsasında seçilməli olan Milli Məclisin səlahiyyətləri Məclis seçilənədək keçid dövrünün Milli Məclisinə deyil, Azərbaycan Respublikası Ali Sovetinin özünə verilmişdir. Yəni 1991-1995- ci illər ərzində fəaliyyət göstərən Milli Məclis məhz keçid dövrü üçün yaradılmış müvəqqəti və keçid dövrünün bitməsi ilə əlaqədar funksiyalarına xitam verilmiş bir qurum olduğundan və iddiaçı xx.xx.1991-ci il tarixdə qəbul olunmuş ( xx.xx.1992-ci il, xx.xx.1992-ci il 289 №, xx.xx.1993-cü il №627 əlavə və dəyişikliklərlə) «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən təyin edildiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” nə dair iddia tələbi təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarı əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6335/2021 saylı, 01 noyabr 2021-ci tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-751/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-751/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver